Həyata
"Teleskop"la baxış
və ya mistikadan
gerçəkliyə
Milli və
bütövlükdə Şərq teatr sənətinin
inkişafında özünəməxsus xidmətləri olan
qədim Naxçıvan teatrı yeni ili
teatrsevərlərə yeni sənət sevinci bəxş etməklə
qarşıladı.
Tanınmış
yazıçı-dramaturq, ictimai və dövlət xadimi
Elçin Əfəndiyevin on bir şəkil və iki epiloqdan
ibarət "Teleskop"
pyesi uğurlu səhnə taleyi ilə yaddaşlara yazıldı.
Qeyd etmək yerinə düşər ki, belə bir
tragikomediyanın səhnələşdirilməsi bir neçə
cəhətdən məsuliyyətli və çox ciddi bir
iş idi. Belə ki, müasir Azərbaycan
dramaturgiyasının zirvəsi sayılan İlyas Əfəndiyev
ədəbi irsini və ziyalılıq etalonunu təkrarsız
şəkildə yaşadıb özünəxas
çalarlarla zənginləşdirməklə Elçin olan
müəllif dünya səhnəsindən belə, sevilərək
izlənilən bir dramaturqdur. Eyni zamanda, tələbkar
Naxçıvan tamaşaçısı da Xalq
yazıçısının səhnə əsərlərinə
nabələd deyil. Bu teatrda dramaturqun "Mənim
ərim dəlidir", "Mənim sevimli dəlim",
"Ah, Paris, Paris", "Arılar arasında" pyesləri
uğurla tamaşaya qoyulub. Yazıçının XIX əsrin
əvvəllərinə aid tariximizi, o dövrdə baş verən
siyasi prosesləri əks etdirən "Baş" romanı
isə naxçıvanlı oxuculara "Oxunması zəruri
olan kitabların Siyahısı" ilə yaxşı
tanışdır. Müraciət olunan əsərin səhnə
quruluşunun Akademik Milli Dram Teatrda, Rus Dram Teatrında
reallaşması, Londonda keçirilən ikinci Beynəlxalq
"Buta" Azərbaycan incəsənəti festivalı
çərçivəsində ingilis dilində səhnələşdirilməsi,
Türkiyənin ən nüfuzlu festivallarından olan Bursa Beynəlxalq
Teatr Festivalında Akademik Milli Dram Teatrının ifasında
uğurla nümayiş olunması əsərə yeni
quruluş verəcək rejissorun məsuliyyətini birə-beş
artırırdı desək, yanılmarıq. Bütün
bunları nəzərə alan, özü
də peşəkar aktyorlarla yanaşı, gənc qüvvələrdən
də istifadə edən gənc rejissor Həcərxanım Məmmədova
belə bir çətin və məsuliyyətli işin
öhdəsindən layiqincə gələ bilib.
Tragikomediya maraqlı bir süjet üzərində
qurulub. Əsər avtomobil qəzası nəticəsində
komaya düşüb bu dünya ilə o dünyanın
arasında qalan birindən bəhs edir. Yəni
tamaşa hər kəsin maraq dairəsinə aid olan
ölümdən sonrakı həyat, özündən sonra həyatda
baş verənlərdən agah olmaq istəyi kimi bir mövzu
ilə cəlbedicidir.
Rejissor
tapıntısı və istedadlı aktyor heyətinin
uğurudur ki, həssas tamaşaçı ilk səhnədə
dərhal anlayır ki, xəstəxanada ölümlə
çarpışan Kişinin arvadının,
uşaqlarının, qayınanasının, dostu və
dostunun həyat yoldaşının vay-şivəni, əslində,
bir səmimiyyətsizlik şousu, oyun içində oyundur.
Cərəyan edən hadisələr dirilərin
yaşadığı Yer Kürəsi ilə mələklər
və ruhlar məkanı - Keçid Stansiyası arasında
sürətlə dəyişir, tamaşa tragikomik
situasiyanın dərinliyi ilə seçilir. Uğurlu səhnə
quruluşu, teatrın yüksək texniki imkanlarından istifadə
nəticəsində real həyatla mistik dünya - Yer və
Göy səhnələri ustalıqla, dinamik şəkildə
dəyişilir. Bu zaman-məkan kəsişmələri
nəticəsində tamaşaçı bəzən
özünü bir ruh kimi axirətdə - ağappaq
buludların üzərində, mələklər arasında,
bəzən də eybəcərlikləri də az olmayan real həyatda hiss edir. Bu
da insanın daxili, mənəvi ziddiyyətlərinin səhnə
təqdimatının düzgün həllidir.
Əsərin qəhrəmanı, ölüm
ayağında olan Kişi (Xalq artisti Rza Xudiyev) cənnət və
cəhənnəmin ərəfəsində infarktdan
dünyasını dəyişmiş birinci həyat
yoldaşı (Mehri Nəbiyeva) ilə qarşılaşır
və onun sayəsində bir çox həqiqətləri
üzə çıxarır. Tamaşa, əsasən,
bu iki baş qəhrəmanın dialoqu üzərində
qurulub və bu mənada, iki aktyorun uğurlu teatrı da
adlandırıla bilər. Tamaşaçı Mehri Nəbiyevanın
peşəkar aktyor ifası vasitəsilə o dünyanın
özünəməxsusluqları - "gündəlik həyatı",
"qayda-qanunları", "adət-ənənələri"
ilə tanış olur. Bu
ağappaq dünyada ruhlar quş kimi azaddırlar, bütün
maddiyyatlardan, cismani tələbatlardan uzaqdırlar, artıq
günah işləyə, yalan danışa, dalaşa bilməzlər.
Cənnətlə cəhənnəmin yol
ayrıcında hamı - bərabərhüquqlu və hətta
eyni çəkiyə, yəni elə eyni dəyərə
malikdir. Əsərdəki müharibə və
terrorun, dövrün faciəvi xəstəliklərinin ölüm
sayının artmasının başlıca səbəbləri
olması kimi aktual məsələ də
tamaşaçıya yetərincə çatdırıla
bilir.
Maraqlı
cəhət burasındadır ki, axirət
dünyasının astanasında Rəyasət Heyəti,
restoran, test imtahanları, dispetçer məntəqəsi, məhkəmə,
apellyasiya şikayəti, kar-güzarlıq işləri, iclas,
hətta teleskop kimi müasir anlayışlarla
qarşılaşırıq. Rejissor
ustalıqla tamaşaçıya çatdıra bilir ki,
müəllif bu məfhumları insanların daxili aləmlərindəki
ziddiyyətləri, mənəvi-psixoloji paradoksları
açmaq üçün o dünyaya "apararaq" mistikləşdirib.
Yeri gəlmişkən, Elçinin dramaturgiyasında konkret
insan adlarından istifadə etməyib qəhrəmanlarını
"Kişi", "Xanım", "Oğul"
adlandırması da problematikanın ictimailiyini,
qloballığını çatdırmaq istəyindən irəli
gələn spesifik ədəbi priyomdur.
Kişi ruhlar və mələklər məkanında
teleskop sayəsində hamının başına and
içdiyi, peyğəmbər kimi tanıdığı Həkimin
əxlaqsız olduğunu görür. Aktyor Səyyad
Məmmədov bu obrazı tamaşaçıya ustalıqla təqdim
edə bilir. "Mələk"
qayınanası, kürəkəni ölməmiş ona nə
qədər pensiya verəcəkləri barədə
düşünür. Aktrisa Nazlı
Hüseynquliyeva bu riyakarlığı məharətlə
yaradır. Aktrisa Zəminə Məmmədova
isə Ruhun komaya düşməsi ilə onun sevimli
arvadının yeni sevdalara düşdüyünü təfərrüatı
ilə tamaşaçıya çatdırır. Kişinin oğlu və qızı isə
atalarının halına acımaq əvəzinə onun gizlətdiyi
pulları tapmaq və özlərinə maşın almaq
üstündə mübahisə edirlər. Aktyorlar - Anar
Eyvazov və Səkinə Məmmədova var-dövlət hərisi
olan övlad obrazları ilə tamaşaçıda ikrah hissi
doğurmağa müvəffəq ola bilirlər.
Teleskop müşahidəsindən aydın olur
ki, ən yaxın dostu və onun xanımı xəstəxanaya
onu yoluxmağa məcburiyyət qarşısında - el
qınağına gedirlər. Aktyorlar
Ələsgər Quliyev və Kəklik Novruzova
ifalarındakı bu üzüdönüklük və səmimiyyətsizliyi
ustalıqla ifa edirlər.
Xalq
artisti Rza Xudiyev ölümü ilə barışmayıb həyat
uğrunda çarpışan, lakin hər dəfə
teleskopla doğmalarının iç üzünü
gördükdə yenidən ölüb-dirilən, buna görə
də onların yanına geriyə - həyata qayıtmaq istəyindən
vaz keçən bir obrazı məharətlə
canlandırır. Aktyor teleskopun Yeri ona
yaxınlaşdırmaqla onu Yerdən bir o qədər
uzaqlaşdırmasını - mənəvi
iztirablarını, daxili təbəddülatlarını
dolğunluqla tamaşaçıya çatdırır. Əsər əsas obrazın "mən insan olmaq
istəmirəm" etirazı ilə kuliminasiya nöqtəsinə
çatır. Ruhun dilindən deyilən
"Bəs Vətən? Vətən!..
Müqəddəs Vətəndən əbədi
ayrılmısan! Vətəni, doğma yurdu
unutmaq olar?" çağırışı isə əsl
vətənpərvərlik və həyatsevərlik
şüarı kimi tamaşaçıya həmişəlik
sirayət etmək gücünə malikdir.
Əsər ideya etibarı ilə dahi Mirzə Cəlilin
"Ölülər" tragikomediyasındakı məşhur
qəbiristanlıq səhnəsini də xatırladır. Tamaşa bir əsr
öncə ölülərinin dirildilməsinə
razılıq verməyən "dirilərin" müasir
prototipləri ilə bizləri qarşı-qarşıya
qoyur. Nəhayət, Kişi heç bir ruh qoyub gəldiyi,
inandığı, etibar etdiyi yaxınlarının iç
üzünü görüb nifrət etməsin deyə
teleskopu tərsinə çevirir. Ruhlar və Mələklər
dünyasında aləm bir-birinə dəyir. Əcəl vaxtı çatmamış adamın səhvən
o dünyaya aparılması böyük qalmaqala səbəb
olur. Ruhların hamısının
teleskopdan imtina etməklə Kişi ilə həmrəy, həmfikir
olması isə pisliklərə qarşı güclü
etiraz dalğası kimi səslənir. "O" isə
indiyədək teleskopla həyata baxanların ürəkaçan,
fəxr edəcək, qürur duyacaq mənzərə görmədikləri
üçün bu cihazın ləğv edilməsinə qərar
verir. Mələklərin Rəyasət Heyətinin
keçirdiyi iclasda isə ruhun hələ tam yetişmədiyi
üçün geri qaytarılması qərara alınır.
Bu səhnədə mistik obrazlarla - Cənab Cəbrail (Xalq
artisti Həsən Ağasoy), Cənab Mikail (Azərbaycan
Respublikasının Əməkdar artisti Tofiq Seyidov), Cənab
İsrail (Azərbaycan Republikasının Əməkdar artisti
Əli Əliyev) ilə yaxından tanış oluruq. Ruh nə qədər etiraz etsə də, Cənab
Əzrail onu yenidən Yer kürəsinə qaytarır.
Bu yerdə
onu qeyd etmək yerinə düşər ki, adətən,
şifahi xalq ədəbiyyatından, dini rəvayətlərdən
ölüm xəbərçisi və icraçısı
kimi qorxunc və dəhşətli, arzuolunmaz mifik obraz kimi
tanıdığımız Əzrail tamaşada sadə, bir az da saf bir varlıq kimi canlandırılır.
Bəlkə də, canalma məqamlarında həyatla,
insanlarla daha çox ünsiyyətdə olduğu
üçündür ki, Xalq artisti Rövşən
Hüseynov Əzrail obrazına kəskin psixoloji-dramatik
situasiyalarda vəziyyəti yumşaltmağa xidmət edəcək
bir mülayimlik də qatır.
Koma vəziyyətində
olan adam həyata qayıdır. Sevinc, təəssüf hissləri bir-birinə
qarışır. Yaşamaq, yoxsa ölmək?
Rejissor müəllif ideyasından
çıxış edərək tamaşaçını
Şekspirin məşhur Hamletinin "Olum, ya ölüm?"
dilemması qədər çətin seçim
qarşısında qoya bilir.
Bu məqamda diqqəti ikinci epiloqa yönəltməklə
demək istərdim ki, ailəni mikrocəmiyyət kimi
götürsək, Kişinin həyata qayıtması ilə
ailə üzvlərinin tamaşanın əvvəlindən fərqli
olaraq səmimi şəkildə ailə
başçısı ətrafında bir birlik nümayiş
etdirməsi özü tamaşaçıya çox söz
deyir.
Gözoxşayan səhnə tərtibatı,
dekorasiyaların məkana uyğun olaraq yenilənməsindən
danışarkən Azərbaycan Respublikasının Əməkdar
rəssamı Ülviyyə Həmzəyevanın əməyini
qeyd etmək yerinə düşər. Musiqi tərtibatçısı,
sənətşünaslıq üzrə fəlsəfə
doktoru Natəvan Qədimova isə klassik dünya və milli
musiqi nümunələrindən istifadə etməklə
tamaşaçını hər iki dünyaya kökləyə
bilir.
Tamaşaya
baxan Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri
cənab Vasif Talıbov səhnə əsərini yüksək
qiymətləndirərək demişdir: "Rejissor işi,
aktyorların ifası, musiqi tərtibatı və digər
bütün cəhətləri ilə "Teleskop"
tamaşasını Naxçıvan teatrının səhnəsində
oynanılan tragikomediyaların şahı hesab etmək olar. Bu tamaşa "Ölülər"dən sonra
Naxçıvan teatrında oynanılan ən uğurlu səhnə
əsəridir. Çünki "Ölülər"dən
fərqli olaraq "Teleskop" əsərində real həyat
gerçəklikləri müasir dövrə uyğun təqdim
olunur... Bugünkü tamaşanın əsas
uğurlarından biri də peşəkar heyətlə birlikdə
gənclərin də üzərlərinə düşən
vəzifəni layiqincə yerinə yetirməsi idi. İstər rejissor işində, istərsə də
aktyorların ifasında bu, bir daha özünü təsdiq
etdi. Naxçıvan teatrında bu cür
tamaşaların nümayişi bir daha göstərir ki,
ötən illər ərzində muxtar respublikada teatr sənətinin
inkişafı ilə bağlı görülən işlər,
çəkilən birgə zəhmət hədər getməmişdir.
Teatr hər bir xalqın mədəni
inkişafını göstərən birinci amildir. 130 ildən artıqdır ki, Naxçıvan
teatrı da öz ənənələrini yaşadır və
inkişaf edir".
Tamaşanın rejissoru Həcərxanım Məmmədova
ilə söhbətimiz zamanı ilk ciddi işinin belə
yüksək qiymətləndirilməsinin ona hədsiz
qürur hissi yaşatdığını və gələcək
sənət uğurları üçün böyük stimul
verdiyini söylədi.
Tamaşanın başlıca uğuru ondadır ki,
dünyanın faniliyi və haqq dünyasının əbədi
gözəllikləri haqqında dolğun təəssürat
yaratmaqla yanaşı, həm də ibrətamiz, faciəvi
situasiyaları ilə düşünməyə vadar edir. Belə ki,
insanların maddi aləmdə yüksək dəyərləndirdiyi
məfhumlar mənəvi aləmdə tamamilə dəyərsizləşir.
Həqiqət və ədalət isə
yalnız dünyanı xəlq edən Uca Yaradanın iradəsi
ilə bərqərar olur.
Bir məsələni
də qeyd etmək yerinə düşər ki,
tanınmış dramaturqun Naxçıvan Dövlət
Musiqili Dram Teatrında vaxtilə səhnələşdirilən
"Arılar arasında" əsəri ideya-mövzu etibarilə
Nobel mükafatı laureatı, yazıçı Moris
Metterlinkin "Arıların həyatı" əsəri ilə,
"Teleskop" əsəri isə dünya şöhrətli
dramaturqun digər bir əsəri - mistik "Göy
quş" pyesi ilə həmahənglik təşkil edir.
Baxdığımız "Teleskop" adi astronomik cihaz
olmayıb gözlə görünməyənləri daha
aydın görmək, müşahidə və dərk etmək,
proqnozlaşdırmaq, nəticə çıxarmaq kimi
böyük məna tutumuna malikdir. Daha geniş mənada
səhnədəki "Teleskop" bəsirət gözü,
vicdanın səsi, mənəviyyat güzgüsü deməkdir.
Nə acı ki, uzaq Amerikadan, Yaponiyadan, Hindistandan gələnlər
Naxçıvanı bütün reallıqları ilə
görüb onu sanki qalaktikadakı qeyri-adi planet kimi yenidən
kəşf etməklə təqdir etdikləri halda, bəzi
"özümüzünkülər" Naxçıvan həqiqətlərini
nəinki etiraf etmək böyüklüyünə malik deyillər,
hətta bu diyarda yaradılan gözəllikləri, əldə
olunan inkişafı var-qüvvələri ilə qaralamaq, ləkələmək
istəyirlər. Əsərdə belə bir maraqlı məqam
vardır: teleskop tez-tez ağ rənglə
rənglənməsinə baxmayaraq, qaralır. Bəli,
günümüzdə də gördükləri
reallıqları dilə gətirmək istəməyənlər,
hətta xaincəsinə təhrif edənlər nə qədər
ağ rəngə boyanmağa
çalışsalar da, qaraniyyətlilikləri, mənfurluqları
onları hər zaman ifşa edəcək. Elə
"Teleskop"un Naxçıvanda "qurulması" da həqiqəti
olduğu kimi görmək, dərk etmək və
çatdırmağa çağırış kimi bir ülvi niyyətdən
irəli gəldiyi üçün belə uğurlu
alındı, böyük tamaşaçı rəğbəti
ilə qarşılandı. Yalnız həqiqəti deyənlərə,
əsərdəki Cənab Mikailin söylədiyi kimi, nə
vaxtsa həyatda yaşayanlar üçün sevinmək qismət
ola bilər. Əgər 150
illik ömrü tamaşadakı kimi cəza olaraq qəbul etmək
istəmiriksə, bu səhnə əsərindən ibrət
götürüb Vətənə, xalqa, dövlətə
layiq biri olmalıyıq. Bax onda, Vətən
bağında əsərdəki kimi mənfur qarğalar yox,
gözəl bülbüllər oxuyar!..
Mehriban SULTAN
Filologiya üzrə fəlsəfə
doktoru
525-ci qəzet.-
2020.- 11 yanvar.- S.14-15.