Yusif İldırımzadənin birnəfəsə

oxunan unudulmaz "Məktub"u

 

Azərbaycanda poeziyaya və ümumən ədəbiyyata aşina olan onlarla adam tanıyıram. Amma onların əksəriyyəti ədəbi-elmi-fəlsəfi düşüncələrini yazı vasitəsilə paylaşmırlar.

İxtisasca hüquqşünas olan Yusif İldırımzadə isə uşaqlıq illərindən yaşının bu çağına qədər həmişə ədəbiyyatla, söz sənəti ilə ünsiyyət qurub. O, ədəbi prosesin içində deyil (bəlkə buna ehtiyac da yoxdur), amma şeir də yazır, ədəbi şəxsiyyətlər barəsində məqalələr də qələmə alır, bəyəndiyi, könlünə, duyğu və düşüncələrinə hakim kəsilən əsərlər haqqında fikir də söyləyir. Mən onun "Məktub" (TEAS Press Nəşriyyat evi, 2019) kitabını birnəfəsə, bir gecəyə oxudum, bu kitab həm yazı tərzinə, üslubuna, həm də və ən başlıcası, bizim də əksər hallarda tam razılaşdığımız maraqlı, orijinal fikir və düşüncələri ilə yaxşı yazılmış bir roman təsiri bağışladı. İndi bu "roman"ın fəsillərini vərəqləyirəm. Tərifləmək üçün deyil, sadəcə professional səviyyəli bir ziyalını sizlərə təqdim etmək istəyirəm. Onu tanıyanlar az deyil, amma tanımayanlar da çoxdu.

O "roman"ın beş fəsli "Anama məktublar" adlanır. Azərbaycan ədəbiyyatında ANA haqqında yüzlərlə, minlərlə şeirlər, poemalar, nəsr və dram əsərləri yazılıb. Bu mövzu analara məhəbbətdən, hüsn-rəğbətdən, şəfqətdən yaranır. Böyük Hüseyn Cavidin "Qadın" şeirindəki bu ifadələri və misraları xatırlayıram: "Qadın! Ey sevgili həmşirə. Ana! Ey nazlı qadın. Ana övladını bəslər, böyüdür, Anasız millət, əvət, öksüzdür. Qadın! Ey sevgili, şəfqətli mələk!" Və əlbəttə, böyük Cəfər Cabbarlının alternativi olmayan "Ana" şeiri. Müəllimim olmuş Bəxtiyar Vahabzadənin bu misraları: "Sən məni düynyaya gətirdin ana, Sənisə dünyadan aparıram mən!" Bir də böyük şairimiz Məmməd Arazın bu misrası: "Ana itirmişəm ana yaşında".

Yusif İldırımzadənin "Anama məktublar"ının janrını müəyyənləşdirsək, buna sırf publisistika deyə bilmərik, çünki məktublarda lirika da, nəsr də, epistolyar xatirə, gündəlik, fəlsəfi fikirlərə yüklənən esse janrı da izləyə bilərik. Amma nə qərara gəlsək belə, bütün bunların hamısı bir vurğuda, bir ahəngdə birləşir - Yusif öz anasının obrazını yaradır. Əgər obraz konkretlikdə (həyatda necə varsa) nəzərə çarpırsa, onun işi, əməli fəaliyyəti əks olunursa, bu, adi bir oçerk səviyyəsində diqqəti cəlb edəcək, Amma obrazı ümumiləşdirmə meyarı ilə canlandırırsansa, bu, bədii obraza çevrilir. Yusif İldırımzadənin Ana obrazı məhz bədii obraz səviyyəsinə yüksəlir. Anaya məxsus zərif cizgilər, konkret detallar, hadisələr, obrazın daxili aləminin bütün görüntüləri, ailə həyatı o obrazda əks olunur. Həmin ana obrazında öz övladlarını sevən, ailədə zəriflik, mehribanlıq, əksər qayğıları öz çiynində daşıyan, hamıya sevgi, şəfqət bəxş edən analarımızın xüsusiyyətləri əks olunub. Analar dünyadan köçür, əsl ana məhəbbəti övlad ürəyindən çəkilib getmir. Yusif İldırımzadə: "Anama ünvanlanmış bu məktublar nə oyaq xatirələrin kükrəməsidir, nə də ocaq yeri kimi soyumuş duyğuların közərməsi. Bu bir qəlb yanğısıdırmı, hüznlü bir könül çırpıntılarıdırmı? Bəlkə, bu, bir borc hissidir, daxili çağırışdır? Ana qəlbi qarşısında övlad ehtiramıdır? Yoxsa anasız ömrün yaşam formasıdır, ovuntusudur, təsəllidir? Bəlkə bununla mən anasız dünyamda yeni bir analı dünya axtarışına çıxmışam? Bütün bunların, cavablı-cavabsız sualların bir məntiqi var - ana məhəbbətinin cazibəsi. Bütün bunlar hər bir halda anasızlayanda, anasız anlarımda özünü axtarışım, özünütapmam və ən nəhayət, özünüyaşatma vasitəmdir". Deyirəm ki, sonu sual işarəsi ilə bitən cümlələr əsərdə bütünlükdə o suallara cavab da verir.

Yusif İldırımzadənin "Anama məktublar"ı qətiyyən mədhiyyə deyil. Əgər mədhiyyə hesab etsəniz də, bunun da öz cavabı var: mədhiyyələr Allaha, peyğəmbərə, imamlara, şahlara, sərkərdələrə, dövlət xadimlərinə, dahi sənətkarlara yazılır. Ana bütün bu varlıqları (Allahdan savayı) dünyaya gətirən müqəddəslər müqəddəsidir.Onu mədh eləməzlər, ucu-bucağı bilinməyən təntənəli, dəbdəbəli fəzilətlərlə tərənnüm etmək nəyə lazım? Ana elə bir mənəvi yüksəklikdə durur ki, onu dəbdəbəli ithaflarla "bəzəmək" olmaz. Ana sağlığında da, vəfatından sonra da heç kimlə müqayisə edilməyəcək bir varlıqdır. Bütün mədhiyyələrin qəhrəmanları (Allahdan savayı) dünyanı tərk edir, cənnətə gedirlər. "Cənnət isə anaların ayaqları altındadır". Yusif İldırımzadə: "Anacan! Sən hər şeydə, hər əməldə öncül olmusan. İnsanpərvərlikdə, xeyirxahlıqda, səxavətdə, cəfakeşlikdə, qayğıda…Hər işdə bizi, hamını qabaqlamısan, Biz səni sən bizi sevdiyintək sevə bilməmişik, qayğına qayğı çatdıra bilməmişik, ailəsinə, övladına, dost-tanışa, doğmaya-yada ömürdən sənin kimi pay paylaya bilməmişik. Elə bilirsən asandırmı? Çətindir, əziz anam, çox çətindir. Hər kəsin bacardığı iş deyil sənin bacardıqların".

"Anama məktublar" son dərəcə milli, sırf azərbaycanlı bir ananı bizə təqdim edir. O ananın bütün hərəkətləri - rəftarındakı incəlik, ailəcanlığı, səmimiyyəti, təbiiliyi, folklarla, qədimi adət-ənənələrlə bağlılığı, tərbiyəçi missiyası - bütün bunlar əsrlərdən bəri analarımızın qoruyub saxladığı adət-ənənələrin milli sərvət səviyyəsində yaşantılarıdır. "Məktublar"da ananın ailəvi obrazı ilə milli obrazı vəhdət təşkil edir. Ana öz həyat yoldaşına - "And yeri, səcdəgahı" -görkəmli yazıçı və publisist Əli İldırımoğluya hədsiz sədaqətlidir, "Ailəmizdə ata kultunu, ata mifini, bir az da geniş götürsək, cəmiyyətdə İldırımoğlu fenomenini, əslində, sən formalaşdırmısan". "Səcdə yeri nəhəng əzəmətli, pəhləvan şaqqalı İldırım kişidir. Beş övladına, dosta-tanışa, uzaq və yaxın qohumlara, heç qohum olmayıb bu ailəyə pənah gətirənlərə də ana məhəbbəti heç vaxt əksilmir". Misallar çoxdu.

Yusif İldırımzadənin "Anama məktublar"ında onun öz obrazı da diqqət mərkəzindədir. Xüsusilə, anasızlıqdan söz açanda, ana-oğul münasibətlərinin şərhində. Çox kövrək, həzin sətirlər bizi də həyəcanlandırır. Yusif İldırımzadə: "Altı ay on üç gün…Ömrümüzün səksəkəli, üzüntülü tarixi, yaddaşımızın amansız xatirəsi…Təlatümlü, fırtınalı bir həyat. Sən orada, palatada sonsuz və ümidsiz bir aləmdəydin. Ölümlə həyat arasında çarpışırdın… Ana! Əlimdən bir şey gəlmədiyindən, sənə kömək edə bilmədiyimdən üzülür, əzəb çəkir və utanırdım. Özümü həyatda hələ bu qədər aciz, çarəsiz və gücsüz görməmişdim. Anacan, nə edim ki, mənimlə bir ağız danışasan, nəyi qurban verim ki, səsini eşidim… Hər şeyi qurban verərdim, bir kəlmə "Yusif" desəydin".

Burada Xalq şairi Cabir Novruzun "Ana" şeirini xatırlayıram:

 

Ana, yorulmaram anna deməkdən,

Qoy halına yanan mən olum, Ana!..

İndi dayan, səni mən bəsləyim, mən,

İndi dayan, anan mən olum, Ana!

 

Və nəyahət bu sətirlər: "Bu gün cismən ayrı olsaq da, ruhunla baş-başayam. Hər an, hər dəqiqə səninlə söhbətləşir, sənə hesabat verirəm".

Məncə, Yusif İldırımzadə bu əsərində milli bir ANA obrazı və bədii mənada bir Ana Abidəsi yaradıb.

"Məktub" kitabında toplanan esselər də maraqlı və düşündürücüdür. Ədəbiyyatşünaslıq lüğətlərində, esse ilə bağlı məqalələrdə oxumuşuq ki, esse ədəbiyyatşünaslığın müəyyən bir problemini sərbəst surətdə izah etməsi ilə fərqlənən bir janrıdır. Essenin müəllifi seçdiyi problemi (ədəbi, etik, fəlsəfi və s.) təhlil və izah edərkən ifadə tərzinin sistemli, ardıcıl, gəldiyi nəticələrin iəsaslı olmasına çalışır. Essenin əsasını fransız yazıçısı M.Monten 1580-ci ildə "Esse" əsəriylə qoyub və bu əsərdə cəmiyyət və insan taleyi haqqında söz açıb. Sonralar F.Bekon, C.Lokk, Q.Fildinq, O.Holdsmit, B.Şou, R.Rollan bu janrda maraqlı nümunələr yaradıblar. Azərbaycan ədəbiyyatında isə ilkinq olaraq Asif Əfəndiyev esselər yazıb. Anarın, Elçinin, K.Abdullanın, A.Məsudun, R.Kamalın da esse janrında maraqlı çalışmaları diqqəti cəlb edir. Y.İldırımzadə də bu ənənəni davam etdirir və deyim ki, onun kitabda toplanan esseləri janrın tələbləri ilə tam səsləşir.

Esselərdə müxtəlif mövzular öz əksini tapır. Amma burada bir şərtilik də nəzərə çarpır. Bir esse daxilində müxtəlif məsələlər şərh olunur, fikir fikir ardınca gəlir və bütün bunlar əsas problemin çözülməsinə gətirib çıxarır. "Biganəlik ruhun xərçəngidir" essesində cəmiyyət həyatının tərəqqisindən, inkişaf modellərindən başlayan mülahizələr insanlıq və ziyalılıq, bu prosesdə ədəbiyyatın rolu və nəhayət, biganəliyi doğuran hallar şərh olunur... Yusif İldırımzadə: "Fərdiləşirik və bir-birimiz barədə düşünmək belə istəmirik. Dost dostdan uzaq düşür, qohum-əqrəba yadlaşır, insan münasibətlərində polyar soyuqluq yaranır. Daha düşünmürük ki, biz birlikdə bir orqanizm, bütövlükdə bir canıq. XVII əsr ingilis ruhani şairi C.Donk təsadüfən demirdi: "Kilsə zənginin harayını eşitsən, heç vaxt demə ki, kimdir dünyadan köçən… Sənsən dünyadan köçən".

Və laqeydliyi doğuran səbəblərə gəlincə, çox açıqlaması var. Yusif İldırımzadə cəmiyyətdən insana, insandan cəmiyyətə gedən bütün əlaqələrə diqqət yetirir, amma burada ilk növbədə, insanda buzlaşan, ölgün hala keçən soyuq münasibətlərə toxunur. Yusif İldırımzadə: "Biz hara gedirik? Hər şey maddiləşə bilməz axı? Pol Breq deyirdi ki, yemək üçün yaşamayın, yaşamaq üçün yeyin. Bəs biz niyə yemək üçün yaşayırıq. Cismimizi bəsləmək üçünmü? Əslində, bədən ötəridir. Ruh isə əbədi yaşayır. Odur ki, biz ruh üçün yaşamalıyıq, onu saflaşdırmalıyıq!"

Ruh üçün, mənəvi dünyamızı gözəlləşdirmək üçün yaşamırıqsa, biganəlik - bir-birimizə münasibətimizdəki polyar qış öz işini görəcək. Amma bu bigənəlik təkcə özümüzdə yox, həm də təhsil sistemimizin yeniləşməsindəki lənglik, mükəmməl milli ideoloji proqrama böyük ehtiyac duyulması, daha sonra dilimizin leksik, semantik tərkibinin dəyişikliyə uğraması, incəsənətimizin, ədəbiyyatımızın bəzi hallarda bayağılığa meyl etməsi, səviyyəsiz, qurama müğənnilərin, bəstəkarların, şairlərin meydan sulaması - azmı bunlar? Və bunlar biganəliyin də əsas səbəblərindən birinə çevrilir. Hamı öz-özünə qapılır, başqaları haqqında fikirləşmirlər. Dini dəyərlər təbliğ olunur, lakin doğrudanmı hamı İslamın buyurduğu qaydalara əməl edir? Hacılar, məşədilər, kərbalayılar çoxalır, amma... Yusif İldırımzadə: Müasir dövrdə mövcud olan çatışmazlıqların yaranmasına yalnız və yalnız insanların özlərinin şərait yaratdığı da istisna deyil".

Və nəhayət, Yusif İldırımzadənin belə bir narahatlığına tam şərikəm ki, cəmiyyətimizdə, insanlarımızda (Frans Kafkadan bir sitatdan sonra: ədəbiyyatımızdan başqa hər şey məni iyrəndirir, özündən qovur, məndə ikrah hissi oyadır") məhz bu mənəvi ehtiyac, ədəbiyyat və sənətə qarşı bu şiddətli ehtiras çatışmır. İnsanlar get-gedə daha çox bioloji varlıq kimi təzahür edir, maddiləşmiş substansiyaya çevrilirlər... maddi sərvət üyüdən dəyirmana çevrilirlər.

Bax, illər boyu həsrətində olduğumuz müstəqillik dövründə belə naqis və mənfi halların, xüsusilə, biganəliyin yaranması səbəblərini bunda axtarmalıyıq.

Yusif İldırımzadənin beş essesi onun sevdiyi şəxsiyyətlərə həsr olunub. Bunlardan birincisi atası, görkəmli yazıçı Əli İldırımoğludur. Əli İldırımoğlu mənim də çox sevdiyim yazıçılardan biridir, oxucular bu yaxın günlərdə Əli İldırımoğlunun yaradıcılığına həsr olunmuş bir monoqrafiya ilə tanış olacaqlar: "Romanlar, qəhrəmanlar". Onun müəllifi Vaqif Yusiflidir. Oğulun - özü də ədəbiyyatı sevən bir ziyalının öz atası haqqında esse yazması qətiyyən təəccüblü deyil. Əksinə, bəlkə də onun atası haqqında yazısı daha səmimidir. Çünki heç bir tənqidçi, heç bir həmkarı Əli İldırımoğlunu Yusif İldırımzadə kimi lap yaxından tanıya bilməz. Yusif İldırımzadə: "Höteyə görə, böyük insanlar dağa bənzəyir, yaxınlaşdıqca əzəmət və qüdrəti daha aşkar bilinir. Əli İldırımoğluya yaxınlaşmaq, onu tanımaq, əzəmət və qüdrətini aşkar görmək üçün ürəyinin yağı ilə vərəqlərə köçürdüyü əsərlərini oxumaq kifayətdir. Çünki o, əsərlərində özünü yazır, özündən bəhrələnir"

Bəs "Allah adamı" kimdir? Həyatının və dünyanın ən ülvi, ən şirin, ən ilahi xatirəsinə çevrilən bu insan Əhmədağa Əhmədov idi. Azərbaycan Sənaye İnstitutunun energetika fakültəsini fərqlənmə diplomu ilə bitirən Əhmədağa Əhmədov o institutda "Nəzəri mexanika" kafedrasına rəhbərlik edib. Bəs sonra? Filoloji təhsili olmasa da, dərin mütaliəsi sayəsində klassik ədəbi irsimizin mahir bilicisi kimi tanındı, Ədəbiyyat İnstitutuna gəldi. Nizaminin, Füzulinin çapa hazırlanan kitablarına redaktə işi ona tapşırıldı. Mirzə Şəfi Vazehin arxivdən tapılmış cüngünü tərcümə və şərh etməyi ondan xahiş etdilər. Və Əhmədağa Əhmədov ilahi həqiqətə ünvanlanan "İslam əxlaqı", "İslamın əsasları", "Mikatül-Quran", "Əsrarül-Quran" əsərləri min nüsxələrlə işıq üzü görür. Bütün bu sətirləri həmin "Allah adamı" essesindən götürdüm.

Belə bir insan sağlığında böyük bir alim, fədai, İslam fanatiki kimi şöhrət qazanmışdı.

Yusif İldırımzadə sevdiyi şəxsiyyətlər haqqında ürəksiz danışa bilmir, hüquqşünas, böyük alim Məmməd Xələfovu da beləcə yad edir. İsi Məlikzadənin ssenarisi əsasında çəkilmiş filmdə Xəlil obrazını yaradan Xalq artisti Fuad Poladovun oyunundan, onu bir aktyor kimi digər misilsiz ifalarından hərarətlə söz açır. Fuad Poladovu belə səciyyələndirir Yusif İldırımzadə: "Fuad Poladov realist sənətkardır. Yaratdığı obrazlar illüziyadan, fantasmoqoriyadan, hallüsinasiyadan uzaqdır. Onun modernizmi də məhz realizmdədir… Fuad heç bir rolunda süniliyə, yalançı pafosa, qondarma fantasmaqoriyaya getməyib".

Və Rəşad Məcid haqqında "Xasiyyət xoşbəxti" essesi. "Rəşad Məcidin ən ali keyfiyyətlərindən biri onun tolerant təbiətə malik olması, azad və demokratik prinsiplərlə yaşamasıdır. Tolerantlıq təkcə özgələrinə deyil, həm də özünə hörmət və ehtiramdır" - tamamilə doğru fikirdir. Rəşad Məcid haqqında mən də bir neçə yazı yazmışam, xüsusilə şeirləri barədə. Amma onun bu demokratizmi və tolerantlığı Yusifin doğru qeyd etdiyi kimi, bəlkə də birinci sıradadır. Xasiyyət xoşbəxtliyində. Rəşadın düşməni yoxdur - mən bu fikirdəyəm və Yusif İldırımzadə Rəşad Məcidin bir insan kimi təkcə dostluq prizmasından deyil, onu illər boyu yaxından müşahidəsinə əsaslanıb səciyyələndirir.

Təbii ki, ömrümdə bəlkə heç bircə dəfə də görüşmədiyim (bir-iki telefon danışığından savayı) Yusiflə fərqli cəhətlərimiz çox ola bilər. Bu dünyada hətta əkiz doğulan uşaqlar da xasiyyət və xaraktercə bir-birindən fərqlidirlər. Amma Yusiflə mənim - bu sətirlərin müəllifinin hələlik bircə oxşarlığı ola bilər. Baxın: "Mən kitaba canlı kimi baxıram, onu məhəbbətlə sevə-sevə oxuyuram. İnsan sevgisinə xəyanət edə bilərmi? Kitab oxumadığım gün yoxdur". Bu fikri özümə də şamil edirəm. Təkcə ədəbiyyatçı kimi yox, həm də əsl oxucu kimi.

Nəhayət, Yusif İldırımzadənin "Məktub" kitabındakı bir məqaləsindən söz açmaya bilmərəm. "Azadlıq fərdi özbaşınalıq deyil, dərk olunmuş zərurətdir" - bu yazını şərh etmək fikrində deyiləm. Qısaca deyim ki, bu məqalədə Yusif hüquqi prizmadan azadlıq haqqında konkret misallarla onun dərk olunmuş zərurət kimi mənalandırır. Bu məqalədə həm də hüquq siyasəti şərh olunur. Məqaləyə Azərbaycanın dahi şəxsiyyəti - Ulu öndər Heydər Əliyev haqqında dəqiq bir fikri ilə yekun vurur.

Yusif İldırımzadə: "Aristotelin bir fikrini xatırlatmaq yerinə düşər: "Hamıdan irəlidə gedən şəxs qanundan yuxarıda durur. O, camaat arasında Allahdır, özü qanundur və onu qanuna tabe etdirməyə çalışmaq gülüncdür. Əgər dövlətdə belə adamlar varsa, onda onlara tabe olmaq lazımdır" Bəli, Heydər Əliyev özü bir şəxsiyyət kimi qanundur, insan haqlarının və azadlıqlarının təminatçısıdır. Belə olmasaydı, bu qədər humanist qanun və normativ aktlar onun müəlliflik hüququ ilə həyata vəsiqə ala bilməzdi"

Yusif İldırımzadənimn "Məktub" kitabının bəlkə də söz açmağa imkan tapa bilmədiyim məqamları da var. Mən yalnız bir resenziya daxilində kitabla bağlı fikirlərimi bildirdim. Məsləhətim budur ki, belə maraqlı və orijinal fikirlərlə dolu "Məktub" oxumayanlar da oxusun.

 

Vaqif YUSİFLİ

Filologiya elmləri doktoru

 

525-ci qəzet.- 2020.- 15 yanvar.- S.18-19.