Qələmsiz yazılanlar
status-esseləri
Stalin vaxtaşırı Mərkəzi Komitədən
SSRİ Yazıçılar İttifaqına rəhbər
işçilər təyin
edərmiş ki, ədəbiyyat adamları
arasında partiya-sovet
təşviqatını, bolşevik
ideyalarının təbliğini
gücləndirsinlər.
Növbəti belə rəhbərlərdən
biri olan Polikarpov bir müddət işləyəndən
sonra Stalinin qəbuluna düşüb
yazıçılardan şikayətlənməyə
başlayır: "Yoldaş
Stalin, orda vəziyyət
çox pisdir, özbaşınalıq tüğyan
edir. Bu yazıçılarla
işləmək mümkün
deyil. Aleksey Tolstoy bütün
günü içir,
Simonov eşqbazlıq edir,
Erenburq xaricdən yığışmır, Fadeyev
elə, filankəs belə... Partiya iclaslarına gəlmirlər,
üzvlük haqqını
gecikdirirlər..."
Stalin onu sakitcə dinləyir, sonra da özünəməxsus
kinayə ilə Polikarpova belə cavab verir: "Olanımız bunlardır,
yoldaş Polikarpov, gərək işləyəsən.
Biz səndən ötrü başqa yazıçılar düzəldə
bilmərik. Amma bacarmırsansa,
yazıçılarımız üçün başqa Polikarpov taparıq".
(Anar müəllimin söhbətlərindən)
***
Yenə başlandı - zənglər,
dəvətlər, tədbirlər. Qaçaqaç,
yuxu kimi ömür...
***
İndi
hamı şəkərə
meyllidir...
***
Ağlaşma sevən xalqıq...
***
Dənizsiz şəhərlərin kompleksi
olur. Nə qədər özündən
desə də, bilir ki, tam, bütöv deyil. Bakının bəxti gətirib ki, Xəzəri var. Biz də
şanslıyıq ki,
Bakımız var!..
***
Çox
yaşamaq üçün
yüyürənlər...
***
İşə, karyeraya görə hər cür artistlik (...) etmək məqbuldurmu?!
Özünə yaraşdıranlara, həzm
edənlərə, hə...
***
Bir də gördün, bütün
namizədlərə deputat
vəsiqəsi verildi. :)
***
Əvvəllər insanın insana ehtiyacı olardı, indi profillərin nöqtələrə ehtiyacı
aktualdır. :)
***
Bu qədər bəd xəbərin içində
indi gəl siqareti tərgit!..
***
Deyir, indi evdə xanıma səsini qaldıra bilərsən?! Xoşqədəm
burdan, Qənirə ordan, biri Norveçdən,
biri İsveçdən
elə hay salarlar ki, "do"dan "si"yə enərsən...
:)
***
Yəqin
düyməni səhv
basıblar...
***
Gənclər üçün böyük
fürsət!
"Yüksəliş" müsabiqəsi 20 dahi axtarır. :)
2020-ci ildə 20 nəfər
bacarıqlı, savadlı,
kreativ gəncə 20
min mükafat verilməsi
nəzərdə tutulur.
Özünə güvənən GƏNCLƏR,
https://yukselish.az/ saytına daxil olun, qeydiyyatdan
keçin, müsabiqədə
iştirak edin.
Yüksəliş Sizin olsun! Uğurlar!
***
Hələ ki köşklərdə
qəzet satılır...
***
Bizim toylarda
- o hay-küyün içində,
dambadurumun altında sərasər 3-4 saat oturan adamın nevroz olmaması mümkünsüzdür.
***
Yusif Rzayev ölkənin ən peşəkar redaktorlarından
biri, sözü hiss edən, duyan, jurnalistikanın prinsiplərini
dərindən bilən,
sadə, təvazökar
həmkarımızdır. "525"in
möhkəm sütunudur.
Ad gününü təbrik edirəm. Hər şey ürəyincə olsun! İstədiyin, arzuladığın kimi qəzet nəşr etməyə rahat mühit və geniş imkan arzulayıram.
***
Yumor hissimiz zəifləyib. Ciddi xalq olmuşuq.
:)
***
İnstaqramda Kəmalə Əhmədova
adlı gənc müğənninin ifasında
Hacı Xanməmmədovun
Mikayıl Müşviqin
sözlərinə bəstələdiyi
"Yaşa, könül"
mahnısını dinlədim. Çox bəyəndim.
İlk dəfəydi rastlaşırdım
bu müğənninin
ifasıyla. Sonra yutubda
başqa mahnılarını
da dinlədim. Klassik bəstəkarlarımızdan seçmə,
səviyyəli mahnılar
və su kimi axıcı, məlahətli səs.
Düşündüm ki, məmləkətimiz
istedadlardan heç vaxt xali olmur.
Qeybdən, qəfildən üzə
çıxırlar.
***
Qaşınmayan yerdən qan çıxartmaq, süni qalmaqal yaratmaq mediamızın şakərinə
çevrilib. Çox təəssüf!
Ancaq bəzən medianı da qınamaq olmur: boz, məzmunsuz,
yeniliksiz gündəmi
nəyləsə maraqlı
etmək, yox yerdən nəsə bir həyəcan yaratmaq, əyləncə düzəldib baş qatmaq da onun
funksiyalarına aid edilir...
Bir müddət
öncə APA-ya verdiyim geniş müsahibədə "Bizdə
Çingiz Abdullayev kimi, kitablarının çapından qazanan tək-tük yazıçılar
da var" sözlərimdən sonra jurnalist detektiv janrına münasibətimi
soruşanda "detektivi
ədəbiyyat saymıram"
söyləmişdim. Müsahibə daxilində bu fikirlərin "detektivi ciddi ədəbiyyat, bədii ədəbiyyat saymıram" mənasına
gəldiyi aydın idi. "Çingiz
Abdullayev maraqlı yazır?" - sualına isə belə cavab vermişdim: "Mən onun bircə "Bakı bulvarı" adlı romanını oxumuşam. Maraqlı idi, su kimi oxunurdu, amma sonra özünə
sual verdim ki, bunu yazmağın
mənası nədir?
Oxuyursan, sonra yadda qalmır..."
Əfsuslar olsun ki, bir
sıra media orqanları
mənim bu fikirlərimi kontekstdən
çıxardaraq, birbaşa
Çingiz Abdullayevə
qarşı yönəldiblər. Hətta bəziləri
daha da irəli
gedərək Çingiz
Abdullayevə mənim
guya onu yazıçı hesab etmədiyimi deyib, buna münasibət öyrənmək istəyiblər.
"AYB katibi, Çingiz Abdullayevin yazdıqlarını ədəbiyyat
saymır", yaxud
"Rəşad Məcid
Çingiz Abdullayevi yazıçı saymır"
kimi başlıqlarla
İP qazanmağı qənimət
biliblər.
Halbuki mən indiyədək neçə
yerdə, elə həmin müsahibədə
də Çingiz Abdullayevin dünyada tanınan yazıçı
olduğunu, çox oxunduğunu qeyd etmişəm. Çingiz Abdullayev yüzdən
çox əsərin
müəllifidir, dünyada
3520 adda kitabı 35 milyondan çox tirajla çap olunub. Əsərləri
32 dildə çap edilən, ssenarilərinə
2 serial, 8 film çəkilən müəllif haqqında
"yazıçı deyil"
demək olarmı?!
"Detektivi ədəbiyyat
saymıram" cümləsi
heç bir anlamda, heç bir yozumda "Çingiz Abdullayevi yazıçı hesab etmirəm" qənaətinə
gəlməyə əsas
vermir. Üstəlik, Xalq yazıçısı
Çingiz Abdullayevin tarixi romanları, dərin vətəndaş
və ziyalı mövqeyi əks olunan publisistikası da var. Mənim belə bir zəngin
yaradıcılığı olan insan barədə
"yazıçı saymıram"
deməyim mümkünsüzdür,
absurddur.
Jurnalistlərə mənim fikirlərimi bu cür yanlış
yozmaları ilə bağlı iradımı
bildirəndə cavab verdilər ki, Çingiz Abdullayevdən nəsə yazmaq bizim üçün bolluca İP deməkdir, ona görə məsələyə bu yozumda yanaşdıq. Mən də
onların bu "arqument"inə təbəssümlə
reaksiya verdim və söhbətin məğzini Çingiz Abdullayevə də izah etdim.
Amma belə
görünür, mətbuatın
bu İP niyyətli manevri, yüngül şousu Çingiz müəllimdə bəlli
bir narahatlıq yaradıb, onun çoxsaylı pərəstişkarlarını
da məyus edib. Odur ki, bu məsələ barədə
fikirlərimi bir daha aydınlaşdırmağa
qərar verdim.
Onu da bildirim ki,
Yazıçılar Birliyinin
katibləri arasında
belə qalmaqal yaratmağa çalışmaq,
bu vasitəylə IP yığmaq cəhdi qətiyyən yaxşı
hal deyil və jurnalistikamıza etibar qazandırmır!..
***
Qışqırıq və həyasızlıq
nəsə əldə
etmək üçün
vasitəyə çevrilib.
***
Bir azdan Qarabağı xatırlayan
qalmayacaq.
***
Filoloq, ədəbiyyatşünas
Əli Şamili uzun illərdir tanıyıram. Ötən əsrin 80-ci illərinin axırlarından, Sovet rejimində "havalar yumşalandan" o, SSRİ ərazisindəki
Krım tatarları, qaqaquzlar və digər türk xalqlarıyla sıx əlaqədə idi. İndinin özündə də yaradıcılığının əsas ağırlığını
məhz bu istiqamət təşkil edir. O, öz təcrübə və müşahidələri əsasında
maraqlı əhvalatlar,
hadisələr danışır,
yazılar yazır. Yazılarını tez-tez "525-ci qəzet"də
çap edirik.
İranla bağlı son günlərdə
baş verən hadisələr yadıma bir əhvalatı saldı. Əli Şamil
danışırdı: "Ötən əsrin
90-cı illərində Təbrizdə
Məhəmməd adında
bir gənci Bakıya gətirmişdim.
O, Şirazla İsfahanın
arasında, qaşqaylar
yaşayan balaca şəhərdən idi.
Dilləri demək olar
ki, eynən bizimki kimi idi.
İstəyirdim, gəlsin Bakıda
təhsil alsın, universitetdə oxusun, burdakı ab-havanı görsün. Elə də
elədik, onu hazırlıqlara göndərdik,
universitetə hazırlaşdırırdıq.
Bir gün gördüm ki, oğlan yoxdur, qaçıb gedib. Sonra yolum onun olduğu şəhərə
düşəndə maraqlandım.
Anası dedi ki, oğlum gələndə dedi ordakılar hamısı savadsızdırlar. Universitetində də, televiziyalarında da bizim danışdığımız
dildə danışırlar,
farsca danışmırlar".
Gör, rejim bu gəncin
beynini necə yumuşdusa, elə bilirdi ki, universitet,
televiziya farsca deyilsə, deməli, savadsızdır. O, öz
dilində təhsil almağa aşağı bir iş kimi
baxırdı.
Əli Şamil başqa bir əhvalat da danışırdı:
"2018-ci ildə həmin
qaşqaylar yaşayan
yerdə azərbaycanlı
sənətçilərin konserti keçirildi. Konsertdə ali- təhsilli qaşqaylardan biri mənə yaxınlaşıb
soruşdu ki, siz bizim dili
hardan öyrənmisiniz?
Mən də dedim ki, yox,
mən sizin deyil, öz dilimdə danışıram.
Adam elə israrla onların dilini hardan öyrəndiyimi soruşurdu ki..." Hələ bunların ali təhsillisinin
məlumatı bura qədər idi, bilmirdi ki, cənubdakı
qaşqayların dili elə şimaldakı azərbaycanlıların diliylə
eynidir...
Rəşad MƏCİD
Azərbaycan Yazıçılar Birliyinin gənclərlə
iş
üzrə katibi, "525-ci qəzet"in
baş redaktoru
525-ci qəzet.- 2020.- 15 yanvar.- S.11.