Kukla Teatrında
ilin ilk premyerası
"Yeddi nar çubuğu
Yeni ildə
də yeni tamaşalarla teatrsevərləri sevindirməyə
hazırlaşan Abdulla Şaiq adına Azərbaycan Dövlət
Kukla Teatrı ilin ilk premyerasını reallaşdırıb.
Yaradıcı
heyətin aylardır üzərində çalışdığı
"Yeddi nar çubuğu" teatrsevərlərin
ixtiyarına verilib.
Azərbaycan
Dövlət Kukla Teatrı, "ITALDIZAIN" şirkəti və
Fransanın Bakıdakı "Cartier zinət evi"nin dəstəyi
ilə ərsəyə gələn
nağıl-tamaşanın premyerasında mədəniyyət
və incəsənət xadimləri, teatrsevərlər və
mətbuat nümayəndələri iştirak ediblər.
Kiçik
həcmli ibrətamiz məişət
nağıllarımızdan olan "Yeddi nar
çubuğu"nun motivləri əsasında hazırlanan
tamaşanın səhnələşdirmə və mahnı mətnlərinin
müəllifi publisist Zülfüqar Rüfətoğludur.
Teatrın
baş rejissoru, Əməkdar artist Qurban Məsimovun quruluş
verdiyi tamaşa klassik nağıl üslubuna tam fərqli
baxış kimi də xarakterizə oluna bilər. Belə ki,
rejissor ideyadan irəli gələn ibrətamiz hadisələr
fonunda tamaşaçılara fərqli kukla
texnikalarının köməyi ilə bitkin bir təsvir təqdim
edə bilib.
Quruluşçu
rəssamı Rəvanə Yaqubova olan bu tamaşada teatrsevərlər
bütün zamanlarda öz füsunkarlığını
qoruyan sehrli nağıl təsvir-təyinini hakim saxlamaqla
çağdaş zamanın texnoloji vasitələrinin də
fonunda tam klassik, bir növ, nostalgiya yaradan səhnə həllinə
nail olub.
Mahnı
və rəqslərlə zəngin tamaşanın bəstəkarı,
Əməkdar artist Vüqar Camalzadə əsas etibarilə
yurd, torpaq təəssübü, çağırış,
cəng ruhlu musiqilər yazmaqla tamaşanın yüksək
tempini və ümumi fabulasını qorumağa
çalışıb. İstər hadisələrə, istərsə
də mahnı mətnlərinə orqanik musiqilər yazan bəstəkar
çoxçalarlı musiqi həlli yara bilmişdi.
Klassik
kukla tamaşası üslubunda hazırlanan "Yeddi nar
çubuğu"nda əsasən kölgə teatrı
elementlərindən də istifadə edən rejissor fərqli
kukla texnikaları və oyun üslublarını bir araya gətirməklə
rəngarəng bir səhnə həllinə nail olub.
Quruluşçu
rəssamın çoxfunksiyalılıq verdiyi səhnə
detalları, eləcə də işıq effektləri, əlavə
konstruksiyaların tətbiqi ilə səhnə içində
səhnə yaratması və məhdud məkanı məhz
işıq effektləri ilə cilalaması baxımlı idi.
Hər
biri bütünlükdə rəssam işi olan 3 səhnə
geyimi, eləcə də istər canlı plan
(Nağılçı), istərsə də 13-dən
artıq kukla və köməkçi obrazlara verilmiş tərtibat
rəssamın incə zövqünə və nağıl
elementlərinə diqqətinin bariz nümunəsi idi.
Pyes
müəllifinin konflikt yaratması, məramı qüvvətləndirən
hadisələr keçidini qurması və ən əsası
vahid məqsədə - tamaşaçını
nağılın mahiyyətindəki birliyə, bərabərliyə
səsləyən ideyasını ustalıqla obrazlar və
mizanlar üzrə bölüşdürməsi
tamaşanın ümumi tempini yüksək saxlaya bildi.
Tamaşaçıların
maraqla izlədikləri tamaşada obrazları teatrın
aparıcı aktyorları Əməkdar artistlər Rəhman
Rəhmanov, Cəmilə Allahverdiyeva, aktyorlar Rəhim Rəhimov,
Ramiz Qəmbərov, Yasin Abbasov, Araz Həsənli, Samirə Nəcəfova
və Aygül Ağayeva canlandırıb.
525-ci qəzet.- 2020.- 15 yanvar.- S.13.