Birgə xoşbəxt
olaqmı?!
esse
"Xoşvaxlıığ...
Xoşvaxlıığ..." Məşhur "Bəxt
üzüyü" filminin açar sözü də deyə
bilərik buna. Xoşbəxtlik! Moşu Göyəzənli
ağ vərəq üzərində, şeir sətirlərində
axtarırdısa xoşbəxtliyi, digərləri
ayrı-ayrı nəsnələri özləri
üçün xoşbəxtlik etalonuna çevirmişdilər.
- Şair
Moşu Göyəzənlinin uşaqlarının anası...
Moşunun
arvadı Söylünün xoşbəxtliyi məhz bu
cümlə idi. O, birisinin uşaqlarının anası
olmağı özünə xoşbəxtlik kimi
seçmişdi və bunun yalnış olduğunu ona kimsə
sübut edə bilməzdi, çünki heç də
yalnış deyildi. Axı, xoşbəxtliyin konkret formulu, əyni-başı,
biçimi, təyin olunmuş forması yoxdur. O, Moşunun
yaza bilmədiyi şeirlərlə, ona verdiyi uşaqlarla və
Fatma "cijisi"nin sitatlarıyla rəngləndirmişdi
xoşbəxtliyini.
Çox
zaman Söylü obrazına bir gülüş, hətta
lağ obyekti kimi yanaşırıq. Ancaq diqqətlə baxsaq
və bir az düşünsək, Söylünün əslində
bir qadın kimi necə saf, sədaqətli olduğunu görərik.
Elə ondan gətirdiyim bu tək sitat onun necə bir qadın
olduğunun göstəricisidir. Məncə, Moşu Göyəzənli
dünyanın ən bəxtəvər kişisidir.
Çünki onun Söylü kimi sədaqətli, əri ilə
öyünən, ərinə güvənən, sonuna qədər
onun sözü ilə oturub duran, ərini bütün bəlalardan,
qayğılardan qorumağa çalışan, bu uğurda hətta
öz adını belə unudan qadını var! Ən əsası
onun varlığına sığınıb xoşbəxt
olmağı bacaran qadını...
Yaxşı,
bəs, Moşu bunun fərqindədirmi?
Göründüyü kimi, yox! O, gecə-gündüz
çalışıb-vuruşduğu
"xoşvaxlığ"a qafiyə tapmaq hayındadır.
Xoşbəxtlik isə hər gün eyni sürətlə
yanından uçub-gedir.
Eyni ailədə
yaşayan iki insan! Biri ən adi şeyləri özünə
xoşbəxtlik kimi seçərkən, digəri onu xoşbəxt
edə biləcək şeylərə göz yumur.
Çünki onun üçün xoşbəxtlik başqa
yerlərdə idi.
Xoşbəxtlik - sənət, ya
layihə?
Xoşbəxtlik
həm fəlsəfənin, həm psixologiyanın, həm də
ədəbiyyatın ən maraqlı və tez-tez rast gəlinən
mövzusudur. İllərdən, hətta əsrlərdən bəri
filosoflar, yazıçılar, psixoloqlar bu xoşbəxtliyin nə
olduğunu araşdırmağa, konkret bir nəticəyə gəlməyə
çalışsa da, hər dəfə daha böyük
düyünlərlə qarşılaşıblar. Sonu
görünməyən labirintin içərisində
fırlanırmış kimi... İnsanlıq tarixi boyunca
haqqında bu qədər çox
danışılmağına rəğmən hələ də
sirrini qorumaqda davam edir xoşbəxtlik. Xüsusən son illərdə
elmin, daha dəqiqi, tibbin və texnologiyanın bu qədər
inkişafından sonra dünyanın ən tanınmış
universitetlərində, ən tanınmış salonlarında
ən məşhur elm adamlarının iştirakı ilə
fərqli-fərqli konfranslar, seminarlar keçirilir, kitablar
yazılır, jurnallar buraxılır. Əlbəttə,
yazılan kitabların çoxunun elmi dayağı yoxdur. Allah
kimi, həyat kimi, ölüm kimi xoşbəxtlik haqqında
da insanlar öz fərziyyələri və özündən əvvəlki
təcrübələrin hesabına hansısa qənaətə
gəlirlər.
Professor
Sonja Lyubomirskinin müəllifi olduğu "Necə xoşbəxt
olunur?" kitabı onlardan sadəcə biridir. Lyubomirski
ömrünün 20 ildən çoxunu xoşbəxtliyi
araşdırmağa həsr edən bir qadındır.
Yüzlərlə, bəlkə minlərlə məqalələrin,
araşdırmaların nəticəsi kimi yazdığı
kitabında illərin təcrübəsi özünü
göstərməkdədir. Lyubomirski bu kitabda professor kimliyini
bir kənara qoyub bəzən bir insan, bəzən bir
qadın, bəzən də xoşbəxtliyin izinə
düşən hər hansı bir yolçu kimi oxucusuyla
söhbət edir. Sakit, rəvan, anlaşıqlı bir dillə
ona xoşbəxtliyin öz içərisində olduğunu
anlatmağa çalışır.
Stefan
Kleinin "Xoşbəxtliyin formulu", Dalay Lamanın
"Xoşbəxtlik sənəti", Qretçen Rubinin
"Xoşbəxtlik layihəsi", Martin Seliqmanın "Həqiqi
xoşbəxtlik" və sair kimi kitablardan xoşbəxtliyin
elmi və fəlsəfi tərəflərini öyrənmək
mümkündür. Dediyimiz kimi, bu mövzu o qədər
araşdırılır, yazılır, öyrənilir ki,
onları izləmək, bir araya yığmaq, oxumaq çətinləşir.
Bütün bunları sintezləşdirib oxucunun ixtiyarına
vermək də müəllifdən bir bacarıq tələb
edir. Bu mənada pozitif psixologiyanın gənc tədqiqatçılarından
Conatan Haytın "Xoşbəxtlik fərziyyəsi"
kitabı mühüm və ciddi tədqiqat əsəridir.
Bütün
bunları ümumiləşdirsək, adını çəkdiyimiz
və çəkmədiyimiz onlarla kitabda mövzu o qədər
araşdırılır, hər yazıçı
özündən o qədər şeylər əlavə edir
ki, bəzən haqlı olaraq oxucunun ağlı
qarışır. Hansı yanlışdır, hansı
doğru, ayırd etməkdə çətinlik çəkir. Amma onun bu kitablardan öyrənə
biləcəyi tək şey var: xoşbəxtlik insana bir nəfəs
qədər yaxındadır, görməyi, hiss etməyi
öyrənsə. Hətta Dalay Lamanın təklif etdiyi kimi,
xaosun ortasında belə iç huzuru sayəsində xoşbəxtliyi
tapa, onu könlüncə yaşaya bilər.
Ovcumuzdakı xoşbəxtlik
Tolstoy
"necə xoşbəxt olarıq?" sualını
"sahib olduğumuz şeylərə sevinərək, sahib
olmadıqlarımıza üzülməyərək" deyə
cavablayır.
Bəşəriyyət
yaranandan, insan doğulandan öz-özümüzə, görəsən,
bir gün biz də xoşbəxt ola bilərikmi?- deyə sual
verməkdən heç bezmirik. Əslində isə bir
anlıq düşünsək, bəlkə də xoşbəxtlik
sahib olmağa çalışdıqlarımızda deyil,
sahib olduqlarımızdadır. Vladimir Nabokov xoşbəxtliyin
formulunu belə açıqlayır: "Hər şeyin ən
yaxşısına sahib olan deyil, sahib olduğunun
dadını çıxaran xoşbəxtdir". Uilyam
Şekspir isə bunun tərsini bədbəxtliyə şamil
edir: "Sahib olmadıqlarına çatmaq üçün
çabalarkən sahib olduqlarını unutduğun
üçün bədbəxtsən". C.Oppenheymin bu haqda
fikri isə belədir: "Nadan xoşbəxtliyi uzaqlarda
axtarır, müdrik isə ayaqlarının altında
tapır".
Bütün
bunlar da əsərlərini sevə-sevə oxuduğumuz, kədərimizi
paylaşdığımız, sevincimizə ortaq etdiyimiz,
yalnızlığımıza mehman seçdiyimiz
yazıçıların xoşbəxtlik fəlsəfələridir.
Yazar üçün xoşbəxtlik hər kəsdən daha
artıq nisbidir. Yazıçı kədərindən
xoşbəxtlik, sevincindən bədbəxtlik düzəltməyi
bacaran insandır. Onun təkcə ağlı deyil, hissləri
də daim axtarışdadır. Və bu gün
tapdıqlarını sabah inkar etməyə hazırdır.
Facebookda
"Müştəriyəm, şikayətim var" adlı
qrup yaradılıb, minlərlə üzvü var. Qrupun mahiyyəti
adından da bəllidir. Bura qədər pis və ya təəccüblü
heç nə yoxdur. Amma qrupu cəmi bir neçə gün
izləmək kifayətdir ki, insanımızın nə qədər
məmnuniyyətsiz, hər şeydən, hər kəsdən
şikayətçi, gileyli, narazı olduğunu anlayasan.
İlahi, aramızda metropolitenin bayram təbrikini belə
özünə dərd edən, ağız büzən insanlar
var. Onlarla qarşılaşanda görəsən, həyatlarında
hər şey bu qədər yolundadır ki, şikayətlənməyə
heç nə tapmayıb, bunu mövzuya çevirmək
ehtiyacı duyurlar deyə düşünməmək olmur. Və
ya dodaq boyasının bir ton
açıqlığını, sevgilisinin mesajına iki dəqiqə
gec cavab yazmağını, qaynanasının zəng edib nəvələriylə
maraqlanmağını, dağılan saçını,
qırılan dırnağını qlobal problemə
çevirən insanlarla doludur ətrafımız. Hərdən
o insanların qulaqlarına tək-tək Horatsinin sevdiyim
sözünü pıçıldamaq istəyirəm: "Mədən
qaydasında, ayaqların sağlamdırsa, kralların xəzinələri
belə səni bundan artıq xoşbəxt edə bilməz".
"Xoşbəxtlik
harda və necə qarşınıza çıxar?" - deyə
soruşurdu Zülfü Livaneli öz kitabında ("Xoşbəxtlik"). Sonra da 17 yaşında təcavüzə
uğradığı üçün ailəsi tərəfindən
ölüm qərarı çıxarılan Məryəmin,
onu öldürmək üçün yollara düşən əmisi
oğlu Camalın, bütün ömrü boyunca özündən,
həyatından qaçmağa çalışan professor
İrfanın kəsişən yollarında axtarırdı
xoşbəxtliyi. Əslində, hər biri xoşbəxtlik
acı, onu harda axtaracağını bilməyən insanlar
idi. Və təsadüflər zənciri onları bir-biriylə
görüşməkdən daha mühüm bir iş
görmüşdü, onlara xoşbəxtliyin, huzurun nə
olduğunu anlatmışdı. Sən demə, xoşbəxtlik
təmiz, ağappaq paltar geyinmək qədər əlçatan,
huzur bir qayıqda özünü sərin mehə təslim
etmək qədər mümkün və həyat bizi bilmədiyimiz
yerlərə atacaq qədər ucsuz-bucaqsızdır. Məhz
bunları anladığı an xoşbəxt olur insan. Xoşbəxtliyi
təkcə barmaqları arasında deyil, ruhunun ən dərin,
ən gizli zərrələrində belə hiss edir.
Dərdlərimizdən,
ağrılarımızdan danışmaq nədənsə, həmişə
daha asan gəlib bizə. Hətta çox zaman şairlərə
"niyə ancaq dərddən, kədərdən
yazırsınız?" deyə sual verənlər də
olur. Kədərini paylaşmaq daha asandır çünki. Bəlkə
bunun nəticəsidir ki, kədərimizi, problemimizi dilləndirməyi,
ifadə etməyi daha yaxşı bacarırıq. Xoşbəxtlik
gələndə isə çox zaman lal olub qalırıq.
İlk dəfə gördüyümüz əşya kimi
onunla nə edəcəyimizi bilmirik. İlk dəfə
eşitdiyimiz imtahan sualı kimi qarşısında
gözümüzü döyüb baxırıq. Cəmiyyət
olaraq, dünya olaraq xoşbəxtliyi tanımırıq bəlkə
də. Bir də xoşbəxtlik hər kəsin öz içərisindədir
axı. Birisi başqasının uğurundan xoşbəxt
olduğu halda, digərini yanındakının bədbəxtliyi
sevindirə bilir.
Gələn
zəngə cavab verdiyimiz halda qulağımızdakı
telefonu, ovcumuzdakı açarı, burnumuzun ucundakı eynəyi
ətrafda axtarmaq kimidir xoşbəxtliyi axtarmaq. Xoşbəxtlik
taledən, qədər-qismətdən, həzzdən daha
çox xarakter məsələsidir çünki. Bu qədər
sürətli, yeknəsək, elektronlaşmış həyatın
içərisində ruhuna xitab edən kitabın səhifələrində
itib-batmaq, izlədiyin bir filmin sevdiyin obrazının hisslərini
özünküləşdirmək, saçlarını
rüzgarın öhdəsinə buraxıb yağışdan
sonrakı torpaq qoxusunu ciyərlərinə çəkmək,
gülümsəyən bir körpənin gözlərindəki
sevincə ortaq olmaq, başının üstündə gecəyə
keşik çəkən ulduzların varlığını
hiss etmək, başqalarının xoşbəxtliyinə
sevinmək xoşbəxtlik deyil də, bəs nədir?
Xoşbəxtlik qorxusu
Xoşbəxtlikdən
bir xəstəlikdən, fəlakətdən qorxarcasına
qorxan insanlar da var. Sanki xoşbəxtlik hər şeyin
sonuymuş kimi hiss edirlər onlar. Elələrinə ümidlərlə
yaşamaq daha asan, daha ağrısız görünür.
Hardasa bir xoşbəxtliyin olduğuna ümid etmək, ona
doğru can atmaq, ona çatmaq üçün gecə-gündüz
addımlamaq, hər addımda "indi çataram"
sevinciylə təlaşlanmaq daha həyəcanlı, daha nəfəskəsicidir.
Onlar bütün ömürləri boyunca öz həyatlarını
başqalarının həyatlarıyla
yarışdırır, nə hikmətdirsə, hər zaman
da qalib kimi digərlərinin həyatlarını seçirlər.
Psixologiyada xoşbəxt olmaq qorxusuna "çerofobiya"
deyirlər. Çerofobiyadan əziyyət çəkən
insanlar həyatlarında hər şey yolunda gedərkən,
huzurlu, sakit və sevincli hallarından narahat olan, bunun
ardından mütləq pis nələrinsə
olacağını düşünən insanlardır. Onlar
xoşbəxtlik qaynağı olan hər cür olaylardan uzaq gəzir,
sosial həyatdan qaçır, qarşısına gələn
fürsətləri rədd edir, xoşbəxtliyə
çatacağı düşüncəsini ağlından
tamamilə çıxarır, ətrafına qarşı
xoşbəxt görünməməyə
çalışırlar. Psixiatr Çarri Barron həzz almaq
qorxusu mənasına gələn "hedonofobiya" ilə
çerofobiyanı hardasa eyniləşdirir. Bu,
uşaqlıqdan, ya da keçmişdən gələn
hansısa travmaların nəticəsi olsa da, müalicəsi
yox deyil.
Son deyil,
başlanğıc...
Çöldə qışdır. Hava soyuyub ara-sıra yağış yağsa da, qar hələ yoxdur. Yayı sevən biri kimi, soyuğa dözümüm olmasa da, açmışam pəncərələri, bu qışı da, bu soyuğu da, bu yağışı da görə bildiyim, ona toxuna bildiyim üçün xoşbəxtəm və bu yazının son nöqtəsini qoyar-qoymaz masamda buğlanan qəhvəylə xoşbəxtliyin qoxusunu duyub, dadına da baxacağam. Yeni ilin ilk günlərində birlikdə xoşbəxt olub, 2020-ci ili xoşbəxtliyimizin ili kimi seçməyə nə deyirsiniz?..
Şahanə MÜŞFİQ
525-ci qəzet.- 2020.- 11 yanvar.- S.13.