“Gözəl dünya, gözəllərin var olsun!..”

 

XALQ ŞAİRİ ZƏLİMXAN YAQUBUN ƏZİZ XATİRƏSİNƏ

 

Unudulmaz söz sənətkarı, Xalq şairi mərhum Zəlimxan Yaqubun anadan olmasının 70 illiyi tamam olur. Müasir poeziyamızda, ədəbi-ictimai həyatımızda silinməz izlər qoymuş Zəlimxan Yaqub bu yubileyilə əlaqədar Azərbaycanın bir çox yerində ümumən Türk dünyasında bir daha ehtiramla yad edilir.

Bu münasibətlə şair-publisist Zərəngiz Dəmirçi Qayalının qələmə aldığı yazını şeiri oxuculara təqdim edirik.

 

Haqdan vergisi olan insanların bəzən ölümü sirləşir, məzmununu dəyişir. Elə bil ki, bununla diriliyə qovuşurlar. Onları hər kəs anmağa çalışır, onunla bağlı nəsə yeni bir şey eşitmək istəyir. Xalq sevdiyi insanları heç vaxt unutmur. Sağlığında onları dinləməyi xoşlayırlar, dünyasını dəyişəndə yad eləməyi özlərinə borc bilirlər. Elə Xalq şairi Zəlimxan Yaqub da belə şəxsiyyətlərdən idi.

Vəfatından illər keçsə , onun məzarı hər gün çox sayda insanın ziyarətgahına çevrilir. Necə ki, o rəhmətə gedəndə insanlar axın-axın evinə, Fəxri xiyabana Təzəpir məscidinə gəlirdilər. Çünki Zəlimxan Yaqub xalqın sevdiyi, xalqın ruhundan doğulan, xalq qədər incə qaynar duyğulu şair idi. Vətəninin, türk dünyasının, bütün dünyanın sevgisini bir şair ürəyinə yükləyə bilmişdi. Onun dünyadan, türk varlığından, həyatdan gedişi, bütün gözəllikləri vəsf eləyərək "Gözəl dünya, gözəllərin var olsun" - deyən şairin həyata qəfil vida deməsi hamını silkələdi. Elə vəsf elədiklərini diksindirdi, həyəcanlandırdı. Bəlkə Zəlimxan son nəfəsini verərkən, Haqqa qovuşarkən Savalandan, Ağrıdan, Göyəzəndən ya Aveydən şığıyan bir qartalın qanadları titrədi. Bir durnanın teli qırılıb düşdü gəzib-dolaşdığı Göyçə, Kəlbəcər, Borçalı dağlarına, Özbək-Cığatay, Qazax, Türkman çöllərinə. Sürgün dərdini dünyaya bəyan etdiyi Ahıska türkünün bir ağsaçlı qarısı, bir ağsaqqal qocası bəlkə bir "Of!" çəkdi ürəkdən. Türkün möhtəşəm asma körpüsü silkələndi bəlkə . Çünki Z.Yaqub türk elləri arasında bir mənəvi körpü qurub getdi. Ədəbi əbədi körpü. Ona görə dünyanın hər yerindən insanlar onu yad eləməyə gəlirdilər. Yanvarın 9-10-da evində, 11-də Fəxri xiyabanda, ayın 12-də Təzəpir məscidində şairin ölüm, dəfn anma mərasimləri, 40-ı, ili keçirildi. İnsanlar ailəsinə, anasına başsağlığı verirdilər. İnsanlar qarşısında mətanətlə dayanan anası Güllü ana: "Dünya boyu gəzib, insanların arasından oğlumu tapardım, əgər harasa getmiş olsaydı. Lakin axtarmıram, çünki oğlum dünyadan, bu həyatdan, mənim ürəyimə köçüb. Ürəyimin içindəcə Zəlimxanımı yaşadacam!" - dedi. Ağsaçlı anada kamala, sözündəki məntiqə heyran qaldım. Elə bu cür analar, onların belə hikmətli sözləri balalarını yetişdirib şair edir zaman-zaman! Ana yurdun ədəbiyyatı isə özünün ən gözəl səhifələrindən birində yaşadır Zəlimxan Yaqub adını. Allah ona qəni-qəni rəhmət eləsin!

 

***

 

Zəlimxan Yaqub xəstə olanda ona təskinlik vermək üçün bir şeir yazmışdım. Verdim Musa Nəbioğluya, dedim, bunu şairə çatdır. Oxuyub bəyənmişdi bu şeiri...

 

Zərəngiz DƏMİRÇİ QAYALI

 

525-ci qəzet.- 2020.- 22 yanvar.- S.18.