Kədərin rəngi
(Esse)
"Övladlarınızın
göz yaşlarını
qoruyun ki, onlar bu yaşları
sizin qəbriniz üzərində axıda
bilsinlər".
Pifaqor
Yara isti olanda incitmir, istər bədən zədələnsin, istər
ruh. Elə ki, üstündən zaman axdı, yuyulur, təmizlənir, durulanır
çıxır üzə!
Bax müsibət də onda başlayır, döz indi görüm
necə dözürsən.
Amma fərqli yaralar da var, üstəlik,
yara aldığın
adamı bir də görə bilməmək. Bir də elə yaralar var ki,
qəfilləyər səni,
gözləmədiyin vaxtda
tapar, elə səndələyərsən, daha,
bir ömür boyu özünü tarazlaya bilməzsən!
O gecənin xəbəri ağır idi, məni tarazlıq oxundan çıxara və həm də müvazinətimi qorumağa məcbur edən zəng gəlmişdi...
... Dünyadan insan getmişdi, bir övlad atasız, bir qadın ərsiz qalmışdı. Hələ
bu dünyaya göz açmamış
nəvəsinə isə
"baba" söyləmək
üçün heç
bir şans buraxmamışdı! Biz çox zaman hisslərimizi gizlədirik,
sanki utanırıq dəruni hissləri üzə çıxarmağa.
"Səni sevirəm",
"Sənə borcluyam",
"Nə yaxşı
varsan...", "Səninlə
bütövəm" və
s. kimi oxşar ifadələr dilimizdən
qaçaqdı... Hərdən
bu yeni era telefonlarını icad edənlərə sadəcə
təşəkkür etmək
keçir içimdən,
heç olmasa dillə deyə bilmədiklərini yazıb
ismarıc edə bilir adam...
Qapılarını gecəyarısı əcəl
zəngi çalanda
ilk sığınacaq ünvan
kimi məhz məni seçmişdilər. Əvvəl xəbərin
zərbəsindən səndirləsəm
də, sonra qəddimi düzəltməyi
bacardım, axı indi yeganə təsəlli yeri idim. Gülənlə
gülməyə nə
var ki, ağlayanla
ağlamaqdı kişilik...
İndi vacib olan bu əzizini
itirən iki qadına ana və bacı olmaq idi şərt...
Amma uzaqdayam, əlim yetməyən uzaqlıqda... Yenə telefon kara
gələ bilərdi
və gəldi də. Deyəsən, bacarmışdım, olacağı
olduğu kimi qəbullana bilmiş, qəzavü-qədərə tabe
olmuşdular... Anam deyərdi ki, gecə dərd artan olar, dərd
iztirab gətirər, həsrət doğar, elə yandırar ki, cızdağın çıxar... indi bu gecənin və kədərin ağırlığı altında
səhərin açılmasını
gözləmək çox
çətin idi!
... Atam dünyadan gedəndə cəmi altı yaşım vardı.., heç nə başa düşmürdüm, hətta
qonaq sevən olduğumdan həyətdə
dayanıb yasa gələnlərə sevinə-sevinə
"xoş gəldin"
eliyirdim... ta ki, bir kişi məni kənara çəkib:
"Hüzürə gələnə
xoş gəldin deməzlər, bala..."
deyənə qədər.
Doğrudur, mən onda nə o "hüzür" sözünün
mənasını anladım,
nə də indi o canıyanan adamın kimliyi yadımdadı, amma o an içimdə nəyinsə
qırıldığını hiss etdim və lal-dinməz
kənara çəkilib
xısın-xısın ağladım...
Heç indi də unuda bilmirəm!
Bəli, uşaqlıq
heç yana
getmir, o, bizimlə qalır... Həmişə
düşünmüşəm ki, əgər mənim qeyrətli, zəhmətkeş anam və məndən xeyli böyük, həm də təhsilli və bacarıqlı yeganə qardaşım olmasaydı,
həyatım bəlkə
də tam başqa cür ola bilərdi...
Onların ruhu qarşısında başım
həmişə köksüm
üstədi!..
"Yaxşı ki, həsrətin tüstüsü
yoxdu,
Göz gözü görməzdi
yer kürəsində..."
(H.Arif)
Qəfil zənglər həmişə
qorxu saçır, bu, istər telefon olsun, istər uzaqdan eşitdiyin kilsə zənginin həyatın, dünyanın fani olduğunu xatırladan zərbəsi.., ya da namaz vaxtından
qeyri vaxtlarda çəkilən Azan səsi.
Həyat bir kəpənək ömrü qədərdir. Və əgər o kəpənək
həyatı görəndən
sonra intihar edirsə.?!
Kəpənəyin də öz
həqiqəti var axı, o da inciyə bilər. Bəs onu nə incidə
bilər? Məsələn, elə dünən uçub gəzdiyi bağ-bağçanı viran,
oynadığı gülü-çiçəyi
bu gün solmuş görməsi.
P.S. Hər hissin
öz rəngi var, amma nədənsə
kədəri həmişə
qara çəkirlər. Bəs əgər o, qırmızıdırsa..,
ya ağappaq...kim bilir!?.
Deməli,
məsələ həyata
heç kimin baxmadığı istiqamətdən
baxa bilməkdi...
Dərəsən içini tökəsən
yerə,
Qara gözlərində
yaş gilələyə.
Görüb kövrələsən kal ümidləri,
Dilinin ucunda söz kəkələyə.
Üzünü gizləyə o qız
da səndən,
Qəlbinin başına çat
düşə dərin.
Başının üstündən buludlar
keçə,
İslanıb əriyə quru dərlərin.
Göz ola tanrının
gözləri səndən,
Yar ola yaradan,
yada verməyə!
Yüz il ömür
yaza haqq kitabına,
Əcəl də yubana, sən
də... ölməyə!..
Şahnaz ŞAHİN
525-ci qəzet.- 2020.- 22 yanvar.- S.19.