Qədim dövlətçilik tariximizin möhtəşəm yadigarı
Miladdan əvvəl V-IV əsrlərdən başlayaraq ölkənin iqtisadi, siyasi və mədəni həyatında çox mühüm rol oynayan, eramızın I əsrindən etibarən yazılı mənbələrdə adı çəkilən Qəbələ qədim Azərbaycan dövləti olan Albaniyanın ilk paytaxtı olub.
Alban
hökmdarlarının baş iqamətgahı orada yerləşib.
I əsr müəllifi Böyük Pilininin "Təbii
tarix" əsərində "Kabalaka", II əsr müəllifi
Klavdi Ptolemeyin "Coğrafiya dərsliyi" əsərində
"Xabala" kimi adı çəkilən Qəbələ
orta əsr mənbələrində də tez-tez
xatırlanıb.
70
hektardan çox ərazini əhatə edən qədim Qəbələ
şəhərinin qalıqları Qəbələ rayonunun
Çuxur Qəbələ kəndi yaxınlığında
yerləşir. Xatırladaq ki, qədim şəhər yeri
Qala, Səlbir və Güllütala adı ilə bəlli olan
üç əsas hissədən ibarətdir. Qaraçayla
Qoçalan çayları arasında Antik Qəbələ
adı ilə tanınan Güllütala ərazisində
aparılmış uzunmüddətli arxeoloji tədqiqatlar nəticəsində
e.ə. IV əsrdən başlayaraq eramızın I əsrinin
sonlarınadək orada intensiv şəhər həyatı
olduğu sübuta yetirilmişdir. Şəhərin Səlbir
adlanan hissəsində I-X əsrlərə, Qala adlanan ərazisində
isə I-XVII əsrlərə aid bir neçə metr
qalınlığında zəngin mədəni təbəqə
olduğu müəyyən edilmişdir. Başqa sözlə,
Güllütala adlanan antik şəhər yerində həyat
kəsildikdən sonra Səlbir və Qalada intensiv
yaşayış davam edib. XI əsrdən etibarən isə
şəhərin ancaq Qala hissəsində yaşayış
olub.
1926-cı
ildən başlayaraq Qəbələdə davamlı olaraq
arxeoloji tədqiqatlar aparılır. 2009-cu ildən etibarən
Azərbaycan arxeoloqları ilə yanaşı, Cənubi Koreya
alimləri də Qəbələ tarixinin arxeoloji cəhətdən
araşdırılmasında bilavasitə iştirak edirlər.
Çoxillik və genişmiqyaslı tədqiqatlar nəticəsində
qədim paytaxt şəhərinin tarixinin bir sıra çox
mühüm istiqamətlərinə dair, o cümlədən,
Qəbələnin ən azı eramızdan əvvəl V əsrdən
etibarən şəhər kimi mövcudluğunu təsdiqləyən
zəngin tapıntılar əldə olunub. Bu tapıntılar
Azərbaycanın qədim dövlətçilik tarixinin və
şəhər mədəniyyəti ənənələrinin
dərindən və hərtərəfli öyrənilməsi
baxımından son dərəcə mühüm əhəmiyyət
kəsb edir.
Qəbələnin
yaşını və dövlətçilik tariximizdəki
yerini müəyyənləşdirmək baxımından
Antik Qəbələ adı ilə tanınan Güllütala ərazisində
aparılan arxeoloji tədqiqatlar zamanı aşkar olunmuş
bir neçə çox mühüm ictimai bina
qalığını xüsusi olaraq qeyd etmək istərdik.
Bunlardan birincisi, ötən əsrin 60-70-ci illərində
aşkar olunan və sahəsi 587 kvadratmetr olan ictimai binanın
qalıqlarıdır. Bünövrə hissəsi çay
daşı, divarları çiy kərpiclə
hörülmüş bu binanın üstü iri
ölçülü saxsı kirəmitlərlə
örtülüb. Xatırladaq ki, iri ölçülü
saxsı kirəmitlərlə örtülən belə nəhəng
ictimai bina o dövr üçün nəinki Cənubi Qafqaz,
bütövlükdə Avrasiya məkanı üçün
nadir tikinti hesab olunurdu.
Antik
Qəbələdə tədqiqatlar davam etdirilərkən daha
bir neçə möhtəşəm tikili də aşkar
olundu. Qədim Yunanıstandakı ippodromları, Roma
anfiteatrları və Misirin İskəndəriyyə şəhərindəki
məktəb binalarını xatırladan üç ədəd
oval formalı nəhəng tikinti xüsusi olaraq böyük
maraq doğurur. Məlumat üçün bildirək ki, hələlik
nə Qafqazda, nə də Yaxın və Orta Şərqdə
antik dövrə aid bu tip bunlara bənzər tikili
qalıqları tapılmamışdır. Maraqlıdır ki,
Antik Qəbələnin alt mədəni təbəqəsi
öyrənilərkən orada e.ə. IV-III əsrlərə
aid çox nəhəng ərzaq anbarının
qalıqları aşkar olunub. Anbarda 200 ədəddən
çox irihəcmli təsərrüfat küpü sıra ilə
boğaz hissəyə qədər yerə
basdırılmışdır. Tədqiqatçıların
fikrincə, həmin küplərdə əvvəlcə
çaxır, daha sonra qoz, fındıq və taxıl
saxlanılmışdır. Buradan da belə nəticə hasil
olur ki, qəbələlilər indi olduğu kimi, 2500 il bundan əvvəl
də taxılçılıq, heyvandarlıq, bağçılıq,
üzümçülük və şərabçılıqla
məşğul olmuşlar. Maraqlıdır ki, Cənubi
Qafqazın digər yerlərində hələlik buna bənzər
abidə aşkar edilməyib. Belə nəhəng ərzaq
anbarının mövcudluğu, sözsüz ki, Qəbələnin
hələ e.ə. IV əsrdə böyük şəhər
olduğundan xəbər verir. Çünki belə
ümumşəhər əhəmiyyətli nəhəng ərzaq
anbarları yalnız və yalnız böyük şəhərlərdə
ola bilərdi.
Arxeoloji
axtarışlar zamanı Antik Qəbələ ərazisində
iri tikintilərlə yanaşı, şəhərin təsərrüfat,
məişət və mədəni həyatını əks
etdirən çoxsaylı digər maddi mədəniyyət
qalıqları da aşkar olunmuşdur. Tapıntılar
içərisində rəngarəng çeşidli keramika məmulatı,
nəfis bəzək əşyaları, Roma, Parfiya və
Albaniyada kəsilmiş gümüş pullar,
Gürcüstanda zərb olunmuş qızıl pul, ticarət
və mədəni əlaqələr yolu ilə gətirilmiş
nadir əşyalar tapılmışdır. Şəhər
yaxınlığında, Dızaxlı kəndi ərazisində
tapılmış dəfinədə isə 700 ədəddən
çox gümüş sikkə qeydə
alınmışdır. Dəfinədəki ən qədim
sikkələr Makedoniyalı İskəndərin draxmaları
və Frakiya çarı Lisimaxın tetradraxmalarıdır.
Dzaxlı dəfinəsindəki sikkələrin böyük
bir qismi e.ə. 187-129-cu illərdə hakimiyyətdə
olmuş Selevki hökmdarlarının tetradraxmalarıdır.
Sikkələr arasında bir neçə Parfiya sikkəsi və
5 Yunan-Baktriya tetradraxması da qeydə alınıb.
Maraqlıdır ki, dəfinədəki yerli alban pullarından
3-ü Selevki tetradraxmalarına, 500-dən çoxu
Makedoniyalı İskəndərin draxmalarına bənzədilməklə
zərb olunub. Həmin tapıntılar sübut edir ki, bəzi
antik müəlliflərin guya albanların pul
tanımadığı və yalnız natural mübadilə
vasitəsilə həyat sürdüyü barədə
yazdıqları həqiqət deyil. Başqa sözlə,
albanlar, nəinki pul tanıyırdı, hətta özlərinin
zərb etdiyi pullar da kifayət qədər idi. Bütün
bunlar isə Antik dövrdə Qəbələdə kifayət
qədər yüksək inkişaf səviyyəsi ilə səciyyələnən
izdihamlı şəhər həyatı olduğundan xəbər
verir.
Qəbələ
Antik dövrdə olduğu kimi, orta əsrlərdə də
çox mühüm ticarət və sənətkarlıq mərkəzi
olaraq qalmaqda idi. Arxeoloji qazıntılar zamanı
tapılmış zəngin maddi mədəniyyət nümunələri
orada daşişləmə, metalişləmə,
sümükişləmə, ağacişləmə,
dulusçuluq, şüşə istehsalı, zərgərlik,
boyaqçılıq, dabbaqlıq, toxuculuq və bir sıra
digər sənət sahələrinin geniş
inkişafından xəbər verir. Bütün bunlar Qəbələnin
orta əsrlərdə həm də ətraf yaşayış
məntəqələrinin əhalisinin sənətkarlıq məhsullarına
olan ehtiyaclarını ödəyən çox mühüm
ticarət və sənətkarlıq mərkəzi olduğuna
dəlalət edir.
Maraqlıdır
ki, tədqiqatlar zamanı Qəbələnin Qala və Səlbir
ərazilərində də Antik dövrə aid
tapıntılar aşkar olunmuşdur. Məsələn,
1974-1978-ci illərdə Səlbirin cənub-qərb
küncündə tədqiqat aparılarkən orada eradan əvvəl
I əsrə aid çay daşından inşa edilmiş
möhtəşəm qala bürcü aşkar edilmişdir.
Hündürlüyü 14 metr olan və XI əsrədək
şəhərin müdafiə sisteminə xidmət etmiş
bu düzbucaq formalı bürc yonulmuş çay daşı
və əhəng məhlulu ilə tikilib, daha sonra səliqə
ilə yonulmuş tuf daşdan üzlük vurulub. Qeyd olunan
bürcdən bir qədər şimal tərəfdə tədqiqatlar
davam etdirilərkən isə daha bir yerdə şəhərin
e.ə. I əsrə aid qala divarlarının uzunluğu 35
metr, hündürlüyü 1 metr, qalınlığı 2,4
metr olan qalığı aşkar olunmuşdur. 2008-2009-cu illərin
tədqiqatları zamanı isə şəhərin Qala adlanan
ərazisinin cənub-şərq tərəfində, Govurlu
çayının kənarında e.ə. I - bizim eranın I əsrlərinə
aid qala divarının qalıqları aşkar olunub. 2010-cu ildə
Cənubi Koreya mütəxəssisləri də şəhərin
Səlbir ərazisinin şimal və qərb kənarlarında
analoji divar qalıqları üzə çıxarıblar. Bu
tapıntılar bir daha deməyə əsas verir ki,
Albaniyanın baş şəhəri olan Qəbələnin
adının Antik mənbələrdə çəkildiyi
dövrdən ən azı iki-üç əsr öncə Səlbir
və Qala ərazisində ətrafı möhtəşəm
qala divarları ilə möhkəmləndirilmiş şəhər
mövcud olub.
Bəzi
tədqiqatçılar paytaxtın (əslində isə mərzbanın
iqamətgahının) Bərdəyə
köçürülməsini 461-ci ildə Sasanilər tərəfindən
mərzbanlıq üsul-idarəsinin tətbiqi nəticəsində
ölkənin iqtisadi və siyasi həyatında Bərdənin
rolunun artması, Qəbələnin mövqeyinin zəifləməsi
ilə əlaqələndirməyə səy ediblər.
Halbuki bu cür düşünmək üçün
heç bir ciddi elmi əsas yoxdur. Yəni çoxillik arxeoloji
tədqiqatlar göstərir ki, Qəbələdə V əsrdən
sonra da intensiv şəhər həyatı davam edib. Şəhərin
Qala və Səlbir hissəsində aşkar edilən ən
möhtəşəm tikintilər, o cümlədən, bu
günədək öz əzəmətini qoruyub saxlayan cənub
qala divarları və bürcləri də məhz V əsrdən
sonrakı dövrdə inşa edilib. Arxeoloji materialların təhlili
göstərir ki, V əsrdən sonrakı dövrdə Qəbələnin
dünyanın bir çox ölkələri və iri ticarət
mərkəzləri ilə mədəni-iqtisadi əlaqələrinin
miqyası da nəzərəçarpacaq dərəcədə
genişlənib. Şəhər xarabalıqlarında və
onun ətrafında aparılan tədqiqatlar zamanı
tapılmış çoxsaylı sikkələr, Çindən,
İrandan, Roma imperiyasından gətirilmiş rəngarəng
çeşidli maddi mədəniyyət nümunələri də
bunu təsdiq edir.
Xatırladaq
ki, IV-VII əsrlərdə Qəbələnin ticarət əlaqələrində
daha çox Sasani pullarından istifadə olunub. VIII əsrdən
başlayaraq şəhərin ticarət dövriyyəsində
ərəb pullarının xüsusi çəkisinin
artdığı müşahidə olunur. Bunlarla
yanaşı, Qəbələ və onun ətrafından
çoxsaylı yerli pullar da tapılmışdır. Bu isə
Qəbələnin Albaniyanın digər şəhərləri
və şəhər tipli iri yaşayış məntəqələri
ilə olan qızğın ticarət əlaqələrinin
mövcudluğuna dəlalət edir. Bütün bunlar onu
göstərir ki, Sasani mərzbanının iqamətgahının
Bərdəyə köçürülməsi heç də
Qəbələnin ölkənin əsas şəhəri olmaq
funksiyasını itirməsinin nəticəsi kimi izah oluna bilməz.
Əksinə, həm yazılı mənbələr, həm də
arxeoloji tədqiqatların nəticələri Qəbələnin
V əsrdən sonrakı dövrdə də intensiv
inkişafından, ölkənin iqtisadi, mədəni və
siyasi həyatında onun daha fəal iştirakından xəbər
verir. Elə isə mərzbanlığın mərkəzi
hansı zərurət nəticəsində ölkənin əsas
şəhərindən aran ərazidə yerləşən Bərdəyə
köçürülüb? Fikrimizcə, bu, hər şeydən
öncə, Mehranilərin timsalında Girdiman vilayətinin hərbi-siyasi
cəhətdən güclənməsi və faktiki olaraq onun
Sasani İranından asılı olmaması ilə əlaqədardır.
Beləliklə, 461-ci ildə qədim Azərbaycan dövləti
olan Albaniyanın paytaxtı deyil, sadəcə Sasani mərzbanının
iqamətgahı Qəbələdən Bərdəyə
köçürülüb.
Qəbələ
ayrı-ayrı tarixi dövrlərdə Sasani və Bizans
imperiyaları, Ərəb xilafəti və Xəzər
xaqanlığı ordularının, habelə şimaldan
köçərilərin Albaniya ərazilərinə olan
dağıdıcı hücum və basqınları
zamanı dəfələrlə çox ciddi
dağıntılara məruz qalıb. Monqolların, Teymurilərin
və Qızıl Orda hərbi birləşmələrinin
Albaniyaya olan yürüşləri və ərazidə
baş vermiş qanlı toqquşmalar zamanı Qəbələyə
dəfələrlə çox ciddi ziyan dəyib. Lakin
bütün bu dağıntılara baxmayaraq, şəhər
yenidən dirçələrək XVIII əsrin əvvəllərinədək
ölkənin iqtisadi, siyasi, hərbi, dini və mədəni həyatında
mühüm rol oynamaqda davam edib.
Əfsuslar
olsun ki, Azərbaycan Çar Rusiyası və Sovet
imperiyasının tərkibində olduğu illərdə də
Qəbələ dəfələrlə çox ciddi
dağıntılara məruz qalıb. Sovet hakimiyyətinin ilk
illərində şəhərin cənub qala divarları rus hərbçiləri
tərəfindən partladılıb. 1977-ci ildə Qəbələ
radiolokasiya stansiyası tikilərkən milliyyətcə erməni
olan mütəxəssislər tərəfindən yüksək
gərginlikli elektrik xəttinin bilavasitə qədim şəhər
ərazisindən keçməsi layihələşdirilib.
Arxeoloq alimlərin ciddi etirazlarına baxmayaraq, şəhər
ərazisinə ağır texnika gətirilərək orada bir
neçə yerdə elektrik dirəkləri üçün
yer qazılıb, beləliklə də qədim şəhər
növbəti dəfə çox ciddi dağıntı
qarşısında qalıb.
Lakin
Ümummilli lider Heydər Əliyev Qəbələ ətrafında
baş verənləri dərindən araşdıraraq, məsələni
Azərbaycan KP MK-nın büro iclasının müzakirəsinə
çıxarmaq barədə tapşırıq verib. Ulu
öndərin tapşırığı ilə təşkil
olunmuş Dövlət Komissiyasının
hazırladığı arayış Mərkəzi Komitənin
17 yanvar 1978-ci il tarixli iclasında geniş müzakirə
olunub və abidənin qorunmasına laqeyd münasibət
göstərən cavabdeh şəxslər ciddi cəzalandırılıb,
az sonra isə Qəbələ respublika hökumətinin qərarı
ilə Dövlət qoruğu elan olunub. Şəhəri sel
sularının dağıdıcı təsirindən xilas etmək
məqsədilə Qaraçay və Covurlu çayları
boyunca beton bəndlər tikilib. Ölkə rəhbərliyinin
birbaşa qayğısı sayəsində Qəbələdə
arxeoloji tədqiqatların yeni mərhələsi
başlanıb.
Ötən
əsrin 80-ci illərinin ortalarından başlayaraq ölkədə
hökm sürən xaos və hərc-mərclik zamanı Azərbaycanın
digər yerlərində olduğu kimi, Qəbələdə
də arxeoloji tədqiqatlar dayandırılıb. Yalnız
Ümummilli lider Heydər Əliyevin hakimiyyətə
qayıdışından sonra orada yenidən elmi
axtarışlara start verilib.
Minnətdarlıq hissi ilə bildiririk ki, bu gün qədim paytaxt şəhərimiz olan Qəbələ Cənubi Qafqazın ən geniş və ən müasir arxeoloji tədqiqatlar laboratoriyasına çevrilib. Ölkə Prezidenti cənab İlham Əliyevin xeyir-duası ilə 22 sentyabr 2014-cü ildə açılışı olan Qəbələ Arxeoloji Mərkəzi bu gün uğurla fəaliyyət göstərməkdədir. Qəbələ Beynəlxalq Hava Limanının istifadəyə verilməsi, Qədim İpək Yolu üzərində yerləşən bu tarixi məkanın hər bir guşəsində ən müasir xidmət infrastrukturlarının mövcudluğu, yeni salınmış yollar, körpülər və istirahət ocaqları təbiəti etibarı ilə Cənubi Qafqazın mirvarisi olan qədim Qəbələni daha da cazibədar edib. Azərbaycan Respublikası Prezidentinin sərəncamları, göstərişləri, qayğı və tövsiyələrinə uyğun olaraq həyata keçirilən tədbirlər sayəsində son illər qədim Qəbələ ilə müasir Qəbələnin qeyri-adi, özü də son dərəcə uğurlu harmoniyası timsalında Cənubi Qafqazda həm də insanları getdikcə daha çox özünə cəlb edən ecazkar arxeoloji-turizm mərkəzi formalaşıb.
800 ildən artıq bir müddət ərzində Albaniyanın - qədim Azərbaycan dövlətinin baş şəhəri - paytaxtı olmuş qədim Qəbələ ən azı 2500 ildir ki, xalqımızın zəngin və şərəfli tarixini özündə yaşadır. Odur ki, bu şərəfli tarixi əbədiləşdirmək, onu daha dərindən və hərtərəfli araşdırmaq naminə Qəbələnin 2500 illiyini dövlət səviyyəsində qeyd etmək ümumi işin xeyrinə olar. Bu, Qəbələnin timsalında Azərbaycanın qədim tarixini, zəngin mədəni irsini və bugünkü dinamik inkişafını növbəti dəfə bütün dünyaya nümayiş etdirmək yolunda daha bir uğurlu addım olar.
Qafar CƏBİYEV,
AMEA Arxeologiya və Etnoqrafiya
İnstitutunun baş elmi işçisi, Qəbələ
Beynəlxalq arxeoloji ekspedisiyasının rəhbəri,
tarix elmləri
doktoru
525-ci qəzet.- 2020.- 18 yanvar.- S.18-19.