Məqamın monoloqu

 

AMEA-nın MÜXBİR ÜZVÜ TEHRAN ƏLİŞANOĞLUNUN 60 YAŞI TAMAM OLUR

 

Tehran Əlişanoğlu - Mustafayev Tehran Əlişan oğlu tanınmış ədəbiyyatşünas-alim, tənqidçi və publisistdir. O, AMEA-nın müxbir üzvü (2017), filologiya elmləri doktoru, professordur.

T.Əlişanoğlu Azərbaycan Dövlət Universitetinin (BDU) filologiya fakültəsini bitirib (1978-1983), orta məktəb müəllimi işləyib (1983-1989), AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda elmi işçi (1989-2006) olub, 1994-1996-cı illərdə Futurologiya İnstitutu (1994-1996) və Bakı Slavyan Universiteti filologiya fakültələrinin müəllimi kimi çalışıb. 2001-ci ildən BSU-da Azərbaycan ədəbiyyatı kafedrasının əməkdaşıdır.

O, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aspiranturasında təhsil alıb (1985-1989). "Azərbaycan sovet ədəbi tənqidinin üslubları (1960-1980-ci illər)" mövzusunda filologiya üzrə fəlsəfə doktorluğu (1990), "XX əsr Azərbaycan nəsrinin poetikası" mövzusunda elmlər doktorluğu dissertasiyaları müdafiə edib (2005).

Publisist kimi də fəaliyyət göstərib. AYB-nin "Ədəbiyyat qəzeti"ndə baş redaktor müavini vəzifəsində (1996-2004) çalışıb. Onun mətbuatda yazıları 1981-ci ildən dərc olunur.

Tehran Əlişanoğlunun tədqiqat obyekti əsasən XX əsr Azərbaycan ədəbiyyatı və Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı, onların elmi-nəzəri və tənqid problemləri ilə bağlıdır. O, "Tənqid.net" jurnalının (2006) təsisçisi, baş redaktorudur. Alim "Yaşar Qarayev. Şəxsiyyəti və ömür yolu" adlı kitabını (Bakı, "Sabah", 1996) ustadı, AMEA-nın müxbir üzvü, professor Yaşar Qarayevə həsr edib.

T.Əlişanoğlu 14 kitab və 200-dən artıq məqalənin müəllifidir. Müəllif monoqrafik oçerkdə professor Yaşar Qarayevin ədəbiyyatşünaslıq irsinin elmi-nəzəri əsaslarına diqqət yetirib. "Əsrdən doğan nəsr / XX əsr Azərbaycan nəsrinin təşəkkül poetikası" / (Bakı, "Elm", 1999), "Azərbaycan nəsri sosializm realizmi çevrəsində" (Bakı, "Elm", 1999) və "Azərbaycan yeni nəsri" (Bakı, "Elm", 1999) monoqrafiyalarını "XX əsr Azərbaycan nəsrinin poetikası" (Bakı, "Elm", 2006) adlı tədqiqatında ümumiləşdirib. Həmin nəşrin elmi redaktorları AMEA-nın müxbir üzvü, professor Yaşar Qarayev və filologiya elmləri doktoru, professor Şirindil Alişanlıdır.

"Əsərdə Azərbaycan nəsrinin təşəkkülü və inkişafından bəhs olunub. Janrın XX əsrdə Azərbaycan ədəbiyatında tutduğu yer, üslub və növ zənginliyi, əsrin səciyyəsi, tipoloji müxtəlifliyi geniş tədqiqat materialları əsasında təhlil edilib, poetikası nəzəri analizə cəlb olunub. Monoqrafiya XX əsr nəsrinə bütövlükdə nəzər salmaq, bu nəsrin tarixini, inkişaf meyllərini, çağdaş milli və dünya ədəbiyyatı kontekstində mövqeyini, əhəmiyyətini öyrənmək baxımından gərəkli vəsaitdir".

T.Əlişanoğlunun "Əjdər Ol. Bir könül savaşı" kitabında (Bakı, "Nurlan") şairin yaradıcılıq portreti canlandırılıb, onunla "Rezonans" qəzetindəki müsahibəsi verilib, prozaya meylinin subyektiv əsasları ifadə olunub.

Ədəbiyyatşünas-alimin "Konsepsion və ya Nizami Cəfərovun ədəbiyyat mücadiləsi" monoqrafiyasının (Bakı, AzAtam, 2009) elmi redaktoru Əməkdar elm xadimi, professor Həmid İmanov, redaktoru Dəyanət Osmanlıdır. "Kitabda əməkdar elm xadimi, AMEA-nın həqiqi üzvü, Milli Məclisin üzvü, Azərbaycanda Atatürk Mərkəzinin müdiri, filologiya elmləri doktoru, professor Nizami Cəfərovun çoxsahəli fəaliyyətindən yalnız biri - ədəbiyyatşünaslıq çalışmaları diqqət mərkəzindədir. Müxtəlif illərdə qələmə alınmış oçerkləri eyni bir mövzu, eyni bir məqsəd: Nizami Cəfərovun Azərbaycan ədəbiyyatı tarixçiliyi konsepsiyasını açıqlamaq, milli ədəbiyyatşünaslığa töhfələrini şərh etmək niyyəti birləşdirir". Əsərdə "İdeoloji tarixi təcrübə, müasir tələblər, əməli iş", "Bir alim ömrünün tipologiyası", "Füzulidən Vaqifə qədər", "Konsepsion", "Struktural insan", "Bir dəfə yazılan yazı", "Nizami Cəfərovun ədəbiyyat baxışları" bölmələri verilib. Və "Müzakirə", "Sitatlar", "Yığcam resenziyalar", "Polemik", "Bir qısqanclığın tarixçəsi" yazıları əlavə olunub. Hər iki bölmədə akademik Nizami Cəfərovun ədəbiyyat sahəsində elmi-nəzəri və ideoloji fəaliyyətinin səviyyə göstəriciləri ifadə edilib.

T.Əlişanoğlu "Nəsrdə Qarabağ müharibəsinin aspektləri" monoqrafiyasını 2013-cü ildə yazıb. Bu sahədə Anar, Elçin, Sabir Əhmədli, Mövlud Süleymanlı, Aqil Abbas, Əli Əmirli, Ağarəhim Rəhimov yaradıcılığına üz tutub. Xüsusilə, A.Rəhimovun hekayə, povest və roman yaradıcılığındakı Qarabağ mövzusunu, onun ideya-məzmun və dil-üslub xüsusiyyətlərini aydınlaşdırıb.

Tehran müəllimin "Müstəqillik körpüsünü keçənlər" (Bakı, "Elm və təhsil", 2015) kitabında onun müstəqillik illəri Azərbaycan ədəbiyyatına dair yazıları özünə yer alıb, yazıçı, şair, ədəbiyyatşünas və tənqidçilər, ədəbiyyat adamları haqqında portret-oçeklər, yubiley yazıları, məqalə və ressenziyalar verilib.

Tehran Mustafayev 2016-cı ildə "Müstəqillik diskursu və müstəqillik dövrü ədəbiyyatı" (Bakı, "Elm və təhsil", 2016), "Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı" /iki cilddə/ (Bakı, "Elm və təhsil", 2016) kitablarını çap etdirib. Birinci kitabda  müstəqillik dövrü ədəbiyyatımızın poeziya, nəsr, dramaturgiya, tənqid və ədəbiyyatşünaslığına diqqət yetirilib. "Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı" fundamental tədqiqatında isə dövrün ədəbiyyatının təşəkkül prosesləri, formalaşması, inkişaf yolu və əsas yaradıcıları göstərilib. Nəşrin elmi redaktoru, akademik İsa Həbibbəyli, məsul redaktoru müxbir üzv Tehran Əlişanoğludur.

Alim birinci kitabda "Müstəqillik dövrü Azərbaycan ədəbiyyatının təşəkkülü" (akademik İ.Həbibəyli ilə), "Çağırış poeziyası", "Publisist kəsər", "Müharibə nəsri" (Dilarə Əliyeva ilə), "Keçid dövrünün mövzuları. Nəsrdə sosialçılıq", "Repressiya mövzusu" (Mənzər Hüseynova ilə), "Tarixin həqiqətləri", "Memuar ədəbiyyatı" (Mənzər Hüseynova ilə), "Gündəm mövzuları nəsrdə", "Realizmdən modernizmə" (D.Əliyeva ilə), "Yaradıcı gəncliyin nəsr axtarışları", "Dekadans şeirinin mənzərələri", "Şeir topluları və poetik kredolar", "Poeziyada nəfəs dəyişimi", "Ədəbi qruplar, poetik manifestlər", "1990-cı illərdə dramaturgiya və teatr" məqalələrini, ikinci cilddə isə "Yeni Azərbaycan obrazı", "Qarabağ mövzusunda müharibə romanları", "Realist-psixoloji romanlar" (L.Həsənova ilə), "Tarixi romanlar" (Gülnar Qəmbərova ilə), "Müstəqillik dövrü hekayəsinin inkişaf dinamikası", "Aqil Abbasın yazıçı-vətəndaş missiyası", "Səyyad Aran nəsrinin həqiqətləri", "Əjdər Ol. Könül savaşı", "Dramaturq və nasir Əli Əmirli", "Çağdaş ədəbiyyatda modernizmin gəlişməsi" məqalələri və "Nəticə" hissəsini çap etdirib. İkinci kitabda Azərbaycan ədəbiyyatının 2000-ci illər mərhələsinin ümumi səciyyəsi, inkişaf tendensiyaları və əsas yaradıcıları ifadə olunub.

Kitabda müxbir üzvün "Ədəbi-mədəni proses" (İ.Həbibbəyli ilə), "Müstəqillik dövrünün romanları" (L.Həsənova ilə), "Yeni Azərbaycanın obrazı", "Qarabağ mövzusunda müharibə romanları", "Realist-psixoloji romanlar" (Lalə Həsənova ilə), "Modernist-ekzistensial romanlar" (Lalə Həsənova ilə), "Tarixi romanlar" (Gülnar Qəmbərova ilə), "Müstəqillik dövrü hekayəsinin inkişaf dinamikası", "Aqil Abbasın yazıçı-vətəndaş missiyası", "Səyyad Aran nəsrinin həqiqətləri", "Əjdər Olun könül savaşı", "Dramaturq və nasir Əli Əmirli", "Çağdaş ədəbiyyatda modernizmin gəlişməsi" məqalələri çap olunub və "nəticə" hissəsi verilib.

T.Əlişanoğlu bu kitablarda Ulu öndər Heydər Əliyevin xilaskarlıq missiyasından, akademik İsa Həbibbəyli ilə birlikdə yazdığı müstəqillik dövrü Azərbaycan ədəbiyyatının təşəkkülü: ictimai-siyasi şərait, dövrün ədəbiyyatının qaynaqları, ədəbi-mədəni proses, mövzu və tendensiyalarından, Qarabağ müharibəsinin ədəbiyyatımızdakı inikasından, poeziya, publisistika və müharibə nəsrindən; 1990-2000-ci illərin nəsrindən, repressiya mövzusundan, memuar ədəbiyyatı, modernizm, yaradıcı gəncliyin nəsr axtarışlarından, ədəbi qruplar və poetik manifestlərdən; 1990-2000-ci illərin dramaturgiya və teatrından, habelə Yeni Azərbaycan obrazından; müstəqillik dövrünün hekayə və romanlarından, Aqil Abbas, Əli Əmirli, Səyyad Aran və Əjdər Ol yaradıcılığından bəhs edib.

Müəllif "Nəsrdə Qarabağ müharibəsinin aspektləri" (Bakı, "BQU nəşr", 2013) monoqrafiyasında tanınmış nasir və dramaturq Ağarəhimin (Ağarəhim Rəhimovun) yaradıcılığını geniş təhlil predmeti götürüb. Nəşrin redaktoru professor Nizami Məmmədovdur. Qeyd edildiyi kimi, "kitabda görkəmli nasir, dramaturq Ağarəhimin hekayə, povest, roman və pyeslərində Qarabağ müharibəsinin süjet və ricət, peyzaj və metafora, bədii obraz və portret, janr və kompozision və s. cəhətdən aspektləri araşdırılıb".

Müxbir üzv burada Ağarəhimin yaradıcılığındakı Qarabağ mövzusunu konkret münasibət və müdaxilə yönlərindən canlandırıb: erməni əsirliyi ("Gəlinqayada qoşa məzar"), əsgər anası ("Əsgər anası"), ziyalı mövqeyi ("Qoşa qanad"), Qarabağ müharibəsinin görünməyən tərəfləri ("İkili dünyam"), arxadan vurulan zərbə ("Canavar balası").

T.Əlişanoğlu Məqsəd Nurun redaktor olduğu "Azərbaycan, Azərbaycan" (Bakı, "Nurlan", 2005, 108 s.) kitabına esselərini, publisist düşüncələrini, elmi-tənqidi oçerklərini daxil edib. "Bütövlükdə kitabın predmetini və ideoloji mənbəyini dövlət ideologiyamız olan azərbaycançılıq təşkil edir. Orijinal yanaşma tərzi, üslubu, yeni fikirləri özündə ehtiva edən kitab ilk növbədə milli sabahımızın qurucuları olan gəncliyə ünvanlanıb".

Müəllif "Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun beş ili akademik İsa Həbibbəyli ilə" məqalələr toplusunda (Bakı, "Elm və təhsil", 2018) nüfuzlu elm təşkilatçısının son beş ildəki "ədəbi ictimai fəaliyyətindən, institutda həyata keçirilən elmi-təşkilati islahatlardan, ədəbiyyatşünaslıq elminin son nailiyyətlərindən, habelə akademikin ədəbiyyat tarixçiliyi, ədəbiyyat nəzəriyyəsi və ədəbi tənqid sahəsində əldə etdiyi böyük yaradıcılıq uğurlarından söz açılıb".

T.Mustafayev 1983-cü ildən müəllim işləyir. 1994-cü ildən ali məktəbdə pedaqoji fəaliyyətini davam etdirir. 2001-ci ildən Bakı Slavyan Universitetinin filoloji fakültəsinin müəllimidir, Azərbaycan ədəbiyyatı kafedrasının əməkdaşıdır. O, ali məktəblərdə dərslik, dərs vəsaitləri və proqramların müəllifidir. Tehran müəllim "Müasir Azərbaycan ədəbiyyatı" (2008),  "Folklor və ədəbiyyat", "Müasir ədəbi proses" (2013) proqramları və ali məktəblərin magistrləri üçün "Müstəqillik illəri Azərbaycan ədəbiyyatı" (2018) dərsliyini çap etdirib.

Tehran Əlişanoğlu zəhmətkeş ziyalıdır. Ədəbiyyatımızın dərin təəssübkeşidir. Susmaq onun vərdişi, qələmini danışdırmaq isə peşəsidir. Ardıcıl, fasiləsiz yazır. AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu "Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı" şöbəsinin müdiridir, institutun elmi-tədqiqat və elmi-təşkilati fəaliyyətinin gücləndirilməsində böyük əməyi vardır. O, Dünya ədəbiyyatı üzrə Əlaqələndirmə Şurasının sədridir.

16 yanvar 2020-ci ildə Tehran Əlişan oğlu Mustafayevin 60 yaşı tamam olur. Biz tanınmış ədəbiyyatşünas və tənqidçini yubileyi münasibətilə səmimi qəlbdən təbrik edir, ona möhkəm cansağlığı və böyük yaradıcılıq uğurları arzulayırıq.

 

Əlizadə ƏSGƏRLİ

AMEA Nizami adına Ədəbiyyat

İnstitutunun direktor müavini

 

525-ci qəzet.- 2020.- 11 yanvar.- S.17.