Sahibsiz şeir

 

Qarşılaşacağıq bir gün səninlə,

Bəlkə ölü bir kəpənəyin qanadında.

Şair demiş,

Bəlkə, damağında hərflər laxlayan,

qoca şeirin misrasında.

Anamın mənə dilədiyi

o xoşbəxtlik duasında olarsan bəlkə.

Ölülərin gedə bildiyi hər yerdə.

Sağkən gedə bilmədiyimiz yerlərdə

qarşılaşacağıq səninlə.

Bəlkə yeni doğulmuş sevincli körpənin

bir-birinə çırpdığı,

İki toppuş əl olarıq səninlə.

İlk dəfə sevdiyindən ayrılarkən,

Məktəbli qızın gözündən

ardıcıl düşən iki damla yaş...

Mütləq qarşılaşacağıq

Bir əsgərin məktubundakı

həsrət və ayrılıq kimi.

Ya da bir kimsəsizin başındakı

sığala möhtac yetim iki tük.

Bir qocanın son nəfəsi,

Qəhrəmanın ilk qorxusu.

Allahın son duası olarıq bəlkə də.

Allah da bir gün dua edəcək,

bilirəm, onlar qovuşsun deyə.

Baxarsan bir gün,

Gizlincə bir-birinə dəyən

iki ürkək dodaq olarıq.

Ya da onlar öpüşərkən

sevdiyinin xəyanətini görüb qızaran,

Bir cüt göz olarıq.

Qorxma...

Bax, bu, sahibsiz şeirin

sahibi olarsan bəlkə sən.

Mən də şairi...

Mən şeir olub axaram ruhuna,

sən də bədənindən qopub gələrsən bəlkə.

Qorxma...

Qarşılaşacağıq bir gün səninlə.

 

Gizlin yazılan

 

Ayağımı sürütləyərək

həmin küçədən keçirəm -

Sənin mənə gəldiyin yoldan,

Sənin məndən getdiyin yoldan.

 

Bu küçə küsüb məndən.

Təkəm, sən yanımda yoxsan deyə.

Bir yekə daş qəsdən ilişir ayağıma,

Yıxılım yadımdan çıx deyə.

Gözümün içinə  baxan dilənçi də

artıq baxmır mənə.

Daha da tək qalım deyə.

Bu küçədə zırıldayan uşaqda

sənin gedişinə ağlayır sanki.

Başa salmaq olmur onu,

O, gəlməyəcək deyə.

Bəzi toxunuşların izi heç getmir səndən

Nə qədər unutsan da.

Bəzi qoxular çıxmır canından

Nə qədər yuyunsan da.

Bəzi xəyallar tərk etmir bədənini

Nə qədər boşlasan da.

 

Bir zamanlar car çəkərək sevdiyim səni

İndi utanaraq gizlin sevirəm.

Utanıb, şəklinə gizlin baxıram.

Mənə yazdıqlarını da gizlin...

Utancaq sevirəm, ilk gündəki kimi, gizlin.

 

İnsan sadəcə utananda gizlin sevər.

Gizlin sevər fahişəni

Bəzən eldən utanıb, gizlin sevər öz qadınını

Gizlin sevər başqasının olanı

Gizlin sevər tərk edəni

Gizlin sevər gəlməyəni

Və mən, gizlin sevirəm səni.

 

Tərk edilmiş kişi bədəni qalar, iylənər.

Çürümüş ət iyi verir ölmüş sevgin bədənimdə.

İçimdə bastırmağa əlim gəlmir.

Gizlədirəm.

 

Ayağımı sürütləyərək o küçədən keçirəm.

Sənin mənə gəldiyin yoldan,

Sənin məndən getdiyin yoldan.

İndi ayağım ilişən daş da yoxdur,

dilənçi də, uşaq da gedib.

Yəni sənsizliyimi xatırladanların

heç biri yoxdur indi.

Gecə var.

Təkəm.

Ay da yoxdur.

Sən gedəndən o da gedib sanki.

Aysız qalmışam.

Xatırladacaqdı səni mənə Ay.

Xatırladır səni yenə, Aysız hər gecə.

 

Kölgə

 

İndi otaqda təkdir yarıqocalmış kişi,

Qalıb bu günü, bir də vaxtı keçmiş keçmişi.

 

Cavanlıq dalda qaldı, çox bərk qaçır qocalıq,

Qocalıq yorulubdur, təkcə qalıb tənhalıq.

 

Qramafondan gəlir, yalqız şair nəfəsi

Burda təkcə səsdir, merət yalqızlıq səsi.

 

Bir şəkil var əlində, qoca ağac şəklidir

Kölgə düşüb yanına, bu qadın kölgəsidir.

 

O kölgə qocanın, ilk məhəbbət rəsmidir

Cavanlıqda sevdiyi o qızın kölgəsidir.

 

Qoca heç bir qadını sevməyib bu kölgətək

Yalqızlıq səbəbini elə kölgədən bilək.

 

Gördüyü hər kölgədə o qadını axtardı

Bir gün xəbəri gəldi, kölgəni gün apardı!

 

Kölgə günlə getdi, xəbəri Ay gətirdi,

Qoca öz sevdiyini, gələn ayla itirdi.

 

Əlindəki şəkilə o gecələr baxırdı

Ayın xəbəri vardı, gün hələ də yatırdı.

 

Əl-ələ kölgələrə, qoca baxır şüşədən

Bir çoxu ayrılacaq, o bilirdi öncədən.

 

Ayrılığın rəsmi də, bu tək duran kölgədir.

Yalnız yalqızlar bilər, kölgə nədir, gün nədir.

 

Mirşahin Seyidov

 

525-ci qəzet.- 2020.- 11 yanvar.- S.23.