"Qəbirdə də Qarabağın
özüyəm"
Esse
20 Yanvar şəhidi şair Ülvi
Bünyadzadənin anadan olmasının 50 illiyi münasibətilə
"525-ci qəzet"in keçirdiyi, vətənpərvərlik
mövzulu şeir və esse müsabiqəsində 2-ci
mükafata layiq görülmüş Günel
Bayatlının (Mehdizadə) "Qəbirdə də Qarabağın özüyəm",
essesini təqdim edirik.
1993-cü ildə Bakı şəhərində anadan
olub. 2012-ci ildə 192 nömrəli orta məktəbi
bitirib, elə həmin ildə Bakı Dövlət
Universitetinin Jurnalistika fakültəsinə daxil olub. 2016-cı ildə bakalavr, 2019-cu ildə isə
magistratura pilləsini başa vurub. "525-ci
qəzet"də, "Şərq" qəzetində məqalələri
çap edilib.
Müqəddəs torpaqlarımız uğrunda, müstəqilliyimiz,
milli varlığımız uğrunda həlak olmuş
bütün şəhidlərimiz hər birimiz
üçün Vətənə sevginin qiymət
meyarıdır. Onların hər birinin müqəddəs
ruhu bizim and yerimizdir. Tale elə gətirib ki, şəhidlərimizin
çox böyük hissəsi gənclərimizdən ibarətdir.
Torpaqlarımızı yağı düşməndən
qoruyan əsgər şəhidlərimiz, müstəqilliyimiz
uğrunda ilk qurban gedən mübariz şəhidlərimiz -
neyləyək ki, Vətəni qorumaq kimi şərəfli bir
missiya birbaşa cavanlarımızın qismətindədir.
Əvvəllər şəhidlərimizin
anaları, doğmaları şivən qoparıb hər kəsi
ağladırdısa, indi anaların dilindən "Vətən
sağ olsun!" kimi müqəddəs bir kəlməni daha
çox eşidirik. Çünki müstəqilliyi
yaradan və onu öz qanı ilə qoruyan
cavanlarımızın itkisi nə qədər ağır
olsa da, Vətən və onun varlığı şəhid
anası üçün övladdan əvvəldir.
Müstəqil Azərbaycan dövləti, onun rəhbərliyi,
bütün xalqımız şəhid sözü
qarşısında öz borclarını çox
yaxşı dərk edir. Xüsusilə yaradıcı
ziyalılarımız müqəddəs şəhidlərimizin
Vətən, torpaq, millət, xalq sevgisini ifadə edən əsərləri
ilə dağdan ağır dərd yükü çəkən
şəhid analarına təsəlli olurlar.
Mən bu yaxınlarda çox sevdiyim və indi-indi
yazılarımın dərc olunduğu "525-ci qəzet"də
ruhu müqəddəs şəhidlərimizin biri haqqında
yazı müsabiqəsi ilə bağlı elanı oxudum. "Ülvi Bünyadzadə-50 . "525-ci qəzet" 20 Yanvar şəhidi,
şair Ülvi Bünyadzadənin anadan olmasının 50 illiyi
münasibətilə vətənpərvərlik mövzusunda
şeir və esse müsabiqəsi elan edir. Müsabiqədə
yalnız 35 yaşına qədər gənclər iştirak
edə bilərlər". Mən Ulvi
Bünyadzadə haqqında çox eşitmişəm,
çox oxumuşam. Hətta BDU-da təhsil
aldığım illərdə (mən bu Universiteti keçən
tədris ilində bitirmişəm) əziz müəllimlərimdən
biri mənə Ülvi haqqında çap olunmuş bir kitab
bağışladı: "Ülvi Bünyadzadə: şəxsiyyəti
və ədəbi irsi". Əlbəttə, yenə təkrar
edirəm, müasir Azərbaycan gəncliyi, o cümlədən,
mən özüm də Ülvi Bünyadzadəni ən
azı Universitet illərimdən - Jurnalistika fakültəsindəki müəllimlərimin vətənpərvərlik
haqqında dərslərindən xeyli tanıyırdım. Və indi mən Ülvi Bünyadzadənin "Həyat
üçün doğulmuşuq, Vətən
üçün ölməliyik!" müdrik
sözlərini rubrika yerinə qoymuş "Ülvi
Bünyadzadə: şəxsiyyəti və ədəbi
irsi" kitabını oxuyuram. Bütöv bir
müntəxəbat (məhz müntəxəbat) formatında
nəşr olunan bu kitabda Ülvi Bünyadzadəni daha
yaxından tanımağa başlayıram. Ülvi Bünyadzadə məndən 3 yaş
kiçikdir. Şəhid olduğu 20 Yanvar
gecəsində onun 21 yaşı varmış. Ülvi şəhid olmasaydı, mən, məndən
əvvəlkilər, məndən sonrakılar bəlkə
heç doğulmayacaqdı.
Biz öz varlığımıza görə
bütün şəhidlərimizə, o cümlədən,
20 Yanvar şəhidlərinə çox borcluyuq. Əlbəttə,
20 Yanvarda azğın sovet silahlı qüvvələrinin
bizim müstəqilliyimiz uğrunda mübarizəmizə qənim
kəsilmək üçün Bakıya, Sumqayıta
basqın etməsilə şəhid düşmüş hər
kəs bizə örnəkdir. Amma o gecənin
dəhşət saçan silahları milli-azadlıq hərəkatının
iştirakçılarına daha çox qənim kəsildilər.
Ülvi Bünyadzadə Xalq hərəkatının
fəal bir üzvü kimi həmin Xalq hərəkatının
şəhərin 4-cü mikrorayonunda yerləşən Pioner
kinoteatrındakı qərərgahından
çıxmış və birbaşa vəhşi sovet
ordusunun qarşısında dayanıb ona lənət
oxuduğu anda qətlə yetirilmişdir. Bu
anda Ülvinin simasında təkcə bir Vətən,
azadlıq, müstəqillik fədaisi deyil, həm də
sabahın müqtədir bir şairi, publisisti, ləyaqətli
vətəndaşı qətlə yetirilib.
Mənim əlimdəki kitab Ülvi Bünyadzadəni
bütün istiqamətlərdən təhlil edən
yazılarla - esselərlə zəngindir. Mən bu anda
bir yandan da qürur hissi keçirirəm ki, bizim ünlü
ziyalılarımız şəhidlərimizi, o cümlədən,
Ülvi Bünyadzadəni beləcə ürək
yanğısı ilə xatırlayırlar. Bu
yaradıcı ziyalılar içərisində Anar, Hüseyn
Arif, Nəriman Həsənzadə, Xəlil Rza Ulutürk,
Nizami Cəfərov, Məmməd Oruc, Vaqif Yusifli, Səlim
Babullaoğlu, Səlahəddin Xəlilov, Qasım Qasımzadə,
Fikrət Sadıq, Flora Xəlilzadə, Məmməd Aslan,
Taleh Həmid, Tofiq Mütəllibov və b. kimi onlarca
yazıçı, şair, alim, publisist var. Onların
hamısının qələmində Ülvi Bünyadzadə
vətənpərvər, çiynində Vətən namusu
daşıyan cavanlara örnək bir gənc kimi təsvir
olunur. Bu yaradıcı ziyalıların əksəriyyəti
Ülvi Bünyadzadənin vətənə bağlı
şeirlərini misal gətirir, onun bu tipli
yazılarını təhlil edirlər. Çox
böyük yaradıcılıq imkanları
ömrünün ən gənc çağında
yarımçıq qalmış cavan Ülvinin şeirlərindəki
Vətən mövzusuna münasibətin səmimiliyi və bədii
siqləti adamı heyran qoyur:
Həyat
üçün doğulmuşuq,
Vətən
üçün ölməliyik
- aforizm səviyyəsi daşıyan bu sətirləri
bəlkə Ülvi elə o dəhşətli 20 yanvar gecəsində,
ölümündən bir saat əvvəl yazıb.
Ülvinin
bir qarabağlı kimi məni ən çox ağrıdan aşağıdakı sətirlərini
esse müəlliflərinin çoxu misal çəkir və
mən də bu anda dayana bilmirəm:
Qarabağdı
mənim dinim-imanım,
O
torpağın nişanəsi, iziyəm.
Məni
belə aciz görmə qəbirdə,
Qəbirdə
də Qarabağın özüyəm
- bu, nə möcüzədir, Allahım? Sanki Ülvi bu şeirini ölümündən
sonra, Qəbir evində yazıb. Qarabağa
sevginin bu qədər aydın, obrazlı və bədii
yükə sahib misralarını heç kimdə görməmişik.
Bu sətirlər sabah düşmən
gülləsinə sinə gərib şəhid olacaq bir
cavanın öncəgörümüdür, yoxsa nədir? Bu suala gələcək nəsillər cavab verəcək.
Ülvinin həyat möcüzəsindən biri də
onun "And"ıdır. Cəmi 20 yaşı
olub bu and mətinini yazanda. Xarici Dillər
Universitetinin üçüncü kursunda oxuyurmuş - 1989-da.
Bu Vətən fədaisinin "And"ı indi
dillər əzbəridir. Amma mən o mətnin ilk sətrinin
möcüzəsini qələmə almaq istəyirəm
"And. Mən Bünyadzadə Yusif oğlu Bünyadzadə həyatımda
ilk və son dəfə (kursiv mənimdir - G.M.) öz
vicdanımın qarşısında and içirəm: bir
elin, bir millətin adını təmsil etdiyimi, heç zaman
unutmayacağam"... Bu da bir möcüzə! 20
yaşlı bu gənc oğlanın qarşıda neçə-neçə
illəri var. Bəs niyə "son dəfə"? Yenə
də o Vətən uğrunda şəhid olacağını
sanki elə həmin günlərdə görürmüş!
Qarabağdan, doğulduğu Göyçə
mahalından didərgin düşənlərin dərdi, ələmi
onu şair eləmişdi. Bacısı
Könül Bünyadzadə nakam qardaşına həsr etdiyi
"Gəncliyin Ülvi məqamları" sərlövhəli
fəlsəfi traktatında suallara sətiraltı cavablar verir.
"Qısa ömürdə böyük
missiya"nı təhlil edən filosof-alim Ülvini
"qısa müddətə sığdırılmış
hikmət" adlandırır. Ülvinin
hamını heyrətə salan şeirləri, hətta
poeması da məndə qəribə assosasiyalar yaradır.
Axı, bu təfəkkür, bu bədii
düşüncə və həm də bütün
bunların Vətənə bağlılığı cəmi
21 yaşında həyata vida etmiş bu gəncdə hardan
idi? Mən atamdan tutmuş müəllimlərimədək
hər kəsdən bədii isdedadın Allah vergisi olduğunu
eşitmişəm və buna inanmışam. Bəs bu Allah vergisinin Vətənə
bağlılığı necə? Bu suala
da cavab gələcəyin işidir.
Ülvi Bünyadzadəyə çox şeirlər
yazılıb.
Bu əsərlər içərisində Xalq
şairi Hüseyn Arifin "Ülvi" poeması nakam gəncin
xatirəsinə həqiqi bir elegiyadır, ana laylasıdır.
Şair bu poemanı "19 yanvar faciəsinin
qurbanı, istedadlı gənc şair Ülvini oxuyandan
sonra" yazdığını sərlövhədəcə
qeyd edir.
Mən bu poemanı həm də ona görə qəlbimin
ağrısı ilə oxudum ki, istedadlı şairimiz
Hüseyn Arif özü də gənc övlad itkisi
yaşamış bir ata olub. Onun Ülvi dərdi bu
poemada ikiləşib, həm də övlad dərdi ilə
qovuşmaqdadır. Bu qısa, lakin
aydın məzmunlu poemada Ülvinin poetik, bədii bioqrafiyası
var. Ülvinin qısa ömür yolunun hər addımı
poemanın hər sətrinə çöküb bizi də
ağladır, bizi də ağrıdır. Ülvinin
şeirlərində paxıl dövlətlərin
dağıtdığı, viran qalmış ərəb ellərindəki
ağrılı epizodları oxuyan Hüseyn Arif bu gənc
şairə üzünü tutaraq:
Həssas
oğul, həssas bala,
Nə
kövrəkdir qəlbin sənin
Yadındadır
balasına
Çörək
verən gəlin sənin
- deyə Ülvinin poetik düşüncələrini
yada salır. "Bir el gözəlinin səadətini,
özünlə apardın, özünlə getdin" - deyə
acı təəssüf hissi keçirən Xalq şairimizin
son sözləri ürəkləri riqqətə gətirir:
Bir yenilməz qəhramandı Bozatda,
Bir yenilməz şair idi elatda.
Bir
Ülvinin simasında həyatda
Koroğlunu,
Füzulini itirdik
- deyərək poemanı sanki səssiz bir
hıçqırıqla bitirir.
Daha bir ulu şairimiz, azadlıq mücahidi Xəlil Rza
Ulutürk də "birinci kitabını görmədən
nakam gedən Ülvi Bünyadzadənin həsrətinə and
olsun!" kimi duyğulu bir fikrin müəllifidir. Hər kəsə
o da məlumdur ki, Xəlil Rzanın cavan oğlu Təbriz də
Qarabağ uğrunda döyüşən könüllülər
sırasında qəhrəmancasına şəhid
olmuşdur. Yenə iki itki, yenə
ağır yara, yenə dərdin qoşası.
Əlbəttə, Ülvi dərdi, ülvilər dərdi
ağırdır, bu dərdləri yaşamaq çətindir. Lakin Xalq
yazıçısı Anar demişkən: "Gənclərimizin
belə erkən yaşlarından bu qədər qeyrətli,
namuslu, vətənpərvər olmaları ilə fəxr
edirik, amma bu iftixar hissiylə bərabər, onların
dünyadan belə tez və nakam getmələrinə də
yanıb yaxılırıq. Gəncliyimizin həqiqi
və ən yüksək timsalı Ülvidir".
Günel BAYATLI
525-ci qəzet.- 2020.- 15 yanvar.- S.17.