"Yüksəliş" müsabiqəsində
3000-dən
çox şəxs qeydiyyatdan
keçib
Prezident İlham Əliyevin sərəncamı ilə
təsis edilən
"Yüksəliş" müsabiqəsinin qeydiyyat
mərhələsi davam
edir. Bugünədək 3000 nəfərdən çox şəxs müsabiqədə iştirak
etmək üçün
qeydiyyatdan keçib.
Qeydiyyat prosesi fevralın 2-i saat 18:00-dək
davam edəcək.
Müsabiqədə qeydiyyat mərhələsi bitənədək
21-51 yaş arasında
olan, alitəhsilli, ən azı 2 il idarəçilik
təcrübəsinə malik
Azərbaycan vətəndaşları
iştirak edə bilərlər. İdarəetmə təcrübəsi dedikdə, mülkiyyət
formasından asılı
olmayaraq işlədiyi
qurumda rəhbərlik
mövqeyində praktiki
təcrübəyə malik,
bir və ya daha çox
insanın, layihə qruplarının, resursların,
podratçıların və
digərlərin idarə
olunması nəzərdə
tutulur.
Müsabiqənin yekunlarına əsasən,
qalib elan edilmiş 20 iştirakçıya
müvafiq təlim proqramından keçmək
üçün 20 min manat
məbləğində qrant
təqdim olunacaq. Bundan başqa,
onlar idarəedici kadr heyətinin inkişafına dair proqramlara və İdarəçi rəhbərlərin
iştirakı ilə
mentorluq proqramına qoşulmaq imkanı qazanacaqlar. Qaliblərin adları yaradılacaq
kadr ehtiyatı bankına daxil ediləcək.
Müsabiqə Qeydiyyat, Onlayn seçim, Əyani seçim, Yarımfinal və Finaldan ibarət olmaqla 5 mərhələdə keçiriləcək.
Qeydiyyat mərhələsində müsabiqədə
iştirak etmək hüququna malik olan şəxslər
www.yukselish.az rəsmi internet səhifəsində Şəxsi
Kabinet yaratmaqla və qeydiyyat formasını (anketi) doldurmaqla qeydiyyatdan keçə bilərlər.
Qeydiyyat
2 fevral 2020-ci il saat 18.00-dək davam edəcək.
Onlayn seçim
mərhələsində qeydiyyat
mərhələsini uğurla
başa vuran bütün iştirakçılar
iştirak etmək hüququ qazanırlar. Bu mərhələdə iştirakçıların
tələb olunan intellektual biliklərə
sahib olması, idarəçi
olmaq üçün
lazımi potensialları
əhatə edən şəxsi keyfiyyətləri
qiymətləndirilir. Onlayn test tapşırıqları
iki hissəyə bölünməklə ümumi
biliklər (Azərbaycan
dili və ədəbiyyatı, mədəniyyəti,
tarixi, coğrafiyası,
hüquq və iqtisadiyyat) və qabiliyyət testləri
(verbal və rəqəmsal
məlumatların təhlili,
mücərrəd düşüncə)
formatında keçiriləcək.
Onlayn seçim
bitdikdən sonra müvafiq video müraciəti
Şəxsi Kabinetdə
yerləşdirmiş iştirakçı
Əyani mərhələdə
iştirak hüququ qazanır. Bu mərhələdə
iştirakçıların ümumi erudisiyaları ilə yanaşı, sosial intellekti, düşüncə sürəti
və danışıq
qabiliyyətləri də
yoxlanılır. İştirakçılar daha öncədən təyin olunan ünvana gələrək,
sözügedən mərhələdə
əyani şəkildə
iştirak edirlər.
Üçüncü mərhələdən uğurla
keçən iştirakçılar
yarımfinal mərhələsində
iştirak etmək hüququ qazanırlar. Bu mərhələdə iştirakçıların
idarəetmə, komanda
və fərdi şəkildə işləmək
bacarıqları məşğələ
və tapşırıq
üsulu ilə yoxlanılacaq. İştirakçılar üçün fərdi inkişaf planının hazırlanması məqsədilə
iştirakçılar ekspertlərin,
insan resursları üzrə mütəxəssislərin
və öz sahəsində peşəkar
sayılan insanlar tərəfindən müsahibə
olunacaq.
Nəhayət, yarımfinal mərhələsindən
uğurla keçən
iştirakçılar final mərhələsinə vəsiqə
qazanırlar. Final mərhələsi
çərçivəsində keçirilən tədbirlərdə
iştirakçıların idarəetmə bacarıqları
xüsusi tapşırıqların
(işgüzar oyunlar,
sosial layihələr və onların həlli, eskpertlərlə
iş, müsahibələr)
köməyi ilə qiymətləndirilir. Bu mərhələdə iştirakçılar
İdarəçi rəhbərlərlə
görüşəcək, onlarla birgə işgüzar müzakirələr,
dəyirmi masalar təşkil olunacaq.
Qaliblər müsabiqə bitdikdən
sonra İdarəçi
rəhbərlərlə fərdi
inkişaf proqramı çərçivəsində birbaşa işləmək
imkanı əldə edəcəklər.
Təşkilat Komitəsinin sədri,
Prezident Administrasiyasının
Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər
şöbəsinin müdiri
Fərəh Əliyeva
deyib ki, "Yüksəliş"
müsabiqəsində qarşıya
qoyulan məqsədlərdən
biri yeni nəsil idarəçilərin
müəyyənləşdirilməsidir.
Bu müsabiqə Prezident
İlham Əliyev tərəfindən həyata
keçirilən islahatlar
kursunun bir halqasıdır: "Fikrimcə,
kadr ehtiyatı bankının yaradılması
üçün bu müsabiqə ən əlverişli müsabiqələrdən
biri olacaq. Azərbaycanda idarəçilik vərdişləri olan və öz potensialına inanan hər kəs bu müsabiqədə iştirak edə bilər. Müsabiqə Azərbaycanda kadrların
bilik və bacarıqlarının inkişaf
etməsinə mühüm
töhfə verəcək".
Təşkilat Komitəsinin üzvü,
Dövlət İmtahan
Mərkəzinin sədri
Məleykə Abbaszadə
isə "Yüksəliş"
müsabiqəsinin tarixi
bir müsabiqə olduğunu bildirib: "Yüksəliş" müsabiqəsi
intellektual səviyyəsi
və idarəçilik
keyfiyyətləri yüksək
olan perspektiv rəhbər şəxslərin
müəyyən edilməsini,
dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını
təmin edəcək.
Bu, yeni bir sahədir: "Biz bu prosesdə ən müasir alətlərdən
istifadə edəcəyik.
Azərbaycanda 20 il ərzində topladığımız təcrübə
bizə bu məsələdə kömək
edəcək. Bizim bütün
insan potensialımız
və ekspertlərimiz
bu prosesə qoşulacaqlar".
AMEA-nın Birinci
vitse-prezidenti, akademik İsa Həbibbəylinin dediyinə görə,
"Yüksəliş" müsabiqəsinin keçirilməsi
müstəqil Azərbaycan
dövlətinin gələcək
taleyüklü məsələlərini
həll edəcək yeni nəslin, kadr potensialının hazırlanması istiqamətində
tam fərqli düşüncə
və yanaşmadır:
"Azərbaycan tarixində
ilk dəfədir ki, kadr potensialını artırmaq üçün
intellektualların müəyyən
edilməsi müsabiqəsi
təşkil olunacaq".
İ.Həbibbəyli bildirib ki, Azərbaycan tarixində ilk dəfədir
ki, kadr potensialını artırmaq
üçün intellektualların
müəyyən edilməsi
müsabiqəsi təşkil
olunur: "Bu, gələcəkdə
Azərbaycan dövlətinin
bütün sahələr
üzrə inkişaf
etdirilməsinə göstərilən
Prezident qayğısının
səlis ifadəsidir.
Komissiyanın tərkibində
yer alanların çoxu elm və təhsil sahəsində çalışan, hətta
alimlik dərəcəsi
alan intellektual
şəxslərdən ibarətdir.
İnanıram ki, müsabiqə
komissiyası öz təcrübələrinə əsaslanaraq
ölkəmiz üçün
faydalı olacaq kadrları, mütəxəssisləri
müəyyənləşdirə biləcəklər. Bu, Azərbaycanın sabahı
qarşısında dövlətimizin
bir məsuliyyətli vəzifəsidir".
Təhsil
eksperti Kamran Əsədov vurğulayıb
ki, gələcəkdə
həyata keçirilən
hər hansı bir kadr islahatı
zamanı birbaşa seçilmiş və ehtiyatda olan kadrlardan istifadə olunacaq: "Adıçəkilən
müsabiqənin təsis
edilməsi ilə gələcəkdə həyata
keçirilən hər
hansı bir kadr islahatı zamanı birbaşa seçilmiş və ehtiyatda olan kadrlardan istifadə olunacaq. Bu da
kadr təyinatlarında
mobilliyi, peşəkarlığı
artıracaq. İdarəçilik məsələsində kadr
bankı yaradılarkən
yalnız hazırda ölkədə yaşayan
intellektual şəxsləri
yox, eləcə də dünyanın hər yerində yaşayan və çalışan, fərqlənən
soydaşlarımızı da bu kadrlar
sırasına daxil etməliyik. Azərbaycanda
həyata keçirilən kadr islahatları, xüsusən də
son dövrlər bir sıra nazirliklərə və qurumlara
yeni nazirlərin, rəhbərlərin gətirilməsi
göstərir ki, artıq Azərbaycanda bu işə
başlanılıb. Əminəm ki, idarəçilik
məsələsində kadr bankı yaradılması gənc
kadrların sürətlə vəzifəyə təyin
olunmasına və vəzifədə yüksəlməsinə
gətirib çıxaracaq və bundan sonra "Yüksəliş"
müsabiqəsi həyata keçirildikdən sonra daha
bacarıqlı, intellektli, haqqı olan və güclü
kadrların dövlətin idarəedilməsində
iştirakının şahidi olacağıq".
S. QARAYEVA
525-ci qəzet.- 2020.- 11 yanvar.- S.7.