Ramiz Mehdiyev: "AMEA-da
islahatlar davam etdiriləcək"
AZƏRBAYCAN MİLLİ ELMLƏR
AKADEMİYASI RƏYASƏT HEYƏTİNİN İCLASI
KEÇİRİLİB
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət
Heyətinin növbəti
iclası keçirilib.
İclası giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev son vaxtlar Azərbaycan Milli Elmlər Akademiyasında bir sıra mühüm
elmi və elmi-təşkilati istiqamətləri
əhatə edən islahatlara başlanıldığını
söyləyib.
Qeyd edilib ki, islahatların başlıca
strateji hədəfi Prezident İlham Əliyev tərəfindən
həyata keçirilən
və ölkənin sosial-iqtisadi inkişafına
yönələn dövlət
siyasətinə uyğun
olaraq Azərbaycan elmini müasir standartlar səviyyəsində
inkişaf etdirməkdir.
R.Mehdiyev
bildirib ki, AMEA-nın 2019-cu il dekabrın 28-də keçirilən
ümumi yığıncağında
"AMEA-nın 2020-2025-ci illər
üçün inkişaf
proqramı"nın təsdiq
olunması, akademiyanın
Nizamnaməsinə bir
sıra əlavə və dəyişikliklərin
edilməsi, Rəyasət
Heyətinin yeni tərkibinin müəyyənləşdirilməsi
bu istiqamətdəki islahatların mühüm
tərkib hissəsini təşkil edir. Elmi fəaliyyət sahəsində
islahatların bundan sonra da ardıcıl
olaraq davam etdiriləcəyini bildirən
R.Mehdiyev qeyd edib ki, Rəyasət
Heyətinin gündəliyinə
çıxarılan əsas
məsələlər AMEA-nın ümumi yığıncağının qəbul etdiyi qərarların icrasından
irəli gəlir.
AMEA-nın prezidenti
akademiyanın strukturunun
təkmilləşdirilməsi, müasir elmi prioritetlərin müəyyənləşdirilməsi,
beynəlxalq əlaqələrin
genişləndirilməsi, dövlətin
həyata keçirdiyi
siyasətin reallaşmasında,
xüsusən qeyri-neft
sektorunun inkişafında
elmin rolunun daha da artırılması
istiqamətində qarşıda
mühüm vəzifələrin
dayandığını bildirib.
Sonra AMEA-nın
akademik-katibi, müxbir
üzv Əminağa Sadıqov "AMEA Rəyasət
Heyətinin üzvləri
arasında vəzifə
bölgüsü" ilə
bağlı çıxış
edib. Bildirib ki, AMEA-nın
ümumi yığıncağında
Rəyasət Heyətinin
11 nəfərdən ibarət
yeni tərkibi təsdiq edilib. Bununla əlaqədar olaraq, AMEA Rəyasət Heyəti üzvləri arasında yeni vəzifə bölgüsünün müəyyənləşdirilməsi
və müvafiq qərarın qəbul edilməsi zərurəti meydana çıxıb.
Əminağa Sadıqov AMEA Rəyasət
Heyətinin üzvləri
arasında vəzifə
bölgüsü layihəsi
ilə iştirakçıları
tanış edib. Layihə müzakirə olunduqdan
sonra AMEA Rəyasət
Heyəti üzvləri
tərəfindən irəli
sürülən rəy
və təkliflər
nəzərə alınmaqla
qəbul edilib.
Daha sonra Ə.Sadıqov "AMEA Rəyasət
Heyəti aparatının
strukturu haqqında"
qərar layihəsini Rəyasət Heyətinin üzvlərinin diqqətinə
çatdırıb. Vurğulayıb
ki, Rəyasət Heyəti aparatının strukturu və idarəetmə sisteminin, habelə kadrların seçilməsi və yerləşdirilməsi işinin
təkmilləşdirilməsi məqsədilə AMEA prezidentinin sərəncamı
ilə komissiya yaradılıb. Hazırlanmış təkliflər AMEA-nın prezidentinə təqdim edilib. Təkliflər əsasında AMEA Rəyasət Heyəti aparatının yeni strukturunun layihəsi hazırlanıb. Əminağa
Sadıqov iclas iştirakçılarını layihə ilə tanış edib, məsələ müzakirə olunduqdan sonra müvafiq qərar qəbul olunub.
AMEA-nın akademik-katibi, həmçinin, gündəlikdəki
növbəti məsələ,
Azərbaycanın "Qırmızı
Kitabı"nın
III nəşrinin redaksiya
heyətinin yeni tərkibi haqqında məlumat verib. Nəzərə çatdırıb
ki, AMEA Rəyasət Heyətinin qərarı ilə Azərbaycanın
"Qırmızı Kitabı"nın III nəşrinin
redaksiya heyətinin tərkibi təsdiq edilib. Keçən müddət ərzində
AMEA Rəyasət Heyətinin
tərkibində bir sıra dəyişikliklərin
olunmasını nəzərə
alaraq, redaksiya heyətinin tərkibinin də yenilənməsinə
ehtiyac yaranıb.
Yeni tərkib müzakirə olunduqdan sonra qəbul edilib.
İclasda görkəmli alim, tibb elmləri doktoru, professor, Əməkdar
elm xadimi Abdulla Qarayevin
110 illik yubileyinin qeyd edilməsi və yubileylə əlaqədar tədbirlər
planının hazırlanması
haqqında qərar qəbul edilib. Həmçinin,
akademik Abel Məhərrəmovun
70 illik və AMEA-nın müxbir üzvü Tehran Mustafayevin
60 illik yubileyləri münasibətilə onlara
AMEA-nın fəxri fərmanının verilməsi
qərara alınıb.
AMEA-nın bir
sıra əməkdaşlarının
elmi təcrübə
keçmək və təhsil almaq məqsədilə xarici elmi mərkəzlərə
və universitetlərə
göndərilməsi ilə
bağlı müvafiq
qərarlar qəbul edilib.
Sonda bir sıra kadr məsələlərinə baxılıb. Akademik Cavad Abdinov
AMEA-nın Fizika İnstitutunun elmi işlər üzrə
direktor müavini, fizika elmləri doktoru Ayaz Bayramov həmin
institutun innovasiyalar və transfer üzrə direktor müavini,
fizika üzrə fəlsəfə doktoru Zaur Süleymanov isə
həmin institutun elmi katibi vəzifələrinə, riyaziyyat
elmləri doktoru Ədalət Axundov AMEA-nın Riyaziyyat və
Mexanika İnstitutunun elmi işlər üzrə direktor
müavini vəzifəsinə, fizika üzrə fəlsəfə
doktoru Yusif Şükürlü isə AMEA-nın Şəki
Regional Elmi Mərkəzinin direktoru vəzifəsinə təyin
ediliblər.
Digər
qərarla fizika üzrə fəlsəfə doktoru Elman Yusifov
AMEA Zoologiya İnstitutunun direktoru vəzifəsindən azad
edilib. İnstitutun direktoru vəzifəsinin icrası müvəqqəti
olaraq elmi işlər üzrə direktor müavini, biologiya
elmləri doktoru Elşad Əhmədova həvalə edilib. Həmçinin,
Bayram Babayev akademiya şəhərciyinin müdiri vəzifəsindən
azad edilib, iqtisad üzrə fəlsəfə doktoru, dosent Pərviz
Həsənov həmin vəzifəyə təyin olunub.
S. QARAYEVA
525-ci qəzet.- 2020.- 11 yanvar.- S.5.