Əjdər Olun "Lo"su:
canlı və həyəcanlı
bir roman
YENİ
İŞIQ ÜZÜ GÖRMÜŞ BU ƏSƏR
YAZIÇININ VƏ MÜASİR NƏSRİMİZİN
BÖYÜK UĞURUDUR
Tanınmış şair,
yazıçı
və dramaturq
Əjdər Olun
"Qanun"
nəşriyyatında
çapdan
çıxan "Lo"
kitabının annotasiyasında da qeyd edildiyi kimi, "Lo" romanı
uydurma deyil, canlıdır, gerçəkdir.
Əsər son iki yüz ildə xalqımızın tarixində
ən böyük və maraqlı hadisələrin baş verdiyi 1988-1993-cü illəri
əhatə edir. Bir-birini
izləyən olaylarda
öz adı ilə iştirak edən qəhrəmanlar milli azadlıq hərəkatının, dövlət
müstəqilliyinin, Qarabağ
müharibəsinin fəal
iştirakçılarıdır...
Əjdər Ol bu əsərini
təsadüfən "Lo" adlandırmayıb. Bəlkə də doğma
ana dilimizdəki bu ifadəni daha arxaik söz
hesab edənlər də tapılacaq. Axı "lo" kəlməsinə
uyğun dilimizdə indi neçə-neçə
neologizmlər, bu mənaya yaxın səslənən çoxlu
yeni kəlmələr
var: biri elə Siyomi qasırğası...
Ancaq "lo" ifadəsi
xalqımıza, yəqin
ki, yeri-göyü lərzəyə gətirən
o neologizmlərdən daha
dağıdıcı görünməklə
yanaşı, həm də doğmadır.
...Lo... Bu isim çox
vaxt feillə, xəbərlə birgə
işlənir. Özü
də keçmiş zamanda: bir lo düşdü ki...
"Lo"
şəxslənə, şəxsi
xarkter də ifadə edə bilir: filankəs bir "lo" idi...
Əjdər Ol romanında qələmə aldığı
hadisələri bir
"lo" kimi yada salır, o olaylar həm ayrılıqda, həm ümumən bir "lo"ya çevrilib yaddaşlara həkk olunur.
Bəs düşən o "Lo" nə
idi?.. Ötən əsrin
sonlarında dünyanın
coğrafi ərazicə
altıda bir məkanına sahib, şərqində
günəş doğanda
qərbində gecə
olan SSRİ adlı bir məmləkət ildırım sürəti
ilə dağıdıldı.
Nəhəng bir ərazini
çaxnaşmalar, milli
qarşıdurmalar, savaşlar,
acı məhrumiyyətlər
bürüdü. İnsanlar sərt
sınağa çəkildi,
ölüm-itim adiləşdi.
Müəllif romanın yazılma
tarixini belə göstərir: 2010-2018. Ancaq bir
oxucu kimi mənə elə gəlir ki, yazıçı bu romanı 8 ilə yox, birnəfəsə yazıb. Mən bu romanı
qələm dostum Əjdər Olun bir monoloqu da
hesab edirəm. Monoloq-roman... Bu həcmdə
romanı, əlbəttə,
müəllif istəsə
də, indiki dövrün texniki yazı vasitələrindən
biri olan komyüterlə yazmaq üçün də ona gecə-gündüz fiziki güc gərəkdir. Ancaq tribunada
günlərlə aramsız
çıxış edən
natiqlər də tarixdə bizə məlumdur. Və mənə elə
gəlir ki, Əjdər Ol da geniş auditoriya,
oxucular qarşısında
romanını beləcə
maraqlı, hərarətli
monoloq kimi nəql edir.
Əjdər Olun bu romanını oxuyanlar, xüsusən qələm
adamları bəlkə
də ilk əvvəl
xam xəyala qapıla da bilər; belə bir romanı birbaşa mən də yaza bilərdim...
Axı, romandakı hadisələr gözlərimiz
qarşısında cərəyan
edən, həm də bir çoxumuzun
elə iştirakçıları
olduğumuz hadisələrdir...
Amma heyhat... Bu romanı
Əjdər Ol yazıb və yalnız o yaza bilərdi. Öz istedadı, dərin və geniş müşahidə qabiliyyəti,
güclü yaddaşı
və nasir ustalığı sayəsində!
Yazıçının uğurudur ki, bu romanı oxuyan hər bir oxucu onu
həm də öz romanı bilir. İctimai mövzulu bu
roman qeyri-adi görünən,
ancaq tamamən real əhvalatlarla, macəralarla,
qəribə hadisələrlə
zəngindir. "Lo"da
bir roman içərisində
neçə-neçə miniatür
roman da var: sevgi, dostluq, xiffət, əhdə sədaqət, etibar, mərdlik, böyük-kiçiyə
hörmət, keçmişə
ehtiram, gələcəyə
qayğı, namus-ar, insan qəlbinin pünhan hissləri - bütün bunlar romanda məharətlə ifadə edilib.
Romanda xalqımızın
düçar olduğu
müharibə birbaşa
o qədər də geniş səhnələrlə
təsvir edilməyib. Lakin oxucu bu müharibənin
ağrı-acılarını az qala müəllif qədər
dərin hiss-həyəcan,
ağrı ilə yaşayır. Müharibə
qurbanı - qonşuya
gətirilən Qarabağ
şəhidi; oğlu
Qarabağda vuruşan
bir qonşu qadının yas məclisində o şəhidi
elə oğlu qədər doğma bilən ananın halının birdən-birə
pisləşməsi və
qəfil ölümü...
Müharibə aləti olan
qumbaranın pul qazanmaq üçün, bəlkə də məcburi silah alverçisi olan qadının əlində
partlaması. Nəhayət,
bu kimi gərgin
hadisələrin cəmində
dəhşətli bir
dövrün dolğun
mənzərəsi...
Müəllif yazdığı romanın
ədəbi təyinatını
da uğurla taparaq, əsəri "canlı roman" adlandırmaqla
bütöv bir epoxanı - uşaqlıqdan
bu yana
babalarından, nənələrindən
bəri bir dövrü əhatə edən hadisələri də sanki birbaşa
və bir nəfəsə nəql edib. Romanda cərəyan
edən hadisələrin
mərkəzi Bakıdır
və romançı
baş verən hadisələrin fonunda cəmiyyətin dəqiq mənzərəsini bu fonda olduqca
dəqiq təsvir etməyə çalışıb
və buna nail olub. Əjdər Ol öz romanında izdiham və kütlə içində əsərinin
qəhrəmanlarını həm də fərd kimi ayrıca təqdim etməyi, hər yönüylə tanıtmağı
bacarıb. Yazıçı öz qəhrəmanlarının
həm şəxsi, həm də ictimai təbiətini doğru-dürüst təsvir
edib.
Bu baxımdan, müəllifin
özünün elan etdiyi "canlı
roman" təyini kifayət
qədər dəqiq səslənir.
Müasir
tariximizdəki dramatik
dönüşə, bu
dönüşü şəkilləndirən
irili-xırdalı, ancaq
xeyli mühüm hadisələrə həsr
olunmuş, ustalıqla
qələmə alınmış
"Lo" romanı, tam əminliklə
deyə bilərəm
ki, Əjdər Olun və ümumiyyətlə
müasir nəsrimizin
böyük uğurudur.
Aydın TAĞIYEV
AYB Şabran bölməsinin rəhbəri
525-ci qəzet.- 2020.- 11 yanvar.- S.12.