Müstəqillik dövrünün tənqidçi obrazı

 

Azərbaycan oxucusu Milli Elmlər Akademiyasının müxbir üzvü Tehran Mustafayevi - Tehran Əlişanoğlunu müasir Azərbaycan tənqidinin görkəmli nümayəndəsi kimi qəbul edir.

Tehran Əlişanoğlu ədəbi tənqidlə ardıcıl məşğul olan və ədəbiyyatşünaslıq elminin bu istiqamətini elmi cəhətdən tədqiq edib araşdıran fəal və zəhmətkeş elm adamıdır. Ədəbiyyatşünaslıq meydanına qədəm qoyduğu tələbəlik illərindən bizim günlərə qədərə Tehran Əlişanoğlu dayanmadan, geriyə baxmadan ədəbi tənqid sahəsində fəaliyyətini uğurla davam etdirməkdədir. Tehranın tənqidçilik fəaliyyəti üçün ən səviyyəvi cəhətlər ədəbi prosesi ardıcıl olaraq izləməsi, ədəbiyyatda müasirlik anlayışına həyat və sənət baxımından vəhdətdə baxması, bədii əsəri təhlil edərkən mətnin reallığından elmi qənaətlər çıxarmağı bacarması ilə əlaqədardır. Buna görədir ki, Tehran Mustafayevin haqqında söz açdığı yazıçı, yaxud bədii əsər oxucuya bütün əsas cəhətləri, uğurları və kəsirləri ilə bir yerdə obyektiv elmi mövqedən təqdim olunur. Geniş ictimaiyyət, oxucular onun təqdimatında yazıçını və ya bədii əsəri ədəbi prosesin ümumi axarında, bədii yaradıcılıq axtarışlarının ümumi mənzərəsində görə bilir. Tehran yazıçıya, bədii əsərə, ədəbiyyat faktına fərdi, lokal şəkildə yox, inkişafda olan həyat və sənətlə birlikdə, vəhdətdə elmi qiymət verir. Bu isə tənqidçidən geniş elmi dünyagörüş və yüksək professionallıq tələb edir. Tehran Əlişanoğlu hər addımda tənqidçi üçün zəruri olan geniş dünyagörüşlə professionallığın üzvi sintezini nümayiş etdirir. Bu mənada onun ədəbi-tənqidi əsərləri ədəbiyyat və zaman haqqında monoloq kimi səslənir. Lakin Tehran Əlişanoğlu ədəbiyyatdan zamanı sadəcə əks etdirən faktdan daha çox, onun irəliyə doğru inkişaf templərini mənalandırmağı bacaran milli ədəbi sərvət kimi söz açır. Bu mənada onun ədəbi-tənqidi əsərləri ədəbiyyatın da, cəmiyyətin də dialektikasının güzgüsü, yaxud barometri funksiyasını yerinə yetirir.

Bununla belə, Tehran Əlişanoğlunun ədəbi prosesin ümumi axarında, zamanla üzvi əlaqədə təqdim etdiyi ədəbiyyat həm də mütləq onun müəllifinin fərdi özünəməxsusluğu ilə birlikdə təhlil süzgəcindən keçirilir. Tehran haqqında söz açdığı yazıçının fərdi üslubunu "kəşf etməyi" ədəbi tənqidin ən mühüm vəzifələrindən biri hesab edir. Onun araşdırma obyekti olan yazıçı, yaxud bədii əsər özünəməxsus fərdi siması, fərqli mahiyyəti əsasında elmi-nəzəri cəhətdən dəyərləndirilir. Heç tərəddüd etmədən Tehran Əlişanoğlunu Azərbaycan bədii nəsrinin üslubu  özünəməxsusluğunun, üslub zənginliyinin mahir bələdçisi adlandırmaq olar. Tehran haqqında söz açdığı yazıçının və onun bədii əsərlərinin daxili dünyasını aydın şəkildə görür və fərqli bucaqdan oxucuya təqdim edir. Onun elmi əsərlərində fərdi özünəməxsusluq yazıçının dili və üslubu, təhkiyəsi, təsvir vasitələri, bədii forma müxtəlifliyi ilə müəyyən olunur. Tənqidçinin əsərləri həsr olunduğu yazıçının obyektiv bədii tərcümeyi-halı təsiri bağışlayır. Bu yolla o, barəsində söz dediyi, araşdırma apardığı yazıçının sanki obrazını yaradır. Tehran Əlişanoğlunun əsərləri Azərbaycan yazıçılarının fərdi obrazlarının elmi qalereyasıdır. Tehran Əlişanoğlu Azərbaycan yazıçıları və onların bədii əsərləri haqqında yazılmış çoxcildlik elmi-nəzəri külliyyatın müəllifidir. Məhz bu cür dərin və aydın elmi təhlillə o, Azərbaycan ədəbiyyatının "xəritəsində" hər yazıçının öz yerini müəyyənləşdirməyi bacarmışdır. Bu mənada Tehran Əlişanoğlu obrazlı şəkildə desək, ədəbiyyatşünaslıq elminin mahir qrosmeysteridir. O, ədəbiyyatın mövcud vəziyyətinin obyektiv və aydın mənzərəsini yaratmaqla bərabər, həm də inkişaf perspektivlərini proqnozlaşdırmaq vəzifələrini də məsuliyyətlə həyata keçirir. O, ədəbiyyatda mövcud vəziyyət necədir sualı ilə yanaşı, həm də ədəbiyyat hara gedir sualına da dəqiq və aydın cavab verir. Tehranın əsərlərində "Ədəbiyyat haraya doğru getməlidir" sualına da konkret cavab tapmaq mümkündür.

Tehran Əlişanoğlu ədəbiyyatda olduğu kimi, ədəbiyyatşünaslıq elmində də keçilən yol və gediləcək hədəflər ətrafında ciddi elmi söz deməyi bacarır. Onun filologiya üzrə fəlsəfə doktorluğu kimi meydana çıxmış "Azərbaycan sovet ədəbi tənqidinin üslubları" mövzusunda yazıb uğurla müdafiə etdiyi (1990) namizədlik dissertasiyası ədəbi tənqiddə üslub özünəməxsusluğunun meyarlarının müəyyən olunmasının nəzəriyyəsi və təcrübəsindən bəhs edən qiymətli tədqiqat əsəridir. Bu monoqrafik tədqiqatda 1960-1980-ci illərdə yazıb-yaratmış tənqidçilərin fərdi üslub xüsusiyyətləri konkret bədii material əsasında müəyyən edilmişdir. Bu, Azərbaycan ədəbiyyatşünaslıq elmində tənqiddə üslublar probleminə həsr olunmuş əhəmiyyətli tədqiqat əsərlərindən biridir. Tehran Mustafayevin "XX əsr Azərbaycan nəsrinin poetikası" mövzusunda yazıb uğurla müdafiə etdiyi doktorluq dissertasiyası (2005) da ədəbiyyatda fərdi özünəməxsusluq məsələlərindən bəhs edən ciddi tədqiqat əsəridir. Azərbaycan bədii nəsrinin üslublarından söz açan Tehran Əlişanoğlunun fəlsəfə doktorluğu dissertasiyası onun sonrakı elmi fəaliyyəti, xüsusən "XX əsr Azərbaycan nəsrinin poetikası" adlı tədqiqat əsəri üçün baş məşq funksiyasını yerinə yetirmişdir. Tehran Mustafayev "Azərbaycan bədii nəsrinin poetikası" mövzusundakı doktorluq dissertasiyası milli bədii nəsrin təşəkkülü və inkişafı, ideya-sənətkarlıq xüsusiyyətləri, nəsrdə bədiilik amili və janr faktoru haqqında sistemli elmi tədqiqat əsəridir. Azərbaycan bədii nəsrini poetika baxımından araşdırıb ümumiləşdirən bu elmi əsər nəsrin taleyi və təkamülünə işıq salan sanballı elmi əsərdir.

Bütün bunlara görədir ki, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Tehran Əlişanoğlu ölkəmizdə bədii nəsrin əsas tədqiqatçılarından biri kimi qəbul olunur. Alimin "Əjdər Ol. Bir könül savaşı", "Nəsrdə Qarabağ müharibəsinin aspektləri" əsərləri, çoxsaylı məqalələri Azərbaycan bədii nəsrinin ayrı-ayrı yaradıcılıqlarının xidmətlərini əks etdirən mühüm elmi əsərlərdir. Bütün bunlarla bərabər, Tehran Əlişanoğlunun "Milli Nəsrdə Azərbaycan obrazı. Tarix və müasirlik kontekstində" (2017) monoqrafiyası onun nəsr tədqiqatlarının məntiqi yekunudur. Bu, Cəlil Məmmədquluzadədən və "Molla Nəsrəddin" məktəbi nəsr ənənələrindən başlamış, sovet dövrü bədii nəsrinə, altmışıncıların nəsrdə yaratdığı novatorluğa və müstəqillik mərhələsinin yeni nəsr yaradıcılarına qədərki böyük bir epoxanın epik ədəbiyyatının elmi salnaməsidir. Doğrudur, Tehran Əlişanoğlunun elmi fəaliyyəti üçün "salnamə" sözü münasib deyildir. O, bədii ədəbiyyatın statik təsvirini verməyib, dinamik inkişaf proseslərini tədqiq edib ümumiləşdirir. Lakin bu əsərində əhatə etdiyi dövrün genişliyi və əsərdəki elmi ümumiləşdirmələr şərti mənada olsa da salnamə sözünü işlətməyə imkan verir. Tehran Mustafayev Azərbaycan bədii nəsrinin keçdiyi əsas inkişaf mərhələlərini düzgün müəyyənləşdirmiş, hər mərhələnin bədii nəsrin inkişafındakı yerinə və roluna, ayrı-ayrı yazıçıların xidmətlərinə obyektiv elmi qiymət vermişdir. Ən başlıcası və bir qədər də heyrətamiz olan da bundan ibarətdir ki, Tehran Mustafayev Azərbaycan bədii nəsrinin Mirzə Fətəli Axundovdan - Cəlil Məmmədquluzadəyə, Süleyman Rəhimovdan - Əli Vəliyevə və Mir Cəlala, İlyas Əfəndiyevdən - Sabir Əhmədova, Anardan, Elçindən -  Yusif Səmədoğluna, Kamal Abdulladan - Afaq Məsuda, Əjdər Ola, Yunus Oğuza qədərki bütün yazıçıların romanlarını, povestləri və hekayələrinin hamısını diqqətlə, bəzən hətta təkrar-təkrar oxuyaraq tədqiqat aparmışdır. O, eyni zamanda, son yüzillikdə Azərbaycan bədii nəsri və epik ədəbiyyatın əsas yaradıcıları haqqında yazılmış elmi-nəzəri tədqiqatlarla da dərindən tanışdır. Bu mənada Azərbaycan bədii nəsrinin daxili təkamül proseslərinə, qüvvətli və zəif cəhətlərinə, inkişaf ritmlərinə  Tehran Mustafayev qədər tam, bütöv, dərin və əsaslı şəkildə bələd olan tədqiqatçı göstərmək çətindir. Həmin baxımdan yanaşmaqda "Milli nəsrdə Azərbaycan obrazı. Tarix və müasirlik kontekstində" monoqrafik tədqiqatını Azərbaycan nəsrinin Tehran Mustafayev tərəfindən aparılış obyektiv monitorinqi hesab etmək mümkündür.

Təqdim olunan elmi əsər Tehran Mustafayevin nəsr tədqiqatlarının əhatə etdiyi problemləri təsəvvür etmək üçün də açıq imkanlar yaradır. Aydın surətdə görünür ki, Tehran bədii nəsrdə bədii mətndən çıxış etməklə tarixi dövrün, ictimai mühitin ədəbiyyatdakı bədii obrazının yaradılmasına xüsusi diqqət yetirir. Eyni zamanda, onun elmi əsərlərində qəhrəman axtarışları, obrazların təkamül proseslərinin elmi cəhətdən izlənilməsi də mühüm yer tutur. Bu mənada, Tehran Əlişanoğlu XX əsr Azərbaycanının bədii nəsrdəki tam, bütöv, sistemli, ümumiləşdirilmiş obrazını meydana çıxarmış və qiymətləndirmişdir. Və ümumiyyətlə, azərbaycançılıq bir tənqidçi kimi Tehran Əlişanoğlunun estetik idealının ana xəttini təyin edir. O, bədii əsərləri monitorinqdən keçirərkən azərbaycançılıq idealının hansı səviyyədə və necə ifadə olunduğuna xüsusi diqqət yetirməklə bərabər, geniş mənada həyatda və elmdə də azərbaycançılığı əsas meyar olaraq qəbul etmişdir. Obrazlı şəkildə və müəllifin özünün sözləri ilə desək, azərbaycançılıq Tehran Mustafayevin məxsusi elmi konseptidir.

"Milli nəsrdə Azərbaycan obrazı. Tarix və müasirlik kontekstində" monoqrafiyası Tehran Əlişanoğlunun ədəbi əsərin bədii-sənətkarlıq xüsusiyyətləri haqqında  nəzəri şəkildə elmi söz demək istedadını da meydana qoyur. Bununla belə, Tehran Əlişanoğlu üçün istənilən halda geniş mənada müasirlik başlıca meyar funksiyasını daşıyır. O, müasirliyə gündəmin bədii ifadəsi kimi yox, bədii əsərin aktuallığını müəyyən edən bədii-estetik kateqoriya kimi baxır və bu mənada təkcə əsərdəki ideyanı deyil, sənətkarlıq xüsusiyyətlərini də müasir elmi meyarlarla qiymətləndirir. Tam halda Tehran Mustafayev "Milli nəsrdə Azərbaycan obrazı. Tarix və müasirlik kontekstində" monoqrafiyası ilə ədəbiyyatşünaslıqda mühüm xidmətlər göstərmiş elm adamlarının cərgəsində yer alır.

Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Tehran Mustafayev ədəbiyyatımızın digər janrları və qolları haqqında da tədqiqatlar aparmış, sanballı məqalələr çap etdirmiş, icmallar yazmış, məruzələri dinlənilmişdir. Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Tehran Əlişanoğlunun məsul redaktor kimi yaxından iştirakı ilə hazırlanıb nəşr edilmiş "Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı" ikicildliyindəki icmallar Tehran Mustafayevin dövrün ədəbiyyatının bütün qollarına, əsas istiqamətlərinə yaxından, əsaslı şəkildə bələd olduğunu ümumiləşdirilmiş elmi söz demək bacarığını nümayiş etdirir. Bu sanballı çoxcildlikdə Tehran Əlişanoğlu müstəqillik dövrü bədii nəsrinin Aqil Abbas, Əjdər Ol, Səyyad Aran və başqaları kimi yaradıcıları ilə bir sırada, dekadans şairlər, poeziyada nəfəs dəyişimi və şeirdə yaradıcı gənclik haqqında da professional səviyyədə elmi söz açmaq istedadını aydın surətdə nəzərə çarpdırır. Müasir teatr və dramaturgiyaya o sıradan dramaturq Əli Əmirliyə həsr olunmuş oçerkləri onun ədəbiyyatımızın bu qolunun da problemləri ilə yaxından tanış olduğunu göstərməkdədir. Müstəqillik dövrü Azərbaycan ədəbiyyatında modernizm təmayülləri, dekadentizm meylləri, ədəbi qruplar, poetik manifestlər haqqındakı oçerkləri Tehran Mustafayevin özünəməxsus nəzəri görüşlərə malik tənqidçi olmasının da göstəricisidir. Bu gün Tehran Əlişanoğlu hərtərəfli hazırlığa, geniş elmi dünyagörüşə, professional elmi səriştəyə malik olan tanınmış tənqidçi və ədəbiyyatşünasdır. Tənqidçi və ədəbiyyatşünaslar, xüsusən akademiklər İsa Həbibbəyli və Nizami Cəfərov haqqındakı sanballı yazıları onun tənqid haqqında tənqid sahəsində də professional ədəbiyyatşünas olduğunu nümayiş etdirir.

Tehran Mustafayevin illərdən bəri uğurla nəşrini davam etdirdiyi "Tənqid.net" jurnalı ölkəmizdə yeganə ədəbi tənqid jurnalı olmaqla bu sahəyə istiqamət verən bir toplu kimi tənqidi fikrin inkişafında mühüm rol oynayır. O, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda "Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı" şöbəsinin müdiri kimi də tənqidçilik və təşkilatçılıq missiyasını bir yerdə, səriştə ilə yerinə yetirir.  

Son illərdə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda hazırlanmış "Ədəbiyyatda Heydər Əliyev obrazı: tarixi gerçəklikdən ideala" adlı ikicildlik monoqrafik tədqiqatın əsas müəlliflərindən biri olan Tehran Əlişanoğlu müstəqillik dövrünü yalnız ədəbiyyatının deyil, ictimai-siyasi gedişatının da əsas tədqiqatçılarından biri olduğunu nəzərə çarpdırır. Təqdim edilən monoqrafiyada Tehran Mustafayev Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin milli bədii nəsrdə obrazının yaradılması istiqamətində apardığı axtarışları həm də ulu öndərə ədəbiyyatda bəslənilən böyük məhəbbəti də elmi şəkildə təhlil edib dəyərləndirmişdir.

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda 2013-cü ildən yenidən keçirilməsinə başlanılmış "Ədəbi proses" hərəkatının aparıcı simalarından olan Tehran Əlişanoğlunun "İlin ədəbi mənzərəsi" mövzusunda, müasir nəsr proseslərinin dinamikası haqqındakı məruzələri yeni tarixi epoxanın ədəbi hərəkatının ümumi mənzərəsini canlandıran zəngin elmi icmallar olmaqla bir sırada, həm də ədəbi prosesə istiqamət və təkan verən çağırışları və proqnozları da özündə cəmləşdirir. Obrazlı şəkildə desək, Tehran Əlişanoğlu təkcə "Ədəbi proses" müşavirələrində yox, bütün məqamlarda ümumiyyətlə elmi-ədəbi proseslərin əsas hərəkətverici qüvvələrindən biri funksiyasını ardıcıl olaraq həyata keçirir. Azərbaycan ədəbiyyatşünaslıq elminin tarixində ilk dəfə olaraq Tehran Əlişanoğlu özünün məqalələrindən ibarət "ədəbi proses divanı"nı yaratmışdır. Bu günlərdə 2020-ci ilin başlanğıcında "Alatoran" nəşriyyatında çap olunmuş "Tehran Mustafayevin ədəbiyyat söhbəti" bu qeyri-adi ədəbi tənqid divanının onun müəllifinin altmış illiyinə avtoərməğanı kimi də yeni və əhmiyyətlidir.

Nəticə: Tehran Mustafayev Azərbaycan ədəbiyyatşünaslıq elmində müstəqillik dövrü Azərbaycan ədəbi tənqidinin liderlərindən biridir. O, təpədən dırnağa qədər bütün ruhu və elmi axtarışları ilə birlikdə əsl tənqidçidir. Ədəbi tənqid sahəsindəki çoxillik axtarışları və sanballı elmi əsərləri onun görkəmli bir tənqidçi kimi bu sahədə özünəməxsus xidmətləri olduğunu göstərir. Ən əsas cəhətlərdən biri də bundan ibarətdir ki, Tehran Mustafayev hər həftə, bəzən hər gün gündəmdə olan, daim, fasiləsiz olaraq yazıb-yaradan və oxunan, düşündürən tənqidçi kimi qəbul olunur. Onun tənqidçilik missiyası ədəbiyyatı, ədəbiyyatşünaslıq elmini, ictimai fikri həmişə irəli aparmağa xidmət edir.

Müstəqillik dövrü Azərbaycan ədəbiyyatının və ədəbiyyatşünaslıq elminin inkişafında Milli Elmlər Akademiyasının müxbir üzvü Tehran Mustafayevin özünəməxsus payı, sanballı xidmətləri vardır. Elmi fəaliyyətə XX əsrin səksəninci illərindən başlasa da o, məhz müstəqillik dövründə özünü tam mənası ilə təsdiq etmişdir. Tehran Əlişanoğlu yeni epoxanın yüksək professional səviyyəyə malik azərbaycançı tənqidçi obrazının bütün ən səciyyəvi cəhətlərini ümumiləşdirir. Bu altmış illik mənalı ömrün ən mühüm yekunu, həm də bundan sonrakı daha yetkin və müdrik elmi fəaliyyət dövrünün nikbin başlanğıcıdır. Azərbaycan ədəbi tənqidinin taleyi və inkişafı üçün cavabdeh olan ədəbiyyatşünaslardan biri, bəlkə də birincisi Tehran Mustafayevdir.

Ürəkdən təbrik edir və daha böyük uğurlar arzulayıram.

 

16 yanvar 2020-ci il

 

İsa HƏBİBBƏYLİ

Azərbaycan Milli Elmlər Akademiyasının

vitse-prezidenti, Milli Məclisin Elm və Təhsil

Komitəsinin sədri, akademik

 

525-ci qəzet.- 2020.- 18 yanvar.- S.14-15.