Məntiq şikəstliyi
Bu məqaləni on il
bundan əvvəl yazıb "525-ci qəzet"də
çap etdirmişdim. İndi arxivimdə rast gəldi,
oxudum, yenidən çap etdirməyi qərara aldım.
İnsan üzdə olan, zahiri
nöqsanlarını tez düzəldə bilər. Çox şey də düzəlib. Bu, əsasən də ötən on ilin xidmətidir.
Məqalədə "məntiq şikəstliyi"
- dediyim mənəviyyat nöqsanlarında elə bir əsaslı
dönüş olmayıb. İqtisadiyyatımız zəif
olanda, mənəviyyatdan hökmlə danışmağa
dilimiz qısa idi. İndi isə bir-birimizin
gözünün içinə baxıb, ürəklə
danışmalıyıq. İnsanların
qəlbinin, mənəviyyatının, vicdanının
söhbət yoldaşı olmalıyıq. Bu niyyətlə yazının təkrar
çapına ehtiyac duydum.
Şikəstlik deyən kimi cismani şikəstliyi
düşünürük. Çünki o, tez
gözə çarpır. Çox vaxt belə şikəstlikdə
insanın özünün günahı olmur, olsa da az olur. İmkanı olan hər kəs
belə şikəstliyin müalicəsi üçün
çalışır, onu düzəltmək istəyir.
Amma elə şikəstlik var ki, o birbaşa ətraf
mühitə, insanlara, cəmiyyətə zərər verir.
Bu məntiq şikəstliyidir, düşüncə
tərzinin şikəstliyidir. Bu şikəstlik
o saat nəzərə çarpmır. Onun bəzi
elementlərini ilk baxışdan insanda hiss edə bilərsiniz.
Məsələn, zövqündə, geyimində,
davranışında özünü göstərə bilər.
Düşünə bilərsən ki, bəlkə
imkanı yoxdur, nə tapıb onu da geyinib və yaxud
davranışına fikir verməyə vaxtı olmayıb,
düşündüyünü deyil, danışmaq xatirinə
danışıb. Bunlar hamısı ola
bilər. Lakin məntiq şikəstliyi
şüurun səviyyəsi, düşüncə tərzi, əxlaqi
keyfiyyətlərdən yaranır. Söhbət
məntiqdən getdiyi üçün elə bu məntiqlə
də "niyə indi bu problem yadınıza
düşüb" soruşa bilərsiniz? Birincisi və əsas ona görə ki, indi parlament
seçkilərinə gedirik. Beş il
müddətinə özünüzə millət vəkilləri
seçəcəksiniz. Onlar dövlət səviyyəsində
sizi təmsil edəcək. Seçmək
istədiyiniz o adamın bütün həyatını diqqətlə
nəzərdən keçirin. Ömrü
boyu o namizəd sizin hansı dərdlərinizin düzəlməsi
üçün çalışıb, həyəcan təbili
çalıb? Ən adi bir işdə
olsun, sizi düşünübmü? Xəbəriniz
olmadan hardasa haqqı qorumaq üçün sizi müdafiə
edibmi? Bunlar yoxsa, hansı məntiqlə
siz indi onu millət vəkili seçmək istəyirsiniz.
Məntiq tələb edir ki, özünə
sual verəsən, niyə bu insan millət vəkili olmaq istəyir?
Hansı keyfiyyətləri ilə o, məndən
üstündür ki, Milli Məclisdə mənim əvəzimə
danışacaq, həm də məndən yaxşı, məndən
məntiqli...
1. Bəlkə
o insanın fəaliyyətində elə məqamlar var ki, indi
ona millət vəkili toxunulmazlığı vacibdir.
2. Bəlkə
düşünür üç-dörd ay seçki müddətində
əziyyət çəkərəm, sonra beş
il rahat iş yerim olar. Yüksək
maaşı, həftədə üç dəfə gedib
yumşaq kresloda oturub mürgüləyərəm. Hara da getsəm, hörmətlə
qarşılanaram.
3. Eləsi
də var ki, doğrudan da, başqalarının dərdini demək
üçün (belələri təəssüf ki, çox
deyil, amma var) məmurların qapısını döyür. Saatlarla qəbul otağında gözləyir. Bəzən təhqir olunur. Millət
vəkili olmaq istəyir ki, bu maneələri asan keçsin,
sözünün kəsəri olsun. Belələri
var. Sizin üçün çalışanda, əlbət
ki, özünü də düşünür. Çalışdığı işi düzəlsə
də, düzəlməsə də, təsəlli tapır
ki, mən bacardığımı elədim. Öz vicdanının qarşısında
üzüağ olur. Evində rahat yata
bilir, xanımının və övladlarının
qarşısında alnıaçıq olur. Hətta məğlub olduğunu da evdə
açıq deyir. Çünki o, ər,
ata olmaqdan başqa evdə müəllimdir. Ona xanımı, balaları pərəstiş edir,
onun hər bir hərəkətini evdəkilər təkrar etməyə
hazırdır. O, bir dəfə evdə riyakarlıq etsə,
nəyin xatirinə olur-olsun haqsızlığın tərəfində
olsa, hər şey batacaq. Evdəkilərin haqqa
inamı öləcək.
Axırda illərlə toxuduğu qaranquş yuvası ilan yuvasına dönəcək. O, bunu hamıdan yaxşı bilir. Ona görə də haqqın tərəfində olmaq ona hər şeydən vacibdir. O da ailəsində aclığa, susuzluğa dözə bilər, dözüblər də, amma haqsızlığa dözə bilməzlər. Onların ağlı yerində, şüuru sağlamdır. Elə ona görə də fikirlərinin və əməllərinin polad məntiqi qarşısında bərbəzəkli yalanlar, riyakarlıqlar sabun köpüyü kimi şüarlar diz çökür. Belələri cəmiyyətin sarsılmaz təməlidir. Məhək daşıdır. İnanın mənə belə insanlar var. Nə yazıq ki, bu qarışıqlıqda onlar gözə çarpmır. Özünü gözə soxmaq da onların məntiqinə uyğun deyil. 1-ci və 2-ci növ namizədlərin bəzi seçicilərə təsir edə bilən bir güclü arqumentləri var, o da puldur. Bəzi seçicilər (onlar da çox deyil, amma var) pulla qiymətli hədiyyəyə səsini satır, hətta o adamın təbliğatçısına çevrilir. Namizəd də onun səsini bazardan ət alan kimi alır. Seçilir. Bir qədər sonra həmin seçici haqsızlığa rast gələndə millət vəkilinin üstünə qaçır. Millət vəkili onu yarıtmayanda, biganə olanda hirslənir:
- Mən sənə səs vermişəm - deyir.
- Xeyr, səsini
satmısan, mən də almışam. Pulunu da
vermişəm, daha nə istəyirsən?
Baxanda bu dialoqda məntiq var. Lakin bizim dediyimiz şikəst
məntiq elə budur.
Millət
vəkili beş illik seçilib,
arxayınlaşıb. Amma ömür beş
il olmur axı. Bəzən artıq olur. Alver ikinizin arasında olsa da, bunu insanlar
görüb. İnsanlar hər şeyi
görür, dərs götürür. Siz
həm özünüzü tanıtdınız, həm də
bir çoxunu ayıltdınız. Sizin
şüurunuzun - məntiqinizin şikəstliyini sizin öz əməlinizdən
yaxşı heç kəs sübut edə bilməzdi. Səsini satanda gördü ki, səsini deyil, mənəviyyatını
satıb. Vaxtı ilə sovet dövründə
belə bir cəza növü vardı. İnsanı
səsdən məhrum edirdilər. Yəni
mühüm məsələlərdə o insanın səsvermə
hüququ olmurdu. O, qoşqu heyvanı, iş aləti kimi
bir şey olurdu. İndiki zamanda öz səsini satan
insan görün şüurca nə qədər xəstə,
məntiqi nə qədər şikəstdir ki, özü də
öz azadlığını satıb. Bu,
cahillikdir. Cahillik dediyimiz it kəlləsi
kimi bir şeydir. Xonçaya necə qoysan,
xeyri yoxdur, ya burnu görünəcək, ya da qulağı.
Məntiq şüurun, ağılın məhsuludur.
Xəstə ağıl -cahil ağıl deyək
elə fikirlərin əsasında məntiq qurur, Adama ilk
baxışda inandırıcı görünür. Məsələn,
"mən səs verməsəm də, bu adam
keçəcək. Hazır, elə səs
verim, pul alım". Axı sən səs
verməsən, o səs verməsə, mən səs verməsəm,
o, necə seçilə bilər axı? Lap seçilsə
də, sən öz vicdanının qarşısında
özünü rahat hiss edərsən, öz-özünə
"mən ona yox, daha ləyaqətli insana səs
vermişdim" deyərsən. Məsələ
odur ki, şikəst məntiqli insanın vicdanı da
axsayır. Vicdanı ilə
küsülüdürlər. Bir zaman belə bir
şeirim vardı:
Hamı
Allahından var-dövlət dilər,
"Allah, mənim payım az oldu" deyir.
Allah
ağlımızı elə bölüb ki,
Heç kəs öz ağlından gileylənməyir.
Yetmiş
il Allahsız bir ölkədə
yaşadıq. O zaman Allahsızlıqdan dərs deyən
müəllimlərin bəzisi indi mollalıq eləyir, bəzisi
ilahiyyətdən dərs deyir, bəzisi də elə
allahsız olaraq qalır. Çox
nöqsanları, eybəcərlikləri o dövrün boynuna
atırıq. Əlbət ki,
Allahsızlıq elə əxlaqsızlığa aparıb
çıxarır. Bəs indiki əxlaqın
şikəstliyini, mənəvi və məntiqi şikəstliyi
kimin üstünə yazaq? Təkallahlılıq
dini çox müdrik və dərin elmdir. Allah insanın üstündə heç kəsi nəzarətçi
qoymayıb. İnsandan yuxarıda yalnız
Allahdır. Özü də insana nəzarət
etmir. Hər kəsə nəzarəti o
adamın özünə tapşırıb. Deyir o dünyada sənə şahid lazım deyil.
Sənin əllərin sənin üzünə
duracaq, ayaqların səni hara apardığını deyəcək.
Dilin, dodaqların, gözlərin sənin
üzünə dayanacaq. İnsan
özündən hara qaça bilər, cinayət törətməyə,
haram yeməyə, əxlaqsızlığa yer qoyulmayıb
burda. Xüsusilə indi. Dinimiz tədris olunur. Məscidlər,
ziyarətgahlar fəaliyyət göstərir. Müstəqil Azərbaycan Respublikasının
qanunları da riyakarlığı, haram yeməyi,
oğurluğu, əxlaqsızlığı qadağan edir.
Bəzi hallarda biz haqqı sübut etməkdə,
qorumaqda çətinlik çəkirik. Bəs
necə olur ki, bunlar dinimizin və dövlətimizin
qanunları ilə qadağan olunduğu halda yaşaya bilir,
kökü kəsilmir.
Sovet dövrünün məşhur bir lətifəsi
vardı. Ağdaş o zaman pambıq rayonu idi. Biri qonşusunu dolaşdırmaq istəyir. Heç bir fakt tapa bilmir, yazır ki, Əhməd
arxasını pambıq tarlasına çevirib oturmuşdu.
O, kolxozun və pambığın əleyhinədir. Lətifədi, amma gülməli deyil,
ağlamalı lətifədir. Deyirdim nə
yaxşı belə şeylər qaldı keçən əsrdə.
Sən demə yox. Elə lap bu
yaxınlarda, sentyabrın ilk günlərində mənim
canım kimi sevdiyim Ağdaşdan mənə zəng etdilər.
Rayonda bir qohumum var. Politexnik İnstitutunun
avtomobil nəqliyyatı fakültəsini bitirib. Rayonda
münasib iş yeri yoxdur. Bir köhnə
"Jiquli" ilə ora-bura qaçıb üç məktəbli
uşağını dolandırır. Onu
yol polisi saxlayıb.
-
Maşınının tüstüsü var. Aparatla
ölçüm. Ekologiya ilə əlaqədar
tədbir keçiririk.
-
Maşının matoru yaxşıdı.
-
Yaxşı, on beş manat ver, get.
- Elə
mən də pul üçün çıxmışam da.
On beş manatım olsaydı, burda nə
işim vardı.
-
Ölçdüm. Tüstüsü
artıqdı.
- Bəlkə
benzindəndi.
- On beş manatını gəl, görüm!
- Yoxdu.
- Sən
deyirsən dövlətin benzini xarabdı?
-Yox, elə
demirəm. Deyirəm bəlkə.
- Nə bəlkə
ə... Sən dövlətə söyürsən?
- A
qardaş, sən nə danışırsan, mən dövlət
sözü işlətdim?
- Ə bizim neftimiz, benzinimiz dünyada şöhrət
tapıb, sən deyirsən xarabdı. Gəl səni polis
şöbəsinə aparıram.
- Mən
neyləmişəm axı.
- Dövləti
söyürsən. İki şahidim də var.
- Burda şahid
nə gəzir.
-
Üzünə duranda görərsən.
Xülasə, kişini aparırlar polis
şöbəsinə. Üç manatlıq şahidlər də
tapılıb. Dedilər gör neyləyirsən, bilmək
olmaz hələ üstünə daha nələr yazacaqlar. Zəng
edib bir-iki yoldaşdan xahiş etdim. Hörmətli yoldaşlar
tapşırandan sonra buraxıblar. Məni dəhşətə
gətirən başqa şeydi. Buna öz rəhbərliyi
tapşırandan sonra kişini məcbur edib borc
aldırtdırıb ondan iyirmi manat alıb. İnanıram ki,
o yol polisinin iyirmi manata ehtiyacı yoxdu. Burda hökm verən
onun xəstə şüurunun şikəst məntiqi olub. "Mən prinsip adamıyam. On beş dedim, tapşırdılar iyirmi aldım, gələn
dəfə dediyimi həmin an ver". İndi dediyini elədin. Ömür
uzun şeydi. Bir zaman təqaüdə
çıxıb bu insanlarla domino yoldaşı olacaqsan.
O vaxtacan bu məsləklə şəhərin yarısını
özünə düşmən edəcəksən axı. Ağdaş kiçik bir şəhərdi,
yaxşı araşdırsan, hamı bir-birinə qohum
çıxar. Toyda-yasda yanaşı
oturanda bu adamların üzünə necə baxacaqsan? Aidiyyəti orqanlar bu polisi axtarıb cəzalandırmasın.
Xahiş edirəm, siz ona toxunmayın. Onu öz vicdanı ilə üz-üzə qoyaq.
Bir də ağdaşlıların və öz
ailəsinin qınağına tapşıraq. İnzibati yola əl atılanda insan özünü
müdafiə üçün bəhanələr tapacaq,
uyduracaq. Qoy Allah qarşısında əlinin,
ayağının, ağlının suallarına cavab versin. Yamanlıq əvəzinə hər biriniz bir-birinizə
kiçicik bir yaxşılıq eləsəniz, bundan daha
yaxşı dolanarsınız. Bir-birinizin
adını hörmətlə, məhəbbətlə
çəkərsiniz. Ağlınızla,
ürəyinizlə bir qərar verəndə o qərarı
bir neçə dəfə yoxlayın, baxın bu sağlam
ağlın çıxardığı məntiqdir? Bu
məntiqin zədəli, şikəst tərəfi yoxdur ki...
Mənim əzizlərim, qardaşlarım,
övladlarım siz hər biriniz Allahın möcüzəsisiniz. Hər biriniz
nadir nüsxəsiniz. Bir də sizi
heç kəs heç zaman olduğunuz kimi təkrar etməyəcək.
Qədrinizi bilin. Allahdan
sağlam ağıl istəyin. Allahdan məhəbbət
istəyin özünüzə, ətrafınızdakılara,
insanlara.
Fikrət QOCA
525-ci qəzet.- 2020.- 15 yanvar.- S.14.