Qardaş dillərin yad telləri

 

Azərbaycan dilindəki feil sonluqlarını dəyişdirməklə türk dilində həmsöhbətlərinizi anlayıb-anladacağınızı düşünürsünüzsə, pərt duruma düşə bilərsiniz Türkiyədə. Hər iki türkcədə elə sözlərimiz var ki, onu bilmədən işlətdiyin anda ortalıq qarışar.

Keçən həftə Rəşad Məcidlə söhbətimizdə Xalq artisti Alim Qasımovun Türkiyə telekanalların birində düşdüyü durumla bağlı fikir mübadiləsi apardığımız sırada öz başıma gələn hadisələrdən danışdım. Və söhbətin sonunda belə qərara gəldik ki, iki türkcənin fərqli anlam daşıyan sözləri ilə bağlı silsilə yazılar hazırlayım.

 

"Bir az muhabbet yapalımmı?"

 

2001-ci ildə Türkiyəyə jurnalist kimi gəldiyimdə TRT-nin qonaq evində qalırdım. Buraya uzun müddətə gəldiyimdən qonaq evinin işçiləri ilə münasibətlərim salam-əleykdən ötə idi. Bir gün qonaq evinin müdiri Nevzat bəylə lobidə qarşılaşdım. Salamlaşdıq. Adam:

- İlhame hanım, isterseniz, bir az muhabbet yapalım, - dedi.

Bu sözü Türkiyədə ilk dəfə eşidən mən, o an "muhabbet" sözünün leksik mənasını beynimdə bizim "məhəbbət" sözü ilə eyniləşdirib təbii reflekslə sərt reaksiya verdim.

- Nevzat bey, ayıb deyilmi, misafirhanenizin müştərisinə muhabbet yapmağı teklif ediyorsunuz?

Öz-özlüyümdə onu tərbiyəsiz cəsarətindən dolayı yerində oturdurdum. Adam da təəccüblənməzmi?!

- İlhame hanım, muhabbet yapmağın nesi ayıp olsun ki?

Əsəbi durumum yerini "muhabbet"in nə demək olduğu ilə bağlı götür-qoylara verdi və bu düşüncələrlə otağıma getdim.

Növbəti gün səfirliyimizin bir əməkdaşına "muhabbet" məsələsini danışandan sonra bildim ki, sən demə, məni özümdən çıxaran "muhabbet", azərbaycancada "söhbət etmək" deməkmiş. Sən demə, Nevzat bəy məni səmimi söhbət üçün oturmağa dəvət edib, mən də iki türkcədəki sözlərin fərqli anlamları üzündən məsələni, az qala, davaya bağlayacaqdım.

 

"Terbiyesiz kadın, sen nasıl böyle etlere sümüklü dersin"

 

Bakıya gələn türk dostlarıma etdiyim ilk xəbərdarıq türkcə "sümük" sözünün azərbaycancada fərqli leksik məna daşıdığı ilə bağlı olurdu. Bunun səbəbi isə rəfiqəmin başına gələn bir hadisə idi.

Rəfiqəm 2000-ci illərin əvvəlində Ankaraya kurslara gəlmişdi. Türkcə mənasını bilmədən işlətdiyi "sümük" sözü üzündən, az qala, kriminalla üzləşəcəkmiş.

İki aydır, Bakıdan çıxan rəfiqəmin ürəyi soyuq günlərdən birində borş istəyir. Girir qəssab dükanına. Kübar ədalarla qəssaba "efendim, bir kilo sümüklü et almak istiyorum", deyir. Qəssab da qarşısındakının qadın olmasını vecinə belə almadan, əlindəki qəssab bıçağını uzadaraq "terbiyesiz kadın, sen nasıl böyle etlere sümüklü dersin", cavabını verir.

Rəfiqəm danışır ki, onsuz da iki aydır, ölkəmdən, ailəmdən uzaqda olmağım üzündən kövrəlmişdim. Deyir, bu yandan da bu qəssabın belə kobud şəkildə üstümə çımxırması məni ağlatdı. Müştərilərdən biri duruma müdaxilə edir, qadından nə istədiyini dəqiqləşdirməyə çalışır. Və bundan sonra məlum olub ki, türkcədə "sümük" burun suyuna deyirlərmiş.

 

"Subay" nə deməkdir?"

 

1998-ci ilin fevralında Türkiyə Başbakanlığı tərəfindən dəvət almışdım. Proqram çərçivəsində Ankarada dönəmin prezidenti Süleyman Dəmirəldən müsahibə aldıqdan sonra İstanbula getmişdim. Təsadüf elə gətirmişdi ki, o günlərdə Azərbaycan Prezidenti Heydər Əliyev də İstanbulda səfərdə idi və Süleyman Dəmirəllə görüşü vardı. Proqram müddətində məni müşayiət edən başbakanlıq nümayəndəsi dedi ki, istəsəm, Dəmirəl-Əliyev görüşünə də gedə bilərik. Təbii ki, belə bir imkanı qaçıra bilməzdim.

"Ceylan" otelində bağlı qapılar arxasında görüşün davam etdiyi dəqiqələrdə mən Azərbaycan Prezidenti mətbuat xidmətinin əməkdaşları ilə oturub danışıqların bitməsini gözlədiyimiz bir vaxtda liftdən mülki geyimdə ucaboy bir kişi çıxdı. Mənə sarı gələrək salamlaşdı və kefimi soruşdu. Xatırlaya bilməsəm də, nəzakət xatirinə salamlaşdım. Adam uzaqlaşan kimi məni müşayiət edən məmur xanımdan kimliyini öyrənməyə çalışdım. O da ehtimal səs tonu ilə "subaydır, her halde" dedi.

Çox pərt oldum: fikirləşdim ki, "subaydır" deyib kişinin məndən xoşu gəldiyinimi nəzərdə tutur?! O anda ilk düşündüyüm bu oldu ki, deyəsən, mən bu qızla aşırı səmimi oldum ki, sualımı bu yönə istiqamətləndirdi. Hətta buna görə onun rəhbərliyinə şikayət edəcəyimi ağlımdan keçirdim. Bərabər oturduğumuz digər yoldaşların arasında da anlaşılmaz durum yarandı. Prezidentin şəxsi operatoru olan Azər müəllim sanki məsələnin sonuna kimi getmək istəyirmiş kimi tez-tələsik:

- Xanım, neden şimdiye kadar evlenmemiş, - soruşdu.

Əsas olanlar da bundan sonra olmadımı?!

Məmur xanım çox təəccüblə "Evlenmemişmi?" soruşdu.

Azər müəllim bir az hövsələsiz, bir az da məsələnin sonuna çıxmaq marağı ilə artıq tam azərbaycanca "Demirsiz ki, subaydı? Mən de soruşuram ki, nədən evlənməmiş".

Bu anda fərqli mövzulardan danışdığımızı anladıq. Məmur xanımdan həmən soruşdum ki, "İnci, "subay" nə deməkdir?"

O da duruxub necə anladacağını düşündü. Sonra elini çiyinlərinə tərəf aparıb "Nasıl anlatayım, görevli subaydır yani".

Məhz bu açıqlamadan sonra məlum oldu ki, liftdən çıxıb mənimlə görüşən adam Dəmirəlin qorumasından imiş və məni Çankaya köşkündə Dəmirəllə müsahibə zamanı görüb xatırlayıbmış. Məni müşayiət edən məmur xanım da adamı şəxsən tanımasa da, ehtimalla "zabitdir hər halda" deyib.

Həmin anda o 4-5 nəfərdən elə bir qəhqəhə qopdu ki, danışıqlar gedən otaqdan mühafizəçilər çıxıb, səsimizin prezidentlərin otağına qədər eşidildiyini dedilər. Və xəbərdarlıq etdilər ki, belə olmaz!

"Subay" sözünün tərs mənası üzündən, az qala, mən məmur xanımı rəhbərliyinə şikayət edəcəkdim, Azərbaycandan olan yoldaşlarda isə haqqımda yanlış fikir yaranacaqdı.

 

Ankara

 

Davamı olacaq...

 

İlhamə QASIMLI

 

525-ci qəzet.- 2020.- 15 yanvar.- S.8.