Şairin dəniz sevgisi...

 

Allah verən xoşbəxtlikdən,

Hamıya düz bölüm düşür.

Süfrədə yemiş kimidir,

Hərəyə bir dilim düşür.

 

İstedadlı və zəhmətkeş qələm adamı kimi (şair, ədəbiyyatşünas alim, pedaqoq-müəllim) tanıdığımız Elşad Səfərlinin "Mənə dəniz bağışladın" (Bakı, "Gənclik" nəşriyyatı, 2019-cu il) adlı sonuncu kitabından götürdüyümüz bu şeir onun yaradıcılığına yaxşı bələdçilik edən mükəmməl nümunədir. Həyatda xoşbəxtlik də Allahın lütfü və rizasıyla bağlı məsələdir. Kiminsə Yaradana etiraz etməsi haqsız cəhddir və hər kəs "bir dilim" payına "şükür" deməlidir. Tanrıya asi çıxmaq qəbulolunmazdır və ONA bəndəlik etmək gərəkdir.

"Mənə dəniz bağışladın" şeirini Elşad Səfərli Xalq şairi Nəbi Xəzriyə həsr edib və onun dillər əzbəri beytini - "Dənizi hədiyyə verirəm sənə"ni epiqraf seçib. Bəlkə də heç təsirdən yaranmayıb. Xəzərin cənub sahillərində (Lənkəran) doğulub böyümüş Elşadın özünəməxsus "dəniz məhəbbəti" var. Eyni zamanda, kitabın adını ifadə edən bu lirik-həzin nəğmə olduqca təsirli və mənalıdır:

 

Gecədir...

Yatmıram...

Ancaq içimdə

Eşidirəm

Dəniz uğultusunu.

Dalğanın

Sahilə çırpılmasına

Oxşatdım

Sinəmin döyüntüsünü.

 

"Dənizin uğultusu" və "sinəmin döyüntüsü". İfadələr həmqafiyə olmaqla bərabər, oynaq ahəng, ritm qurmaqla bahəm dərhal həssas oxucu düşüncəsində qəribə assosiasiya, ovqat yaradır. Şeirin davamı kimi ikinci bəndi şairin "ilham pərisinə" müraciəti ilə tamamlanır və ilhamına söyləyir ki, bəlkə "bu dənizin şah dalğasısan?" Ondan səs-soraq gəlməyəndə, uca Allahı köməyinə çağırır. Yəni ürək əvəzinə "bəlkə mənə dəniz bağışlamısan?"

Əlbəttə, sirr deyil, su canlı varlığın əsasıdır? Həyatda dörd ünsürdən biridir ki, onsuz yaşayış mümkün deyil: istər damla olsun, istər bir içim olsun, istərsə də dəniz, dərya - hərəkət suyun rəhnidir. Gah pıçıldaşır, gah coşub şahə qalxır, gah səssizləşib quzuya dönür. Təlatüm, tufan da yaradır, sükut da. Sonda şair dəniz haqqında şeirini poetik, fəlsəfi mənada tamamlayır:

 

Sinəsində

Dəniz gəzdirənlərin,

Birini görmədim -

Desin rahatam!

 

Şeir heç nədən yaranır. Bəzən adi ağacda xışıldayan yarpağın pıçıltısından, bəzən də dağın-daşın, düzün sükutundan. Yeni doğulan təzə söz ruhun təlatümüdür, hissin-duyğunun özünə köklənməsidir. Heç təsadüfi deyil ki, XX əsr rus poeziyasının ən görkəmli nümayəndəsi Marina Svetayeva deyirdi: "Bəzən zir-zibildən yaranır şeir". Bu mənada Elşadın özünəməxsus mövzuları var. Mövzu isə işlənərkən yüksək bədii həllini o vaxt tapır ki, heç kəsi təkrarlamayasan, metaforaların, bənzətmələrin, obrazların özününkü ola. Məncə, "Göyə daş atan var" şeirində ("Alması düşməyən nağıllar" silsiləsindən) şair mövzu seçimində yanılmayıb, onu təfəkkürünün və ürəyinin məhsulu edə bilib. Xüsusən misal çəkdiyimiz bənd nümunəyə əlvan rəng qatıb.

 

... Xəyallanıb göyə daş atan oğlan,

Sanma alma düşər, alma yeyərsən.

Kar aşmır nənənin nağıllarından,

Olsa, qazanından dolma yeyərsən.

 

Uşaq vaxtı kim alma, armud ağaclarını daşa basmayıb ki? Və nə yaxşı, o ağacların qarğışı bizi tutmayıb. Vaxtilə Xalq şairi Məmməd Araz söyləyirdi ki, şeir mütləq güclü sonluqla, fəlsəfi məzmunla tamamlanmalıdı. Əgər poetik fikri ümumiləşdirməyi bacarmasan, mətləbin havada asılı vəziyyətdə qalar, oxucuya çatmaz. Müəllifin haqqında bəhs etdiyimiz şeirində "Elə çırpıblar ki, Göy ağacını, bizimçün düşəsi alması yoxdu" misraları söylədiyimiz mətləbin ifadəsi baxımından maraq doğurur və yerinə düşüb. Bu poetik kəşfi ədəbiyyatşünas alim də, filosof da, sıravi oxucu da necə istəsə qavraya, hansı səmtə istəsə yoza bilər. Dərhal gözümüzün qabağında isə insan övladının səmaya tez-tez barmaq eləməsi, göyün çirkləndirilməsi, ekoloji tarazlığın pozulması halları canlanır. Nəticədə problemlər yaranır: təbii fəlakətlər, sunamilər, subasmaları, tez-tez təkrarlanan hava, Günəş, Ay tutulmaları Adəm oğlundan qisas alır, əvəz çıxır. Görürsünüz, şair Elşad Səfərli alma nağılı ilə uşaq başı aldatmaq niyyəti güdmür. Düşündüklərini, dərk etdiklərini yüksək intellektual poeziya dili ilə ortaya qoyur.

Pedaqoq-alim, nasir-publisist Allahverdi Eminov haqlı olaraq "Məmməd Arazın poeziyası" kitabında poeziya sənəti barədə düşüncələrini səciyyələndirərkən yazır: "Həqiqətdir ki, şeiri yazmaq öyrədilmir və belə bir tədris fənni yoxdur, ona görə də belə bir fikir səslənir: Məgər şairin ilk şeiri olurmu? - sual təbii ki, formal deyil, sətiraltıdır və yozumludur, bir də onun üçün ki, poeziya bütöv şəkildə fəal qüvvədir, misralar jestdir, hərəkətdir, yaşanan hallarda şair dünyada heç kəsin bilmədiyi nəyisə çatdırmaq istəyir, amma şairin öz yolu var - hikməti də ondadır, başqaları üçün şübhəli qalır, yoxsa şeir yazmaq necə də asanlaşardı..." Tədqiqatçının bu söylədikləri əsasən doğrudur və ona haqq qazandırmaq mümkündür. Və yeri gəlmişkən, Allahverdi Eminov vaxtilə Elşad Səfərlinin də poetikasını təhlil obyektinə çevirmiş, şairin əsərlərini təhlil süzgəcindən keçirmiş, maraqlı kitab hazırlayıb ərsəyə gətirmişdir.

Doğulduğun yer və yetişdiyin mühit. Şair ömrü uzunu ancaq bu çevrədə fırlanır, sevincini-kədərini bölüşür, dünyaya çıxış yolu arayıb-axtarır, kamilliyini təsdiq edir. Artıq mövzunun rəngarəngliyinin fərqi yoxdur: ümumiyyətlə, baxanda şəhər-kənd, təbiət-cəmiyyət, məhəbbət mövzusu absurddur, ən adi daş parçasını şair göylərə qaldıra bilər, ona ictimai-bəşəri məzmun verməyə qadirdir, qüdrəti yetər. Elşadın "Mükafat", "Mən də belə şairəm", "Kənd kişisi", "Nostalji", "Gül mövsümü", "Mənim yazı stolum", "Payız" (mərhum şair Camal Yusifzadəyə), "Yaşıl dərd" (Sabir Rüstəmxanlıya xitabən), "Mənim Əli Kərim olmaq istəyim", "Atlant", "Qəribə era", "Musa Yaquba", "And yeri", "Ziya Bünyadova" və s. onlarla adda şeiri ciddi yaradıcılıq ehtirasının, əhval-ruhiyyəsinin, daim dəyişən şair ovqatının obrazlı əks-sədasıdır.

 

İlan balaları gəzir dünyanı,

Gəzirlər özü də quyruğu üstə.

"Kişi qırığı"ndan daha betərdi,

Öləsən bir ilan qırığı üstə.

 

... Məkri var quyruğu basılanların,

Bir gün qisasını alırlar bunun.

İlanın başını əzmək gərəkmiş -

Sən isə quyruğun basmışdın onun.

 

("Ziya Bünyadova")

 

Ağrı-acı, dərd-kədər hər vicdanlı söz adamının əbədi yar-yoldaşı, sirdaşı, könül həmdəmidir. Mövlanə Füzuli "bir dərdim vardır ki, yüz dərmandan artıqdır mənə" misrasını havaya üfürmürdü, keçmişə, bu günə və gələcəyə üz çevirib deyirdi. Müəllifin "Ağrı palatasında" şeiri nə qədər bədbin ovqat təlqin eləsə də, ruhi həyəcan doğursa da, sanki təskinlik tapan insan ruhunun məlhəmidir:

 

... Dərdin doğmasıydıq - olub ki, dərdi,

Yavan çörək kimi gəvələmişik.

Biz dərddən nə qədər çörək kəsmişdik,

Bu gün o çörəyi təzələmişdik.

 

Elşad Səfərlinin şair kimi dərin məhəbbətlə yaradıcılığına vurulduğu Əli Kərim ömür-gün yoldaşı Elzaya həsr etdiyi şeirində "biz dərdin-kədərin özündə belə, onlara səadət yaratmalıyıq" - yazırdı. Burada təsirdən söz gedə bilməz. Elşad öz üslubuna, dərs-xəttinə sadiqdi, Əli Kərimin deyim tərzi nə qədər oxşardırsa, eyni qədər emosionallığına, sözlərin misralarda sıralanmasına, boy artımına görə fərqlidi. Axı şairin kiçiyi-böyüyü yoxdu, hər bir şair əgər qafiyəpərdaz təqlidçi deyilsə, deməli, istedaddı, anadan şair doğulub.

Əlbəttə, əgər istedadın yazdığı əsl şeirdisə, onda eyham, sətiraltı hikmət, dövrün müəyyən nəsnələrinə, haqsızlıqlarına etiraz da ifadə oluna bilər. Ögey-doğmalıq həmişə şəhərdə yaşayanla, kəndə-kəsəyə, əyalətə sığınan arasında uçurum yaradıb. Bəzən isə ədalət tərəzisi pozulur, filankəs kənddə yaşayır, haqqı verilmir. Yazı-pozusuna laqeyd baxılır, mətbuat çap etmir, ədəbi tənqid gözümçıxdıya salır, dövlətdən mükafat payı başqalarına qismət olur, və s. və i.a. Müəllifin bu biganəliyə həm həcvvari, həm də tikanlı şeirləri var:

 

... Ömrü öləziyir indi qürubda,

Sözün bir bulağı sanki susub da.

Dünyanın kədəri Musa Yaqubda,

Sevinci, fərəhi arsızda qaldı.

 

Gözünə şəhərin sehri dolunca,

Şəhərə qaçan var nağıl dalınca.

Şöhrətçün şəhərdə çoxu qalınca,

O canlı əfsanə Buynuzda qaldı.

 

Etiraf edək ki, şairin narahatlığı, hədəf nöqtəsi bəllidi və şeir iki il öncə yazılıb. Son vaxtlar Musa Yaqub kimi nəhəng sənətkar İsmayıllıdan kənara çıxmasa da, haqqına sahib çıxıb. Ötən il Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Musa Yaquba "Xalq şairi" fəxri adı verilib, yeni, geniş mənzillə təmin olunub.

Elşad Səfərli qeyd elədiyimiz kimi, vətənimizin nadir təbiəti, saf ab-havası, coğrafi, ekoloji cəhətdən bənzərsiz subtropik guşəsində - Lənkəranda yazıb-yaradır. Şəhərdə açılan universitetdə müəllim kimi fəaliyyətini davam etdirir, ədəbiyyat və dil kafedrasının müdiridir. Poeziyaya necə bağlanıbsa, ədəbiyyatşünaslığa, elmə, tədrisə də o dərəcədə bağlanıb. Sənətə və elmə qoşa qanadı kimi baxır. Birindən doyanda o birisindən ikiəlli yapışır, Axı şair-alimin istinad elədiyi sahələr eynidir. Poeziyadan, nəsrdən, ədəbi tənqiddən, dildən, dünya ədəbiyyatından tələbələrinə mühazirə oxuyan Elşad Səfərli "yoruldum" demir, şövqlə, eşqlə gələcəyin qurucularını öyrədir, həyata hazırlayır.

"Mənə dəniz bağışladın" kitabının bütün məziyyətlərini açıb-ağarda bildimmi? Əlbəttə, yox. Orda toplanan bütün irili-xırdalı əsərlərin qərəzsiz təhlil süzgəcindən keçməyə ehtiyacı var. Onda Elşad Səfərlinin poeziyamızda yeri, mövqeyi dəqiq nəzərə çarpar.

 

Ağacəfər HƏSƏNLİ

Tofiq NURƏLİ

 

525-ci qəzet.- 2020.- 15 yanvar.- S.22.