Məsud HARAY

 

1974-cü ildə Xoyda - Urmuda dünyaya göz açıb. Şair öz tərcümeyi-halı barədə yazır: "8 ilə yaxın farsca şeir yazdım, duyğularımı, kədərlərimi ata-anamla paylaşım deyə, türkcə düşünməyə başladım, bu yaşayışımın acı çağlarının başlanışı oldu. Daha sonra bu acı içimi gəzdi məni kim olduğuma doğru sürüdü indi mən şair deyiləm, bəlkə vətənim Azərbaycanın acıyan yarasıyam".

 

Nəfəs aldığım havanı,

Ayaq basdığım toprağı,

Udduğum, içdiyim suyu belə anladım.

Bax dəliliyim burdan başladı.

Bunu doktorlar hələ bilmədi,

Sən belə bilmədin,

Möcüzələr belə dərmanım olamaz,

Peyğəmbərlər

qoltuqlarında kitablarıyla belə.

 

***

 

Uğursuzluqdur deməyin

Ürəyimizin çörəyidir bu

İt qabağına atsanız,

Ac qalırsa yeyər.

İştə

Bulbullər qəfəsdə

O üzdən ötərlər.

Bax mən o üzdən şairəm.

 

***

 

Türkcəmiz təmizdir, taysızdır, qızım

Gün gəlir dərdimiz dağ olur, qızım,

Qapqara baxtımız olur, qızım,

İnləyən yaramız sağ olur, qızım.

Biz Vətən namına ölməyəcəyiz,

Düşmənin üzünə gülməyəyəcəyiz.

 

Əl-ələ verərkən qalxacayıq biz,

Tarixə qanı ilə salacayıq iz,

Səninlə birlikdə olacayıq biz.

Sel kimi, vulkan tək patlayacayız,

Dağ-dərə saymadan atlayacayız.

Bu Vətən, bu topraq namusumuzdur,

Düşmənə verəcək kabusumuzdur,

Biz Türküz, türkcəmiz qamusumuzdur,

Türkcəmiz təmizdir, taysızdır, qızım.

Tarixdə fəxrimiz saysızdır, qızım.

 

Dədəmiz Babəkdir, anamız Tomiris,

Vətənsiz bir kərə gülməz üzümüz,

Əyricə Azəri, Türkcə düzümüz.

Namərdlər anlamır, düşünmür, qızım.

Təhqirdən, sitəmdən üşünmür, qızım.

 

Tökülür gözümdən təkər-təkər yaş.

Hönkürüb gecələr ağlıram yavaş.

Ayılsa millətim, başlanır savaş.

Biz Vətən namına ölməyəcəyiz,

Düşmanın üzünə gülməyəcəyiz.

 

***

 

Yerqurdular

Toprağın ciyərləridilər.

Özgürlük deyə,

Dar ağacına tapşırılanlar isə

İnsanlığın.

 

Təkcə ölüm, arzılarımın biçimində     

 

Təkcə ölüm

    arzularımın biçimində

 təkcə sən

    künlümün içində

 unutma bu anılar sürəsində

ayrılmayacaqlarımız var.

 ölüm bir həyat bağışlanacağı

     sən,

    vəmən səndən incimədən,

    ölüm arzılarımın biçimində.

 

 bu gün doğum günüm

      yarın yaşam

       srağagün doğulmamışım anı

 yenə də ölüm

    arzularımın biçimində

 yenə də sən

    könlümün içində...

 

525-ci qəzet.- 2020.- 17 yanvar.- S.15.