Tam fərqli Az.TV -uğurlu
bir il
2019-cu il tarixə çevrildi, yerini 2020-ci ilə
verdi. Amma təbii ki, izini hər yerdə
saxlayır, dəyişən isə sadəcə təqvimdir.
Ötən bir il ölkəmizin Ana
televiziyasının - AzTV-nin həyatında da böyük və
uğurlu dəyişikliklər ili kimi qaldı.
Qosqocaman Teleradiomuz Prezident İlham Əliyevin
qayğısı ilə inamla və qətiyyətlə dəyişdi,
yeniləşdi, müasirləşdi. Və bu dəyişikliklər
adi tamaşaçıdan tutmuş, dövlət
başçısına qədər heç kimin diqqətindən
yayınmadı. Prezident İlham Əliyevin ötən il dekabrın 23-də, doğum günü ərəfəsində
yerli jurnalistlərə geniş müsahibəsində səsləndirdiyi
fikirlər də bunu təsdiq edir.
Əslində,
həmin müsahibə ölkə rəhbərinin yerli mediaya
doğma, səmimi, dost münasibətini, inam və
etimadını bir daha ortaya qoydu. Prezidentin "Bəzi hallarda
mən mətbuatdan bir çox şeyləri öyrənirəm",
"Siz mənim köməkçilərimsiniz" fikri,
heç şübhəsiz, hər bir jurnalist, hər bir
KİV nümayəndəsi, hər bir teleradio işçisi
üçün şərəfdir, eyni zamanda, böyük məsuliyyətdir.
Bu müsahibə media nümayəndələri
ilə yanaşı, hər bir azərbaycanlı
üçün də əlamətdar idi. Ölkəmizin müstəqillik illərində
atdığı prinsipial addımlar, bütün istiqamətlərdə
qazanılan uğurlar, həyata keçirilən islahatlar,
qarşıdakı yeni hədəflər müsahibədə
geniş əksini tapmışdı.
Müsahibədə
iştirak edən media təmsilçilərindən biri də
Prezident İlham Əliyevin sərəncamı ilə "Azərbaycan
Televiziya və Radio Verilişləri" QSC-yə sədr təyin
olunan və AzTV-nin tarixində ən gənc sədr olan
Rövşən Məmmədov idi. O, artıq bir ildir ki,
dövlətin ən böyük və mühüm ideoloji
qurumuna rəhbərlik edir. Teleradionun həyatında yeni
dövr də elə bir il əvvəl
başladı, ciddi islahatlar aparıldı, kanalın
simasında diqqətçəkən dəyişikliklər
edildi.
"Rövşən
Məmmədov" - bu imza son bir ilədək
tamaşaçılara, sadəcə istedadlı bir jurnalistin,
səmimi, intellektli, peşəkar bir aparıcının
adını xatırladırdı. Tamaşaçılar onu hər
həftə AzTV-nin ən məşhur proqramında - "Həftə"də
görür (yenə həmin proqramın
aparıcısıdır və o, indiyədək AzTV-yə sədrlik
edən yeganə şəxsdir ki, həm də veriliş
aparır), həftə ərzində baş verən hadisələrin
analitik təhlilini ondan eşidir, maraqlı şərh və
icmallarının şahidi olur, bir sözlə, həftəyə
onunla "yekun vururdular". Ötən bir il
isə onun üçün rəhbər, idarəçi kimi
də son dərəcə məsuliyyətli dönəm oldu. Teleradio onun rəhbərliyi ilə bu qısa zaman kəsiyində
heç bir dövrdə olmadığı qədər
sürətlə və keyfiyyətlə dəyişdi. İlk gündən islahatlar yeni hədəflərə
istiqamətlənmişdi, yeni hədəflər isə yeni
uğurlar demək idi. Tamaşaçı
və dinləyicilərə yüksək səviyyəli
proqramlar təqdim etməklə teleradionun nüfuzunu
artırmaq başlıca məqsəd idi. İlk
dəyişiklik AzTV, "Mədəniyyət" və
"İdman" kanallarının loqosundan başladı.
Peşəkarlıqla hazırlanan yeni
loqoların rənglərinin ümumiləşmiş
forması üçrəngli bayrağımızın rənglərini
özündə birləşdirməklə yanaşı, həm
də dəyərlərə, ənənələrə
hörmət, müasirlik və yeniliklərə açıq
olmaq, gələcək hədəflərə doğru inamla
addımlamaq arzusunu ifadə edirdi. Dövlət
başçısının Sərəncamlarına əsasən,
il ərzində ayrılan vəsaitlərlə TV-nin
maddi-texniki bazasının modernləşdirilməsi, zəruri
texniki avadanlıqların alınması bu arzunu
reallaşdırmağa, Teleradionun öz işini daha peşəkar
və müasir prinsiplər üzərində qurmasına
imkan yaradır, yaradıcılıq imkanlarının
genişləndirilməsinə xidmət edirdi. Budur,
bir ildə 17 yeni studiya tikilib, yayım sistemini rəqəmsallaşdırmaq,
HD sistemə keçid üçün yeni server sistemi
quraşdırılıb. Yeni HD
kameraları, canlı bağlantıları təmin etmək
üçün avadanlıq, dron, kompüterlər, həmçinin,
avtomobillər alınıb. Hər 3 kanalda
bütün qrafiklər yenilənib və s.
Lakin dəyişikliklər təkcə maddi-texniki
bazanın təzələnməsində, yeni studiyalarda,
çəkiliş pavilyonlarında, görüntüdə
deyil, həm də məzmunda, mahiyyətdədir. Təcrübə,
peşəkar komanda, güclü və bacarıqlı
yaradıcı heyətlə yeni studiyalar elə yeni veriliş
və tok-şoularların meydanına çevrildi. Son bir ildə 56 yeni veriliş efirə vəsiqə
alıb. Bunun 32-i AzTV, 12-i Mədəniyyət
TV, 12-i isə İdman TV-də açılıb. Eləcə də 32 yeni film hazırlanıb, onlardan
11-i siyasi (dövlət quruculuğu, müstəqillik illərində
ölkəmizin sürətli inkişafından bəhs edən
filmlərdir), 25-i "Azərbaycantelefilm"in
istehsalıdır. Bu filmlər də,
ayrı-ayrı verilişlər də AzTV-nin keyfiyyət və
məzmunca yeni inkişaf mərhələsinə qədəm
qoyduğunu göstərir.
Teleradio dövlət siyasətinin mahiyyətini ölkə
vətəndaşlarına uğurla çatdırır. Ölkəmizin dinamik
inkişafı, tarixi nailiyyətləri, dünyadakı
nüfuzu, "Mən xalqımın bir nömrəli xidmətçisiyəm"
deyən Prezident İlham Əliyevin vətəndaşların
rifahı naminə islahatları, xalq-iqtidar birliyi, eləcə
də Azərbaycanın Birinci vitse-prezidenti Mehriban
Əliyevanın son dərəcə diqqətçəkən
fəaliyyəti kanalın gündəlik efirində mükəmməl
şəkildə öz əksini tapır. Bütövlükdə,
Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi
siyasəti, bu siyasətin qətiyyətli davamını
hamıdan yaxşı "izləyən", bu mənada,
müstəqil dövlət quruculuğu prosesinin, Azərbaycan
dili və mədəniyyətinin inkişafının
canlı salnaməsini yaradan, məhz Azərbaycan
Televiziyasıdır.
Xəbər proqramları hər bir televiziyanın
görən "göz"üdür və etiraf edək ki,
indi AzTV-nin "Xəbərlər"i informasiya çəkisinə
görə digər kanalların anoloji proqramlarını
üstələyir. Tamaşaçılar ən dəqiq və
dürüst xəbərləri bu proqramdan alır. Rəsmi xronika, dövlət tədbirləri, Azərbaycanda
keçirilən beynəlxalq əhəmiyyətli toplantılar,
ölkə həyatı, dünyada baş verən hadisələr,
idman yenilikləri böyük operativlik və peşəkarlıqla
tamaşaçılara çatdırılır. Məkanından asılı olmayaraq xəbərin
ünvanından, hadisə yerindən birbaşa
bağlantılar "Xəbərlər"in mötəbərliyini
daha da artırır. İnformasiya Proqramları
Studiyasının müasir xəbərçilik
standartlarına tam uyğunlaşdırılan, xəbərin
istehsalından tutmuş tamaşaçılara
çatdırılmasına qədər bütün prosesi
bir məkanda cəmləyən "Xəbər
otağı" xəbərlərin daha çevik
istehsalına, tamaşaçılara daha çox informasiya
ötürülməsinə imkan verir, operativliyə təminat
yaradır. "Xəbərlər"in
"Mobil qrup"u da son bir ilin təqdirolunası yeniliklərindəndir.
Çeviklilik və məsuliyyət tələb
olunan bu qrup, demək olar ki, hər buraxılış
üçün gündəmlə bağlı reportajlar, həmçinin,
xüsusi reportajlar hazırlayır. "Şənbə
reportaj"ları isə daha geniş coğrafiyanı əhatə
edir, tamaşaçılara ölkəmizlə yanaşı,
dünyanın müxtəlif yerlərindən hazırlanan
maraqlı reportajlar təqdim olunur. AzTV-nin
xaricdəki müxbir məntəqələrindən hər
gün "Xəbərlər"ə yeni videomateriallar daxil
olur. "Xəbərlər" Azərbaycan,
rus və ingilis dillərində olmaqla 13 dəfə efirə
çıxır.
Tamaşaçılar
ölkə və dünya iqtisadiyyatının ən
mühüm yenilikləri ilə həftə içi 5 gün
"İqtisadiyyat xəbərləri"ndə tanış olur. Bölgələrimizin
həyatı "Region xəbərləri"ndə geniş
işıqlandırılır, rayonlardakı
abadlıq-quruculuq işləri bu proqramda aydın
görünür. "Mədəniyyət
xəbərləri" də yeni formatda efirə
çıxır.
Dövlət əhəmiyyətli hadisələr
haqqında xüsusi buraxılışlar isə ana "Xəbərlər"dən
sonra təqdim olunur. Dövlət
başçısının iştirakı ilə ölkəmizdə
keçirilən mötəbər beynəlxalq tədbirlərin
birbaşa yayımlanması isə ümumilikdə, AzTV-nin
tarixində bir ilk idi. 2019-cu il
oktyabrın 25-də Bakıda keçirilən Qoşulmama Hərəkatına
üzv ölkələrin dövlət və hökumət
başçılarının XVIII Zirvə
Görüşü, məhz AzTV ilə birbaşa
yayımlandı. Bu, bir daha təsdiq edir ki, Azərbaycan
Televiziyası artıq dünyanın ən qabaqcıl
telekanalları ilə rəqabət apara biləcək səviyyədədir.
AzTV xəbər
həftəsinə hər bazar günü "Həftə"
analitik informasiya proqramında daha geniş və ətraflı
təhlillə yekun vurur, aparıcının səriştəli
və dolğun şərhləri tamaşaçıları
həftənin mənzərəsi ilə tam şəkildə
tanış edir.
Son bir ildə AzTV-nin analitik proqramlarının sayı
da artıb.
Bu verilişlər "İctimai-siyasi proqramlar və xarici xəbərlər
studiyası"nın komandası tərəfindən ərsəyə
gətirilir: "Əsas məsələ", "Hədəf",
"Parlament vaxtı", "Planet", "Rakurs",
"Multikulturalizm", "Milli istehsal", "Jurnalist
araşdırması" və s. Günün aktual məsələsi,
gündəmdə olan mövzu "Hədəf"
ictimai-siyasi proqramında həftə içi 5 gün
qonaqlarla birgə geniş təhlil edilir. "Əsas
məsələ" tok-şousu da həftə içi 5
gün efirdədir. Tok-şouda ölkənin
ictimai-siyasi həyatı, beynəlxalq əhəmiyyətli
hadisələr ekspertlərlə və auditoriya ilə birgə
müzakirə olunur. Hər şənbə
efirə çıxan "Jurnalist araşdırması"
vacib problemləri qabardır, həmin problemlərin həlli
yollarını araşdırır, mütəxəssis rəylərini
diqqətə çatdırır. "Parlament
vaxtı"nın yeni formatda təqdimatı
da uğurludur. Həftə içi 5 gün
canlı yayımlanan "Çıxışa doğru"
tok-şousunda, əsasən sosial məsələlər ətrafında
fikir mübadiləsi aparılır, çıxış
yolları axtarılır.
Müxtəlif zövqlü tamaşaçılar
üçün nəzərdə tutulan əyləncəli
verilişlər, maarifləndirici proqramlar, intellektual oyunlar
AzTV-nin efirini daha rəngarəng və baxımlı edir. "Telesəhər",
"Gün başladı", "Analar Akademiyası",
"Sağlam ol", "Sözüm var",
"Ağ-qara", "Bir AzTV", "Məlahətli
qonaqlar", "Görüş yeri",
"Qazan-Manqal", "PalitrArt", "Məmləkətim",
"Mən azərbaycanlıyam", "Xəmsə",
"Təhsil üçbucağı, "Uğur
düsturu", "Belə-belə işlər", "Vətənə
xidmət", "Döyüşçü", "Bəlalar",
"Gün-ellə səyahət" və digər
verilişlər bütün təbəqədən olan
tamaşaçıların marağını təmin edir. Əslində, bu amil TV-nin proqram siyasətində əsas
yer tutur.
Bəli, bu gün AzTV-nin efiri
"qaynayıb-daşır", maraqlı layihələr
bir-birini əvəz edir. Bu qaynarlıq, bu dinamika, bu canlılıq
tamaşaçını öz cazibəsinə salır, onu
ekran qarşısında saxlayır. Ana
Televiziyanı tam yeni formatda görən tamaşaçı
onu məmnunluqla izləyir.
"İdman" TV-nin, "Mədəniyyət"
kanalının efiri də yeni verilişlərlə zənginləşib. Azərbaycan
Radiosu da texnoloji, istehsalat və yaradıcılıq dəyişiklikləri
ilə diqqəti çəkir. AzTV-yə
canlı yayıma qoşulması isə onun fəaliyyətinə
əlavə canlılıq bəxş edir.
Hər kəs uzun zamandır AzTV-nin efirində yeni
teletamaşaları səbirsizliklə gözləyirdi. Son bir ildə
bu intizara da son qoyuldu. "Azərbaycantelefilm"
Yaradıcılıq Birliyi və "Sabah"
Yaradıcılıq Studiyası yeni film və
tamaşaların istehsalına başladı. "Azərbaycantelefilm"
Yaradıcılıq Birliyinin direktoru, Xalq artisti Ramiz Həsənoğlunun
çəkdiyi, filosof-şair İmadəddin Nəsimiyə həsr
olunan "Son gecə" filmi Prezident İlham Əliyevin elan
etdiyi "Nəsimi ili"nə, dahi şairin 650 illik yubileyinə
AzTV-nin dəyərli hədiyyəsi sayıla bilər. Yeni ildə təqdim olunan "Zəng"
teletamaşası da son bir ilin hadisəsi kimi maraqla
qarşılandı.
Yeniliklərdən biri də Prezident İlham Əliyevin
tapşırığı ilə "Azərbaycan Televiziya və
Radio Verilişləri" QSC-də yaradılan Bədii
Şuradır.
Tanınmış mədəniyyət və incəsənət
xadimlərini özündə birləşdirən Bədii
Şura efir strukturu, verilişlərin bədii tərtibatı,
məzmunu, diktor və aparıcıların peşəkarlıq
səviyyəsinə nəzarət funksiyasını həyata
keçirir.
Teleradio Akademiyasının fəaliyyətində də
son bir ildə ciddi dönüş yarandı. Rəhbərliyin təşəbbüsü
və dəstəyi ilə ümumilikdə, Azərbaycan teleməkanı
üçün kadr hazırlığına start verildi,
teleradio işçiləri ilə bərabər, ali təhsilli və bu sahədə işləmək
istəyənlərə imkan yaradıldı. Artıq
Akademiya gənc jurnalist, rejissor və operatorların təkmilləşməsi
üçün mühüm mərkəz rolunu oynayır.
Son bir ildə bura qəbul olunan 153 nəfərdən
73-ü məzun adını qazanıb. Onlardan
21-i artıq Teleradionun əməkdaşıdır.
AzTV nəsilləri birləşdirən televiziyadır. Nəsillər
bir-birini əvəz edir və bu əvəzetmə yeninin
köhnədən öyrənməsi prinsipinə əsaslanır.
Gənclər peşəkarlarla
çiyin-çiyinə çalışır, öyrənir,
yetişir. Bir vacib məqam da odur ki, bu yenilikləri
teleradio əməkdaşlarının əməkhaqqı və
qonorarının artırılması müşayiət edir.
Kollektivin qayğıları rəhbərliyin diqqətindədir,
hər həftənin 5-ci günü AzTV-də sədrin qəbul
günüdür - yalnız əməkdaşlar
üçün...
Son bir ilin uğurlarını isə elə son bir ilin
hesabatı kimi qəbul etmək olar. Bir illik nəticənin ən gözəl
"qiyməti"ni isə yenə də
Prezident İlham Əliyevin yerli jurnalistlərə müsahibəsində
görmək mümkündür. Sitat: "Mən sizin fəaliyyətinizi
izləyirəm, televiziyalarda görürəm. Siz
ümumi işimizə çox böyük töhfə
verirsiniz. Müasir, gənc insanlar kimi,
hesab edirəm ki, bugünkü Azərbaycan mediasını təcəssüm
etdirirsiniz və təcəssüm etdirməlisiniz".
Bu fikir, həm də AzTV-yə
ünvanlanmışdı. Tamaşaçının
qarşısındakı bugünkü tam fərqli AzTV isə,
məhz Prezidentin onun inkişafına, kollektivə diqqətinin,
qayğısının nəticəsidir. Və
buradakı islahatları ölkə səviyyəsində
dünya standartlarına uyğun müasirləşmənin
kiçik modeli də saymaq olar. Yeniliklər isə
davam edir...
Firuzə NADİR
525-ci qəzet.- 2020.- 15 yanvar.- S.16.