Yorulmuşam
Bu dünyanın gedişindən,
Əyri-üyri hər işindən.
Bu dünyaya gəlişimdən
yorulmuşam.
Pisniyyətin niyyətindən,
Aravuran qeybətindən,
Yerli-yersiz söhbətindən
yorulmuşam.
Kələkbazın kələyindən,
Nömrə gələn hər səyindən.
Nanəcibin zirəyindən
yorulmuşam.
Gedir qızğın müzakirə,
Öz mövqeyin güdür hərə,
Haqsızlığı görə-görə
yorulmuşam.
Dəlilərin səs-küyündən,
Bəlaların hər "nöy"ündən,
Kiçiyindən, böyüyündən
yorulmuşam
Bu fələyin gərdişindən,
İnsanın pis vərdişindən.
Lap itindən, pişiyindən
yorulmuşam.
Taleyimin
sərt üzündən,
Qəm üzündən,
dərd üzündən.
Həyatımdan, öz-özümdən
yorulmuşam.
Başdan yarat
Torpaq oldum, palçıq oldum,
Tanrım, məni başdan yarat.
Ürəyimi dəyiş mənim,
Darıxmasın, daşdan yarat.
Gözlərimi düzəlt, dəyiş,
Gecə-gündüz yaş tökməsin.
İstəyirsən kor et məni,
Yollara heç
göz dikməsin.
Əllərimi kəs at mənim,
Yad əllərə
uzanmasın.
Möhtac
olub kimsələrə,
Sifətimi qızartmasın.
Bir az səbr,
bir az dözüm
Sən qat mənim torpağıma.
Ya da təmiz adamları
Çıxart mənim qabağıma.
Ya bir quşa döndər
məni,
Səmalarda qanad çalım.
Yerə
enib ağaclarda
Bir ev tikim,
yuva salım.
Böcək kimi, qarışqa
tək
Torpaq altda eşələnim.
Günahımı belə yuyum,
Əfv et məni, lap dilənim.
Ay Allahım, saxla məni,
"Göylərdə" sən, yanımda Sən.
Hamı
məndən üz döndərsə,
Bilim ki, sən yanımdasan.
Cavanlığım
Bir dəryada fırtınaya
Düşüb batdı cavanlığım.
Dalğala rın ağuşunda
Gözdən itdi cavanlığım.
Külək kimi əsdi, keçdi,
Yazdan keçdi,
qışa köçdü.
Bir də gördüm artıq gecdi,
Nə tez itdi cavanlığım.
Sevgi dolu ürək oldu,
Könül verib, könül
aldı,
Nə dayandı, nə yoruldu,
Nələr etdi cavanlığım.
Yalvardım mən dönə-dönə,
Qayıt
dedim ötən günə.
Çətin bir də geri dönə,
Çünki bitdi cavanlığım.
Gec anladım, keçdi zaman,
Başa düşdüm, dünya
yalan.
Vəfasızdan - bu dünyadan
Küsüb getdi cavanlığım.
Yarpaq idi budağında,
Erkən açdı gül bağında.
Qış da gəldi, qar altında
Qalıb itdi cavanlığım.
***
Bir ağacın yanında mən
yaşayaydım bir ağactək,
Qol ataydım,
budaqlarım
budağına dəyənədək.
Onda yəqin başqa yerə,
Başqa bağa mən getməzdim.
Uzaq düşüb o ağacdan
yox olmazdım,
heç itməzdim.
Birgə bitib bir həyətdə,
Yaşıllaşıb, ucalaydıq.
Bir boya atıb,
Bir saralıb,
Biz bir yerdə qocalaydıq.
İslam CƏFƏRZADƏ
525-ci qəzet.- 2020.- 22 yanvar.- S.23.