Şərq və Qərb mədəniyyəti
anlayışına konseptual baxış
Müasir
kulturologiyada "Qərb" anlayışı olaraq Avropa,
Amerika, Avstraliya, "Şərq" anlayışı olaraq
isə Mərkəzi, Cənub-Şərqi Asiya, Yaxın Şərq,
Şimali Afrika ölkələrinin mədəniyyətləri
nəzərdə tutulur.
Bu mədəniyyətlər
özünəməxsus xüsusiyyətlərə malikdir.
Onlar inkişaf dinamikasına görə fərqlənirlər,
Qərbdə yeniliyə keçid dəyərlər sisteminin,
ictimai-iqtisadi, siyasi quruluşların köhnəlməsi
prosesində baş verir. Şərq sivilizasiyası XIX əsrə
qədər qapalı, lokal, ənənəvi qalıb,
çox yavaş dəyişirdi. Məsələn, Çin
sivilizasiyasının əsas əlamətləri e.ə. III -
eramızın III əsrləri ərzində (Xan
dövrü) formalaşıb və XIX əsrə qədər
dəyişilməz qalıb. Şərqdə yeni köhnəni,
ənənəvini inkar edib dağıtmır, onu
uyğunlaşdırır.
Qərb ənənəsi
insanın xarici dünyaya aktiv münasibətini diktə edir.
Buna görə də Qərb mədəniyyəti
üçün texnika və texnologiyanın
inkişafının tezləşdirilməsi, dünyanın
tez dəyişməsi xarakterikdir. Şərq mədəniyyəti
isə daha çox insana, onun mənəvi kamilliyinə
yönəlib, xarici dünyaya münasibət isə passivdir.
Şərq ənənəsi daxilində nirvananın
axtarışı ideyası yaranır, bu da xarici aləmdən
qopmaq, ehtirasın, həyat eşqinin olmamasını irəli
sürür. Beləliklə, əgər Qərbin inkişaf
strategiyası yaşayış mühitinin dəyişdirilməsidirsə,
Şərqin strategiyası insanın özünün dəyişdirilməsidir.
Şərq
və Qərbdə təbiətə münasibət də
eyni deyildi. Qərbdə təbiətə utilitar, praqmatik,
istehlakçı münasibət formalaşır. "Təbiət
- emalatxanadır, insan buranın işçisidir". Şərqdə
isə təbiətə münasibət daha müşahidəçi,
ehtiyatlı və tarixi təcrübənin göstərdiyi
kimi, daha müdrik idi. Belə hesab edilirdi ki, insan öz
davranışını təbiətin, qanunları ilə
uyğunlaşdırmalı, təbiət proseslərinə
qarışmamalı, onlara adaptasiya olmalı, təbiətin
ritmini tutmalı, onunla harmoniyada yaşamalıdır.
Şərq
incəsənəti təbiətə yaxınlığı
ilə seçilir. Çində və Yaponiyada ilk dəfə
peyzaj rəssamlığı, bağ incəsənəti,
ikebana - güllərlə buketlərin təşkil
olunması sənəti yaranmışdı. Avropa mədəniyyəti
Mikelancelonun "David"ini, Rodenin "Düşünən
insan"ını, Çin mədəniyyəti isə
böyük təbiət krallığında itən balaca
insan təsviri ilə peyzajları nəsillərə miras
qoydu.
Şərq
və Qərb mədəniyyəti insanın cəmiyyətə
və dövlətə münasibətində də fərqlənir.
Avropa mədəniyyətində insanın təbii hüquqlu
(anadangəlmə) azad şəxsiyyət kimi
anlaşılması formalaşıb. Bu ideyaların antik
dövrdə başlanan formalaşma prosesi intibah və
maarifçilik dövründə tam olaraq başa
çatıb. Hüquqi dövlət, insanın hüquq və
azadlıqları barədə anlayışlar da məhz Qərb
ənənələri çərçivəsində
yaranıb. Demokratiya hökumət forması kimi ilk dəfə
antik Yunanıstanda, sonra isə yenidən burjua inqilabları
zamanı Avropada yaranmışdı. Qərbdən fərqli
olaraq Şərqdə hər zaman fərdin maraqları deyil,
ailənin, birliyin, dövlətin maraqlarının vacibliyi
qeyd olunur, hakimiyyətə tabe olmaq tərbiyə olunurdu.
Şərq cəmiyyətləri üçün dövlətin
və kollektivçilik ənənələrinin əhəmiyyətli
rolu xarakterikdir. Misal olaraq, Çinin ideologiyası və dini
olan konfutsiçiliyi göstərmək olar. Konfutsiçilik
borc anlayışını, böyüklərə hörməti,
kollektiv məsuliyyəti önəmli hesab edir. Dövlətdə
münasibətlər böyük ailədə olduğu kimi
qurulmalıdır, tabe olanlar öz hökmdarına itaət
etməlidirlər. Yaşamın mənası təbiətlə
harmoniyada, böyük və mehriban ailədəki həyatda, ənənələrə
sədaqətdə görülürdü.
Qərb mədəniyyətində
üstünlüyü ağıla, abstrakt, məntiqi
düşüncəyə verən rasionalist tendensiya
qabaqcıl idi və bu tendensiya özünü mədəniyyətin
bütün növlərində - elmdə, fəlsəfədə,
incəsənətdə göstərirdi. Məsələn,
XVII əsrdə Avropa incəsənətində əsasını
Dekartın rasionalizmi tutan yeni bir istiqamət - klassisizm meydana gəlir.
Rasionalizm ruhu hətta təbiətə də yönləndirilir,
süni, geometrik parklar yaranır. Şərqi isə daha
çox obrazlı, əlaqələndirici düşüncə,
intiutiv anlama cəlb edir. Meditasiyaya, özünüanalizə
olan diqqət də bununla əlaqələndirilir.
Yaradıcılığın əsas faktorları təxəyyül,
intuisiya, təbiəti hiss etmək, gündəlik olanda
qeyri-adini görmək, gizli gözəlliyi duya bilməkdir.
Belə hesab edilir ki, rəssam təsvir edəcəyi obyektə
tam daxil olmalıdır və məhz bu zaman incəsənət
əsəri asanlıqla yarana bilər.
Bəşəriyyət
tarixinin son iki əsrdə müşahidə edilən texniki
inkişaf mərhələlərinin qarşılıqlı
təsiri nəticəsində ənənəvi cəmiyyət
dəyişikliyə məruz qalmış, modernləşmə
yolu ilə gedərək müəyyən özünəməxsus
xüsusiyyətləri saxlayaraq texniki cəmiyyətlərə
çevrilmişlər.
Texniki mədəniyyətin
dəyərlər prioritetlərində insan dünyaya
münasibətdə aktiv varlıq kimi anlaşılır. Fəal
münasibət xarici dünyanın, ilk növbədə, insanın
öz hökmünə tabe etməli olduğu təbiətin
dəyişdirilməsidir. Fəal münasibət sosial
münasibətlər sahəsinə də yayılır.
Ənənəvi cəmiyyətlərə isə qədim
Çin prinsipi olan "u-vey" adlandırılan prinsip
xarakterikdir. "U-vey" minimal fəaliyyəti,
dünyanın ritmləri ilə uyğunlaşmanı nəzərdə
tutur. Bundan əlavə "u-vey" fərdin sosial qrupa daxil
olma yollarını ayırd edir, formalaşmış sosial
mühitə adaptasiya, onun dəyişdirilməsi cəhdlərini
nəzərdə tutmur, bu və ya digər struktura daxil olan
insandan özünüidarə tələb edirdi.
Şərq
və Qərbin qarşılıqlı əlaqələrindən
danışarkən bu anlayışların qeyri-müəyyənliyi
ilə qarşılaşırıq. N.Y.Danilevski
yazırdı: "Qərb və Şərq, Avropa və
Asiya" bizim ağlımızda əksliklər, qütblər
kimi təsəvvür olunur. Qərb, Avropa proqres, fasiləsiz
mükəmməlləşmə, irəliləmə
qütbü, Şərq, Asiya isə durğunluq qütbü.
Bu, heç kimin şübhə etmədiyi tarixi coğrafi
aksiomdur. Və bütün bunlar o dərəcədə
axmaqcasınadır ki, təkzib etmək belə xəcalətlidir.
Dünyanın hissələrə bölünməsi
sünidir və bunun yeganə kriteriyasını quru ilə su
arasındakı əkslik təşkil edir. Avropa, Asiya, Afrika
tipləri anlayışları metaformadı, bu metaformalarda
onun hissələrinin xüsusiyyətlərini əks
etdiririk". Maraqlıdır ki, avropasentrizmə açıq
etiraz etməklə bərabər, Danilevski "Şərq",
"Qərb" anlayışlarının coğrafi mənasına
da narazılığını bildirir. Yüz il sonra bu fikirləri
N.İ.Konrad belə ifadə etmişdir: "Avropa",
"Asiya", "Afrika" kimi anlayışlar tarixi deyil,
coğrafidir. "Şərq" və "Qərb"
anlayışları da belə etibarsızdır. Ən
yaxşı halda bir qrup xalqları bildirə bilər, bu
anlayışlar da ayrı-ayrı xalqlarda müxtəlif və
dəyişkən tərkiblidir. Məsələn, çinlilərdə
qədim və orta əsrlərdə "Qərb" indiki
"Şərqi Türküstan" və ya "Orta
Asiya"nı bildirirdi".
Müxtəlif
mədəniyyətlərin fərqliliklərindən, onlar
arasında hər hansı ierarxiyanın mövcudluğundan
yox, bir-birinə bənzərsizliyindən danışmaq olar.
Mədəniyyət hadisələri ona görə ümumi həyat
yaşayır ki, bir-birinə bənzəmirlər və
sağlam mahiyyət buradadır. Bu fikirləri şərqşünas
T.P.Qriqoryeva da təsdiqləyir ki, "müxtəlif
regionların mədəniyyətləri bir-birini təkrarlamır,
tamamlayır, Şərqin və Qərbin bərabərhüquqlu
qarşılıqlı təsiri vahid mədəniyyətin
uzunömürlülüyünə zəmanət verir".
Şərq
və Qərbin qarşılıqlı təsirinin dialoq
konsepsiyasını T.Qriqoryeva tamamlıq prinsipi əsasında,
yəni bu mədəniyyətləri bir mədəni vahidin təbiətən
bir-birinə əks olan iki hissəsi kimi nəzərdən
keçirir. O, əsas cəhəti funksional assimetriya olan
beyinin iki yarımkürəsi ilə analogiya apararaq qeyd edir
ki, "hər yarımkürə xüsusi yolla
ixtisaslaşıb və biri digəri olmadan mövcud ola bilməz".
İki əsrin
qovşağında dünyada baş verən sosial-siyasi
proseslərin və mədəni- konfessional dəyişikliklərin
öyrənilməsi milli müstəqillik yoluna yenicə qədəm
qoymuş respublikamız üçün mühüm əhəmiyyət
kəsb edir. Bu mənada, mədəniyyətlərin
qarşılıqlı təsiri və dialoqu təxirəsalınmaz
vəzifələrin həyata keçirilməsini tələb
edir. Xalq istər-istəməz dünyada gedən bu
mühüm proseslərə qoşulur və həmin proseslərin
iştirakçısına çevrilir. Amma bu da var ki,
qloballaşma adını almış bu kimi proseslərdə
xalqın iştirak səviyyəsi onun bu prosesləri qəbul
etməyə nə dərəcədə hazır
olmasından asılıdır. Yalnız yüksək siyasi mədəniyyətə
malik olan xalqlar bu prosesləri qəbul edərək həzm edə
bilir, özünün milli inkişaf sücgəsindən
keçirərək bir növ özününküləşdirir.
Məlumdur
ki, müasir dövrün meyllərini müəyyən edən
qloballaşma prosesi Qərbin (ABŞ və Avropanın)
bilavasitə təsiri və təkidilə həyata
keçirilməkdədir. Qərb özünün inkişaf
modelini, həyat tərzini, mədəniyyətini
dünyanın yerdə qalan digər millət və
xalqlarına da təlqin edir, onları da "özü
kimi" görmək istəyir. Qərbin təsir istiqamətləri
və vasitələri müxtəlifdir. Onlara qarşı
dayanmaq asan məsələ olmadığı kimi öz milli
azadlığını buraxıb birdəfəlik Qərb mövqelərinə
keçmək də asan məsələ deyildir. Qərbləşmək,
qərbin dövlət idarəçiliyi modelini qəbul etmək,
texnologiyasına yiyələnmək, Qərbin həyat tərzini
də olduğu kimi qəbul etmək anlamına gəlmir.
Bura onu da
əlavə edək ki, bugünkü dünyada baş verən
sosial-siyasi, iqtisadi-mədəni proseslər istər-istəməz
bütün xalqları əhatə edir və onlar
dünyanın inkişaf
axarına qoşulmalı olurlar. Deməli, qloballaşma
özlüyündə iki mühüm istiqamətin yaranıb
inkişaf etməsinə səbəb olmuşdur. Bir tərəfdən,
milli sərhədlər dağılır, insanlar əlahiddəlikdən
və qapalılıqdan xilas olur, digər tərəfdən
isə milli müstəqillik hərəkatı, milli dövlət
və milli mədəniyyət hər cür inkişafın
qarantı, başlanğıcı elan olunur. İnsanlar bu
gün belə bir dilemma qarşısında qalaraq, hər iki
istiqaməti götür-qoy edir, onların hansının daha
məqbul olması üzərində düşünüb
mühakimələr, fikirlər irəli sürürlər.
Mütəxəssislərin fikrinə istinad edib demək olar
ki, qloballaşma prosesi mürəkkəb və ziddiyyətlidir
və burada bütün dövlətlərin payı eyni
deyildir. Belə ki, böyük dövlətlər daha
varlı, kiçik və zəif ölkələr isə daha
yoxsul olduqları səbəbindən qloballaşma həmin fərqləri
daha da artırır. Vaxtilə K.Yaspers gələcəkdə
dünyanın qlobal vahidə çevriləcəyi proqnozunu
vermişdir. Doğrudan da, müasir dünyada hamının
eyni dərəcədə informasiya almaq imkanı dünya
adamlarının yeni, vahid mentalitetinin əsasını
qoymuşdur. Dünya vahid tarixi məkana çevrilmək
üzrədir. Xalqların ünsiyyətə olan zəruri tələbatı
onların mədəniyyətlərinin inteqrasiyası
problemini ön sıraya çəkir. İnsanlar bu
inteqrasiyaya daxili tələbat hiss edirlər. Ona görə də
dövrümüzdə vahid informasiya məkanı
formalaşmaqdadır. İnsanlar informasiya vasitələrinin
sayəsində dünyada baş verən hadisələrdən
xəbər tutur, dünya mədəniyyəti sərvətlərinə
daha asan qovuşmaq imkanı əldə edirlər. Amma daha
güclü dövlətlər, daha təkmil informasiya vasitələrinə
malik olurlar. Burada siyasi məkanla informasiya məkanı
arasında uyğunsuzluq əmələ gəlir. Hər bir
ölkə özünəməxsus siyasi məkana malik
oduğu halda, bu sözü informasiya məkanı haqqında
demək mümkün olmur. Böyük və güclü
dövlətlər burada da zəifləri
sıxışdırırlar. Bir qrup ölkələr
informasiya məkanını bölüşdürür və
bundan istifadə edərək belə bir imkana malik olmayan
ölkələrin əhalisinə hər cür ideoloji təsirlər
göstərirlər. "İnformasiya müharibəsi" vasitəsi ilə dünyanın bir
çox millət və xalqları ilə istədikləri
şəkildə manipulyasiya edib öz tərəflərinə
çəkirlər. Bunun parlaq nümunəsi kimi,
Dağlıq Qarabağ ətrafında baş verən hadisələri
göstərmək olar. Belə ki, həmin hadisələr
zamanı əsl həqiqətləri ört basdır edərək
dünya ictimaiyyətini aldatmağa və
çaşdırmağa nail olmuş, eyni zamanla bəzi
böyük dövlətlərin dəstəyini və
informasiya vasitələrini əldə etməklə bir
müddət bu sahədə
"uğur" qazanmışdılar.
Lakin
sonralar Ulu öndər Heydər Əliyevin və Prezident
İlham Əliyevin məqsədyönlü xarici siyasət fəaliyyəti
nəticəsində bu sahədə buzlar qırıldı,
Qarabağ həqiqətlərinin əsl mahiyyəti, tarixi
faktlarla istinadla dünya ictimaiyyətinə
çatdırıldı.
Aynur
İSRAFİLOVA
Sənətşünaslıq
üzrə fəlsəfə doktoru
525-ci qəzet.- 2020.- 11 yanvar.- S.16.