Ruhköçürmə stansiyası
Esse
20
Yanvar şəhidi şair Ülvi Bünyadzadənin anadan
olmasının 50 illiyi münasibətilə "525-ci qəzet"in
keçirdiyi, vətənpərvərlik mövzulu şeir və
esse müsabiqəsində 3-cü mükafata layiq
görülmüş Elmin Nuri və Kənan Novruzovun esselərini
təqdim edirik.
Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini
bitirib. Modern.az xəbər portalında müxbir, mədəniyyət
şöbəsinin müdiri,
Azərbaycan Tərcümə
Mərkəzinin "Aydın
yol" qəzetində
müxbir, "Xəzər"
dünya ədəbiyyatı
jurnalında isə redaktor vəzifəsində
çalışıb.
Hazırda AzEdu.az təhsil portalının baş redaktorudur.
2017-ci ildə ədəbiyyat
sahəsində uğurlu
fəaliyyətinə görə,
Gənclər və İdman Nazirliyinin təsis etdiyi "İlin gənci" mükafatına layiq görülüb. Elə həmin ildə
də gənc yazar kimi Prezident
təqaüdünə layiq
görülüb.
Azərbaycan və Şərqin
təsəvvüf elm və
mədəniyyət tarixinə
aid araşdırmaları ingilis,
rus, türk, ispan, alman, fransız,
ərəb və fars dillərinə
tərcümə olunub.
Ruhköçürmə stansiyası
(Yurd-yuva həsrəti ilə yaşayıb, bu dünyadan nakam köçən insanların ruhlarına ithaf edilir)
Ürəyi partlayan qoca Xanın açıq qalan gözlərindəki
sual işarəsinə
bənzəyirdi Vətən...
***
İnsanlar qoca Xan ölən gün bunun fərqinə vardılar... Yalnız ölən gün... Elə mən özüm də məhz o gün buna diqqət
etmişdim.
Əslində, bunun günahı həm də qoca Xanın özündə idi; gözlərini hər kəsdən gizləyir, gözlərinin dərinliyində
gəzdirdiyi, sual işarəsi ilə əhatə olunan Vətəni heç kəsə göstərmirdi.
***
Əslən, Laçından idi...
Amma Laçının işğalından
sonra yaşadığı
yerlərdə - məcburi
köçkün sığınacaqlarında,
daha sonrasa şəhərcikdə kimsə
onu adı ilə çağırmazdı.
Eləcə, hamı ona Xan deyərdi...
Məcburi köçkün taleyi
yaşayan həmyerliləri
üçün onun
tam fərqli özəlliyi
vardı: Qoca Xan el-obanın, aid olduğu məkanın tarixi yaddaşını, kökünü özünə
köçürüb Laçınlaşan
adam idi...
Laçın bir məkan olaraq, öz ruhunu Xana köçürmüşdü...
Bütün laçınlılar
də hər dəfə onunla görüşəndə sanki
vətənə baş
çəkib qayıdardılar...
Belə idi bizim Xan baba...
Deyərdilər ki, kişi elə bil Laçının dağları, düzləri,
yaylaqlarının özüdür.. Söhbətindən doymaq olmur; elə
bir oradakı bumbuz bulaqdan su içirsən... Amma mən Laçını
görməmişdim...
Xan baba isə ölən gününə qədər
Laçını hər
kəsdən gizlədi. Onun əzəmətini, füsunkarlığını
gözlərinin dərin
qəfəsində ciddi-cəhdlə
qoruyub saxladı... Bəlkə də, o göz dərinliyindəki
əsl Laçını
həndəvərindəki köçkün həyatı
yaşayan laçınlılara
yazığı gəldiyi
üçün göstərmirdi...
Amma bir şeydən xəbəri
yox idi: Laçın artıq onun gözlərindəki dərinlikdən çıxıb
bütün vücuduna
yayılmışdı. Ruhu
kimi, bədəni də Laçına bürünmüşdü... Saçlarının
ağından üzündəki
sərt cizgilərə
qədər laçınlaşmışdı
qoca Xan... Bunları da mənə rəhmətlik
babam deyərdi... Çünki yenə deyirəm, mən özüm Laçını
görməmişəm... Xan
babanı isə indi də yaxşı
xatırlayıram... Düz
demədim, Laçın
babanı...
Deyirlər ki, o, həm də SƏS olaraq yaşamışdı: Laçın
dağlarının şairənəliyindən,
vüqarından yaranan
bir saz səsi
kimi...
Yurdun ruhu, yaddaşını həmişə bu səsdə oyaq saxlamışdı... Boşuna
laçınlaşmamışdı ki, qoca Xan,
Laçın babam!
Bəzən rəvan, buzdan soyuq çay şırıltısı kimi
ötkəm nitqində,
bəzənsə təmkinli
və təmkinli olduğu qədər də sərtdən sərt, nisgildolu baxışlarında bir
SƏS kimi dillənmişdi
Xan baba...
Bəli, biz ona Xan baba
deyərdik. Adını bilmirdik nədi... Deyilənə görə,
Xan babanın Laçın işğal
olunandan ta ölüm anına qədər ancaq bir halda üzü
gülərmiş: Xanəndə
Xan Şuşinskinin ifasını dinləyəndə.. Özündən asılı olmayaraq uşaqlaşarmış, gözləri
gülərmiş, siması
işıqlaşar, nəfəsi
daha dərindən eşidilərmiş...
Deyəsən, Xan baba elə
ancaq Xan Şuşinski oxuyan zaman nəfəs aldığının fərqində
olarmış. Deyəsən, nəfəs deyilən
nəsnə Xan babaya yalnız elə Xan Şuşinski
oxuyan zaman lazım olarmış.
Sığınacaqdakı laçınlılar
da öz qoca həmyerlilərinə
xoş gəlsin deyə, ona Xan baba deməyə
başladılar... Amma
bəlkə də laçınlılar Xan babaya yaşadığının
fərqində olsun, nəfəsini yadlaşdırmasın
deyə o adı vermişdilər...
Xan baba da bu
yaxşılığı cavabsız qoymadı: istər söz-sovunda, istərsə də təmin və müdrikliyində hər zaman hər kəsə Laçın ruhu, ovqatı ötürdü.
***
"Vətən öz
adamları ilə canlıdı. O adamlar kimə və hara öz ruhunu
yazsalar, demək vətən də oradadı.
İnsanın keçmişi, taleyi,
yaddaşıyla bağlı
nə varsa, hamısını toplayıb,
cəminə VƏTƏN deyirlər..." Bunu Xan babanın Laçın işğal
olunan zaman hələ gənc olan bir yazıçı
eloğlusu demişdi...
Sonradan həmin gənc yazarın (indisə yaşı 45-i adlamış)
Laçına həsr
etdiyi bir yazısında bu cümlələri oxuyanda
çox kövrəlsə
də, sevinmişdi.
Özünü sanki
o sətirlərdə görmüşdü
Xan baba...
O sətirləri oxuyanda anlamışdı ki, o, bu neçə illər ərzində doğma
Laçını ruhuna
yerləşdirib və
onu bir qala
kimi qoruyub.
Özü kiçik bir daxmada, təkə-tənha
yaşayırdı. Amma di gəl ki, bu
kiçik daxmaya bütün Laçını
sığdıra bilmişdi.
Bu kiçik daxma həm də qanköçürmə məntəqəsi
idi bir növ...
Qan itirənə qan vurulduğu kimi, Laçını itirənlərə
də Laçın ruhunu qoca Xan
bu daxmada köçürürdü...
Özünün söz-söhbəti,
şeir-sovqatı, ağayana
təmkini, mülayim siması ilə...
O, laçınsızlar üçün
laçınsızlığın ən yaxşı donoru idi... Vətənsizlikdən
əziyyət çəkənlərə
öz ruhundan Laçın köçürürdü...
Ona görə də, qoca Xan ölən
gün bu elin insanları sanki Laçını yenidən itirdilər... Öləndən sonra gözlərinin açıq
olduğunu görüb
sanki Laçına boylanmaq üçün tez qaçıb onun donuq gözlərinə
baxmaq istədilər...
Lakin... əzəmətli
Laçının yerinə,
nigaranlığın yaratdığı
nəhəngdən də
nəhəng bir sual işarəsinə bənzəyən Vətən
gördülər...
***
Düzü, hamının müdrik
insan kimi sevdiyi Xan babanın
hansı işin, sənətin sahibi olduğunu heç zaman bilmədim... Bizim üçün o, ancaq və ancaq
Xan baba idi... Bütün peşələr, vəzifələr, sənətlər
bu adın qarşısında nə
idi ki?! Amma indi düşünürəm
ki, Xan baba
son nəfəsinədək ancaq bir peşənin
sahibi olub - müəllimlik! Görən, bu, o zaman niyə ağlma gəlmirdi ki?!
Bəli, o, bir müəllim idi. Lakin hamının
bildiyi müəllimlərdən
yox... O, bildiyimiz fənlərdən heç
birisini uşaqlara keçməyib. Qoca Xanın yeganə
tədris predmeti Laçın olub. O,
varlığı ilə,
həyat tərzi ilə, sözü-sovu, baməzə və müdrik, şairanə nitqi ilə insanlara Laçını,
daha doğrusu, bu yurdun mahiyyətini
öyrədib.
Yəqin
ki, laçınçılıq
dərsini Xan müəllimdən yaxşı
tədris edən çox az
adam olub.
***
Xan babanın öldüyü
günü bu gün də yaxşı xatırlayıram:
Həmin gün o, ölümü ilə vacib bir işi
görmüş oldu:
İçindəki ruhu-mikrolaçını,
didərgin salınan,
illərlə görmədiyi-varmadığı
doğma yurduna - Makrolaçının təbiətinə
qaytardı... Kiçik
zərrə öz Günəşinə qovuşdu...
Qoca Xan bu gün doğma
Laçının kimsəsizləşmiş
təbiətinə varıb,
ruhi ömrünü yaşayır. Amma çox narahatdır; yurdsuzluq xəstəliyinin
bir-bir tükətdiyi
həmyerlilərinə yardım
edə bilmir... Yəni onların ruhuna Laçın köçürmür...
***
Qoca Xan bayaq da
dediyim ki, laçınsızlar üçün
laçınsızlığın ən yaxşı donoru idi... Vətənsizlikdən əziyyət çəkənlərə
öz ruhundan Laçın köçürürdü.
Amma bəlkə də onu əldən salan, tükəndirən elə bu donorluq
missiyası idi... O, ruhundakı Laçını
misqal-misqal hər kəsə ötürüb,
özünü laçınsızlıqla
tükətdi, sonunu hazırladı... Başqa
cür ola
da bilməzdi. Çünki ruhunu yenidən həmin enerji ilə doldurmaq üçün Xan babaya yalnız
doğma Laçının
özü lazım idi...
P.S. Laçın isə o gün ölmüş Xanın açıq qalmış gözlərindəki
sual işarəsinə
bənzəyirdi...
Elmin Nuri
525-ci qəzet.- 2020.- 22 yanvar.- S.22.