Beynəlxalq aləm:
ziddiyyətlər,
münaqişələr, müharibələr
Giriş
Beynəlxalq aləm təlatümlü dənizə bənzəyir. Təhlükəli
münaqişə dalğaları daha qorxulu hadisələri
gündəliyə gətirmək üçün aram vermədən bir-birinin ardınca gəlir,
müharibələr qəzəb ilahəsi Furiya kimi öz iyrənc
fəaliyyətindən əl çəkmək istəmir. Bəşəriyyət, dəhşətləri ilə
yadda qalan XX əsrlə vidalaşdıqda güman edirdi ki,
yeni əsr ona ən azı sakit həyat, sosial-ictimai sabitlik gətirəcək,
atəş səsləri körpələrin
rahatlığına xələl gətirməyəcəkdir.
Lakin XXI əsr ona bəslənən ümidləri
doğrultmadı, yeni bəla simvolu olan iri miqyaslı terrorizmi
meydana gətirdi. Terrorizmlə mübarizə pərdəsi altında isə
yeni silahlı münaqişə, məhvedici müharibə
hadisələri baş verdi. Əsrin lap əvvəlində,
2001-ci ilin 11 sentyabrında Üsamə ben Ladenin
başçılıq etdiyi terrorist qrupu, sonralar onun
böyük şəbəkəyə malik olduğu məlum
oldu, Nyu-Yorkdakı Dünya Ticarət Mərkəzinin iki
möhtəşəm binasına - "twin" adlanan 110 mərtəbəli
göydələnlərə ələ keçirdiyi iri sərnişin
təyyarələrini çırpdı, hər iki bina
görünməmiş həmləyə davam gətirməyib,
çökdü. Üç min nəfərə
qədər insan həlak oldu, şəhərə, ölkəyə
dəyən maddi ziyan isə heç bir ölçüyə
sığmırdı.
Dünyanın hərbi, iqtisadi, elmi, texnoloji cəhətdən
ən qüdrətli dövlətinə, onun ürəyi
sayılan Nyu-Yorka ağır zərbə vurmuşdu. Özü də
CNN-in birbaşa translyasiyası hesabına bütün
dünya bu fəlakətli hadisəni, faciəni izləmişdi.
ABŞ prezidenti Kiçik Corc Buş terroristlərdən
qisas yolunu axtarmağa başladı, "günahkar
keçi"lərdən biri kimi İraqı tapdı və
2003-cü ildə ABŞ silahlı qüvvələri
İraqa böyük miqyasda hücuma keçdi. Səbəb kimi isə əslində, bir uydurma bəhanə
tapılmışdı, guya İraq prezidenti, ölkəni
diktator üsulları ilə idarə edən Səddam
Hüseyn kütləvi qırğın silahına malikdir və
bunu öz xalqına qarşı istifadə edə bilər.
Müharibə İraqın məğlubiyyəti, Səddamın
həbs və edam edilməsi ilə nəticələndi.
Lakin etibarlı komissiya ölkədə kütləvi
qırğın silahından əsər-əlamət
tapmadığını bildirdi. Nisbətən
sakit yaşayan İraq toqquşmalar meydanına, xarabalıqlar
məkanına çevrildi.
ABŞ öz səhvindən nəticə
çıxarmaq əvəzinə, sonrakı prezident Barak
Obamanın dövründə Liviya diktatoru Möəmmər Qəddafini
devirmək üçün müxalifətə kömək məqsədilə
münaqişəyə müdaxilə etdi və Qəddafinin
linç qaydasında məhv edilməsinə nail oldu.
Bir qədər sonra Suriyada əsl vətəndaş
müharibəsi başlandı. ABŞ İsrailin təhriki
ilə prezident Bəşər Əsədi vəzifədən
uzaqlaşdırmaq üçün silahlı müxalifətə
hər cür yardım göstərirdi. Bu
vaxt Rusiya Əsədə kömək etmək mövqeyindən
çıxış etdi və ölkənin qanuni seçilmiş
prezidentinin vəzifədə qalmasına kömək etdi.
Rusiyanın hərbi yardımı ilə
islamçı terroristlərin, silahlı müxalifətin
hakimiyyəti altında olan bir sıra mühüm şəhərlər
və əksər ərazi azad edildi.
Bədbəxt Yaxın Şərq elə bil ki,
silahlı toqquşma virusu ilə sirayətlənmişdir. Yəməndə
husitlər hökumət başçısı əleyhinə
mübarizəyə qalxdıqda o, ölkədən
qaçıb Səudiyyə Ərəbistanının himayəsinə
sığındı. Səudiyyə
Ərəbistanı və Birləşmiş Ərəb
Əmirlikləri fərari baş naziri müdafiə etmək,
kürsüsünə qaytarmaq məqsədilə husitlər
üzərinə, xüsusən Xodeyda şəhərinə
bomba yağdırmağa başladı. Çox sayda
mülki əhali qırıldı, aclıqla müşayiət
olunan humanitar böhran baş verdi. Beynəlxalq aləm isə yəmənlilərin bu fəlakətinə
biganə qalmaqda davam edirdi.
Hind eposu "Kəlilə və Dimnə"də onun nəslini
ayaqları ilə tapdalayıb öldürən fildən
qarışqanın intiqam alması təsvir olunur. Qarışqa
fili aldadıb qabağına düşür və fil
qarışqanın ardınca irəliləyib, uçuruma
yuvarlanıb məhv olur. Husitlər də
Səudiyyə Ərəbistanından qarışqaya bənzər
qaydada qisas aldı. Gözlənilməyən
bir halda 2019-cu ilin 15 sentyabrında husitlərin
uçurduğu 10 pilotsuz təyyarə (dron) ölkənin iki
ən iri neftayırma zavoduna bomba atıb, onların
yanğınına səbəb oldu. Fəlakət
təkcə Səudiyyə Ərəbistanına ağır təsir
göstərmədi, dünyada neftin qiyməti sürətlə
qalxdı. Qarışqa bir fili məhv
etmişdi, husitlər isə təpədən dırnağa qədər
silahlanmış, ən varlı bir ölkə olan Səudiyyə
Ərəbistanına ağır zərbə vurmuş, onu
sarsıtmışdı. Ölkədəki
iki iri neftayırma zavodu dronların atdığı bomba nəticəsində
partladılmışdı. Neft
istehsalı iki dəfə azalmış, dünya bazarında
isə neftin qiyməti 20 faiz artmışdı. Bu zərbə həm də bütün
dünyanın iqtisadi həyatına öz təsirini göstərmişdi.
Səudiyyə Ərəbistanı neftdən gələn
nəhəng gəlirlər hesabına dünyada ən
böyük hərbi büdcəsi olan üçüncü
ölkədir.
Dünya bazarında silah satın
alınmasına görə də ikinci yeri tutur. ABŞ prezidenti Donald Tramp bu ölkədə səfərdə
olarkən kral Salmanla qarşıdakı illərdə Birləşmiş
Ştatlardan 110 milyard dollar məbləğində silah almaq
barədə müqavilə imzalamışdı. Ölkəyə ən müasir silahlar axsa da, onun hərbçiləri
hətta strateji müəssisələrinin təhlükəsizliyini
də təmin etməyə qadir olmadıqlarını
göstərdi. Öz dini məzhəbinin
təsirini gücləndirmək, vəhhabiliyi müsəlman
ölkələrində yaymaq üçün Səudiyyə
Ərəbistanı iri məbləğdə pul xərcləməkdən
də çəkinmir. Ən sərt
diktatura rejiminin cövlan etdiyi bu ölkədə bəzi
hallarda orta əsrlər cəhaləti hakim kəsilir, lakin o, ən
adi sayılan tənqidə qarşı da təəccüblü
bir immunitetə malikdir. Başqa ölkələrdə
insan haqlarına riayət edilməməsinə qarşı az qala səlib yürüşü elan edən
qüdrətli dövlətlər Səudiyyə Ərəbistanında
baş verənlərə göz yumur və əslində, dəvəquşu
siyasəti həyata keçirirlər. İş o yerə gəlib
çatmışdır ki, ölkənin İstanbuldakı
konsulluğunda, ölkədən qaçmış jurnalist
Qaşıqçı vəhşicəsinə
öldürülür və bu cinayətə görə
adı daha çox hallanan prints Məhəmməd ben Salman
öldürülənin övladlarını qan pulu ödəməklə,
atasının qətlə yetirilməsi barədəki
iddialardan onların uzaqlaşmasına nail olur. ABŞ
isə Səudiyyə Ərəbistanı rəhbərliyinin
bu cinayətdə əli olmaması barədə onların bəyanatlarına
şübhə etmədiyini bildirir. Təzyiqlərə
baxmayaraq, Türkiyə isə öz ərazisində, əslində,
konsulluq eks-ərazi prinsipinə malikdir, bu biabırçı
hadisənin baş verməsinə görə öz ittiham
xarakterli iddialarından əl çəkmir.
Bütün bu icmal şəklindəki misallar beynəlxalq
aləmin daim təşviş, həyəcan mənbəyi
olaraq qaldığını göstərir. Çünki
beynəlxalq münasibətlərdə vahid dəyərlər
sistemi, prinsiplər fəaliyyət göstərmir. Qüdrətli dövlətlərin və onun əlaltılarının
mənafeyi başlıca amilə çevrilərək baş
verən kataliksizmlərə münasibətdə də
aparıcı mövqeyə sahib olur. Tarixdə
çox sayda münaqişələr, müharibələr,
inqilablar baş vermiş, bunlar da insanları faciələrlə,
ehtiyaclarla və acı həyat tərzi ilə üzləşdirmişdir.
Adətən, sosial kataklizmlərin vurduğu
yara çox gec sağalır, bu məsələdə onlar hətta
Yer kürəsinin konfiqurasiyasını dəyişməyə
də qadir olan təbii fəlakətləri də geridə
qoya bilir.
Bütün ağır sınaqlara baxmayaraq, tarix öz
yolu ilə irəliləməkdə davam edir. Həm də
öz dərslərindən öyrənmək, ibrət
götürmək mənbəyi olduğunu yada salır.
Əgər tarixi təcrübə ağıllı qaydada təhlil
olunsaydı, ona uyğun olaraq yol, vasitə, hərəkət
metodu seçilsəydi, bu da, yəqin ki, faciəli hadisələrin
sayını xeyli azaldardı, adamlar nisbətən uzun
müddət ərzində sakit, atəş səsi eşidilməyən
bir mühitdə yaşamaq imkanına malik olardı və bunu
ən azı nisbi xoşbəxtlik kimi qiymətləndirərdi.
Təəssüf ki, siyasətçilər, bəlkə
də, idraklarındakı qüsurlara görə əvvəllər
baş verən fəlakətlərə məhəl qoymur, yenə
də insanları müharibə alovunda yanmağa, kütləvi
qırğınlara sürükləyirlər. Elə bil ki, onlar xeyir və şərin mahiyyətini
də unutmuşlar. Bu sahədə
vidalaşdığımız XX əsr bəşər
tarixində ən biabırçı zaman kəsiyi hesab
olunmalıdır. Çünki həmin
yüzillikdə digər lokal toqquşmalarla yanaşı, iki
Dünya müharibəsi getmişdi.
Dünya müharibələri
Bəzi tarixçilər Yediillik müharibəni
(1756-1763-cü illər) ilkin baş verən Dünya
müharibəsi adlandırırlar. Doğrudan da, bu
müharibədə Rusiya da daxil olmaqla 9 Avropa dövləti
vuruşmuşdu, döyüşlər həm də təkcə
həmin qitədə deyil, Şimali Amerikada və Asiyada da
getmişdi. Onun başlanmasına səbəb
isə müstəmləkələr uğrunda ingilislərlə
fransızların mübarizəsinin kəskinləşməsi
və Prussiyanın maraqlarının qonşu üç
dövlətin - Avstriya, Fransa və Rusiyanın mənafeləri
ilə toqquşması olmuşdu.
Yeddiillik müharibənin başlıca yekunu müstəmləkələrə
sahib olmaq və ticarət birinciliyi uğrunda Böyük
Britaniyanın Fransa üzərində qələbəsi oldu. 1763-cü il Paris müqaviləsinə
görə, Fransanın müstəmləkə əraziləri
olan Kanada, Şərqi Luiziana, Hindistandakı Fransaya məxsus
olan torpaqların çox hissəsi Böyük Britaniya
hökumətinə keçdi.
Lakin XX əsrdə baş verən iki dünya müharibəsi
nömrə ilə sıralandığından XVIII əsrdə
gedən müharibə dünya müharibəsi
sayılmır. İki dağıdıcı, viran qoyucu
müharibənin baş verdiyi XX əsr bəşəriyyət
üçün utandırıcı olmaqla yanaşı,
görünməmiş itkilərə səbəb oldu, bədbəxtliklər
daşqını əmələ gətirdi.
Birinci Dünya müharibəsi
38
dövlətin iştirak etdiyi Birinci Dünya müharibəsi (01.08.1914-11.11.1918-ci illər)
dörd il ərzində Avropaya görünməmiş dəhşətlər
nümayişi olmaqla yanaşı, 10 milyon adam həlak
olmuş, 20 milyon adam yaralanmışdı, həm də onun
sonunda dörd iri və qüdrətli imperiyanın tarix səhnəsindən
silinməsi baş vermişdi. Müharibənin
başlıca təşəbbüsçülərli və
iştirakçıları olan Almaniya, Avstriya-Macarıstan və
Rusiya imperiyaları dağıldı. Almaniyanın
müttəfiqi olan Osmanlı imperiyası da süqut etdi,
onların xarabalıqları üzərində xeyli sayda
müstəqil dövlətlər yarandı. Almaniya Afrikadakı üç müstəmləkəsini,
Uzaq Şərqdəki torpaqlarını itirdi, yarım əsrə
yaxın əvvəl əldə etdiyi Elzas və Lotaringiya kimi
faydalı əyalətlərdən məhrum olmaq məcburiyyətində
qaldı. Həmçinin, Şərqi
Prussiyada və Yuxarı Sileziyada bəzi ərazilərini də
itirdi. Almaniyanın müstəmləkələri
qalib dövlətlər arasında bölündü.
1871-ci ildə Versalın Güzgülü salonunda
Almaniyanın birləşməsi baş vermişdi. 1919-cu ildə
həmin Versalda Almaniya üçün ağır hökm
xarakteri daşıyan və ona nəhəng məbləğdə
təzminat ödəmək kimi cəza verən müqavilə
imzalandı. Vaxtilə Fransa üzərində
qələbə çalan Almaniya indi məğlub kimi qaliblər
qarşısında cavab verməli olmuşdu. Versal müqaviləsi özünün dəhşətli
cəzası ilə almanları görünməmiş təhqirə
məruz qoydu. Müqaviləyə görə
Almaniya qaliblərə astronomik məbləğdə təzminat
ödəməli idi. Təzminatın məbləği
100 min ton qızılın dəyərinə bərabər
idi. Bu, Almaniyaya qarşı olduqca
ağır, əslində, qeyri-real bir cəza olmaqla, əsl
soyğunçuluq nümunəsi idi. Belə
dəhşətli münasibət gələcəkdə
almanlarda revanşizm hisslərini qızışdırmaya bilməzdi.
Bu hisslər isə Hitlerin şəxsində monstrı həyata
gətirməkdə heç də az rol
oynamadı. I Dünya müharibəsinin qəhrəmanı,
Fransa marşalı Ferdinand Foş Versal müqaviləsini
sülh üçün olmayıb, 20 il
ömrü olacaq müvəqqəti barışıq
adlandırmışdı. Onun peyğəmbərliyi çox
dəqiq idi, 20 il sonra Nasist Almaniyası II
Dünya müharibəsininin başlanmasının bədnam təşəbbüskarı
oldu
Avstriya-Macarıstan imperiyası vaxtilə öz geniş
ərazisi ilə öyünürdü, əhatə etdiyi 12
iri xalqı öz ağalığında birləşdirdiyinə
görə qurama yorğan təsəvvürü
bağışlayırdı. İmperiya
parçalandıqda onun yerində zəif Avstriya, Macarıstan
və Çexoslovakiya dövlətləri meydana gəldi.
Ərazilərinin bir hissəsi Yuqoslaviyaya,
Polşa, Rumıniya və İtaliyaya keçdi.
(Ardı
var)
Telman Orucov
525-ci qəzet.-
2020.- 11 yanvar.- S.22.