Səsin hikməti

 

Bir çox şeirləri onun səsində sevdik. Onun səsindən öyrəndik Vətən üçün alovlanmağı, yanmağı, onun səsində gördük sözün ən gözəl şəklini, onun səsində tanıdıq insan duyğularının əlvan çələngini.

Heç təsadüfi deyil ki, bədii qiraətin tanınmış siması, Əməkdar artist Ağalar Bayramov haqqında danışan, ona şeirlər həsr edən hər kəsin qələminin "baş qəhrəmanı" onun səsidir.

Artıq 40 ilə yaxındır ki, bu sənətdə külüng vuran, özüylə kifayətlənməyib aşiq olduğu sənətinin sirlərini Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin divarları arasında gənclərə öyrədən, Azərbaycan poeziyasını ölkə sərhədlərindən çox-çox uzaqlarda şərəflə, ləyaqətlə təmsil edən, ifasındakı ilk şeir olan Rüstəm Behrudinin "Vətən"ilə başlayıb, İmadəddin Nəsimi, Məhəmməd Füzuli, Seyid Əzim Şirvani, Abbasqulu Ağa  Bakıxanov, Mirzə Ələkbər Sabir, Aşıq Ələsgər, Aşıq Şəmşir, Tofiq Bayram, Rəsul Rza, Bəxtiyar Vahabzadə, Məmmədhüseyn Şəhriyar, Səməd Vurğun, Səməd Mənsur, Cəlil Məmmədquluzadə, Üzeyir Hacıbəyov, Abdulla Şaiq, Mikayıl Müşfiq, Hüseyn Cavid, Cabir Novruz, Qabil, Fikrət Qoca, Fikrət Sadıq, Zəlimxan Yaqub, Musa Yaqub, Əjdər Ol, Ramiz Qusarçaylı, Şahmar Əkbərzadə, Əliağa Kürçaylı, Xəlil Rza Ulutürk, İslam Səfərli, Antanas Venslava (Litva), Aleksandr Markov, Yevgeni Yevtuşenko (Rusiya), Aoalı Takombayev (Qırğızıstan), Çingiz Aytmatov (Qırğızıstan) kimi söz ustadlarının şeir və hekayələrini, felyetonlarını səsində yaşadan sənətkardır Ağalar Bayramov.

Xalq şairi Musa Yaqub ona xitabən yazdığı şeirdə onun səsini və sənətini belə şərh edir:

 

Sənət durmur bir ölçüdə, vəzndə,

Öz çəkim var sənət tərəzisində.

Sözün rəngi cilvələnir səsində,

Söz - incidi, söz - dürdanə, nə deyim?!

 

Xalq şairi Fikrət Qoca Ağalar Bayramov sənəti haqqında hər zaman yüksək fikirlər səsləndirib: "Əməkdar artist Ağalar Bayramov milli poeziyamızın ən yaxşı nümunələrini poetik qiraətlər silsiləsi ilə müxtəlif salonlarda, təntənəli yığnaq meydanlarında, teleradio və sosial şəbəkənin geniş auditoriyalarında populyarlaşdırması ilə gerçək, canlı bir poeziya teatrı formalaşdırıb. Bu sənəti barmaqla sayılacaq qədər az olan ustad bədii qiraətçilərimizdən qiymətli əmanət kimi qəbul edib yüksək bir səviyyəyə və populyarlığa çatdırmış Ağalar müəllim öz ardıcıllarını da .yetişdirir. Unudulmaz Xalq artisti Rəşid Behbudov öz parlaq ifaçılığı və təcrübəsi ilə milli mahnı teatrımızı yaratdığı kimi, mahir bədii qiraət ustası və incəsənət üzrə dosent Ağalar Bayramov da artıq milli poeziya teatrını ərsəyə gətirib. Kitab oxucularının və çap tirajlarının azlığı, sənətlə canlı ünsiyyətə tələbatın artdığı bir dövrdə milli poeziyamızı təbliğ etməkdə, onun ideallarını kütlələrə çatdırmaqda belə bir teatra ciddi ehtiyac duyulur".

Şair Ramiz Qusarçaylı "Vətəni səsiylə gəzir Ağalar" - deyir: "Ağalar Bayramovun səsindəki rənglərin təcəssümü səs-rəng aspektində bir nişan, ağlı-qaralı nə varsa hər şeyin fonunda bir işıq, səs tezliklərindən əmələ gələn möhtəşəm bir dalğa yaradır. Bu dalğanın çevrələri Çanaqqala şəhidlərinin ölməz fədakarlığından, Xocalı fəryadının qisas gününü gözləyən məqamlarından, Daşaltı döyüşlərinin ağır və acı dərslərindən boylanan dərs yükündən, əsarətdə çırpınan Xarı bülbülün xar olan duruşundan keçir".

Şair, yazıçı Əli Rza Xələfli isə deyir ki, Ağaların hərdən qəribə hayqırışı var: "Ağaların o hayqırışını eşidəndə elə bilirəm ki, yurdun bələnində durmuşam. Bircə addım da o yana atsam, yanıb kösövü qaralmış, yollarını ot-alaf basmış yurdun özünü görərəm. Ağaların səsi ayrıca bir bələdçidir. Dünyanın dolam-dolaşıqlığına, qarışıq görünən labirintlərinə bələdçi. Ağaların səsindən yapışıb ən qarışıq kələfi belə açmaq olar. Onun səsini eşidəndə fikir kələfləri öz-özünə çözülür. Səs, duyğu ən dərin qatlarda yatan mənanı üzə çıxarır.

Ağalar Bayramovun cismani ömrü var, bir də bu sənətkarın səs-söz ömrü var. Onun cismani ömrünün pərvanəsidir. Ağaların səsi yanan şamdır. Bu səs-söz adlı insan öz cismini öz səsinin odunda əridir.

Ağalar öz səsini, öz nitqini, öz avazını sevməsəydi, tarixdən gələn bu səsə vurğunluğu olmasaydı, o səsi başqaları da sevə bilməzdi".

Bəli, ən böyük məharət özü öz varlığının və nələrə qadir olduğunun fərqində olmaqdır. Ağalar Bayramovla söhbətlərimizdə onun öz səsinə və sənətinə olan sevgisinə hərdən mən də heyrət edirəm. O, İlahinin ona verdiyi bu səsi o qədər çox sevir, ən gözəl, ən ülvi hədiyyə kimi o qədər qoruyur ki, bu sevgi istər-istəməz ətrafındakı insanlara da sirayət edir. 16 yanvar sözün rəssamı, bədii qiraət sənətinin ustadı Ağalar Bayramovun ad günüdür. Biz də ustad sənətkarımızı təbrik edir, ona möhkəm can sağlığı, daha böyük yaradıcılıq uğurları diləyirik!

 

Şahanə MÜŞFİQ

 

525-ci qəzet.- 2020.- 15 yanvar.- S. 19.