Olanlardan... keçənlərdən...
"Unudulmayanlar"
silsiləsindən
Bəxtiyar Vahabzadənin
"qulaqburması" və Habil Kamanın avtoqrafı
1985-ci
ilin avqust ayında o dövrün ən oxunaqlı qəzetlərindən
olan "Azərbaycan gəncləri" qəzetinin "Şənbə
görüşləri" rubrikası üçün bənzərsiz
kaman ustası Habil Kaman haqqında yazı hazırlamaq
tapşırığı almışdım. Qəzetin
baş redaktoru (indi haqq dünyasında olan və ruhuna rəhmət
dilədiyim) unudulmaz Yusif Kərimov yazının hansı
janrda yazılacağını mənim öhdəmə
buraxmışdı. Ustadın mənzilində
görüşüb çay süfrəsi arxasında səmimi
söhbət etdik və bir həftə sonra qəzetdə
"Verilməyən sualın cavabı" adlı müsahibə-oçerkim
dərc olundu. Yazı yaxşı qarşılandı və
bu, mən - 26 yaşlı gənc jurnalist üçün
böyük uğur sayıla bilərdi. Amma cəmi bircə
gün sonra baş verən əhvalat əvvəlcə məni
əməlli-başlı həyəcanlandırdı... və
sonra da dağın başına qaldırdı...
O vaxtlar
"Bakı" qəzetinin məktublar şöbəsində
işləyirdim və səhər işə gələndə
şöbə müdiri Ənvər Məşədiyev məni
sürprizlə qarşıladı: "İndicə Bəxtiyar
Vahabzadə zəng vurmuşdu, səni soruşurdu. Nə eləmisın,
ə? Telefon nömrəsi qoydu ki, ona zəng vurasan".
Həyəcandan
boğazım qurudu. Bu gözlənilməz zənglə
bağlı ağlıma cürbəcür fikirlər gəlsə
də, sövq-təbii hiss elədim ki, səbəb ustad
haqqında yazdığım yazıdır, çünki Bəxtiyar
müəllimin Habil sənətinin vurğunu olduğunu
bilirdim. "Yəqin yazıda nə isə bir "qələt"
eləmişəm və Bəxtiyar müəllim də mənə
qulaqburması vermək istəyir". Amma geriyə də yol
yox idi. Dəstəyi götürüb əlim əsə-əsə
nömrəni yığdım. O başda dəstəyi
şair özü qaldırdı."Sabahınız xeyir, Bəxtiyar
müəllim. Sizi narahat edən filankəsdir" - deyib nədənsə
gözlərimi yumdum və xəttin o başında Ustadın
tanış səsini və dediyi ilk cümləni eşidən
kimi ürəyim yerinə gəldi: "Ay oğul,
yazını oxudum, ordakı bir cümlə məni necə
tutdusa, səni tapıb bir "çox sağ ol" deməyi
özümə borc bildim" və sonra Bəxtiyar müəllim
xoşuna gələn həmin o cümləni mənim
özüm üçün oxudu. Həmin cümlənin məzmunu
təxminən belə idi ki, Habil Əliyev barmaqları ilə
ürəyi arasındakı məsafəni minimuma endirməyi
bacaran nadir ifaçılardan biridir və onun uğurlarının,
bir sənətkar kimi ümumxalq məhəbbəti
qazanmasının əsas səbəbi də elə budur. Ustad
"çox gözəl yazmısan, oğul. Bu cümlən
ürəyimdən tikan çıxartdı" - deyib mənə
uğurlar arzuladı və tapşırdı ki, sükanı
belə saxlayım.
İndi
aradan təxminən 35 il keçəndən sonra bu əhvalatı
xoş bir duyğu ilə xatırlayıram və
düşünürəm ki, nə yaxşı ki, bu dunyada
belə böyük ürəyə sahib olan insanlar, gənclərə
ruh, qanad verməyi bacaran müdrik şəxsiyyətlər
yaşayıblar. Şöhrətin zirvəsində olsalar da,
dəyərli bir cümləyə, sözə qiymət verməyi
özlərinə borc bilən belə müdrik şəxsiyyətlərə
bizim həmişə böyük ehtiyacımız var.
Allah mədəniyyətimizdə
silinməz izlər salan hər iki Ustada rəhmət eləsin,
ruhları daim şad olsun...
Hə,
yadımdan çıxmışdı: Sizə təqdim
etdiyim bu avtoqrafı Habil müəllim həmin o unudulmaz
görüşün sonunda mənim xahişimlə
yazmışdı.
Hacı Məmmədov və Habil
Kamandan neftdən qır qayıranlara unudulmaz "ustad dərsləri"
1980-si illərin
sonlarında "Bakı" qəzetinin redaksiyasında birgə
çalışdığımız istedadlı jurnalist Araz
Qurbanovun yarızarafat, yarıciddi, amma orijinal bir "kəşfi"
hamımızı heyrətə saldı. Həmin kəşfin
məzmunu o vaxtlar kamança ciyildətmək
üçün Azərbaycan tarzənlərinin
böyür-başından əl çəkməyən, az
qala onların ...ağzına girən Nefton Qriqaryanın
adının və soyadının "etimologiyası" ilə
bağlı idi. Araz bəy kəşf eləmişdi ki, bu ad
və soyad həmin dığanın Bakıda neftdən
qır qayırmaqla baş girləyən bir nəslə mənsub
olmasından irəli gəlir (Möhtəşəm!
Müqayisə edin: Nefton Qriqoryan - neftdən qır qayıran
- Ə.H.).
Deməli,
həmin nəslin başbiləni bizim Mirzə Cəlilin
"Kamança" pyesindən xəbər tutan kimi bu gədədən
kamançaçalan qayıraraq soxuşdurub bizim ənənəvi
"üçlüyə".
Arazın
"kəşfi" öz yerində, amma xoşbəxtlikdən
bizim Hacı Məmmədovumuz, Habil Kamanımız vardı.
Hacı müəllim öz ifası ilə tarımızı
Saqomon Seyranovun əlindən alıb sözün məcazi mənasında
çox mükəmməl tərzdə onun başına necə
çırpmışdısa, deyilənə görə,
guppultusu hələ də İrəvanda əks-səda verir və
Soqomonun varisləri bu vaqeədən sonra tara yaxın
düşməkdən it kimi qorxurlar. Habil müəllim isə
həm də baməzə adam idi: kamança ciyildədənin
əlindəki alətin canağını onun başına
çırpmaqla kifayətlənmədi, kamançanın
döşər bir hissəsinə də balaca "zəhmət"
verdi və opponentinə dedi ki, get, qır
qayırmağınla məşğul ol, kamança sənlik
və sizlik deyil.
Deyilənə
görə, bu qır "mütəxəssisi" Habil
müəllimdən əvəz çıxmağa girəvə
axtarırmış və ustadın məşhur "Cücələrim"indən
sonra onu pərt eləyəcəyini düşünüb
yüyürür Habil müəllimin yanına ki, bəs mənə
də kamançada toyuq-cücə səsi
çıxarmağı öyrət. Habil müəllim də
sakitcə qayıdıb deyir: "Bu, sənin
üçün böyük şərəf olardı. Amma əvvəlcədən
deyirəm, "Cücələrim" sənlik deyil, sənin
kamançandan ən yaxşı halda eşşək
anqırtısının səsi çıxacaq".
Bax, belə!
Habil
müəllim çoxlarının yuxusuna haram qatan
"kamança sindromunu" beləcə yox elədi.
Aydın Məmmədovun təəccübü
1988-ci
ilin payız günlərindən biri idi. İndi haqq
dünyasında olan ədəbiyyatşünas alim Arif
Əmrahoğlu (Allah rəhmət eləsin),
yazıçı-publisist Ağəddin Mansurzadə (Allah ona
da rəhmət eləsin), mən və adlarını
xatırlamadığım 2 jurnalist həmkarım indiki
"Azərbaycan" nəşriyyatının bufetində
çay içirdik. Qəfildən Aydın Məmmədov
içəri girdi və əyləşdiyimiz masaya
yaxınlaşıb bizə qoşuldu. Mən
yazılarını maraqla oxuduğum bu cəsarətli
insanı, dərin təfəkkürə malik dilçi alimi
ilk dəfə idi belə yaxından görürdüm. Nəyə
görəsə yazılarında ağır, zəhmli adam təsiri
bağışlayan Aydın müəllim, sən demə,
çox sadə, səmimi, hətta mən deyərdim ki, bir az
da sadəlövh "böyük uşaq" imiş. Onun təbəssümü
- uşaq təbəssümü qədər təmiz,
şöhrəsi məsum uşaq çöhrəsi kimi
işıqlı idi. Yalnız gözlərində sirli bir
"bulanıqlıq" hiss olunurdu - bu gözlərdə
uşaq heyrəti ilə yaşlı adamlara xas olan nüəmmalı
kədər bir-birinə qarışmışdı...
Söhbətin
şirin yerində Aydın müəllimlə həmsöhbət
olmaq şərəfinə qovuşmaq üçün
üzümü ona tutub dedim:
-
Aydın müəllim, kitabınızı təbrik edirəm!
O, dərhal
mənə tərəf çevrilib qəribə bir tərzdə
soruşdu:
- Nə
kitab?
- Təzə
kitabınızı deyirəm də, - "Sözümüz
eşidilənədək"...
-
Çıxıb o kitab? Özün görmüsən? -
Aydın müəllimin təəccübünü hiss etməmək
mümkün deyildi.
- Əlbəttə.
Tünd göy rəngdə qalın üzü var.
-
Doğurdan deyirsən? Harda görmüsən? - Aydın
müəllim bunu elə soruşdu ki, cəmi bir gün əvvəl
"Bənövşə" kitab mağazasında həmin
kitabı götürüb vərəqləməyim
özümə yuxu kimi göründü və bir az
çaşdım. Amma özümü birtəhər ələ
ala bildim:
- "Bənövşə"
mağazasında görmüşəm, Aydın müəllim.
O dinmədi,
amma hiss elədim ki, dediklərimə hələ də
şübhə ilə yanaşır və kitabının
çıxmağına nəyə görəsə inanmaq
istəmir... Bir neçə dəqiqə sonra yenə də
üzünü mənə tutub təəccüblə
soruşdu:
- Deyirsən
çıxıb da?...
- Bəli,
çıxıb.
- Onda dur
gedək, mənə də göstər. Çıxıbsa,
ilk nüsxəni sənə bağışlayacam...
...Və
biz təxminən yarım saatdan sonra "Bənövşə"
kitab mağazasında idik. Aydın müəllim kitabı
götürüb əlləri ilə uşaq kimi
sığalladı, müəmmalı bir tərzdə
"Doğrudan da çıxıbmış ki", - deyə
öz-özünə pıçıldadı, satıcı
qızdan qələm alıb aşağıda
gördüyünüz avtoqrafı yazaraq kitabı mənə
bağışladı.
Təəssüf
ki, Aydın müəllimin bu ilk kitabı onun həm də son
kitabı oldu.
Onun həmin
o sirli təəccübünün səbəbi isə hələ
də mənim üçün müəmma olaraq qalır.
Ruhun
şad olsun, Aydın müəllim!
Süleyman Rüstəmin hərf
"səhvləri"
Süleyman
Rüstəmin bu kiçik avtoqrafındakı hərf səhvləri sizi
çaşdırmasın - ustad bunu yazanda çox gərgin, əsəbi
bir vəziyyətdə idi, bayaqdan siqareti siqaretə
calayırdı. Üstəlik, mən bilən əsərlərini
ərəb qrafikalı əlifba ilə yazdığına
görə kiril qrafikası ona o qədər də doğma
deyildi.
O vaxtlar nəinki
Bakı, bütün Azərbaycan həyəcanlı günlər
yaşayırdı və mən də Süleyman müəllimgilə
onun məxsusi bizim "Bakı" qəzeti üçün
yazdığı şeirin ardınca gəlmişdim. Şeir
"Ocaq" kitabının müəllifinə kəskin
cavab ruhunda yazılmışdı və onun elə
girişindəcə həmin subyekt "daşnak
tüpürcəyini bal yerinə yalayan" miskin bir
ünsürə bənzədilirdi. Maraqlananlar qəzetin 1988-ci
il noyabr nömrələrinin birində dərc olunmuş həmin
şeiri tapıb oxuya bilərlər.
Biz onun səliqəli
iş otağında əyləşmişdik - ustad şeiri
çox emosional tərzdə diktə edir, mənsə
kağıza köçürüdüm. Və
çoxlarının "leninçi",
"partiyaçı", "beynəlmiləlçi"
şair adlandırdığı Süleyman müəllim həmin
anlarda yuxarıdakı ibarələrin parıltısı
arxasında dayanıb otaylı-butaylı bütöv Azərbaycanın
təəssübünü çəkən, poeziyamızda cənub
mövzusunun təsirli nümunələrini yaradan, "Ana və
poçtalyon", "Təbrizim", "Dilimə dəymə"...
kimi şedevrlərin, gözəl qəzəllərin, lirik
şeirlərin müəllifi olan əsl Süleyman Rüstəm
idi ki, əyləşmişdi qarşımda və mən
şairin portretini çox dəqiqliklə tamamlayan "Dilimə
dəymə" şeirinin bir bəndini sizinlə birlikdə
yada salaraq onun ruhuna rəhmət diləyirəm.
Həsədlərlə
baxdın çəmənimə sən,
Gör
bir nələr etdin vətənimə sən,
Yan deyib
od vurdun bədənimə sən,
Altında atəş var, külümə dəymə!
525-ci qəzet.- 2020.- 22 yanvar.- S.21.