Milli Kitabxanada 20 Yanvar qurbanları anılıb

 

Dünən Milli Kitabxanada Mədəniyyət Nazirliyi və Milli Kitabxananın birgə təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Milli Kitabxananın nəşr etdiyi "20 Yanvar Qan Yaddaşımız" adlı vəsait   eyniadlı Elektron məlumat bazası, habelə 20 Yanvar İctimai Birliyi tərəfindən nəşr olunmuş "Qalibiyyət qartalları" kitabı da təqdim olunub.

Tədbirdə öncə 20 Yanvar faciəsinin qurbanlarının xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Mərasimi Milli Kitabxananın direktoru Kərim Tahirov açaraq 20 yanvar şəhidlərinin cəsarət şücaətindən bəsh edib. Bildirib ki, xalqımızın mərd oğulları əliyalın, silahsız sovet ordusuna qarşı çıxaraq müstəqilliyimiz uğrunda mübarizənin başlanğıcını qoyub. Direktor bildirib ki, ilk dəfə 1990-cı ilin yanvarında Ulu öndər Heydər Əliyev xalqımızın fədakar oğlu kimi Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyində olaraq Bakıda törədilmiş kütləvi qırğınla bağlı etiraz səsini dünyaya çatdırıb. Eyni zamanda, Heydər Əliyevin yenidən hakimiyyətə gəlişindən sonra 20 Yanvar faciəsinə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verilib. K.Tahirov qeyd edib ki, ölkə Prezidentinin "20 Yanvar faciəsinin 30-cu ildönümü haqqında" Sərəncamına əsasən Azərbaycanda və onun hüdudlarından kənarda geniş miqyaslı tədbirlər keçirilir. Direktor Milli Kitabxananın nəşr etdiyi "20 Yanvar Qan Yaddışımız" adlı vəsaiti və 20 Yanvar İctimai Birliyi tərəfindən nəşr olunmuş "Qalibiyyət qartalları" kitabını tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Daha sonra 20 Yanvar faciəsindən bəhs edən qısa film nümayiş olunub.

Milli Kitabxananın direktor müavini Ədibə İsmayılova çıxış edərək faciədən 30 il keçməsinə baxmayaraq, o gün yaşanan hadisələrin ilk günkü kimi xatirələrdə yaşadığını, qan yaddaşımıza həkk olunduğunu bildirib.

Tədbirdə gənc şair Sevindik Nəsiboğlu və Milli Kitabxananın əməkdaşı Səyyarə Məmmədli 20 Yanvar faciəsinə həsr etdikləri şeirləri səsləndiriblər.

Daha sonra Milli Kitabxananın "Elektron Kitabxananın İnkişafı şöbəsi"nin əməkdaşları tərəfindən hazırlanmış "20 Yanvar Qan Yaddışımız" elektron məlumat bazası şöbənin müdiri Rübabə Səfərova tərəfindən təqdim edilib.

Sonda tədbir iştirakçıları xalqımızın milli istiqlal mübarizəsini əks etdirən kitablardan, dövri mətbuat materiallarından ibarət "20 Yanvar xalqımızın qan yaddaşıdır" adlı sərgi ilə tanış olublar.

Eyni zamanda, 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş tədbir 8 saylı orta məktəbin şagirdlərinin iştirakı ilə Milli Kitabxananın nəzdində fəaliyyət göstərən Açıq Kitabxanada da davam edib.

 

525-ci qəzet.- 2020.- 18 yanvar.- S.13.