İstiqlal cümhuriyyətçilik ideyalarına Əhməd Cəfəroğlu baxışı

 

Əhməd İsmayıl Cəfərzadə (Cəfəroğlu) Azərbaycanın 20-ci əsr elmi, ədəbi və siyasi fikir tarixinin görkəmli nümayəndələrindən biridir.

Ötən əsrin 50-ci illərindən artıq dünya türkologiya elminin söz sahiblərindən biri kimi qəbul olunan Ə.Cəfəroğlunun qismən elmi, xüsusilə publisistik yaradıcılığının ana xəttini istiqlalçılıq və cümhuriyyətçilik ideyaları təşkil edirdi. Əsərlərində xalqın öz azadlığı və istiqlaliyyəti uğrunda apardığı mübarizəni əsas mövzuya çevirməsi, bu məsələni daim diqqətdə saxlaması onun yaradıcılığının və həyatının milli məfkurə ilə sıx bağlı olduğunu təsdiq edir.

Ə.Cəfəroğlu xalqının istiqlalını qorumaq əzmi ilə işğalçı güclərlə ölüm-dirim savaşı aparan, həyatı bahasına düşmənə sonadək müqavimət göstərən qəhrəmanları yaşatmağın, xüsusilə gənc nəslə tanıtmağın gələcək mübarizələrdə əhəmiyyətini düzgün dəyərləndirir, ədəbi nümunələri elmi dövriyyəyə gətirməklə qalmır, onları unutdurmağa çalışan sovet rejiminin və onun ideoloji müdafiəçilərinin əsl mahiyyətini üzə çıxarırdı. Onun yaradıcılığında istiqlal və cümhuriyyətçilik ideyalarının geniş yer tutması təsadüfi deyildi. Öz xalqını azad, müstəqil görmək arzusu ilə yaşayan Əhməd bəyin ilk gəncliyi Azərbaycanda Xalq Cümhuriyyətinin elan olunması ərəfəsinə və müstəqil dövlət quruculuğunun aparıldığı dövrə təsadüf etmişdi. Dünyaya göz açdığı Gəncə şəhəri o zaman Azərbaycanın istiqlalı uğrunda mübarizənin aparıldığı, milli qüvvələrin cəmləşdiyi əsas mərkəzə çevrilmişdi. Gənc Əhməd azadlıq və müstəqillik uğrunda gedən mübarizəyə qoşulmuş və müəyyən vaxt bu proseslərin fəal iştirakçısı olmuşdu. O, hələ Kiyevdə Ali Ticarət İnstitutunda təhsil aldığı ilyarım müddətində azərbaycanlı tələbələrin dərnəyində müəyyən siyasi təcrübə qazanmışdı.

1918-ci il may ayının 28-də Tiflisdə müstəqilliyini elan edən Azərbaycan Xalq Cümhuriyyətinin ikinci, əslində isə ilk real hökumətinin məhz Gəncədə fəaliyyətə başlaması milli istiqlalçı qüvvələrə Şərqin ilk müstəqil, demokratik dövlətinə xidmət üçün geniş imkanlar yaratmışdı. 1918-ci il iyunun 4-də Osmanlı imperatorluğu höküməti ilə Azərbaycan Cümhuriyyəti arasında bağlanmış dostluq müqaviləsinə görə bu dövlətin Azərbaycan hökumətinə qayda-qanun və ölkənin təhlükəsizliyinin təmin olunmasına ehtiyac duyulduğu təqdirdə, hərbi qüvvə ilə kömək edəcəyini öhdəsinə götürdüyü bildirilirdi. Bu müqavilə bağlanmazdan əldə olunmuş razılaşmaya əsasən Azərbaycan Cümhuriyyətinin xilası üçün yaradılan Qafqaz İslam Ordusunun ilk dəstələri artıq may ayının sonlarında Gəncəyə gəlmişdi. Müstəqil Azərbaycanın ilk milli hərbi qüvvələri - Əlahiddə Azərbaycan Korpusunun əsgər və zabitləri də bir qədər sonra həmin Ordu ilə birləşərək hərbi əməliyyatlarda birgə iştirak etdilər. Bu ordunun sıralarına könüllü qoşulan gənc vətənpərvərlər arasında 19 yaşlı Əhməd Cəfərzadə də vardı. O, Qafqaz İslam Ordusunun sıralarında kiçik topçu (onbaşı) vəzifəsində Bakının azad edilməsi əməliyyatı da daxil olmaqla şərəfli döyüş yolu keçmişdi.

Bakının qurtuluşu milli hökumətin tam heyətdə əsl paytaxta köçməsinə imkan yaratdı. Bu şanlı günün şahidi olmuş Əhməd Cəfəroğlu öz fikirlərini bir neçə, o cümlədən, "Azərbaycan Cümhuriyyəti" məqaləsində ifadə etmişdi. Onun yazdıqları türk əsgərinin tarixi missiyasını şərəflə yerinə yetirməsindən necə qürur duyduğunu aydın göstərirdi: "Azərbaycan tarixində imdad qüvvəsilə yer alan bu qardaş köməyi, Azəri türklüyünün əbədi bir iftixarı, Türk birliyinin də başlanğıcı və təməl daşıdır".

Milli azadlıq, istiqlalçılıq və cümhuriyyətçilik məfkurəsi Ə.Cəfəroğlu yaradıcılığının, bütövlükdə həyatının kəsilməz xəttini təşkil edib. O, milli azadlıq, istiqlalçılıq və cümhuriyyətçilik ideyalarını elmi və publisistik məqalələrinin başlıca mövzularından birinə çevirmiş, naşiri və redaktoru olduğu, mühacirət mətbuatının ən sanballı nümunələrindən sayılan, genişprofilli "Azərbaycan Yurd Bilgisi" jurnalında Azərbaycan siyasi mühacirətinin görkəmli simalarının eyni mövzuda çoxsaylı yazılarını öz əsərləri ilə bərabər dərc etmişdi.

"Öz-özünü birbaşa tədqiq etməyən millətlər başqa millətlərin etnoqrafik tədqiqat mövzusundan başqa bir şey olmamışdır" deyən Əhməd Cəfəroğlunun "Azərbaycan Yurd Bilgisi" jurnalındakı, eləcə də digər məqalələrində milli azadlıq, istiqlalçılıq və cümhuriyyətçilik ideyaları geniş əksini tapmışdı. Təsadüfi deyildi ki, jurnalın ilk nömrəsinə yazdığı qısa ön sözünü də, o, bu ideyaların həyata keçirildiyi Azərbaycan Cümhuriyyətini yada salmaqla başlamışdı.

Ə.Cəfəroğlu Azərbaycan ədəbiyyatı nümunələri əsasında qələmə aldığı silsilə məqalələrində Azərbaycanın istiqlal mübarizəsi tarixinin son 200 ilə yaxın bir dövrünə nəzər salmış, milli istiqlalın qəsb edilməsində Rusiyanın mənfur rolunu detalları ilə çatdırmağı bacarmışdı. "Azərbaycan tarixinə ümumi bir baxış" məqaləsində vətəninin 1700 illik tarixindən bəhs edən müəllif yenə də əsas məqsədindən uzaqlaşmır, rus işğalının acı nəticələrini yada salır.

Ə.Cəfəroğlu irsinin tədqiqatçısı Şəlalə Həsənova onun hələ 30-cu illərdən başlayaraq Azərbaycan ədəbiyyatının milli azadlıq və istiqlal uğrunda mübarizəsi mövzusunu elmi araşdırmalarının predmetinə çevirdiyini xüsusi qeyd edir.

Əsas məqsədi oxucusuna Azərbaycan, onun tarixi, bu günü ilə bağlı müfəssəl bilgilər və məlumatlar çatdırmaq olan jurnalın naşiri hər vasitə ilə "bu zəngin türk ölkəsinin" təbii yaşam haqqının əlindən alınmasını yada salmaqla, işğal faktına geniş diqqət cəlb etməyə çalışırdı. "Azərbaycan yurd bilgisi"nin ilk nömrəsindən etibarən aydın ifadə olunmuş ideoloji xətti mövcud idi. Jurnal Azərbaycan xalqının, eləcə də əvvəlcə rus, sonra isə sovet imperiyasının tərkibində olan digər türk xalqlarının siyasi müstəqilliyi, tarixi əsarət buxovlarından azad olunması uğrunda ardıcıl mübarizə aparırdı".

Ə.Cəfəroğlu millətin istiqlal haqqının heç bir istilaçıya güzəştə gedilməyəcəyinə inamını qətiyyətlə ifadə edir, rus elminin bir çox nümayəndələrinə də sirayət etmiş rus şovinizminin başqa millətlərin istiqlal haqqını tanımamaq iddiasının əsassız, qərəzli olduğunu bildirirdi: "Azərbaycan və bütün Qafqaz tarixini yazan rus tarixçiləri siyasi istiqlalın münəvvər və mücəhhəz bir millətin başına layiq bir tacdan başqa bir şey olmadığını bildirdikləri halda, qəsdən bu tacı bir saniyə üçün olsa belə, bir türlü rus çarının başından ayırmağa təhəmmül edə bilməmiş və dolayısı ilə Qafqaz millətlərini ona layiq görməmişdilər. Bu rusçu müvvərixlərin nəzərində, ümumiyyətlə, qeyri-rus millətlərin istiqlaliyyəti həm mədəniyyətə müzir və həm də rus istila hakimiyyətinə qarşı bir quldurçuluq hərəkətindən başqa bir şey deyildir".

Ə.Cəfəroğlu İstiqlal bəyannaməsinə çox yüksək qiymət verərək, onun Azərbaycan xalqının milli azadlıq uğrunda çoxəsrlik mübarizə tarixindəki yerini tamamilə düzgün müəyyənləşdirir. Bu, sadəcə tarixi proseslərdən, dünyanın inkişaf tendensiyalarından baş çıxaran bir alimin və ictimai-siyasi xadimin gəldiyi qənaətlər deyildi, hər şeydən əvvəl, həqiqi millətsevər insanın bütün varlığı ilə bağlı olduğu ideya və arzuların dilə gətirilməsi idi: "Bir millət ancaq belə məfkurəvi hökmlərlə doğar, yaşar və ancaq bu duyğu və inamla "xalqlar həbsxanasından" xilas ola bilərdi. Azərbaycan Cümhuriyyəti bu vəzifənin öhdəsindən gəlməyi bacardı, Mavərayi-Qafqaz türkünü təmsilən Azəri türkünün üzünü ağartdı, ən başlıcası isə türkün ən müqəddəs və milli ənənəsi olan istiqlaliyyət duyğusunu dirçəltdi və qəlblərdə özünə yer tutmasına nail oldu".

Ə.Cəfəroğlu Azərbaycanda Şərqin ilk müstəqil, demokratik dövlətinin qurulmasından qürur duyur, mübariz xalqının əbədi haqqı saydığı istiqlal idealının nə zamansa yenidən gerçəkləşəcəyinə, öz Cümhuriyyətini bərpa edəcəyinə inanır və müxtəlif səpkili əsərlərində bunu ardıcıl olaraq vurğulayırdı. 1920-ci il aprelin 23-də Ankarada Böyük Millət Məclisinin açılışını hər şeyi əlindən alınan Anadolunun və bütün Türkiyənin qurtuluşu, "əsarət zəncirini qıraraq istiqlala qovuşduğu" gün kimi qəbul edərək öz vətəninin də belə bir tarixi günə təkrar qovuşacağına inanır, bu məqsədə çatmaq üçün milli birliyin vacib olduğunu dilə gətirirdi: "Azəri türkləri də eyni amala qoşaraq, öz istiqlallarını qazanacaqlar. Bu çox da uzaq olmayan bir günün həqiqətidir. Sən də ey Azəri türkü, həmin o günə hazır ol, birləş, bir amal, bir məfkurə ətrafında sıx sıralarla dayan!"

Ə.Cəfəroğlu Azərbaycan istiqlalının qazanıldığı və bolşevik Rusiyasının işğal nəticəsində süquta uğradıldığı tarixi günlərə bir neçə məqalə həsr etmiş, bu günlərin yaddaşlardan silinməməsi üçün özü və digər müəlliflərin yazdıqlarını jurnalda müntəzəm dərc etmişdir. "Azərbaycanın böyük matəmi - 27 nisan 1920" məqaləsi bu baxımdan diqqəti xüsusilə cəlb edir. Həmin məqalədə də rus işğalının acı nəticələrinə baxmayaraq, öz istiqlalı uğrunda mübarizə aparan xalqın buna nail olacağına qəti, eyni zamanda, tarixi təcrübədən qaynaqlanan bir inam ifadə edilmişdir: "Gündəlik qəzetələrin dünyanın dörd bir guşəsində milli prinsip və istiqlal naminə kiçik millətlərin əsarətə qarşı necə mübarizə aparmalarından bəhs etməsi istər-istəməz istiqlal qayəsi ilə yaşayan hər bir azəriyə 27 nisan matəmini xatırlatmaqda və onların istiqlal nuru ilə yanan atəşli gözlərini bu məşum günün acısı ilə yaxmaqdadır. 1920-ci ilin 27 nisanında böyük türk dünyasının köksündə hüriyyət bayrağını ilk qaldıran bir türk ölkəsinin ocağı sönmüş, Azərbaycan - Odlu yurd qırmızı ruslar tərəfindən işğal edilmişdi".

Azərbaycan siyasi mühacirətinin lideri M.Ə.Rəsulzadə və siyasi mübarizə yolunun başqa davamçıları kimi, Ə.Cəfəroğlu da bu ideal uğrunda mübarizədə Azərbaycan gəncliyinin mühüm rol oynayacağını qabaqcadan görərək, gəncliyin öz milli tarixindən, milli kimliyindən xəbərdar olmasını, sovet təbliğatının yalanlarına, saxtakarlığına uymamasını tövsiyə edirdi. Çünki hər bir ölkənin gələcəyi gəncliyin necə yetişməsinə, hansı amallarla yaşamasına daha çox bağlıdır. Onların fikrincə, milli ideya ilə silahlanmış gənclik - xalqın əsas qüvvəsi öz millətini dirçəliş yoluna çıxarmağa, əsarət zəncirini qırmağa qadirdir. Bununçün həm də fəal gəncliyin əsas qüvvəsinə çevrildiyi xalqın millət kimi formalaşması lazımdır. Ə.Cəfəroğlu "Milli Azərbaycan Cümhuriyyətinin on beş illiyi" məqaləsində həmin fikirləri belə ifadə etmişdir: "Xalqdan millətə, əsarətdən hürüyyətə, asılılıqdan istiqlala qoşaraq, milli bir tarixə sahiblənmək, milli bir 28 mayıs tarixi yaratmaq deməkdi. Beləcə, 1918-ci ilin 28 mayısında Azəri türkləri də belə bir tarixin sahibinə çevrilmiş oldular və o zamana qədərki türk tarixində adına təsadüf edilməyən ilk türk Cümhuriyyətinin qurucusu kimi tarix səhifələrinə düşdülər".

Ə.Cəfəroğlunun qısa mətnlərdə böyük mətləbləri açmaq bacarığı onun publisistikasına əlavə güc qazandırır, xüsusilə bəhs etdiyi hadisələrdən xəbərsiz oxucularda Azərbaycanın tarixi keçmişi, uğurları və faciələri ilə bağlı konkret təsəvvür yaradırdı. Qeyd olunan və digər yazılarında müəllifin qarşıya qoyduğu başlıca məqsəd ən yeni tarixdə milli istiqlalı uğrunda uzun illər əzmlə mübarizə aparmış bir millətin taleyinin necə dəyişdiyini oxucuya canlı, təsirli bir dildə çatdırmaq, rəğbət və təəssübkeşlik hissləri oyatmaqla xalqına gələcək qurtuluş yolunu göstərmək idi. "Azərbaycanın milli matəmi 27 nisan 1920" məqaləsində olduğu kimi: "Zavallı Azərbaycan! Çəkmədiyin qalmadı. Uğurlu, şanlı, sevincli günlərin qara günlərə çevrildi. Müqəddəs üç rəngli bayrağının yerinə yabançı ellərin oraq-çəkicli bayrağı qaldırıldı. İstiqlal idealı yerinə istila rüzgarları əsdirildi. Qəlbləri sənin üçün çırpınan namuslu istiqlal mücahidləri məhv edildi. Milli qayənin ağır yüklərini çiyinlərində daşıyanlar küçələrdə şəhid oldu. Haqq istəyənlər yox edildi".

Həmin xarakterik məqalələrdən biri "On il - 28 mayıs 1928" adlanır. Müəllif Azərbaycanın qurtuluş tarixinə özünü türk sayan hər bir kəsin necə ürəkdən sevindiyindən və bu tarixi günün əhəmiyyətindən bəhs etməklə, əsas qayəsi olan istiqlal və cümhuriyyət ideyalarının təntənəsinə əminliyini bir daha çatdırmağa çalışır. "10 il bundan əvvəl mayısın 28-də milli idealını təyin və təsbit edən Azəri türklüyü əsarət zəncirindən qurtularaq öz istiqlalı ilə qocaman türk tarixinə qovuşmuşdu. Türk millətinin müstəqillik qazana biməyən böyük bir qismi Rusiya əsarəti altında qaldığı bir vaxtda yeni doğulan bu milli Türk Cümhuriyyəti şimal-şərqdəki türk dünyasının xilası vəzifəsini öz üzərinə götürdü".

Onun folklorşünaslıq araşdırmalarında da diqqət yetirdiyi başlıca məsələlərdən biri Azərbaycanın milli azadlığı və istiqlalı ideyası olmuşdur. Mərhum tədqiqatçı Gülağa Hüseynov Gəncə kimi zəngin folklor mühitindən çıxmış alimin folklor araşdırmalarında həmin ideyaları necə əks etdirməsi barədə yazırdı: "Azərbaycan sovet folklorşünaslığının siyasi-ideoloji təzyiqlər nəticəsində ümumtürk konteksindən çəkinərək folklorun nəşri araşdırılması sahəsində bəlli hüdudlar daxilində hərəkət etdiyi, sosioloji təhlillərə üstünlük verdiyi 30-50-ci illərdə Əhməd Cəfəroğlu milli-mənəvi yaddaş problemlərini diqqət önündə saxlayan işlərlə məşğul olubOnun başqa elmi istiqamətlərdə olduğu kimi, folklorşünaslığa dair gördüyü işlər Azərbaycanın istiqlalı ideyasına xidmət məqsədi ilə həyata keçirilib".

"Azəri türkləri istiqlala layiq, hürr yaşamağa hazır, yetişmiş bir millətdir" deyən Əhməd Cəfəroğlu ömrünün 50 ildən artıq dövrünü mühacirətdə siyasi mədəni həyatı ilə nəfəs aldığı, üzləşdiyi bəlalardan çıxış yolu aradığı Azərbaycanın həsrəti ilə yaşadı, 23 ay müstəqillik duyğusu dadan millətinin sovet boyunduruğundan, antimilli hakimiyyətin gətirdiyi fəlakətlərdən qurtulacağı gün naminə elmi, ictimai-siyasi, bir sözlə, böyük vətəndaşlıq fəaliyyəti göstrədiTürk dünyasının sayılıb-seçilən ziyalılarından, elmi azərbaycanşünaslığın banilərindən olan Ə.Cəfəroğlunun zəngin elmi publisistik irsinin ilkin araşdırmaları göstərir ki, milli azadlıq, istiqlal cümhuriyyət ideyalarının tədqiqi təbliği onun elmi, publisistik əsərlərinin başlıca mövzularından biri olmuş, yaradıcılığında mühüm yer tutmuşdur. Eyni zamanda, qeyd edilməlidir ki, Əhməd Cəfəroğlu irsinin milli azadlıq, istiqlal cümhuriyyət ideyaları kontekstində gələcəkdə daha geniş fundamental şəkildə elmi araşdırılmasına ehtiyac var. Şübhə yoxdur ki, belə araşdırmaların nəticəsində böyük alim həqiqi vətənpərvərin yaradıcılığı ilə bağlı daha zəngin məlumatların elmi dövriyyəyə daxil edilməsi mümkün olacaq.

 

Lətif BABAYEV (ŞÜKÜROĞLU),

Tarix üzrə fəlsəfə doktoru

 

525-ci qəzet.- 2020.- 8 yanvar.- S.16-17.