İncəldiyi yerdən
qopsun!..
Qədim
Çin filosofu Konfutsi insanlara nəyisə izah etməyin ən
yaxşı yolunun nümunələr üzərində
göstərmək olduğuna inanırdı.
Bir
gün Konfutsi bir əlində vaza, o biri əlində alma ilə
şagirdlərinin yanına gəlir. Filosof uşaqların təəccüb
dolu baxışları altında almanı vazanın içinə
qoyur. Sonra üzünü onlara tutaraq, "bu almanı vazadan
kim çıxartsa, o yeyəcək" deyir.
Şagirdlərdən
biri çox ac olduğuna görə, elə birinci o, ayağa
qalxır. Əlini ehmalca vazanın içinə salıb
almanı ovucuna alır, çıxartmaq istəyəndə
yumruğu vazanın dar boğazından keçmir. Hətta
"əlimi çıxara bilmirəm" deyə
sızıldanır.
Konfutsi,
"çünki ovucundakını bərk tutmusan, əgər
almanı buraxmasan, əlini vazadan çıxarda bilməyəcəksən"
deyə cavab verir.
Əslində,
şagird tutduğunu belə asanlıqla buraxmaq istəmir.
Ancaq çox keçməmiş almadan əl çəkmək
məcburiyyətində qalır. Əlini vazadan
çıxardanda həm onun, həm də digər şagirdlərin
üzündən təəccüb oxunur. Təbii ki,
hamının fikrində bir sual yaranmışdı: almanı
vazadan necə çıxartmaq olar? Sanki Konfutsi onların
beynindən keçən bu sualı oxuyur və "almanı
çıxartmaq üçün nə təklifiniz var?"
deyə soruşur.
Şagirdlərin
heç birindən səs çıxmır. Bu vaxt Konfutsi
vazanı üzü aşağı çevirir, alma stolun
üstünə düşərək yuvarlanır. Uşaqlar
gülməyə başlayırlar. Necə olmuşdu ki, bu qədər
sadə bir şeyi düşünə bilməmişdilər.
Ancaq Konfutsi onlarla eyni fikirdə deyildi. Buna görə də,
"yox, uşaqlar, bu, heç də gördüyünüz
qədər sadə deyil", - deyə cavab verir. Sonra
bunları əlavə edir, "çünki insan bir şeyi əldə
etmək istəyəndə çox vaxt ondan möhkəm
yapışaraq, buraxmamaq lazım olduğunu
düşünür. Halbuki həqiqət bunun tam əksinədir.
Yəni bir şeyi əldə etmək üçün
çox vaxt onu buraxmaq, əl çəkmək
lazımdır..."
Təəccübləndikmi?
Yox! Çünki çoxumuz beləyik, buraxmağı, əl
çəkməyi bacarmırıq. Çox vaxt əlimizin,
qolumuzun qopmağına da razı oluruq, bircə tutduğumuzu
buraxmayaq deyə. Gənə kimi yapışmaq adətimizdir.
Qanı son damlasına qədər canımıza çəkməsək
dincəlmirik. Bu şəkildə davam edərək həyatımızı
cəhənnəmə çeviririk. Çox vaxt sonumuzu əl
çəkməmək hikkəsi ilə
hazırlayırıq. Məsələn, oturduqları kresloya
arxayın düşüb illərlə əlinə keçəni
qırtlağına qədər dolduran, bircə tərpənişlə
bütün yediklərini qusanları o qədər
görmüşük. Hələ qarnı doyanda gözü
doymayan, gözü doyanda nəfsi ram olmayanlardan
danışmıram. Vədə yetişəndə istefa verməyi
bacarmayan, zamanı gələndə arxamızı
çevirib gedə bilməyənlərik, biz! Yeməklə
doymayıb, qazanın dibini üzümüzə,
gözümüzə çəkənlərik biz.
Hamısı qane ola bilməməyimizdən qaynaqlanır.
Əlimizdə
olanı gözümüzə təpirik. Hər şeyin əndazəsini
aşırıq. Münasibətdə olduğumuz insan bizə
zərrə qədər sevgi verəndə
ömrümüzü ona həsr edirik. O, bizə bir not həsr
edəndə, biz ona sinfoniya bəstələyirik, o, bizə
bir cümlə deyəndə, biz ona roman yazırıq. Sevəndə
də, nifrət edəndə də, yaltaqlananda da beləyik. Hər
şeyi şişirdib dağ boyda etmək üçün
ürəyimiz gedir. Acını içimizdə çəkməyi
bacarmırıq. Bütün aləmə duy vururuq. Nə
yaşadığımızı hiss etməyənlərə
nifrət bəsləyirik. Eqomuz normal yaşamağa imkan
vermir. Heç bir şeyi normada saxlamağı
bacarmırıq. Ya ən aşağını, ya da ən
yuxarını hesablayırıq. Hamısı buraxmağı
bacarmamağımızın ucbatındandır. Kişi getmək
istəyəndə yaxasından yapışırıq,
qadın getmək istəyəndə saçından tutub
saxlayırıq, vəzifədən azad ediləndə infarkt,
insult, ən yüngülü olan ürək spazmaları ilə
xəstəxanaya yatırılırıq. Səbəbi sadədir,
əl çəkmək kültürünə sahib deyilik.
Birini
unutmaq üçün həyatımıza yeni birini dartıb
gətiririk. İşə yaramadığını görəndə
yenini də köhnənin yanına atırıq.
İçimiz canlı məzarlıqla doludur. Məsələn,
tez-tez əksər qadınların bir-birinə verdiyi məsləhətin
şahidi oluram, "sevmirsən sevmə, eybi yox, amma
çalış tamamilə buraxmayasan, qoy həyatının
bir küncündə qalsın, nə zərəri var ki,
istifadə elə" deyirlər! Biz bizə aidiyyatı
olmayan insanlardan həmişə belə mənfəət
güdürük, nə zamansa onlardan
yararlanacağımızı düşünərək
yığıb, yumrulayıb həyatımızın bir tərəfinə
soxuşdururuq. Ona görə ki, sağollaşmağı,
dürüst şəkildə vida etməyi bacarmırıq.
Ürəyimiz yananda da əlimizdəkini buraxmırıq, hiyləgərlik
edəndə də...
Çox
şey yaşayırıq. Bəzən bir nöqtədə
iplər gərilir, tutduğumuz budaqlar kökündən
qarılır. Əbədi olduğunu
düşündüyümüz gözəlliklər bitir.
Onsuz olmaz, havamdır, suyumdur, nəfəsimdir dediyimiz dəyərlər
yox olur. Həmin an çıxartmadığımız hoqqa
qalmır. Bilirsiniz niyə? Çünki əl çəkməyi
məğlubiyyət olaraq görürük. Məğlubluq
isə ən böyük kompleksimizdir.
Əlbəttə,
insanın həssas duyğuları arxada qoyub yola davam etməyi
çox çətindir. Sevdiyi insana bağlı olur,
alışqanlıqlarından qopmaq istəmir, mübarizə
aparır, itirməmək üçün dəridən
qabıqdan çıxır. Amma biz təkcə hisslərlə
bağlı deyil, hər şeydə beləyik. Əslində,
zamanı gəlibsə, dayanmaq lazımdır. Ömürboyu
eyni yolu qaçmaq mümkün deyil. Sonsuza qədər
hansısa kresloda oturmaq absurddur. Sevgili üçün daima
mübarizə aparmaq nağıldır. Hər şeyin bir
qırılmaq nöqtəsi var. Bunu görən andaca
buraxıb getmək ən məqbul olanıdır.
Həqiqəti
görə bilmək, əl çəkməyi bacarmaq
insanı inkişaf etdirir, dəyişdirir. Bir dəfə dəyişdikdən
sonra bir daha heç vaxt əvvəlki kimi olmursan. Ona görə
də əl çək, izn ver incəldiyi yerdən qopsun!
Türkan TURAN
525-ci qəzet.- 2020.- 11 yanvar.- S.12.