Dünya boyda
Naxçıvan sevgisi
Vasif Talıbov-60
Yanvarın 14-ü Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin Sədri Vasif Talıbovun doğum günü –
60 illik yubileyidir.
NUHÇIXAN
Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və
Radio Verilişləri Komitəsinin sədri, YAP
Naxçıvan Muxtar Respublika Təşkilatı Siyasi
Şurasının üzvü Sahil Tahirlinin bu münasibətlə
qələmə aldığı “Dünya boyda
Naxçıvan sevgisi” məqaləsini öz izləyicilərinə
təqdim edir:
***
Müdriklərin
bir fikri həmişə xüsusilə diqqətimi çəkib:
“İdeal insanlar səmadakı ulduzlara bənzəyirlər. Biz onlara çata bilməsək də, onlar bizim
yolumuzda mayak olub həmişə onu
işıqlandırırlar”.
Bu mənada, görkəmli dövlət xadimi Heydər
Əliyev həm də Azərbaycan xalqının böyük
idealı və iftixarıdır. Heç şübhəsiz
ki, Ulu öndərin xalqımız qarşısında ən
böyük xidmətlərindən biri də qədim
Naxçıvanı işğal və məhv olmaq təhlükəsindən
qorumasında, onun gələcəyini özünün
dövlətçilik məktəbində yetişib
formalaşan Vasif Talıbova etibar etməsində idi.
Ümummilli
lider Heydər Əliyev sonralar bunu belə dəyərləndirəcəkdi:
“Mən, ümumiyyətlə, demək istəyirəm ki,
Naxçıvanda işlər lazımi səviyyədə
gedir. Vasif Talıbovu bu vəzifəyə
seçəndə mən onun bir çox xüsusiyyətlərini
bilirdim. Amma o, çox gənc idi.
Daxilən bir az fikirləşdim ki, gəncliyinə
görə, bəlkə də, ağır, çətin
olar. Ancaq o sübut etdi ki, Vətəninə, millətinə,
xalqına sədaqətli olan adam
yaşından asılı olmayaraq böyük işlər
görə bilər”.
Dünya boyda Naxçıvan sevgisi
Həqiqətən
də, Ali Məclisin Sədri təkcə dövlətçilik
fəaliyyətinin ilk illərində deyil, bir qərinəlik
dönəmdə - son 30 ildə də sübut etdi ki, O, Heydər
Əliyevin quruculuq və möhkəm dövlətçilik
yoluna sözdə yox, işdə və əməldə,
möhkəm əqidədə dərindən sadiqdir…
Yanvarın 14-ü Ali Məclis Sədrinin doğum
günüdür. Artıq O da həyata 60 ilin zirvəsindən
baxır. Bu gün ONUN günüdür: Böyük vətənpərvər,
qətiyyətli, cəsarətli olduğu qədər də
humanist, quru, pafoslu söz və görüntülərdən
uzaq, hədsiz təvazökar, ürəyində dünya boyda
Naxçıvan sevgisi gəzdirən Vətən aşiqinin…
Hər nə
qədər də təvazökarlıq göstərib
özü haqqında, Naxçıvan üçün
gördüyü böyük işlər barədə deyilməsini,
yazılmasını adətən istəməsə də, bu
gün özümdə cəsarət toplaya bilmişəm…
Ömür yolu –
“Naxçıvan Ensiklopediyası”ndan
qısa çıxarış:
“Talıbov Vasif Yusif oğlu. 14 yanvar 1960-cı ildə
Şərur rayonunun Aşağı Aralıq kəndində zəhmətkeş
ailəsində doğulmuşdur. İşlədiyi və
təhsil aldığı illərdə doğma
torpağına və xalqına qırılmaz tellərlə
bağlı bir ziyalı kimi daim fəal həyat mövqeyində
dayanmışdır. Azərbaycanda müstəqil
dövlətçiliyin qurulması və möhkəmləndirilməsi,
Yeni Azərbaycanın qurulması məqsədilə həyata
keçirilən islahatlar, bölgənin ərazi
bütövlüyünün qorunması, ölkədə
demokratik dəyərlərin bərqərar olması, milli dəyərlərin
yaşadılması kimi ali məqsədlərə
çatmaq üçün ümummilli lider Heydər
Əliyevin respublika rəhbərliyinə
qayıdışı uğrunda mübarizənin
öncüllərindən olmuş və müdrik rəhbərin
yanında olmaqla əsl mənada onun məktəbini
keçmiş, yaxın silahdaşı olmuş, həyata
keçirilən islahatlarda fəal iştirak etmişdir.
Əsası Azərbaycan xalqının ümummilli lideri
Heydər Əliyev tərəfindən qoyulmuş Yeni Azərbaycan
Partiyasının (YAP) yaranmasında fəal iştirak
etmişdir.
YAP-ın Naxçıvan Muxtar Respublika təşkilatının
1995-ci il aprelin 8-də keçirilən
konfransında onun sədri seçilən Vasif Talıbov, həm
də partiya xadimidir. O, Heydər
Əliyevin müəyyən etdiyi siyasi kurs əsasında Azərbaycanda
vətəndaş cəmiyyətinin və hüquqi dövlətin
bərqərar olmasında, Naxçıvan Muxtar
Respublikasının iqtisadiyyat və mədəniyyətinin
daha da tərəqqisində, xalqın rifahının
yaxşılaşdırılmasına yönəldilən tədbirlərin
həyata keçirilməsi üçün müvafiq
qanunların qəbul olunmasında olduqca səmərəli fəaliyyət
göstərir. 1995-ci ildən muxtar respublikaya rəhbərlik
edən Vasif Talıbov ilk növbədə ölkəmiz üçün həyati əhəmiyyət
kəsb edən muxtar respublikanın ərazisinin
bütövlüyünün qorunub möhkəmləndirilməsi
problemlərini bacarıqla həll etmişdir”.
İxtisarla
verdiyimiz qısa təqdimatdan da göründüyü kimi,
Ali Məclisin Sədri mühüm bir vəzifəni sadəcə
vəzifə daşımaq naminə tutmayıb... Əməyi də layiqincə qiymətləndirilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisin Sədri
Vasif Talıbov ölkəmiz qarşısındakı
xüsusi xidmətlərinə görə “Şöhrət”
və "Şərəf" ordenləri ilə təltif
olunub.
Təlatümsüz dəniz əsla
peşəkar
bir dənizçi yetişdirə bilməz
Bir zamanlar miskin bir əyalət şəhəri olan
Naxçıvanın adı indi ən müasir Avropa şəhərləri
ilə yanaşı çəkilir. Dünya ölkələrinin
bir çoxunun uğrunda qan tökdüyü ərzaq, enerji,
müdafiə, informasiya təhlükəsizliyi Naxçıvanda
bir neçə ildir ki, öz həllini tapıb. Şəhərlər, rayon mərkəzləri, qəsəbə
və ən ucqar kəndlər də yeni don geyinib. Bir vaxtlar yolu-izi bilinməyən diyarımıza indi
dünyanın yüzlərlə ölkəsindən minlərlə
turist gəlir. Təsadüfi deyil ki, Böyük Britaniyada
nəşr olunan dünyanın ən məhşur səyahət
jurnalı “Vanderlast” Naxçıvan şəhərini səyahət
edilən 50 ən təhlükəsiz və gözəl şəhərlər
sırasına daxil edib... Naxçıvan həm
də qorxusuz-hürküsüz, təhlükəsiz şəhərdir.
Mütərəqqi ideyalara əsaslanan hüquqi
dövlət quruculuğu Naxçıvanda uğurla həyata
keçirilib, 1998-ci ildə dövlət idarəçiliyinin
əsası olan Naxçıvan Muxtar Respublikasının
Konstitusiyası qəbul edilib. Bu gün
Naxçıvanın idarəetmə modelinin nümunə səviyyəsinə
yüksəlməsinin əsas səbəblərindən biri də
hüquqi islahatların yeni dövrün tələbləri ilə
uzlaşdırılmasıdır.
“Şadam ki, Naxçıvanda bütün istiqamətlər
üzrə işlər yaxşı gedir. Əminəm ki, bu dinamika gələn
il də təmin ediləcək. Əminəm
ki, muxtar respublika əhalisinin sosial rifahının
yaxşılaşdırılması, respublika
qarşısında duran bütün vəzifələrin
icrası üçün bütün qüvvələr səfərbər
ediləcək və 2020-ci il də
Naxçıvan üçün uğurlu olacaqdır”, - deyən
Prezidentimizin himayəsi və qayğısı, Ali Məclis Sədrinin
rəhbərliyi ilə bu diyarda son illər yüzlərlə
sənaye müəssisəsi, fabrik, zavod qurulub,
yaşıllıq zolaqları, parklar, xiyabanlar salınıb.
Ötən əsrin 90-cı illərində iflic vəziyyətinə
düşən kənd təsərrüfatı iqtisadiyyatda
aparıcı qüvvəyə çevrilib, böyük
investisiya layihələrinin tətbiqi nəticəsində
yeni suvarma sistemləri qurulmaqla minlərlə hektar torpaq əkin
dövriyyəsinə qatılıb.
Şəhər və kəndlərdə
kiçik və orta sahibkarlar sinifi formalaşıb, verilən
güzəştli kreditlər və hərtərəfli
dövlət dəstəyi hesabına yüzlərlə ailə
təsərrüfatları yaranaraq inkişaf edir. Bu hesaba on minlərlə yeni iş
yerləri açılıb, gənclərin təhsil və
sağlamlıq problemləri tamamilə aradan
qaldırılıb. İqtisadi inkişafın əsas
göstəricisi olan ümumi daxili məhsul istehsalı 2018-ci
ildə 2 milyard 773 milyon manat olmaqla 2003-cü ildəki müvafiq
göstəricini 16,5 dəfə üstələyib.
Naxçıvanda ötən 10 ildə 8 milyard 522 milyon 233 min
manatdan çox infrastruktur quruculuğu işləri
aparılıb. Bu dövr ərzində 100 elm və təhsil
müəssisəsi, o cümlədən 20 min 114 şagird
yerlik 66 ümumtəhsil məktəbi, 216 mədəniyyət
obyekti, 113 səhiyyə müəssisəsi, 668 istehsal və
xidmət sahəsi, 11 idman və bir sıra digər obyektlər
tikilib, yüzlərlə qəsəbə
və kənd mərkəzi istifadəyə verilib.
Azərbaycanda ilk dəfə icbari tibbi
sığortanın tətbiqinə başlanılıb. Ən
müasir məktəblər, xəstəxanalar, elm mərkəzləri,
yollar, körpülər tikilib. Bu gün
Naxçıvan şəhəri də daxil olmaqla digər 5
rayon dövlət büdcəsindən hər hansı bir
dotasiya almadan özü-özünü təmin edir.
“Keçmişinə sahib çıxmayanın gələcəyi
olmaz”, - tezisi əsas götürülərək bərpa edilən
70-dən artıq tarixi abidə ikinci ömrünə
qovuşub. Naxçıvanın
tarix və mədəniyyətinə dair minlərlə kitab və
elmi əsərlər işıq üzü görüb, beynəlxalq
əhəmiyyətli fundamental elmi-tədqiqatlar
aparılıb. Blokada şəraitində,
minbir əzab-əziyyətlə əldə edilən bu
göstəricilər, obrazlı desək, təlatümlü
dənizdə dalğalarla çırpışan bir gəmini
sahilə çıxarmaq qədər çətindir.
Əgər gəminin kapitanı bunu bacarırsa, deməli, o,
QƏHRƏMANdır...
Ağıllı
adamlar söyləyəcək sözləri olduğu
üçün, axmaqlar mütləq danışmaq məcburiyyətində
olduqları üçün danışırlar (Platon)
Əlbəttə,
çox az bir qismini sadaladığım
bu nailiyyətlər asanlıqla başa gəlməyib. Çəkilən böyük zəhmətin,
aparılan qətiyyətli mübarizənin nəticəsində
meydana çıxıb. Ali Məclisin Sədri
muxtar respublika əhalisini Naxçıvanın çiçəklənməsi
ideyası və gələcək inkişaf konturları ətrafında
səfərbər etməyi bacarmış və onların
böyük zəhmətinə arxalanmışdır.
Biri işğalçı Ermənistan olmaqla üç
ölkə ilə həmsərhəd olan, düz 100 ildir ki Azərbaycanın əsas
ərazisindən ayrı-blokadada yaşayan
Naxçıvanı idarə etmək də heç kimə
asan gəlməməlidir...
Görkəmli
mütəfəkkir Diogen ağa qara deyən, bulanıq sularda
balıq tutmağı məqsədə çevirən adamlar
barədə deyirdi: “Kölgə salmayın, mən sizdən
başqa lütfkarlıqlar istəmirəm”. Təəssüf ki, bu diyarda atılan mütərəqqi
addımların, muxtar respublikanın inkişafı, gələcəyi
ilə bağlı verilən qərarların bir sıra dairələrdə,
eləcə də mediada kəskin qarayaxma və iftira
kampaniyaları ilə qarşılandığının,
hadisələrin mahiyyətinin təhrif olunması halları
ilə üzləşdiyinin də az şahidi
olmamışıq. Böyük tikinti-quruculuq və
yaşıllaşdırma proqramlarının icrası, taksi və
nəqliyyat xidmətlərinin təkmilləşdirilməsi,
yas mərasimlərinin islami qaydalara salınması, qəbiristanlqların
abadlaşdırılması, Naxçıvan şəhərini
xarabazara döndərən yöndəmsiz tikililərin
sökülüb yerlərində park və yaşayış
komplekslərinin salınması, oxunması zəruri olan
kitablarla bağlı sərəncamın imzalanması kimi
mütərəqqi addımlar atılarkən “daş-atıb
başını tutanlar” da az olmayıb... Ancaq karvan həmişə
öz yolu ilə gedib... Konfutsinin təbirincə
desək, “əgər bir yerdə kiçik insanların
kölgəsi böyüyürsə, demək o yerdə
Günəş batır”. Cənab Vasif Talıbov bu gün həm də
Naxçıvanın inkişafını istəməyən
xarici və daxili “qüvvə”lərin, şəxsi
maraqlarının əsirinə çevrilən cılız
düşüncəli, qərəzli adamların kölgəsinin
böyüməsinin qarşısını alan, yerini bilməyənlərə
cəsarətlə öz yerini göstərən qətiyyətli
dövlət xadimi kimi də seçilir və
tanınır... 20 illik jurnalist təcrübəmdə
görüb əxz etdiklərimdən biri də bu olub: Ali Məclisin Sədri bəzən
elə danışıb ki hamı susub, bəzən elə
susub ki heç kim danışmağa cəsarət etməyib...
Bakıda yaşayıb fəaliyyət göstərən
jurnalist həmkarlarımız Günay Ardanın ötən
günlərdə qələmə aldığı “Bu şəhərə
getmədən “dünyanı görmüşəm” deməyin
– Səkkizinci möcüzə” məqaləsində bir
nüans xüsusilə diqqətimi çəkdi. Müəllif yazır:
Naxçıvanı kimlər
sevmir?
“Bu yaxınlarda mediada bir xəbər yayıldı. Evə
oğurluğa girən şəxs axtardığını
tapa bilmir. Evdən çıxanda ev
yiyəsi üçün nalayiq ifadələr yazır. Naxçıvanı sevməyənlər də belə
adamlardır. Bu torpaqdan oğurluq etmək
istəyib edə bilməyənlər, tüfeyli həyata
meyilli olanlar, işləməkdən, halal zəhmətdən
uzaq adamlar Naxçıvanı sevmir. Pis əməllərinə
meydan verilmədiyi üçün vərəqdə ev sahibinə
söyüş yazan oğruya çevrilirlər”.
Təbii ki, faktdan böyük fakt yoxdur və tarixin də
heç bir dönəmində olmayıb. Naxçıvanın
kəndbəkənd, şəhərbəşəhər dəyişib
yeni don geyinməsi bizim gözlərimiz qarşısında
baş verib. 90-cı illərin statistikasına nəzər
saldıqda görürük ki, 300 min nəfər əhalinin yaşadığı
muxtar respublikada bir il ərzində 800-850 cinayət
hadisəsi baş verirdi. İndi əhalinin 450 mini keçməsinə
baxmayaraq il ərzində 3-4 kiçik hadisə müşahidə
edilir: Ötən
tədris ilində işğalçı Ermənistanda
20-ə qədər məktəb imkansızlıq və şəraitsizlikdən
bağlanıb. Ancaq Naxçıvanda demək
olar ki, hər ay yeni bir elektronlaşmış məktəb
kompleksi tikilib və ya yenidən qurulub istifadəyə verilir.
Təkcə bir faktı deyim ki, bu tədris ilində
əvvəllər müəyyən səbəblərdən
Naxçıvandan köçmüş ailələrdən
olan 300-dən artıq şagird məktəblərə qəbul
edilib. Açılan iş yerləri və yaradılan
yüksək standartlı yaşayış şəraiti uşaqları,
ailələri də doğma torpağa qaytarır. Ali məktəblərə qəbul göstəriciləri
də 90-cı illərlə müqayisədə 3-4 dəfə
artıb. Bir vaxtlar ciddi içməli və suvarma suyu problemi yaşanan Naxçıvanda indi 225 min nəfər
öz evində tam standartlara uyğun təmiz su ilə təmin
edilir. Bütün əhali təbii qaz, elektrik
enerjisi və sürətli internet xidmətləri ilə əhatə
olunub. Enerji problemlərinin uğurlu həlli
ekeoloji durumu da xeyli yaxşılaşdırıb. 90-cı illərdə quraq və çılpaq olan
Naxçıvanın indi 20 faiz ərazisi yaşıllıq
altındadır. Ali Məclis Sədrinin sıx iş
qarfikinə nəzər salanda görürük ki, muxtar
respublika rəhbəri hər həftə Naxçıvanda
yeni sosial obyektlərin, istehsal müəssisələrinin
açılışını edir. Bütün bunları isə
yerli əhali böyük razılıq və minnətdralıq hissləri ilə
qarşılayır. Ali Məclis Sədrinə öz sevgilərini,
səmimi fikirlərini çatdırarkən isə ilk
cümlələri bu olur: “Biz bütün bu görülən
işlərə, rahat yaşayışımıza görə
ulu öndər Heydər Əliyevə, onun
davamçılarına borcluyuq. Allah Prezidentimizə, Sizə
can sağlığı versin ki, Vətənimizi bundan sonra da
inkişaf etdirib çiçəkləndirəsiniz”.
“Ən yaxşı nəsihət:
yaxşı örnək olmaqdır”
Naxçıvan
televiziyasının arxiv fondunda 25-30 il əvvələ
aid çox dəyərli videokadrlar mühafizə olunur.
1996-cı ilə aid həmin videoxronikalardan birində öz
platformasını açıqlayan Ali Məclisin Sədri
deyir ki, mənim ayrca bir platformam yoxdur, mənim yolum Heydər
Əliyevin yolu, Heydər Əliyevin siyasi xəttidir:
“Bütün qüvvə və bacarığımı
Naxçıvanın çiçəklənməsinə sərf
edəcəyəm, ordu quruculuğu, təhsil, intellektli və
vətənpərvər gəncliyin yetişdirilməsi fəaliyyətimdə
üstün istiqamət olacaq”.
Qısa tarix və keçilən yol sübut etdi ki,
verilən vədlər söz olaraq qalmayıb. “Ən yaxşı nəsihət:
yaxşı örnək olmaqdır”, - prinsipi əsas tutularaq
iş və əməldə nümunə göstərildi. Nəticədə
Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı, Azərbaycanın
Gənclər Paytaxtı seçildi, Avropa Günlərinin, Gənc
Liderlər Formunun keçirildiyi intellektli və müasir təfəkkürlü
vətənpərvər gənclərin şəhərinə
çevrildi. Reklamçılıqdan,
şüarçılıqdan uzaq iş və əməllərlə
doğma torpağa layiqli bir xidmət nümunəsi
yaradıldı.
Ulu öndər Heydər Əliyev deyirdi ki, dövlətçilik
hər bir şəxsin qəlbində olmalıdır. Həqiqətən
də Naxçıvanın inkişafında, quruculuğunda ən
xarakterik cəhət bu işlərin qəlbən, sevgi ilə
görülməsidir, nəticəli olmasıdır. Yəni Ali Məclisin Sədri bizə Vətəni,
torpağı, Naxçıvanı necə sevmək lazım
olduğunu da öyrədir. Naxçıvanlılar
nə üçün yaşadıqlarını, niyə
yaşadıqlarını gözəl bilirlər. Hər kəsin məqsədi, məramı, yolu
ölkə Prezidentinin rəhbərliyi altında ulu öndərin
siyasi xətti ətrafında sıx birləşməkdir –
bötüv Azərbaycan, güclü dövlət, yenilməz
xalq olmaqdır.
İkinci ömür
Biz insanlar getdiyimiz bütün yolların tezliklə mənzil
başına çatmasını arzulayırıq. Təkcə
ömür yolu istisnadır. Heç kim
onun tezliklə sonuncu dayanacağa çatmasını istəmir.
Amma hər kəs üçün həyat bir
gün sonlanır, yolun sonu görünür. Önəmli olan isə yaşadığın
ömrü mənalı keçirmək, xalqa, millətə,
insanlara faydalı olmaq, tikib-qurmaq, özündən sonra səni
yaşadacaq əsərlər yaratmaqdır. Məhz bu amillər insana ikinci ömür
qazandırır.
Sözsüz ki, cənab Vasif Talıbovun 60 illik yubileyinə
ən dəyərli hədiyyə ONUN qazandığı
sonsuz xalq sevgisidir. Bu gün hər bir naxçıvanlının qəlbində
CƏNAB SƏDRə sonsuz sevgi var... Bu sevgi illər, qərinələr,
əsrlər keçdikcə daha da artacaq... Çünki
bu sevginin təməlində vətənpərvərlik
dayanır, yenidən qurulan Naxçıvan dayanır, rahat
yaşayış, firəvan həyat, sabitlik və ən nəhayət
elə insanlara, bütün naxçıvanlılara olan sonsuz
sevgi dayanır.
Ali Məclisin Sədri həm də
sağlığında özünə ikinci ömür
qazanan şəxsiyyətlərdəndir. Çünki Hörmətli
Sədrimizin bütün fəaliyyəti Azərbaycanda, onun
ayrılmaz hissəsi olan Naxçıvan Muxtar
Respublikasında cərəyan edən mühüm siyasi, ictimai və mədəni
proseslərlə sıx bağlı olub. Azərbaycan
xalqının ümummilli lideri Heydər Əliyev kimi onun
siyasi kursunu uğurla davam etdirən Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin, Naxçıvan Muxtar
Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun da
adı həmişə intibah tariximizlə qoşa çəkiləcəkdir.
Şöhrətin sözdə yox, əməlindədir,
Sən xalqın oğlusan, xalq səninlədir,
Ucalır şöhrətin, ucalır adın,
Bütün varlığınla elə bağlısan,
Qədim Naxçıvanın əziz oğlusan...
P.S. Ali Məclisin Sədri həm də muxtar respublikanın xarici siyasi və iqtisadi əlaqələrinin qurulub inkişaf etdirilməsində müstəsna xidmətlər göstərib. Məqaləyə əlavə etdiyim fotoşəkili 10 il bundan əvvəl Avstriyaya işgüzar səfər çərçivəsində Ameland Milli Parkında çəkmişdim və mətbuatda ilk dəfə dərc edilir.
Sahil Tahirli
Naxçıvan
Muxtar Respublikası Dövlət Televiziya
və Radio Verilişləri Komitəsinin
sədri, YAP Naxçıvan
Muxtar Respublika Təşkilatı
Siyasi Şurasının üzvü
525-ci qəzet.- 2020.- 15 yanvar.-
S.6-7.