Süni intellektin fəlsəfəsi:
metaforadan gerçəkliyə doğru
Geniş miqyasda götürsək, fəlsəfənin predmeti ilə bağlı xeyli yanlış təsəvvürlər var. Bilirsiniz ki, müxtəlif fəlsəfi doktrinlərin yaradıcısı olan filosoflar hər şeydən öncə maraqlı, mənalı və gözəl səslənən deyimləri ilə tanınırlar. Yəni aforizmləri ilə.
Hətta tutaq ki, Kantın təlimi ilə tanış olmayan, bəlkə də onun təlimini qəbul etməyən bir nəfər həvəslə bu filosofdan sitat gətirə bilir. Ona görə də adamlarda belə təsəvvür var ki, ağıllı, mənalı, dərin duyğulu, ciddi həyati mətləbləri özündə ifadə edən istənilən fikir və söz fəlsəfədir. Bəli, belə fikirlərdə də fəlsəfi məqamlar tapmaq olar. Amma bundan çıxış edib demək olmaz ki, fəlsəfə istənilən bir mövzu ilə istədiyi kimi məşğul ola bilər. Təəssüflər ki, təhsilli adamlar da bəzən fəlsəfənin hər şeylə məşğul olduğunu düşünür. Hətta bunu fəlsəfənin üstünlüyü kimi şərh edilər.
Bu, yanlış təsəvvürdür. Fəlsəfənin predmeti hüdudsuz və şərtsiz deyil. Fəlsəfi təlimlər və biliklər üçün başlıca şərt odur ki, onlar elmi biliklərin bitdiyi yerdə başlayır, elmin cavab verə bilmədiyi suallara cavab verir, lakin necə gəldi davam edə bilmir, necə gəldi cavab vermir. Fəlsəfə mif deyil, din deyil, poetika deyil. Fəlsəfə suallara elmi biliklərin təkzib edə bilmədiyi şəkildə cavab verir. O sualın ki, cavabı fizikada, biologiyada, tutaq ki, informatikada var, o, artıq fəlsəfə deyil. O fəlsəfi təlim fizika, biologiya, kimya və ya digər elmlərlə ziddiyyət təşkil edir. O da fəlsəfi deyil.
İndi sual oluna bilər ki, bir halda riyaziyyat, tətbiqi riyaziyyat, proqramlaşdırma, onun əsasında duran alqoritmlər süni intellekti yaradırsa, bu yaranış prosesini dəqiq olaraq icra edirsə, burada fəlsəfənin nə işə ola bilər? Söz xatirinəmi fəlsəfə bu prosesə qoşulur? Kənardan şərhçilikmi edir? Yaxud "mən də varam" deyə özünü ortaya atmışmı olur?
Xeyr!
Fəlsəfə bunu özünə rəva bilməzdi. Bunu özünə rəva bilən filosoflar olsaydı da, onların baxışları fəlsəfə olmazdı?
Süni intellektin fəlsəfəsi ona görə var ki, orada hələ cavab verilməyən suallar və narahatçılıqlar var.
Nədir bu suallar?
1. İlk sual budur: maşınlar doğrudanmı düşünə bilərlər? Hələ də iki yanaşma var və təbii ki, maşınların güclü düşünə biləcəyinə əmin olmayanlar var. Söhbət ağıllı maşınlardan və kompüterlərdən deyil, düşünə bilən maşınlardan gedir.
2. Düşünə bilən maşınlar insan üçün hansı problemləri yaradacaq? Nə qədər əhəmiyyətlidir?
3. Düşünə bilən maşınlarla insan özündən ağıllı varlıqmı yaradır və bununla öz mövcudluğuna yanaşmanı dəyişəcəkmi?
4. Yeni əmək bölgüsü yaranacaqmı və dünya düzənini dəyişirmi?
5. Düşünən maşınlarla bağlı hansı etik problemlər yaranır: onlara mənəvi münasibət necə olmalıdır?
6. Düşünən maşınlar hər sahədə insanı əvəz edə bilərmi? Məsələn yaşlılara baxım xidmətində?
Aydındır ki, bu kimi suallar yalnız fəlsəfənin öhdəsində qalır, onun predmetinə daxildir.
Yeni dünya yaranır və yeni gələcəyin
əsası qoyulur. Bir anlığa rasionalizmin yaranmasını təsəvvür
edin. "Cogito Ergo sum". Düşünürəmsə,
demək mövcudam. Dekart belə nəticəyə
gəldi ki, insan həm düşünən, həm də fəzada
yer tutan ikili varlıqdır.
İndi isə deyirik ki, maşınlar
düşünür. Bəs onların mövcudluğuna nə
ad qoyacağıq? Bununla bizim mövcudluq dəyişirmi?
Bu suallardan fəlsəfə kənarda qala bilməz.
Ona görə də, süni intellektin fəlsəfəsi
ortaya çıxır və var. Bəli, biz elə maşınlar
yaratmışıq ki, çox vaxt bizi özlərinin
ağıllı olduqlarına inandırırlar. Bunları görsəydi, Dekart öz zəkasının
gücündən heyrətə düşərdi. İnsan ruhu təbii ki, hər hansı kompyüter
proqramından daha azaddır. Lakin bəziləri
düşünürlər ki, biz də elə kompyüter
proqramları qədər azadıq.
Yaxud bunu
düşünün: dünənə kimi idrak fəlsəfəsi
insanı öyrənirdisə, indi insanın yanında
idrakı olan maşınlar, insana bənzəyən robotlar -
androidlər var.
Ən maraqlısı nədir?! Buna qədər
koqnitivizm hesab edirdi ki, insan ətrafa sadəcə mexaniki
reaksiya verən bir maşın deyil. İndi
isə maşınların düşünməsi ortaya
çıxıb. Və bu maşınlar
da mif deyil.
1. Düşünən
maşınların fərqi və yaradacaqları fərq
İnsan atı və iti əhliləşdimrəklə
keçinə bilmirdi, bəlli alətlər də ona qədərində
kömək etmirdi. Əkinçilik və heyvandarlıq
üçün alət və primitiv maşınlar da bəs
etmirdi. Bizə adi gəlməsin bu sözlər.
Bunun arxasında dəhşətlər
dayanırdı. Yağmadı
yağış, bitmədi qamış - sadəcə bir
atalar sözü olsaydı nə vardı ki. XIV əsrdəki Böyük aclıqda indi rifah
üçün nümunə göstərilən Almaniyada əhalinin
yarısı aclıqdan ölmüşdü. Bəşəriyyət aclığa
maşınların köməyi ilə qalib gəldi. Kənd təsərrüfatı üçün
vacib maşınların və texnikanın yaradılması hətta
o qədər uğurlu oldu ki, kənd təsərrüfatının
bolluqdan çökdüyü illər oldu. İkinci Dünya Müharibəsindən sonra
ABŞ-da məhsulların bolluğu onların
satılmamasına və fermerlərin çökməsinə
gətirmişdi.
Bu maşınlarla biz post-sənaye dövrünə gəldik. Bu dövrə
informasiya dövrü də deyirik. Universitetlər
başlıca iqtisadi müəssisələrə
çevrildi. Mexanikləşmə,
elektrikləşmə, avtomatlaşdırma, nəhayət
kömpüterləşmə universitetləşmənin yeni
töhfəsi oldu. İnternetləşmə
və ağıllı maşınlar yarandı. Az zamanda çox irəli getdik.
Stenford Universitetinin professoru məşhur tarixçi-antropoloq
İen Morris bəşəriyyətini tarixini cəmi bir
qrafikdə göstərib. Bu qrafikdə bəşəriyyətin
sosial inkişaf indeksi tarixlərlə qeyd edilib. Bu göstəricilər tarixi faktlara və amillərə,
müasir elmi hesablamalara əsaslanır, mötəbər elmi
dairələrdə qəbul olunur. Sadəcə
bir iddia deyil. Həmin qrafikdə tarixin son 200 ili kəskin inkişaf dövrüdür. Qrafikdə bu kəskin yüksəlişi ilk
baxışdan seçmək olur. Əhalinin
sayı artır, amma sosial inkişaf indeksi də artır.
Tarixin son 200 ilindəki bu fövqəladə yüksəlişi
insanlıq maşınlarsız əldə edə bilməzdi.
İndi isə insan öz bənzərini yaradır.
Ən mürəkkəb və çətin işləri
dəqiqliklə, tez və keyfiyyətli həyata keçirən
avadanlıqlarla yanaşı, buna qədər əli-ayağı,
bədəni-başı, gözləri və səsi olan
robotlar vardı.
Amma artıq düşünən maşınlarla gələcəyə
gedirik.
Bəşəriyyətə böyük faydalar vəd
edir bu maşınlar. Təkcə İsrailin OrCam şirkətinin
qismən və tam görməyən adamlar üçün
düzəltdiyi eynək şəxsən məni heyrətə
gətirir. Bu eynək əngəlli insana görən adam kimi davranmaq imkanı yaradır. Bu eynək, düşünən maşındır.
Heyrət etməmək mümkün deyil. Bəzilərimiz
yaşlaşmışıq, universitet yoldaşlarımız
qarşıdan gəlsə bizi sifətdən tanımaz, aradan
illər keçib. Amma sosial şəbəkələrdəki
düşünən alqoritmlər istənilən şəkildən
bizi tanıyır, bizə də, çoxdankı
yoldaşlarımıza da kim
olmağımızı xəbər verir. Bu,
fenomenologiyadır.
Son 10 ildə
fəlsəfə kompyüterə müraciət edir ki, bu
suala cavab versin. İnsan olmaq nə deməkdir?
İsveç filosofu Nik Bostrom hesab edir ki, bizim
Kainat və biz özümüz gələcəyin
kompyüterinin içərisində yerləşirik.
Kiberşəxsiyyət anlayışı - hansısa mənada
bizim şəxsiyyətimizin bir hissəsi artıq
kompyüterdə mövcuddur. Sosial şəbəkələr
və axtarış sistemləri bizim haqqımızda o qədər
informasiya toplayır ki, şəbəkədə mövcud
olan unikal şəxsiyyət yaranır.
2008-ci ildə personal kompyüter saniyədə 10 milyard
komandanı verməyi bacardı. 2040-cı ildə maşının
beyni nəzəri olaraq 100 trillion komandanı verməyə
hazır olacaq. Komyüter ağlının insan
ağlı ilə rəqabətə girməsindən nə
baş verəcək?
Elm, daha doğrusu, universitetlər və alimlər,
onların yetirmələrinin qurduğu yeni şirkətlər
düşünən maşınlara keçməkdədirlər. Hər şey
yaxşıya gedir. Lakin bu zaman fəlsəfə
xəbərdarlıq etməyə başlayır.
Dayanın, doğrudanmı maşınlar düşünə
bilər? Daha doğrusu, güclü düşünə bilər?
Nə üçün belə
düşünürük? Bu şübhələr
doğrudanmı var?
2. Süni intellekt fəlsəfəsinin
əsas tezisi
Türinq
testləri
1950-ci ildə
Britaniyadan olan məşhur riyaziyyatçı Alan Turinq
maşınların düşünə bildiyini yoxlamaq
üçün bir test təklif etdi. Müasir
kompyüterlərin yaradıcılarından sayılan Alan
Türinq MİD adlı fəlsəfə jurnalında dərc
etdirdiyi məqalədə bu eksperiment üçün iki nəfəri
(A və B) və kompyüteri seçirdi. Kompyüter
və insanlardan biri (A) digərinə görünmürdü.
Onların hər ikisi başqa otaqdan ünsiyyət
yaradan B-nin suallarına cavab verir və onu
çaşdırmağa çalışırdı. Hakim rolunda olan B söhbət etdiklərindən
hansının insan, hansının kompyüter olduğunu təyin
etməli idi. Bu, bir imitasiya oyunu idi. Lakin kompyüterlərin də insan kimi
düşünə bildiyini yoxlamağa imkan verirdi.
Türinq testləri bu günə qədər da
aparılır və yenilənir. Reallıq budur ki, 5 dəqiqəlik
testlər zamanı azı 30% hallarda testi keçənlər
kompyüterlə insanı səhv salır.
Türinq testləri kompyüterlərin insan qədər
düşüncəli olduğuna iddia edir. Onun müxtəlif
versiyaları var və eyni ənənəyə görə
gerçəkləşən sınaqlardan biri də
kompyüterlərin şahmat oynamasıdır.
Kompyüterin dünya çempionu H.Kasparovu udması da bir faktdır.
Lakin
Türinq testləri razılaşmyanlar da var. Türinq testlərinə
qarşı ən ciddi dirəniş Kaliforniya Berkli
Universitetində çalışan filosof Con Siirliyə (John
Searle) məxsusdur.
Con Siirli deyir ki, düşüncə hər hansı alqoritmin
çalışmasında olduğu kimi, sadəcə
ardıcıllıqdan ibarət deyil. Və
maşınlar insan qədər və ondan güclü
düşünə bilməz.
Bunun
üçün Con Sirrli "Cin otağı" adı alan bir təcrübə həyata keçirib.
"Çin
otağı"
Otağa Çin dilini və heroqliflərini bilməyən,
ingilis dilini bilən bir nəfəri qapayırlar. Ona Çin
dilində sual göndərilir. Adam
Çin dilində bilmir, Çin yazısını da bilmir.
Lakin otaqda onun hər işarəyə görə
nə edəcəyini bildirən ingiliscə təlimat var. Adam
təlimata əsasən suala düzgün cavab tapır və
yollayır, həm də Çin dilində. Lakin o, bu prosesin sonunda nə heroqlifləri
tanıyır, nə də Çin dilində bir söz bilir.
Con Siirli
deyir ki, maşınlar da yalnız təlimatlara əməl
edir, onlar güclü düşünə bilməzlər.
Con
Siirlinin təcrübəsinə qarşı da ciddi arqumentlər
səsləndirilib. Bunlardan biri odur ki, alim
düşüncə prosesi dedikdə yalnız otaqdakı
adamı götürür. Süni zəkada
isə hamısı bir yerdədir, təlimatlar da daxil olmaqla.
Lakin Con Siirlidən sonra da başqa sınaqlar və
iddialar irəli sürüldü. Odur ki, süni intellekt
fəlsəfəsinin əsas hipotezi güclü zəka ideyasıdır.
Maşınlar güclü düşünə
bilərmi? Maşınların zəif də
olsa düşünməsi artıq faktdır və getdikcə
bu zəiflik yox olmağa başlayır. Lakin
hələ də əsas sual budur ki, maşınlar
güclü düşünə biləcəklərmi?
3. Süni intellekt insanı gücləndirir,
yoxsa onu maşınların səviyyəsinə endirir?
Bir
çox filosoflar düşünən maşınların
insanlığa təhlükə ola biləcəyini
iddia edir. Təhlükə dedikdə, qurğu
filmlərində robotların nəzarətdən
çıxması kimi hallar nəzərdə tutulmur. Onlar narahatdır ki, robotların insanı əvəz
etməsi onun rolunu və dünyada yerini dəyişdirə
bilər, əmək bölgüsünü yeni modelə
keçirər, insanı müftəxor maşın
ağalarına çevirər bilər və s.
Lakin digər
maşınlar da insanı texnika quldarlarına çevirmədi,
sadəcə öz həyatını dəyişməyə
imkan verdi. Bu gün süd vəzi
xərçəngini müayinə və müalicə edən
düşünən maşınlar var. Onlar yalnız fayda
verir. Həkimlərin də sevimlisidir, xəstələrin
də. Düşünən
maşınlar ictimai nəqliyyat vasitələrini
sürücülərdən pis idarə etmir.
Bu
maşınlar sabah üsyan edəcək qullar deyil, onlar
insanı gücləndirən və kiberşəxsiyyətə
çevirən dostcanlı maşınlardır.
4. Fəlsəfə hökumətlərə
çağırış edir
1927-ci ildə
Ədəbiyyat üzrə Nobel mükafatına layiq
görülmüş Anri Berqson xəbərdarlıq edirdi:
"Əldə olunmuş təcrübə isə əksinə,
sübuta yetirirdi ki, texnologiyanın inkişafı cəmiyyətdə
yaşayan insanların mənəviyyatının avtomatik
yüksəlişi demək deyildir və əgər mənəvi
sahədə uyğun nailiyyətlər əldə olunmursa, bəşəriyyətin
malik olduğu maddi nemətlər hətta təhlükə təşkil
edə bilər. Bizim yaratdığımız
maşınlar təbii orqanlarımıza öz
funksiyalarını genişləndirməyə imkan verən və
beləliklə, insan orqanizminin özünün
imkanlarını zənginləşdirən süni
orqanlardır. Əgər bədən
sağlamdırsa və onun fəaliyyəti nizamlanıbsa, onda
ruh da öz növbəsində kamilləşəcək, əks
təqdirdə qarşılıqlı asılılıq ciddi
şəkildə pozulacaq və bu həm sosial, həm də
siyasi sferalarda təhlükəli nəticələrə gətirib
çıxara bilər".
Bu fikirlərdə böyük həqiqətlər var.
Berqson bu nitqini söyləyəndə hələ
"süni intellek" anlayışı elmi dövriyyəyə
verilməmişdi.
İndi isə filosoflar süni intellekt etikası ilə
bağlı problemləri də təhlil edir və öyənirlər. Hətta robotların
hüququ dedikdə heç kim
gülmür, heç kim bunu qeyri-ciddi saymır. Təbii ki, düşünən
maşınların hər yerdə insanı əvəz etməsi
də mənəvi sayılmayacaq. Biz
yaşlı və xəstələri, əngəlliləri
düşünən maşınların ixtiyarına
buraxıb, səyahətə getməyə
hazırlaşmırıq. İnsanlar
arasında mənəvi bağlar qırılmayacaq. Maşınlar o bağları qorumaq, gücləndirmək
üçündür. Onlar bizə
yardım edəcəklər.
İşin ən ciddi tərəfi isə iqtisadi faydalardır. Hökumətlər məhsuldarlığı artıran, çətinlikləri aradan qaldıran, insanı ağırlıqdan qurtaran vacib sahələrə düşünən maşınları nə qədər tez tətbiq edə bilsələr, iqtisadiyyatı gücləndirmiş olacaqlar.
Tədqiqatların, müzakirələrin, elmi konfransları, jurnal məqalələrinin ümumi icmalını hazırladıqda isə görəcəyik ki, hökumətlərə başlıca təklif, bir nömrəli çağırış təhsilə kapitalı artırmaq, təhsili dünya öncüllərinin standartlarına çıxarmaqdır. Öncə təbii intellektdir. Çünki süni intellekti yaratmaq və tətbiq etmək təhsillə mümkündür.
Etibar ƏLİYEV
Təhsil eksperti, fəlsəfə doktoru
525-ci qəzet.- 2020.- 11 yanvar.- S.8-9.