Bəmbəyaz keçiddə

 

hekayə

 

... Neçə vaxdan bəri işə-gücə başım elə qarışmışdı ki, Baxış müəllimə telefon açıb, quruca da olsa, salam verib hal-əhval tutmağa macal tapa bilməmişdim. Burası da var idi ki, Baxış müəllim deyilən şəxs işim keçən adamlardan idi.

Fikirləşirdim ki, bəlkə də kişi məndən inciyib. Belə düşüncəli vaxtlarımda telefonum zəng çaldı. Baxış müəllim idi.

Bir müxtəsər hal-əhvaldan sonra məni uzun illər yaşadığı evinə ərklə dəvət elədi.

Dediyi vaxtda kişinin nişan verdiyi ünvana yollandım. Özü, elə həyat yoldaşı da məni çox xoş qarşıladılar. Qısa nə var-nə yoxdan sonra Baxış müəllim üzünü mənə tutub bir qədər incik tərzdə soruşdu:

- İcmaric yollamışdım, nəsə səndən bir xəbər-ətər gəlmədi, nə oldu bəs?..

Baxış müəllimin bu sözlərindən sonra mən də:

- Ay Baxış müəllim, eşitməmiş olmazsınız, "gec olsun, güc olsun" deyib atalarımız. Heç elə iş olarmı ki, sizin tapşırığınızı qulaqardına vurum?! - deyə cavab verdim. - Hər şeyi diqqətə almışam, yaxın zamanlarda başa gəlib tamamlanar, inşallah, sizə də xoş sorağı çatar.

- Çox çəkdi, axı dediyin o xoş xəbəri biz çoxdan eşitməliydik. - Baxış müəllim umu-küsüyə davam elədi.

- İnanın, gücüm çatan qədər çalışıram.

- Bilirəm, çətinliklərin olduğunu da deyiblər...

Baxış müəllim sözünə bir qədər ara verəndən sonra:

- Dəyanət səndən narazılıq edirdi, deyirdi, işləri bilərəkdən yubadırsan, - deyəndə daha hövsələmi basa bilmədim:

- Oğlunuz Dəyanətin nəsə məndən xoşu gəlmir. Baxış müəllim, yəqin məni sizin gözünüzdən salmaq istəyir, - deyərək qəti etirazımı bildirdim.

Bu zaman kişinin bayaqdan bizim söhbətimizə dinşək kəsilən, ilk baxışdan ədalı görünsə də, həmişə üzügülər arvadı Xatirə xanım sözə qarışdı, oğluna qahmar durub:

- Yox, yox, elə deməyin iş-güc onu əldən salıb. Dəyanət çox yorulur, ona görə də evə əsəbi gəlir, bəzən heç atasının da üzünə baxmır. Dilucu salam verib keçir yataq otağına, sonra da nərildəyə-nərildəyə...

Bu məqamda Baxış müəllim Xatirə xanımı sözünü tamamlamağa qoymadı, az qala ağlamsınaraq arvadının sözünü yarımçıq kəsdi:

- Nə vaxtdır ki, dilinə ev xörəkləri dəymir. Üst-başından da kolbasa, sosiska qoxusu gəlir, gərək belə olmayaydı, mənim oğlum gərək bu günə qalmayaydı. - deyərək vaysındı.

Kişinin bu halına acıyıb canıyananlıqla, amma əslində, söhbətin bu yöndə davam etməsini istəmədiyim üçün:

- Bəlkə mən də işə qarışım bir, onun kimlərlə oturub durduğunu öyrənib, sizi agah edim. Bəlkə bir faydası oldu, - deyərək öz xeyirxah niyyətimi oğulları sarıdan pərişan olan ata-anaya çatdırdım.

Kişi təlaşa düşüb tezcə dilləndi:

- Yox, yox, qətiyyən lazım deyil, onsuz da bilirsən, səndən xoşu gəlmir, işlər bir az da korlanar, qarışma, sən Allah, sən qarışma. Çalış ondan bir az da uzaq dolan, yoxsa...

Baxış müəllim nədənsə sözünün ardını gətirmədi.

Araya qəribə bir sükut çökmüşdü. Baxış müəllim handan-hana əhvalını düzəldirmiş kimi məni bu yaxınlarda qurulub başa gələn, indiyəcən görmədiyim təzə evinə dəvət elədi. Üstəlik, bəzi tanış-bilişlərin də orada olacağını bildirdi. Ehtiram göstərib məni ağırlayaraq, təzə evinə çağıran, həm də görünür, dəvət etdiyi digər qonaqlarına, dostlarına da təqdim etmək istəyən bu mötəbər kişinin başına yığışanlar da, yəqin ki, özünə tay şəxslər olardı. Hər halda, mən bu fikirdəydim. Ancaq təzə evə hədiyyə ilə gedərlər axı! Mən bunu nəzakətlə kişiyə xatırlatmaq istədim: - Dəvətinizə görə sağ olun, əlbəttə, gələrəm, həm də necə lazımdırsa, - deyərək sanki onun israr etməyini gözləyirmiş kimi susub durdum. Bu hərəkətimdən xoşlanan Baxış müəllim ləngərlə oturduğu qoltuqda yerini bir az da rahatlayıb ağayana tərzdə:

- Mənə qulaq as, sənin bizim yolumuzda zəhmətin çoxdu. Evimdə, əziz gündə dost-tanışımın arasında, məclisin yuxarı başında oturmaq sənin halalca haqqındı. Odur ki, hədiyyə-filan haqqında düşünmə... Biz ora elə indi də gedə bilərik, əslində. Hə, gedək, gedək! - deyib qəfildən ayağa durdu. Arvadını səsləyib, onu da tələsdirərək: - Sən də bizimlə gedəcəksən, əlli tərpən, yola çıxırıq, yubatma bizi - deyib hamımızdan qabağa düşüb irəli yeridi.

Etiraz edə bilmədim, "nə olar, gedək deyirsiz gedək də" söyləyib kişinin ardınca həyətdən çıxdım, arvadı da tələm-tələsik hazırlanıb arxadan gəlib bizə yetişdi.

Bir anlıq nəzərlərim kişinin oğlunu axtardı. Dəyanət yəqin evdə yox idi. Ya bəlkə də yatmış, hələ yatağından qalxmamışdı. Əgər o da bizimlə birlikdə gedəsi olsaydı, işim çox fəna olacaqdı. Oğlanın gözə dəyməməsindən ürəyimdə çox sevindim.

Beləliklə, Baxış müəllimin təzə evinə yollandıq.

Maşına oturub yeni məhəllənin salındığı səmtə tərəf bir xeyli yol getmişdik ki, qarşımıza bir çay çıxdı. Burada torpaq yolun başında üç-dörd nəfər dayanmışdı. Elə bil bizi gözləyirdilər. Baxış müəllim sürücüyə "saxla" deyərək qapını açanda o adamlara ötəri göz gəzdirdim, tanış gəlmirdilər. Kişi maşından düşən kimi yolun kənarında durub gözləyən o adamlar bir-birinin dabanlarını basa-basa irəli yeriyib onunla ikiəlli görüşdülər. Aralarında bir kimsə mənə məhəl qoymadı. Yolüstü rastlaşdığımız bu adamlar da bizə qoşuldu, Baxış müəllim irəlidə, arvadı və mən də ardınca təpəni enib çaya çatdıq. Çox da dərin olmayan çayın üstündə ayaq körpüsü belə yox idi. Öz-özümə düşündüm ki, bir işim də artdı. Baxış müəllim indi mənə bu çayın üstündən bir körpü salmağı da tapşıracaq...

Bir-bir çayı keçməyə başladıq. Nədənsə mən lap qabaqda keçib əsas yola çıxdım. Baxış müəllim də gəlib keçdi, hətta məni ötüb bir qədər irəli getdi. Arvadı isə arxada qalmışdı. Suyu keçərkən ayağı büdrəyən bu işvəli xanımın onunla yanaşı gələn bir kişinin qucağına "yıxılmaqdan başqa çarəsi" qalmadı. Elə o yad kişinin qucağındaca ərinə, Baxış müəllimə tərəf çevrilib heç nə olmayıbmış kimi:

- Baxış, əzizim, bu kişinin kürəyinə (qucağına yox haa...) minmək məcburiyyətində qaldım, beləcə gəlsəm məni bağışla haa, incimə - dedi.

Baxış müəllim geriyə, arvadı gələn səmtə çevrilib çarəsiz bir tərzdə:

- Qurbanın ollam, necə gəlirsən gəl, ancaq gəl çıx, - deyə yarınəfəs bir aslan kimi inildədi.

Yüksək məqamlı bir kişinin arvadı üçün belə "cani-dildən" vaysınması mənə təəccüblü gəlsə də, ancaq nə isə qəribə bir təsir də bağışlamışdı. O an "Həə, hansı məqamda, kim olursan ol, gərək arvadı bax belə istəyəsən", - deyə düşündüyümü də gizlətmirəm.

Gəlib daha bir sərt dikdirə çatmışdıq. Buradan o yana yoxuş başlayırdı. Ürəyimdə, fikirləşirdim ki, görən bu kişiyə nə olub ki, belə gediş-gəliş çətin yerdə, özünə təzə ev-eşik qurub? Hələ ki, sualıma cavab tapa bilmirdim. Beş-on addım atmışdıq ki, qabağımıza pilləkənlər çıxdı. Mən pillələri aramla qalxırdım. Baxış müəllim məndən irəlidə gedirdi. Arxadan baxanda kişinin səliqə ilə daranmış saçlarının seyrəldiyini hiss etdim. Düşündüm ki, axı, bu kişinin saçları, aradan o qədər də çox keçməyən, ötən görüşümüzdə çox sıx və qapqara idi, nə oldu buna... Deyəsən, kişiyə yazığım gəlməyə başlamışdı.

Bu minvalla yavaş-yavaş qalxırdıq. Pillələr dar və nazik dəmirdən idi. Qabağımıza kənd-kəsək ab-havasına uyğun, ağac-uğac tör-töküntüsündən quraşdırılmış daxma çıxdı. Daxmanın həyətində bir neçə yerdə ocaq tüstülənir, ocağın üstündə buğda yarması qaynayır, göy tərədən kətə də bişirdi. Yan-yörədə üç-dörd qadın həvəslə çalışırdı. Yaxınlaşıb qazançcadan özümə qulplu camda bir qədər yarma çəkib götürdüm. Ancaq heç dadmadım da. Fikirləşdim ki, pilləkənin başına çatandan sonra oturub dincimi alar, yeməyimi də qabağıma qoyub rahatca, iştahla yeyərəm.

Yan-yörəmdəkilər isə əl atıb sağdan-soldan götürdüklərini acgözlüklə təpişdirir, az qala çeynəmədən ötürürdülər...

Axır ki, pilləkənləri qalxıb təpənin belindəki meydançaya çıxdıq. Baxış müəllim çiyni üstdən mənə tərəf çevrilib:

- Sən bu kişilərlə bir az məşğul ol, sənə nə edəcəyini deyəcəklər, sonra bizə, evə gəl. Ev çox uzaqda deyil, bir az irəlidədir, ancaq yolu azacıq palçıqdır. Birtəhər keçib gələrsən, - deyib yeyin addımlarla aralandı.

Yaman yerdə axşamlamışdım.

Baxış müəllimin mənə tapşırdığı, tanımadığım bu şəxslərə xeyli vaxt sərf edəsi oldum. Kişilər özlərini mənə əməlli-başlı tanıdıb, Baxış müəllimdən, "üzləri gəlmədiyi üçün", dillənib istəyə bilmədiklərini bitdə-bitdə kürəyimə "tikdilər"...

Kişinin tapşırdığı adamlarla işimin bitdiyini zənn edərək yanımı bir daşa söykəyib yemək götürdüyüm, içində buğda yarması olan qulplu camı qabağıma qoydum. Elə qaşığa təzəcə əl atmışdım ki, bir az əvvəl bəs deməyib yemələrinə rəğmən təzə tanışlarım: "Amandı, bizi də nəzərə al ha, acıq", - deyə yer-yerdən dillənib mənə yaxınlaşdılar. Zalım uşağının bu azacıq halal payımda da gözləri varmış. Payımı bölüşdürməsəm, hökmən bədxahlıq edəcəkdilər, bilirdim. Çarəm nəydi, canıma əziyyət verib üzü yoxuşa əlimdə daşıdığım camı onlara tərəf itələyib: - Alın, götürün, bu da sizin olsun, - dedim.

Yeni "tanışlarımdan" birtəhər yaxamı qurtarıb irəli yeridim, bayaq Baxış müəllimin nişan verdiyi döngəyə çatdım. Yol doğrudan da azacıq palçıq idi, ancaq keçilməz deyildi. Kənardan yolun sağ tərəfində təqribən adam boyu dərinlikdə bir quru arx keçirdi. Asta-asta, əmin arxayın ötüb keçdiyim məqamda getdiyim yolun sağ tərəfindən iki çəlimsiz it peyda olub arxdan tullanıb qaçaraq, həm də arada bir ağız hürə-hürə yaxınlaşıb, azca aşağı tərəfdə mənimlə bərabər getməyə başladılar. Ətrafa göz gəzdirdim, əlimə keçəsi quru çubuq da gözümə dəymədi. Uzaqda, üzünü o zaman bəlkə də görmədiyim, ya da indi heç cür xatırlamadığım bir qadın dayanmışdı.

O, mənə tərəf səslənib: - İtləri daşla! Daşla vurub qov onları, yoxsa səni qaparlar, - deyə xəbərdarlıq etdi. İtlər yeridiyim cığıra qalxmasalar da, çoxdan suyu qurumuş arxla irəli qaçır, məni ötüb keçməyə çalışırdılar. Bir neçə dəfə əyilib yerdən daş-kəsək, əlimə hər nə keçdisə, götürüb onlara tərəf tolazladım. Atdıqlarımdan itlərə dəyəni də oldu, yan keçəni də. Biri artıq arxada qalmışdı. Ancaq o biri əl çəkənə oxşamır, elə hey zəhlətökən bir tərzdə üstümə mırıldanır, gah da qeyzlə hürürdü. Yerə əyildim, bu dəfə götürüb atdığım daşın zərbəsindən zarıyıb arxın dibinə yuvarlanan bu həyasız it, axır ki, alaq-ulağın arasında görünməz oldu.

Nəhayət, quru arxın əks tərəfində ikimərtəbəli, enli aynaları olan evi gördüm. Əlbəttə ki, bu, Baxış müəllimin evi olmalı idi. Arxı rahatca keçib evə yaxınlaşdım. Evin açıq şüşəbəndinə nəfis xalçalar döşənmişdi. Birinci qatdakı geniş salonun ortasında qoyulmuş dəyirmi masa iri aynada elə uzaqdan da aydınca görünürdü. Masanın ətrafında evin sahibi ilə yanaşı, bir neçə şəxs oturmuşdu. Ancaq kimliklərini hələlik dəqiqləşdirə bilmədiyim bu şəxslərin sənət haqqında qızğın söhbət etdiklərini uzaqdan eşitdim. Hətta öz-özlüyümdə çox hörmətli Baxış müəllimin bu sənət adamlarını mənim gəlişim şərəfinə dəvət edib topladığını da düşündüm. Ancaq tez də yanıldığımı anladım. Baxış müəllim heç mənə məhəl qoyana oxşamırdı.

Şüşəbəndin divara bitişik tərəfində də sıra ilə bir xeyli adam oturmuşdu. Adamların arasında həmyerlim Şərifi tanıdım. O, yerindən qalxmadan gülə-gülə, özünə məxsus ərkyanalıqla:

- Ay müəllim, nə qəşəng gödəkçən var, yəqin təzə almısan, - deyə soruşdu.

Ani olaraq üst-başıma göz gəzdirdim. Əynimdə qəhvəyi rəngdə hardasa bu yaxınlarda aldığım təzə gödəkcə vardı. Biixtiyar əlim düymələrin üstündə gəzdi. Nədənsə onu əynimdən çıxarıb üzbəüz divarın dibində, yerdən qoyulmuş qədimi asılqana keçirmək istədim, ancaq duruxub qaldım. Gözüm geniş pəncərədən uzanan, bayaq gəldiyim yola dikildi. İtlər yenə də həmin arxın üstündə var-gəl edir, arada bir qədər əvvəlki kimi cürbəcür səslər çıxarırdılar. Yəqin ki, növbəti "ov" gəlməli idi. Hər şey gün kimi aydın olsa da, artıq axşamın alatoran qaranlığı ətrafı sarırdı. Gözümü pəncərədən çəkə bilmirdim. Səmada isə on dörd gecəlik Ay sanki mənə göz vurub gülümsəyirdi.

 

Şabran.

16 avqust 2013-cü il

 

Novruz NƏCƏFOĞLU

 

525-ci qəzet.- 2020.- 11 yanvar.- S.18.