Türkiyədə Nəsiminin 650, Həsən
Seyidbəylinin 100 illiyi qeyd olunub
Böyük
Azərbaycan şairi İmadəddin Nəsiminin anadan
olmasının 650 illiyi və görkəmli kinorejissor və
ssenarist Həsən Seyidbəylinin 100 illiyi münasibətilə
Ankara şəhərində təntənəli tədbir
keçirilib.
Mədəniyyət
Nazirliyindən APA-ya verilən məlumata görə, əvvəlcə
TÜRKSOY-un Baş katibi Düsen Kaseinov, Azərbaycanın
Türkiyədəki səfiri Xəzər İbrahim,
Türkiyə Mədəniyyət və Turizm nazirinin
müavini Əhməd Misbah Demircan və Azərbaycan Dövlət
Film Fondunun sədr müavini Rəşad Qasımovun
çıxışları olub.
Prezident
İlham Əliyevin müvafiq sərəncamı ilə ötən
ilin Azərbaycanda “Nəsimi ili” kimi qeyd olunduğunu diqqətə
çatdıran X. İbrahim vurğulayıb ki, bu çərçivədə
Türkiyədə böyük şairinin həyat və
yaradıcılığına həsr olunan çox sayda və
fərqli formatlarda tədbirlər təşkil olunub. Görkəmli Azərbaycan
rejissoru və ssenaristi Həsən Seyidbəyli
yaradıcılığının dünya
kinematoqrafiyasına böyük töhfələr verdiyini qeyd
edən səfir bildirib ki, onun ən möhtəşəm əsərlərindən
biri də məhz “Nəsimi” filmidir.
Beynəlxalq
Türk Mədəniyyəti Təşkilatının qərarı
ilə ötən ilin türk dünyasında "İmadəddin
Nəsimi ili" elan edilməsi sayəsində türkdilli
ölkələrdə və dünyanın bir sıra
dövlətlərində böyük şairin
yaradıcılığına dair bir sıra mədəni
layihələr həyata keçirildiyini diqqətə
çatdıran D. Kaseinov söyləyib ki, bu işlər
sırasında Azərbaycanın TÜRKSOY-dakı nümayəndəsi
Elçin Qafarlı tərəfindən 15 dildə tərtib
olunan “İmadəddin Nəsimi dünya dillərində”
şeirlər kitabının öz layiqli yeri var.
Nəsiminin
Türkiyədə geniş tanındığını və
sevildiyini deyən Ə. M. Demircan qeyd edib ki, keçirilən
tədbirlər sayəsində böyük şairin həyat
və yaradıcılığı daha geniş auditoriyalara
çatdırılıb. Türkiyə tərəfi hər
zaman olduğu kimi, bundan sonra da Azərbaycan mədəniyyətinin,
o cümlədən tarixi şəxsiyyətlərin
tanınmasına və təbliğinə geniş yer verəcək.
Çıxışlardan
sonra Həsən Seyidbəylinin
yaradıcılığını əks etdirən fotosərginin
açılışı olub. Sərgidə böyük sənətkarın
efir yaradıcılığının əsas məqamlarını
əks etdirən nadir fotolar nümayiş edilib.
Tədbir
çərçivəsində TÜRKSOY-un Baş katibi D.
Kaseinov tərəfindən Türkiyədən Nəsimi
yaradıcılığının tədqiqatçısı,
professor Hüseyn Ayan və “Nəsimi” filmində Nəsimi
rolunun ifaçısı, Xalq artisti Rasim Balayev TÜRKSOY-un təsis
etdiyi “Nəsimi” medalı ilə təltif ediliblər.
Tədbirdə
iştirak edə bilməyən Hüseyn Ayanın medalı
qızına və Rasim Balayevin medalı isə R. Salmanova təqdim
olunub.
Gecədə
türkiyəli aşıq Səlahəddin Dündar
qoşasaz ifası ilə Nəsiminin qəzəllərini
oxuyub.
Sonra “Nəsimi”
filmi nümayiş olunub. Filmin türk dilinə subtitrlə tərcümə
versiyası “TRT Avaz” kanalı tərəfindən ərsəyə
gəlib.
İştirakçılara
“İmadəddin Nəsimi dünya dillərində” kitabı hədiyyə
olunub.
Qeyd edək
ki, ötən il “Nəsimi ili” çərçivəsində
Türkiyənin ayrı-ayrı şəhərlərində
çoxsaylı mərasimlər keçirilib, kitab təqdimatları
olub, o cümlədən tamaşalar göstərilib.
525-ci qəzet.- 2020.- 17 yanvar.- S.9.