Mirzə Cəlilin
şeir
yaradıcılığı haqqında qeydlər
Azərbaycan satirik mətbuatının banisi Cəlil Məmmədquluzadə
ədəbiyyatımıza çoxlu sayda publisist məqalə,
hekayə, povest və dram əsərləri bəxş
etmiş qüdrətli sənətkardır.
O,
"Molla Nəsrəddin" jurnalında satirik hekayə,
satirik məktub, felyeton, satirik məqalə və satirik xəbərlərə
müraciət etmiş və bu ədəbi janrların digər
mollanəsrəddinçilər tərəfindən də
yaradılmasına və inkişafına nail olmuşdur. Bununla yanaşı, C.Məmmədquluzadə
yaradıcılığının bir istiqamətini də
onun naşiri olduğu "Molla Nəsrəddin"
jurnalında dərc etdirdiyi satirik şeirləri təşkil
edir. Bu şeirləri yazıçı felyetonlara əlavə
etməklə ədəbiyyatda yeni bir satirik janrın
yaranmasına nail olmuşdur. Yazıçının
satirik şeirlərə müraciəti daxili bir tələbatdan,
dövrün ictimai eyiblərini, qüsurlarını, cəmiyyətdə
hökm sürən neqativ halları, mənfilikləri
göstərmək və xalqa çatdırmaq zərurətindən
irəli gəlmişdir.
C.Məmmədquluzadənin satiraları kəmiyyətcə
çox olmasa da, keyfiyyətcə Azərbaycan realist satirik
şeirini yeni istiqamətə yönəltmiş və zənginləşdirmişdir. O, bu satirik şeirləri ilə
molanəsrəddinçilərə bir səsləniş
etmiş və dövrün ictimai-siyasi, sosial bəlalarının
ifşa üsullarını göstərmişdir. Bununla da,
"Molla Nəsrəddin" ədəbi məktəbi ətrafında
M.Ə.Sabir, Ə.Nəzmi, Ə.Razi, B.Abbaszadə kimi
şairlərin yaradıcılığının satirik
istiqamətini müəyyənləşdirmiş, Azərbaycan
ədəbiyyatında bu janrın zənginliyinə,
inkişafına və təkamülünə təminat
yaratmış, jurnalın ideya-bədii xəttini
aydınlaşdırmışdır. C.Məmmədquluzadə
"Molla Nəsrəddin" ətrafında oxucu
sayını artırmaq, geniş maarifləndirmə işi
aparmaq, öz həmvətənlərini fəal mübarizəyə
səsləmək məqsədilə üç istiqamətdə
mühüm işlər görürdü:
1. Azərbaycan
klassik şeir ənənələrindən
yaradıcılıqla istifadə etmək.
2.
Şifahi xalq ədəbiyyatının zəngin xəzinəsindən
bəhrələnərək satirik şeirlər yazıb
mollanəsrəddinçi şairlərə əsl satirik
şeirin səciyyəvi xüsusiyyətlərini göstərmək.
3. Öz
felyetonlarında Sabir satiralarından istfadə etməklə
"Molla Nəsrəddin" jurnalında fəal iştirak edən
şairlərə yeni şeirin ruhunu, mövzu və
ideyasını, sənətkarlıq xüsusiyyətlərini
aşılamaq və bu şəkildə əsərlər
yazmağa sövq etmək.
C.Məmmədquluzadə
jurnalda dərc edilən əsərləri, qeyd və şərhləri
ilə XX əsr Azərbaycan satirik şeirinin əsas ideya xəttini,
orijinallığını,
çoxçalarlığını qoruyub saxlaya bilmiş,
ezop dili ilə yazılmış əsərlərin dərin
məna qatlarının, polifonikliyinin inkişafına təminat yaratmışdır. C.Məmmədquluzadənin
"Molla Nəsrəddin" jurnalında dərc etdirdiyi
"Lisan bəlası", "Xoş ol zaman ki, xalq yatıb
bizəban idi", "Qız və nənə",
"Axunda müraciət", "O kimdir?", Görəndə",
"Ey axund", "Utanma", "Nə bilim", "Ey
könül", "Olacaqsan", "Ey yazıq",
"Nədir", "Sən qanmasan" və s. satirik
şeirləri klassik ədəbiyyatdan edilmiş pardodiyalar
şəklində yazılmış və felyetonlara əlavə
olunmuşdur. Yazıçı daha çox
Seyid Əbülqasım Nəbati, Seyid Əzim Şirvani və
Mirzə Ələkbər Sabirin əsərlərinə
müraciət etmiş, dövrün ictimai eyiblərini
parodiya və perifrazlar şəklində oxuculara
çatdırmışdır.
C.Məmmədquluzadə satirik şeirin ilk orijinal
formalarını "Molla Nəsrəddin" jurnalı vasitəsilə
ədəbiyyata gətirmişdir. Onun şeirlərinin əksəriyyəti
felyetonlara əlavə şəklində qələmə
alınmış, nəzm parçaları nəsrin ideya və
məzmunu ilə harmoniya yaratmış, bütövlükdə
mətnin ruhunu özündə ehtiva etmişdir.
Ədibin "Molla Nəsrəddin" jurnalının ilk
nömrəsində dərc olunan "Lisan bəlası"
felyetonunda yer alan şeiri müəllifin
zaman-zaman insanların şüurunda stabilləşən
susmaq, danışmamaq, haqq səsini ucaltmamaq, zalımların
məhkumluq siyasətinə qarşı çıxmamaq,
mütilik göstərmək kimi yanlış tendensiyasına
etirazı və bu mənfur siyasətə kinayəli, satirik
münasibəti idi. Müəllifin acı, istehzalı
gülüşü mətnin nəsr hissəsi ilə
yanaşı, şeirin də ümumi ruhuna hakim kəsilmiş
və sarkazma yüksəlmişdir:
Ey dil, dəxi
dinmə və sükut et, səni
Tanrı,
Lal ol və
danışma!
Sal
başını aşağa və heç baxma yuxarı,
Mal ol və
danışma!
Gər
qeyriləri cəmdəyinə vursala, dinmə!
Gər
başın əyib peysərinə dursala, dinmə!
Pamal edə
düşmən səni səbr et, bala,
dinmə!
Ya
zülm edə, ya boynuna kəndir sala, dinmə!
Ya ruzunu cəbr
ilə əlindən ala, dinmə!
("Molla
Nəsrəddin", 1906, ¹1)
İstehzadan yoğrulmuş məsləhət xarakterli
bu satirik şeir özünün bədii forma və strukturu,
orijinal dil, ifadə tərzi ilə bərabər, həm də
inqilablar dövründə xalqı mübarizəyə, aktiv
dinamik fəaliyyətə səsləyən dəyərli və
ibrətamiz çağırışdır.
"Molla
Nəsrəddin” satirasına xas olan ideya-sənətkarlıq
xüsusiyyətlərini özündə əks etdirən
"Lisan bəlası" şeirində dünya-aləmin
oyanıb haqqını tələb etdiyi tarixi şəraitdə
müsəlman aləmini bürümüş itaətkarlıq,
ətalət, "Əgər danışmaq gümüş
olsa, danışmamaq qızıldır" fəlsəfəsi
orijinal satirik bədii vasitələrlə tənqid
olunmuşdur... "Lisan bəlası"
satirasında əsrin sözü də özünün
qabarıq əksini tapmışdır. Şeirdə
qonşuların ayılıb silahlandığı, haqq-nahaq,
dava-mərəkə qopardığı çətin, mürəkkəb
bir zamanda hələ də dinib-tərpəşməyən
başıaşağı müsəlmanın bənzərsiz
portreti yaradılmışdır" (Akademik İsa Həbibbəyli).
C.Məmmədquluzadənin Seyid Əzim Şirvaninin
"Xoş ol zaman ki, yar mənə həmzəban idi"
misrası ilə başlayan müsəddəsinə nəzirə
şəklində qələmə aldığı
"Xoş ol zaman ki, xalq hələ bizəban idi"
perifrazı ədibin yeni tapıntısı, klassik Azərbaycan
ədəbiyyatından yaradıcılıqla bəhrələnmənin
uğurlu təzahürü idi. Jurnalın
üçüncü sayında dərc edilən "Qəbirdən
məktub" felyetonuna əlavə şəklində
verilmiş dörd bənddən ibarət şeir mətnin məzmunu
və alt qatda gizlənmiş müəllif ideyası ilə
ekvivalentlik yaradır, felyetonun təsir gücünü
artırır. İkiüzlü,
fırıldaqçı mollaların ifşasına xidmət
edən bu nəzm parçasında "Molla Nəsrəddin"
üslubu, satirik ifadə tərzi ön plana çəkilir:
Xoş ol
zaman ki, xalq yatıb bizəban idi,
Bəzmim pilavü çay ilə rəşki-cənan
idi.
Soltan idim
ki, vəz ilə hökmüm rəvan idi,
Millət
qulam idi mənə, bəxtim cəvan idi,
Malü xəzinə mayili-arami-can idi.
Dəmlər
o dəmlər idi, zaman ol zaman idi!
("Molla
Nəsrəddin", 1906, ¹3)
C.Məmmədquluzadənin müstəzad şəklində
yazdığı "Xoş ol zaman ki, xalq yatıb bizəban
idi" şeiri bədii forma və struktur özəlliyi ilə
klassik ənənəni yaşatsa da, ideya və məzmun
yeniliyi baxımından tamamilə orijinaldır. S.Ə.Şirvaninin
bu məşhur şeirində sevgilisi ilə keçirdiyi
xoşbəxt günlərin intizarını, həsrətini
çəkən dərdli aşiq obrazının yerini Mirzə
Cəlilin portretini ustalıqla rəsm etdiyi istismarçı
hakim təbəqələr tutur. Ədib
şeirdə daxili puçluğunu açıb ifşa
etdiyi, hakimiyyətdə olduğu illərdə xalqı
zülm və istibdadda əzib məhv edən
qaragüruhçu qüvvələri, keçmiş günlərin
həsrəti ilə yaşayan yuxarı dairələri tənqid
hədəfinə çevirmişdir. "Molla
Nəsrəddin" jurnalında perifrazın ilk
yaradıcısı kimi C.Məmmədquluzadə
S.Ə.Şirvani şeirinə müraciət etməklə
sadəcə şeirin şəklindən, formasından satirik
ifşa məqsədilə bəhrələnmişdir. Ədib bu perifrazlarla mövcud rejimin daxili
puçluğunu aşkara çıxarır və satirik
şəkildə tənqid hədəfinə çevirir.
C.Məmmədquluzadənin lirik "qəhrəman"ı
Seyid Əzimin ülvi hisslərlə yaşayan estetik "mən"i
deyil, aşiq obrazı funksiyasından uzaqlaşmış
ictimai idealların daşıyıcısına çevrilən,
mənfi çalarlarla yüklənmiş "mən"dir.
Satirada müəllif qayəsinə uyğun olaraq estetik idealla
ictimai ideal, həyat hadisələri
qarşılaşdırılır və antitezalığa
yol açır. Seyid Əzimin "mən"i
düşdüyü bəla və möhnətin
ağırlığını dərk edib onunla yaşayan bir
dərdli aşiqdirsə, Mirzə Cəlilin "mən"i
isə mövcud situasiyanı, onun siqlətini anlamayan ifşa
obyektidir. Əsasən bu üsulla
yaradılan perifrazlardakı personajların danışıq
aktında zəmanədən şikayət, keçmiş
günlərə həsəd hissi, mübahisə və
qarşı tərəfə müraciət forması
aparıcı rol oynayır. C.Məmmədquluzadə
məhz bu ədəbi priyomu seçmişdir. Ədibin bu orijinal və maraqlı üslubu ictimai
qüsurları, cəmiyyətdəki çoxsaylı eybəcərlikləri
ifşa etmək üçün digər mollanəsrəddinçilərə
də geniş imkanlar vermiş və onlar da perifrazın
orijinal nümunələrini yaratmağa nail olmuşlar.
S.Ə.Şirvaninin zəngin lirikası parodiyalar
üçün əlverişli, effektli mənbələrdən
biri olduğu üçün C.Məmmədquluzadə dönə-dönə
şairin ədəbi irsinə müraciət etmişdir. O, "Yar ilə
görüşmək", "Keçən günlər"
adlı felyetonlarında klassik Azərbaycan şeirinin bədii
imkanlarından ustalıqla yararlanmışdır. "Yar ilə görüşmək" felyetonunun
epiqrafında Seyid Əzimin "Nə xoşdur bir zaman bir dilbərin
eşqində zar olmaq, Ümidi-vəsl ilə hicrində
müddət biqərar olmaq" misralarını vermişdir.
Qəzəlin digər beytləri nəsrlə
yazılmış mətnarası abzaslarda yer almış və
mövzu ilə tam uyarlıq yaradaraq vəhdət təşkil
etmişdir:
Yetib nagəh
visalə, kamə yetmək çərxi-kəcrudən,
Dolanmaq başına, şayisteyi-busəkənar olmaq.
Yazıçı bu misraları o məqamda işlədir
ki, "Tamam üç aydır ki, məktəblər
bağlı, küçələr boş, cavanlarımız
sərgərdan, balaca məhbublardan ayrı düşüb, Məcnuntək
biixtiyar veyillənməkdə idilər" ("Molla Nəsrəddin",
1906, ¹23). Yazıçının "qəhrəman"ı
Füzulinin dərdli aşiqi, təmiz və saf məhəbbətlə
sevən Məcnun obrazı deyildir. O, insani hisslərdən
uzaq, əxlaq və mənəviyyatca kasad olan mənfi bir
tipdir. Müəllif hədəfə
götürdüyü satirik obrazı ifşa məqsədilə
Məcnun obrazına bənzətmiş və beləliklə,
kinayəni daha da dərinləşdirərək sarkazma
yüksəltmişdir. Deməli, obraz
öz həqiqi dominantlığından tamamilə
uzaqlaşdırılaraq mənfi çalarla yüklənmişdir.
C.Məmmədquluzadənin "Keçən günlər"
felyetonunda yazıçının mətnə orijinal və
yaradıcı münasibəti bütün
aydınlığı ilə görünür. Mətnin sonunda yer alan "Ey könül" rədifli satirik
şeir müəllifin özünə məxsusdur. Yenə də
Şirvaninin aşiqanə-lirik qəzəlinin ecazkar məna
yükünü satirik səmtə yönəldən ədib
dövrün daha bir ağrılı problemini - qadın
azadlığını gündəmə gətirmişdir:
Ta
keçəl-küçəllər oldu indi yarın, ey
könül,
Qarə oldu yar əlindən ruzigarın, ey könül.
Yüz cəfa gördün, vəli bir gəz kifayət
etmədin.
Hər sifatından xəcilsən nazlı yarın, ey
könül.
Nə
ümid ilə genə millət sənə vermiş fərib
Kim, fərəhnak olmusan, yoxdur qərarın, ey
könül?
("Molla
Nəsrəddin", 1906, ¹24).
C.Məmmədquluzadə felyetonda həyatdan
götürülmüş sadə hadisələr fonunda
böyük mətləbləri açıb göstərməyə
müvəffəq olmuşdur. Problemin kökündə
Azərbaycan qızlarının savadsızlığı, elmə,
mədəniyyətə meyl etməməsi və bunun
acınacaqlı nəticələri paralellər əsasında
oxucuya çatdırılır. Yazıçı
öz həmvətənlərinin başqa xalqların
qızları ilə müqayisədə geri
qaldığını təəssüf hissi ilə bildirir, hətta
onları abbası ilə şahını ayırd etməkdə
çətinlik çəkdiklərinə görə ittihamlandırır
və bunların hamısının əsasında elmsizliyin
dayandığını ironik bir dillə izhar edir.
Cəlil Məmmədquluzadənin
yaradıcılığına önəm verdiyi və
müraciət etdiyi sənətkarlardan bir də S.Ə.Nəbatidir. Ədib məqsədli şəkildə
aşiqanə - lirik, romantik və dini mövzularda qələmə
alınmış nəzm əsərlərinə satirik təhzillər,
parodiya və bənzətmələr yaratmaq üçün
klassik şairlərin yaradıcılığından bir fon kimi istifadə etmişdir. Bu
baxımdan Nəbati lirikası da Mirzə Cəlilin satirik
şeirlərinin ərsəyə gəlməsində və əsas
missiyanın həyata keçirilməsində mühüm rol
oynamışdır. Ədib özünün məşhur
"İranın Batum konsuluna başıbağlı məktub"
adlı siyasi felyetonunda Əbülqasım Nəbatinin "Get
dolangilən xamisən hənuz" şeirinə satirik bir bənzətmə,
parodiya şəklində yazdığı nəzm
parçasını əlavə etmişdir. Felyetonda
beynəlxalq aləmdə baş verən mühüm
ictimai-siyasi məsələlərdən bəhs edən
müəllif rus-yapon müharibəsini diqqət mərkəzində
saxlamaqla çarizmin məğlub olma səbəblərinə
toxunur, getdikcə güclənən inqilab
dalğasının İrandakı əks-sədasına,
xalqın siyasi şüurundakı oyanışına təsirindən
söhbət açır. Felyetonun ideya və
məzmun xətti ilə şeirin ruhu arasındakı
bağlılıq mətnin satirik boyalarını daha da
artırmış və iki janrın sintezi ilə orijinal bir
formanı reallaşdırmışdır. C.Məmmədquluzadə
şeiri lirik mahiyyətindən uzaqlaşdıraraq ona siyasi
mahiyyət vermiş və satirik ittihamı kəskinləşdirmişdir:
Get
dolangilən, xamisən hənuz,
Konsul olmağa çox hünər gərək.
Sən
görən deyil Ənzəli, Zünuz
Böylə işlərə baxəbər gərək.
Keçdi
ol zaman padşahdınız,
Padşah
nədir, qibləgahdınız,
Həmşərilərə
bir Allahdınız,
İndi bəsdi
ta, ta yetər gərək!..
("Molla
Nəsrəddin", 1906, ¹39).
Nəbati
şeirindən bir fon kimi yararlanan C.Məmmədquluzadə
yalnız forma-struktur özəlliklərini, vəzni
şaxlamış, lakin əsərə tamamilə yeni ideya və
ictimai-siyasi çalar vermişdir.
C.Məmmədquluzadənin
yaradıcılığında onun "Molla Nəsrəddin"
jurnalında dərc etdirdiyi ümumi faktlı felyetonları
xüsusi yer tutur. Bu felyetonların əsas mövzusunu
ictimai-siyasi məsələlər, azadlıq, vətənpərvərlik,
ana dili kimi önəmli və taleyüklü problemlər təşkil
edir. Felyetonların ideyasında isə doğma xalqın
milli istismara, zülm və əsarətə,
haqsızlığa qarşı barışmazlıq, birlik,
ana dilinin
saflığını, təmizliyini qorumaq məsələləri
dayanır. Yazıçının "Axund ilə
keşişin vəzi" felyetonunda da həmin ideya aparıcıdır.
Felyetonda C.Məmmədquluzadə xalqın
taleyinə biganə olan, vətənini sevməyən axundun mənəvi
yoxsulluğunu, şəxsi mənafeyini ümumi mənafeyindən
üstün tutmasını antitezalıq yaratmaqla ifşa edir,
tənqid hədəfinə çevirir. Müəllif
fikri felyetonun sonunda verilən satirik şeirdə
funksionallaşır:
Ey aridən
ari bala, mərdanə utanma!
Hər ləhzədə
ol sakini-çayxanə, utanma!
Çıxma
eşiyə sel tuta gər dam ilə daşı,
İç
çayuvi, çək tiryəküvi, böyrünü
qaşı,
Yanında
oturmuşlar əgr olsa da naşi,
Ver
tüstüsünü onlara məstanə, utanma!
Yüz zəhmət
ilə qonşuların elmi tapanda,
Sən
alim olursan gedib asudə yatanda,
Sən
eyş qıl, onlar toza-torpağa batanda,
Get
yarü rəfiq ilə gülüstanə, utanma!
("Molla Nəsrəddin", 1906,
¹14).
C.Məmmədquluzadənin
yaradıcılığına böyük dəyər verdiyi
satirik şairlərdən biri də Mirzə Ələkbər
Sabirdir. O,
"Molla Nəsrəddin"də dərc etdirdiyi
felyetonlarının xeyli hissəsində Sabir satiralarından
istifadə etmiş, onların birgə fəaliyyəti olduqca
uğurlu alınmışdır. C.Məmmədquluzadə
ilə Sabir yaradıcılığını bir-birindən
janr xüsusiyyətləri ayırsa da, lakin onları bir araya
gətirib birləşdirən ideya, məslək və əqidə
birliyi var idi. Məhz elə bu məqsədlə də ədib
"Niyə mən dərsdən qaçdım?", "Tərəqqi
əlamətləri", "Qoloşapovun geri
çağırılması", "Qarnıyoğunlar",
"Həmşəri" felyetonları Sabirin "Ol gün
ki, sənə xaliq edər lütf bir övlad", "Bilməm
nə görübdür bizim oğlan oxumaqdan?!", "Etdi
bu fələk hər kəsə bir tövr yamanlıq",
"Hər nə versən ver, mabada vermə bir dirhəm zəkat",
"Nolur şirinməzaq etsə məni həlvayi-hürriyyət",
"Zahida, gəl soyunaq bir kərə
paltarımızı" kimi satirik şeirləri ilə eyni
mətndə yer almış, bir-biri ilə məzmun və
ideya tamlığı, bütövlük
yaratmışdır.
C.Məmmədquluzadə satirik şeirlər yazmaqla
yanaşı, həm də "Molla Nəsrəddin"
şeir məktəbinin əsas istiqamətlərini
özünün jurnalda dərc etdirdiyi qeydlərində
göstərirdi. O, əsasən mollanəsrəddinçilər
qarşısında aşağıdakı tələbləri
qoyurdu:
1.
Açıq türk dilində (Azərbaycan), sadə və
anlaşıqlı yazmaq
2.
İdeya və məzmun zənginliyi yaratmaq
3. Tənqidi-satirik
üslubu gözləmək
4.
Müasirlik ruhu, zəmanənin nəbzini tutmaq
5.
Yığcamlıq və lakonikliyə əməl etmək
6. Təkrarçılığa
yol verməmək.
Bu prinsiplər pozulduqda, qarşıya qoyulan tələblərə
əməl olunmadıqda yazılar jurnalda dərc edilmirdi. Bu baxımdan jurnalın
"Poçt qutusu"nda böyük satirik Sabirə
ünvanlanan "Bu səfərki şeiriniz çap
olunmayacaq, çünki təkrardır", Əli Raziyə
"Yazılan şeirlər bir az
qıjqırıbdır", Məmmədəli Sabit Manafzadəyə
"Xoşumuza gəldiyi üçün çap etməyib
idarədə saxladıq" kimi cavablar jurnaldakı bədii
keyfiyyətin yüksəkliyindən və tələbkarlıqdan
xəbər verirdi. Şübhəsiz ki, bu prinsiplər
"Molla Nəsrəddin"də yer alan
lirik üslublu tənqidi şeirləri klassik Azərbaycan ədəbiyyatındakı
lirik şeirlərdən fərqləndirirdi.
C.Məmmədquluzadənin yaradıcılıqla bəhrələndiyi
ikinci mənbə şifahi xalq ədəbiyyatının zəngin
və tükənməyən xəzinəsidir. O, folklorun həm lirik, həm
də epik şəkillərinə müraciət etməklə
xalqla onun öz təfəkkürünə, düşüncə
tərzinə uyğun bir dildə danışmağı daha
məqsədəuyğun hesab edirdi. Ədib şifahi xalq ədəbiyyatının
atalar sözləri, məsəllər, müəmmalar,
mahnılar, bayatılar, nəğmələr, sayaçı
sözlər və s. kimi geniş yayılmış şəkillərindən
istifadə etməklə kəskin ictimai-siyasi problemləri
obrazlı və lakonik bir dillə oxucuya çatdırmağa
müvəffəq olurdu. C.Məmmədquluzadənin
əsrlərin sınağından keçmiş folklor
nümunələrinə istinad etməsinin başlıca səbəbi
həcmcə kiçik, lakin dərin məna tutumu, lakoniklik,
yığcamlıq, canlı xalq dilinin üslubi
çalarlarından yerli-yerində, məqamında istifadə
etmək zərurətindən irəli gəlirdi. C.Məmmədquluzadənin bu seçimi onun
üslubunda folklor elementlərinin təsirini
açıq-aydın göstərir.
O, xalq ədəbiyyatının
əsrlərcə stabilləşmiş satirik ənənələrindən
ustalıqla bəhrələnmiş, eyni zamanda, folklor
nümunələrinin fonu arxasından geniş ictimaiyyətə
çatdıracağı məsələləri daha azad və
sərbəst ifadə etmək imkanı əldə
etmişdir. C.Məmmədquluzadə xalq təfəkkürünün
qüdrətinə, onun ecazkar gücünə böyük
diqqət göstərərək "Molla Nəsrəddin"
jurnalının əksər nömrələrində elanlar dərc
edirdi: "Bir kəs müsəlman aləmində söylənən
nağıllardan, tapmacalardan hər nə bilirsə
aşağıdakı adresə göndərsin... Ümidvarıq ki, ədəbiyyat və
lisanımıza xidmət etmək üçün hər kəs
bildiyini yazmaqdan müzayiqə etməz" ("Molla Nəsrəddin",
1908, ¹51).
C.Məmmədquluzadə folklordan həm müstəqim,
həm məqsəd və məramına
uyğunlaşdırılmış şəkildə, həm
də özünün yaratdığı formada istifadə
etmişdir.
O, "Keçən günə gün çatmaz" xalq məsəlini
məşhur "Keçən günlər" felyetonuna
epiqraf seçmişdir. Ümumiyyətlə,
C.Məmmədquluzadə öz
yaradıcılığında çoxlu sayda atalar sözlərinə
müraciət etmişdir. Onun
yaradıcılğında müəmmalar da xüsusi yer
tuturdu.
C.Məmmədquluzadə bu janrlı əsərlərini
mollanəsrəddinçilərə "tap görüm"
müraciəti ilə ünvanlayırdı. Bu baxımdan Əli Məhzuna
("Yetim cücə") xitabən qələmə
aldığı müəmma diqqəti cəlb edir:
Yorğan
ağırdı, göz yuxulu,
Bədən süstdü, gözü
açılır-yumulur.
Deyən
dəyənəkdi, çomaqdı,
Demə
vuranlar axmaqdı,
Tap
görək "Yetim cücə".
Şifahi və yazılı ədəbiyyatda işlək
bir formaya çevrilən müəmmalar ədibin
yaradıcılığında kəskin ictimai-siyasi xarakter
daşıyaraq satirik məqamın güclənməsinə
xidmət etmişdir. Məlumdur ki, müəmmaların səciyyəvi
əlaməti onun hər hansı bir şəxs, məfhum və
yaxud hadisə haqqında metaforik, gizli mənanı öz dərin
qatlarında gizlətməsindədir. Yazıçı
mövcud cəmiyyətdə qadınların hüquq və
azadlıqlarının pozulmasını digər janrlı əsərlərində
olduğu kimi müəmmalarda da satirik bir dillə izhar
etmişdir. Bu, onun Şərq
qadınını azad və bərabərhüquqlu görmək
istəyindən irəli gəlirdi. Yazıçı
oxucunun diqqətini "O nədir ki?" sualı ilə bu
önəmli məsələyə yönəldir:
Gündə
döyər atası,
Alar
başına tası,
Abbasını
iki şahı bilib xərclər,
İki şahını da abbası?
("Molla Nəsrəddin", 1906,
¹24).
Əziz
Mirəhmədov C.Məmmədquluzadənin folklor örnəklərindən
istifadəsini yüksək dəyərləndirərək
yazır: "C.Məmmədquluzadənin istifadə etdiyi mənbə
üzərində yaradıcılıq işi cürbəcürdür.
Gah kədər ifadə edən aşiqanə şeirə məsxərə
ruhu verilir, gah lirik tərənnüm ruhunda yazılan şeir
istehza bildirən şeir olur, gah vüqar dolu, şən, oynaq
şeir ürəkdən tikan çıxardan
ifşaçı bir şeirə çevrilir, gah da nəsihətamiz
didaktik şeirdən ciddi, tənqidi şeir əmələ gəlir..."
(Əziz Mirəhmədov).
C.Məmmədquluzadə xalq mahnılarından
dövrün ictimai eyiblərini, qüsurlarını göstərmək
məqsədilə istifadə etmişdir. O, "Dərədə
yatmış idim" misrası ilə başlayan xalq
mahnısını lirik mahiyyətindən uzaqlaşdıraraq
dövrün ictimai bəlasına çevrilən
süstlüyə, ətalətə, fəaliyyətsizliyə
qarşı bir satirik vasitə kimi göstərməklə
insanları dinamik fəaliyyətə səsləyir:
Dərədə
yatmış idim, oyatdılar, oyanmadım,
Burnuma tikanları uzatdılar, oyanmadım.
Bomba
parta-partnan, top atdılar, oyanmadım,
Saqqalımdan
bir ovuc qopartdılar, oyanmadım,
Müxtəsər, hər bir əməl
çıxartdılar, oyanmadım.
("Molla
Nəsrəddin", 1906, ¹30).
C.Məmmədquluzadə xalqın rəngarəng və
zəngin söz xəzinəsinin bütün məqamlarına
müraciət etməklə öz satirik
yaradıcılığının boyalarını, məna
çalarlarını zənginləşdirməyə müvəffəq
olmuşdur.
O, Azərbaycan ədəbiyyatı tarixində satirik sənətkar
kimi qərarlaşsa da, yaradıcılığında xalq ədəbiyyatının
lirik ricətlərindən məharətlə istifadə etməklə
məqsəd və məramını oxucuya daha asan və
anlaşıqlı bir dillə çatdıra bilmişdir.
Cəlil Məmmədquluzadənin jurnalda dərc olunan bu
satirik əsərləri öz dinamikliyi, rəngarəngliyi və
məna tutumu ilə oxucu rəğbəti qazanmış,
böyük bir hərəkata stimul vermiş və "Molla Nəsrəddin"
ədəbi məktəbinin yaranmasına, təşəkkülünə
və formalaşmasına yol açmışdır.
Gülbəniz BABAYEVA
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat
İnstitutu Mətbuat tarixi və
publisistika
şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə
doktoru
525-ci qəzet.-
2020.- 11 yanvar.- S.20-21.