Yalçın Əlizadə-80
Mənim vüqarlı dostum
Unudulmaz
Xalq şairimiz Bəxtiyar Vahabzadə vəfatından bir az əvvəl müsahibə verdiyi jurnalistə
demişdi:
- Mən
səni tanıdığım qədər hələ
özümü yaxşı tanımıram.
Həqiqətən də
insan mürəkkəb, təzadlı məxluqdur. Təsadüfi deyil ki, onu təfərrüatına,
incəliyinə qədər tanımaq bəzən ən
mürəkkəb texnikanı idarə etməkdən də
çətin görünür. Ancaq bunun
üçün iki yaxşı vasitə var. Bir gərək
səfər və səyahətlərdə onunla yol
yoldaşı olasan, bir də tabeliyində işləyəsən.
Yalçın Əlizadə ilə bunların hər
ikisi olub və onların hər ikisində onda ən
yaxşı keyfiyyətləri görmüşəm. Hansıları? Sadalamazdan əvvəl
özüm üçün vacib olan bir məsələni
qeyd etmək istəyirəm. Məni
tanıyanlar, yəqin ki, yaxşı bilir və sözümə
etiraz etməzlər. Ancaq qoy tanımayanlar da bilsin: əgər
Yalçın müəllim indi də keçmişdəki
kimi jurnalistika fakültəsinin dekanı, o cümlədən,
mənim dekanım olsaydı, təmənnalı görünər
deyə bu sözləri üzünə deməzdim. Deməmişəm də. Ancaq hiss etdiyim
kiçik bir nöqsanı nəzərinə
çatdırmışam. Zarafatla demişəm
Elmi Şurada məsələ qaldıracam ki, fakültə
dekanı hökmən papiros çəkən
olmalıdır. Soruşub ki, niyə?
Demişəm ki, səndən əvvəl
dekanımız, rəhmətlik Tofiq Rüstəmovun
vaxtında da bəzi nöqsanlar olurdu. Ancaq
o, dərhal əsəbləşib özündən
çıxmırdı. Əksinə,
sakit şəkildə damağına bir papiros alıb
nöqsanın necə, niyə baş vermə səbəbləri
barədə düşünür, onun hansı vasitə və
üsullarla aradan qaldırılması yollarını
arayıb- axtarırdı.
Lakin iki səbəb üzündən Yalçın
müəllimin bu hərəkətinə də bəraət
qazandırmaq olardı. Əvvəla belə ciddi tələbkarlıq
böyük təəssübkeşlik hissindən, fakültəyə
qayğıkeşliyindən irəli gəlirdi. Digər tərəfdən həmin tələbkarlığı
ilk növbədə bilavasitə özündən, mərhum
aktyorumuz Yaşar Nurinin ifadəsi ilə demiş olsaq "məhzi"
özündən başlayırdı. Həm
də son dərəcə sadəliyi, mehribanlığı,
qayğıkeşliyi, səmimiyyəti ilə seçilirdi.
Böyük-kiçiyin yerini bilməkdə, hərəyə
öz layiq olduğu qiyməti verməkdə də fərqlənirdi.
Həm də bütün bunlarla yanaşı, mənim
nəzərimdə onun ən yaxşı keyfiyyəti son dərəcə
qürurlu olması, adını, şərəf və ləyaqətini
hər şeydən uca tutmasıdır. Əgər
belə etməsəydi, indiki mənəvi mövqeyə
yüksəlib, böyüklü-kiçikli hamının
hörmətini, rəğbətini qazana bilərdimi?
Əsla yox!
Yuxarıdakı
fikrimə istinad edib inamla söyləyirəm: o,
keçmişdəki kimi elə indi də fakültənin rəhbəri,
o cümlədən, mənim də dekanım olsaydı, bu
sözləri nə dilə gətirər, nə qələmə
alardım. İndi isə hər yerdə haqqında söz
düşəndə qürurla, iftixar hissi ilə deyirəm:
mənim son dərəcə xeyirxah, sadə və səmimi,
vüqarlı dostumdur YALÇIN ƏLİZADƏ! 80 illiyini ürəkdən təbrik edir, sağlam
ömür arzulayıram.
Mahmud MAHMUDOV
dosent
Mənim həyat müəllimim
Radionun
sirlərini, Azərbaycan radiosunun ənənələrini, eləcə
də ədəbi redaktənin incəliklərini hələ
22-23 il əvvəl (1996-2000) böyük
sevgi ilə mənə öyrədən professor
Yalçın Əlizadə... O, mənim universitet illərimin
ən əziz və parlaq simlarındandır. O, mənim tələbəliyimdə,
televiziya yaradıcılığımda, elmi-pedaqoji fəaliyyətimdə
xüsusi rolu olan özəl insanlardandır. O, mənim diqqətli
müəllimim, qayğıkeş kafedra müdirim, tələbkar
dekanım, dəyərli elmi rəhbərimdir. Yalçın
müəllimlə həm bir tələbə, həm bir qrup
nümayəndəsi, həm bir araşdırmaçı, həm
də bir gənc müəllim kimi ünsiyyətdə olmaq,
oxumaq, öyrənmək, çalışmaq mənə həyatımın
çox böyük təcrübəsini qazandırıb.
Hər zaman tələbkar, razı qaldığını
çox az büruzə verən, daim
üzərində işləməyin önəmini təlqin
edən Yalçın müəllim, jurnalist həyatımın
ən vacib məqamlarında məni istiqamətləndirib.
90-cı illərin sonunda Azərbaycan Televiziyasında ilk
addımları onun dəstəyi ilə atmışam. 2010-cu ildə
gənc müəllim kimi auditoriyaya ilk dəfə onun
xeyir-duası ilə qədəm qoymuşam. "Azərbaycan televiziyasının inkişaf meylləri"
adlı elmi işimi onun rəhbərliyi ilə ərsəyə
gətirib müdafiə etmişəm. Amma
mən Yalçın müəllimdən sadəcə, elmin
sirlərini öyrənməmişəm. O, həm də
həyatı öyrədən müəllimlərdəndir. Dissertasiya üzərində işlərkən,
kiçik yaşlı oğlumun qayğılarından yaranan
çətinliklərdən şikayətləndiyim zamanlar
olurdu. Hər zaman ciddi, bəzən
qaşqabaqlı Yalçın müəllim isə həmin
anda təbəssümlə, "O, əslində, sənin əsas
elmi işindir" demişdi.
Maraqlı məqamlardan biri də odur ki, Yalçın
Əlizadə sadəcə mənim yox, həm də həyat
yoldaşımın müəllimi və elmi rəhbəri
olub. Hətta Ramil Ələkbərovun magistr işi
Yalçın müəllimin araşdırmalarının
davamını əhatə edirdi. Elə
buna görə də, bizim ailədə dəyərli müəllimimizin
adı ikiqat əzizdir.
Professor Yalçın Əlizadə mənim
üçün çox doğma, dəyərli və
unudulmaz müəllimlərdəndir. Nə yaxşı ki,
mən onun tələbəsi, yetirməsi olmuşam. Bu gün də ona zəng vuranda, hal-əhval tutanda
illər öncənin tələbəsinə - Billurəsinə
çevrilirəm. Eyni dərəcədə
həyəcanlanıram, qürur duyuram. Çünki
Yalçın Əlizadə bu gün də yazan,
araşdıran, eyni zamanda, yetirmələrinin elmi
uğurlarını izləyən, diqqətini, məsləhətini
əsirgəməyən dəyərli alim, gözəl
ziyalıdır.
Billurə Aslanqızı
Yalçın müəllimin
yaşıl işığı
Yalçın
Əlizadə... Bu ad və soyad məni 26 il
əvvələ aparır. 1994-cü il,
1-ci kurs, 2-ci semestr, ixtisaslara seçim üçün
müsahibə mərhələsi. Qrupumuzda çoxları
Televiziya və radio jurnalistikası kafedrasına düşmək
üçün can atırdı. Kafedra müdiri
Yalçın Əlizadənin zəhmi hamımızı
qorxutsa da, televiziya və radioya olan həvəs bu
qorxuya qalib gəlirdi. Aydın məsələ
idi ki, istəyənlərin hamısı arzusuna
çatmayacaqdı. Mən
şanslılardan oldum.
Məhz həmin həvəsin nəticəsidir ki, 26
ildir bu kafedraya bağlıyam. Zəhmindən
qorxduğum insanın - Yalçın müəllimin göstərdiyi
yol və bu yolda yandırdığı yaşıl
işıq sayəsində kafedranın dosenti vəzifəsinə
qədər addımlamışam. Bakalavriat, magistratura,
dissertantura...
Hər üç pillədə elmi rəhbər kimi məhz
Yalçın müəllimin məsləhətlərindən
yararlanmışam. Magistraturanı bitirdikdən sonra
Yalçın müəllim mənə dissertant olmaqla
yanaşı, fakültədə işləməyi təklif
etdi. Hələ ki jurnalist fəaliyyətimi
davam etdirmək istəyində olduğumu bildirdim. Etiraz
eləmədi Yalçın müəllim...
Elmi rəhbərimlə razılaşdıq - qısa
müddət ərzində elmi fəaliyyətimi də davam
etdirəcəkdim. Bu qısa müddət ərzində bir sıra çap və
elektron mediada - televiziyada
çalışdım. Sonra özüm
müraciət etdim. Jurnalistika fakültəsinin
Tədris Televiziya Studiyasında işə başladım və
dissertant olaraq dəyişməz elmi rəhbərimlə
mövzu üzərində məsləhətləşmələr
apardıq.
Artıq Yalçın Əlizadə Jurnalistika fakültəsinin
dekanı, mən isə müəllim idim. Onu
tanıyanlar nə qədər tələbkar olduğunu
çox gözəl bilirlər. Heç yadımdan
çıxmaz, sənədlərimlə bağlı
rektorluğa getdim və dərsə gecikdim. Fikirləşirdim ki, yəqin dərsə gecikməyim
problem olmaz. Amma dəhlizdə məni
gözləyən dekanı görəndə
yanıldığımı və möhkəm
danlanacağımı anladım. Düşündüyüm
kimi də oldu, auditoriyaya göz yaşlarımı silərək
daxil oldum. Dərs bitdi, dəhlizə
çıxdım, yenə qarşımda Yalçın
müəllimi gördüm, amma tamam fərqli əhvalda.
Otağına çağırdı, sanki bir saat əvvəlki
adam deyildi. Dörd ildən artıq idi
müəllim kimi hər gün auditoriyaya girsəm də,
ancaq o zaman anladım bu peşənin gerçək
məsuliyyətini.
Müəllimimin növbəti etimadını BDU-da vəzifədə
olanların dərs yükünün azaldılması ilə
bağlı qərar çıxarkən gördüm. Məzuniyyətdə olarkən
fakültədən zəng edib, təcili Yalçın müəllimin
yanına gəl, dedilər. Düzü,
elmi işimlə bağlı problem olduğunu
düşündüm. Lakin
yanılmışdım. Yalçın müəllim
Televiziya və radio jurnalistikası kafedrasının iki əsas
fənnindən birini, illərdir özünün tədris
etdiyi "Radio jurnalistikasının əsasları" fənninin
yeni tədris ilindən mənə verildiyini dedi. Əlavə etdi ki, bir aya yeni mühazirələrlə
səni gözləyirəm. Heç
gözləmədiyim təklif olduğu üçün
imtina etdim. Nə qədər "hazır deyiləm",
"çox az vaxt qalıb" və digər bu kimi bəhanələr
gətirsəm də, vaxtilə dərsə gecikdiyim zaman
gördüyüm ciddiyyətlə məni susdurdu...
Yalçın
müəllim heç vaxt dəyişmədi: dürüst, tələbkar
və qayğıkeş. Elə bu cür
olduğuna görə də istər dekanlıq müddətində,
istərsə də indi ƏSL MÜƏLLİM olaraq
xatırlanan insanlardandır Yalçın Əlizadə.
Aynur NƏSİROVA
dosent
Alqışlar ömrümüzü
uzadır
Ötən
ilin - 2019-cu ilin sonlarında Bakı Dövlət
Universitetinin 100, Jurnalistika fakültəsinin 50 illik yubileylərini
sevinclə və həvəslə qeyd etdik. Elə bu yüzdə
də, əllidə də Yalçın müəllimin
özünəməxsus xidmətləri var. Uzun illər
universitetin həmkarlar ittifaqı komitəsinin sədri,
jurnalistika fakültəsində kafedra müdiri, dekan vəzifələrində
çalışıb. Çalışmaq bir az
mücərrəd ifadədir. Əsas odur ki, onu
tanıyanların, iş yoldaşlarının
yaddaşında necə qalıb:
Xeyirxah,
Prinsipial, Qürurlu. Xeyirxahlıq
başa düşüləndir. Ancaq
prinsipial və qürurlu olmaq xüsusiyyətlərinin
daşıyıcısını bir mənalı qiymətləndirənlər
çox deyil. Belə adamları bəziləri
qaraqabaq, kobud, özünüdartan kimi də qələmə
verə bilərlər. İllər ötəndən
sonra isə səhv etdiklərini başa düşürlər.
Məlum olur ki, Yalçın müəllim kimi
insanlar özünə və başqalarına dəyər
verməyi bacaran və bunu əməlində həyata
keçirən şəxsiyyətlərdir.
Mən 1976-1981-ci illərdə Bakı Dövlət
Universitetinin jurnalistika fakültəsində təhsil
almışam.
Yalçın Əlizadənin tələbəsi
olmuşam. Bundan qürur duyuram. Sevinirəm ki, həm bir tələbə kimi, həm
də bir jurnalist kimi onun etimadını doğrultmuşam.
Tələbə olduğum beş il ərzində 52
imtahan vermişəm və bundan ikisi yaxşı, 50-si əla
olub. Uzun müddət Yalçın müəllimdən
öyrəndiklərimdən Naxçıvan televiziyasında
və Azərbaycan dövlət televiziyasında işlərkən
bəhrələnmişəm. Azərbaycan
Respublikasının Əməkdar jurnalisti fəxri adına layiq görülmüşəm. Hesab edirəm ki, Jurnalistika sahəsində
qazandığım uğurlarda onun da payı var. Televiziya və
radio jurnalistikasının sirlərini mənə o öyrədib.
Düzdür, o vaxt tələbə - müəllim kimi bizim
aramızda pərdə olub, mən ondan çəkinmişəm.
Nədənsə,
onun ən xırda iradı da biz tələbələrə
ağır gəlirdi. Adəti idi, tələbənin
səhvini onun üzünə yox, yerə baxaraq deyirdi. Təkcə tələbələrinə yox, elə
hamıya. Onunla birgə işləyəndə bunun bir
daha şahidi oldum...
Mən Cahangir müəllimin tövsiyəsi və
Yalçın müəllimin razılığı ilə
müəllimliyə başlamışam. Şübhəsiz,
elmə həvəsimlə yanaşı, praktik jurnalist
olmağım da işə yarayıb. Mənə
dərs deyən müəllimlərimlə bir yerdə işləmək
cox məsuliyyətli və qürurverici bir hissdir. Hər dəfə doğma divarlar arasında müəllimlərimlə
görüşüb söhbət edəndə
özümü tələbə sanıram. Bəzən mənə dərs deyən müəllimlərlə
özümü müqayisə edirəm, paralellər
aparıram. Fikirləşirəm ki,
Yalçın müəllimlə mənim həyat yolum bir
neçə məqamda kəsişib. Məsələn,
Yalçın müəllimin də baza təhsili jurnalistdir,
mənim də. O da əvvəllər
AzTV-də işləyib, mən də. Vaxtilə Televiziya və
Radio Jurnalistikası
kafedrasının müdiri olub, indi mən həmin
kafedranın müdiriyəm. Üstəgəl, hər ikimiz eyni xidmətlərə
görə Əməkdar
jurnalistik.
Yenə də Yalçın müəllimlə bir
kafedradayıq.
Yalçın müəllim kafedramızın məsləhətçisidir.
Müəllimlərimiz onun tövsiyələrinə
həmişə ehtiyac duyurlar. Çünki
Yalçın müəllim doğrunu sevəndi, nəfsinə
sahib olmağı bacarandı, həqiqətə
dözümlü olmağı öyrədəndi və nəhayət,
ləyaqət sahibidir. Əxz olunası
keyfiyyətlərdir.
Bu il biz müəllimlərin müəllimi
Yalçın müəllimin 80 yaşı tamam olur.
Yaşın müdriklik zirvəsidir. Bu
zirvəyə qalxmaq çətindir. Ancaq bu zirvədən
baxmaq çox fərəhlidir:
yaşanan ömür təmizlik və ləyaqət
nümunəsidir. Sənə olan sayğını, sevgini
görmək ondan da fərəhlidir: axı, alqışlar
ömrümüzü uzadır.
Əziz və
hörmətli müəllimim!
Sizi 80 illik yubileyiniz
münasibətilə təbrik edir, ən xoş
arzularımı - alqışlarımı bildirirəm: Canınız
sağlam, əhvalınız nikbin olsun! Günləriniz
xoş, illəriniz
mənalı keçsin!
Allahverdi MƏMMƏDLİ
Professor, Əməkdar jurnalist
Ömür yolu
Yalçın müəllimlə ilk
tanışlığımız 2002-ci ildə mən
fakültəyə saathesabı dərs deməyə gələndə
oldu. O vaxt mən
filologiya fakültəsində işləyirdim. Açığını
deyim ki, mənim gəlişimə o qədər də sevinməmişdi.
Səbəbini çox sonralar bildim. Səbəb
o idi ki, Yalçın müəllim çox təəssübkeş
bir dekan idi və düşünürdü ki, rəhbərlik etdiyi fakültəsinin məzunları qala-qala niyə
filologiyadan kimsə gəlib dərs desin. Amma biləndə
ki, mən də jurnalistikanın məzunuyam, fikri tamamilə dəyişdi.
Məni bir ştat vahidində müəllim,
sonra isə özünə elmi işlər üzrə
müavin seçdi. Yalçın müəllimin
yaşından, vəzifəsindən, sosial vəziyyətindən
asılı olmayaraq hamıya münasibəti səmimi və
təmənnasız idi. Yalçın
Əlizadənin alimliyindən, pedaqoqluğundan, ictimai işlərindən
əlavə, milli-mənəvi dəyərlərə malik
olan insani keyfiyyətləri də yüksəkdir. Bacarıqlı elm təşkilatçısıdır.
Özünə qarşı tələbkar olan, təəssübkeş,
gözəl təşkilatçı və məsləhətçi
Yalçın müəllim mənim üçün həm
də öz sənətini sevən bacarıqlı tədqiqatçı,
ziyalı nüfuzunu layiqincə qoruyub saxlayan, bir alimdir. Onun rəhbərliyi
dövründə fakültəmiz daima bütün yeniliklərdə
pilot olurdu, bununla da birincilər siyahısına imza
atırdı. Respublikamızda Boloniya təhsil
sisteminə keçiddə də universitet fakültələri
arasında ilk bizim fakültə olmuşdur. Digər fakültələrin dekanları məhz
Yalçın müəllimdən məsləhət
alırdılar.
"Uğur
gətirən işgüzarlıq adamın canında,
qanında ola gərək. Bir
də şərəf və məsuliyyət hissini heç
vaxt özündən kənarlaşdırmayasan". Bunlar Yalçın müəllimin bütün əməkdaşlara
dəfələrlə söylədiyi ifadələrdir.
Onunla söhbət edəndə bir təsəlli,
bir rahatlıq duyursan, məmnun olursan. Şair demişkən: insanın
şöhrəti, şanı hünərdən yaranıb: ləyaqətlə,
hallallıqla, işinə dəqiq və sonsuz sevgilə mərdanə
keçən omürlə! Yalçın
müəllim belə ömür sahibidir.
Doğru deyiblər ki, insanın əməlləri,
insanlığı, alicənablığı yaşadır və
sevdirir. Bu gün də Yalçın müəllimin səsi
qulağımdadı. İş prosesində
bir çətinliyə düşəndə tez onun məsləhətlərini
yadıma salıram və çıxış yolu tapıram.
Həyatda heç nə izsiz qalmır, yox olmur. Yaxşılıq
və xeyirxahlıq, hamıya hayan olmaq, hamının köməyinə
yetmək isə yüksək əxlaqi keyfiyyətlərdir.
Yalçın müəllimin həyat yolu, onun
şəxsiyyəti nəsillərə nümunədir.
Ad
gününüz mübarək, Yalçın müəllim!
Sizin elminizə, məsləhətlərinizə
hələ uzun müddət ehtiyacımız olacaq.
Sevinc ƏLİYEVA
Mənim müəllimim
Müəllim adı ən uca bir zirvədir. Hər birimizin qəlbində müəllimin
ali yeri var. Onlar bizi dayanmadan bu
zirvəyə çəkən, boynumuza danılmaz haqq- say
qoyan böyük şəxsiyyətlərdəndir. Biz müəllimlərimizi
valideynlərimiz qədər sevirik . Hamının rifahi üçün öz vəzifəsinə
məsuliyyətlə, diqqətlə yanaşan, səadət
yolumuzda dahi Atatürk demişkən "Yanıb tükənərkən
ətrafını işıqlandıran şamdır müəllim".
Düşüncələrimizi yeniləyən,
həyatı bizə sevdirən, qayğıkeş müəllimlərimizdən
biri də Yalçın Əlizadədir. Yalçın
müəllim həyatını Bakı Dövlət
universitetinə, xalqına həsr edən professor, əməkdar
jurnalist, "Qızıl qələm" laureatı, öz vəzifəsinə
vicdanla, məsuliyyətlə yanaşan vətəndaş həm
də fənlərin tədrisini minlərlə tələbəyə
aşılayan, sevdirən şərəfli müəllimdir.
Yalçın müəllimin ad
günüdür. Ona can sağlığı,
balalarının səadət və
firavanlığını görməyi arzulayıram.
Diləfruz ŞAHBAZOVA
Peşəkar jurnalist, ləyaqətli
insan - Yalçın Əlizadə
Jurnalistika fakültəsi özünəməxsus ənənələri
və hər zaman təmizliyi, tələblərinə olan
qayğısı ilə seçilən, sayılan fakültə
olub. Bu fakültə böyük ustad qələm sahiblərinin
hər zaman müqəddəs ocaq olaraq seçib sevdiyi bir
ünvan kimi tanınıb. Heç
şübhəsiz ki, 1969-cu ildə yaradıldığı
dövrdən başlayaraq əsası qoyulan bu dəyərlərin
nəsildən-nəsilə ötürülərək
yaşadılmasında fakültə müəllimlərinin
böyük rolu olub. Bu cür ustad müəllimlərimizdən
bir də professor Yalçın Əlizadədir.
1999-cu ildən 2012-ci ilə qədər Jurnalistika
fakültəsinin dekanı olub. Dekan vəzifəsində
çalışdığı bu illər ərzində
şübhəsiz ki, fakültənin hən inkişafı, həm
də yüksək nəticələr əldə etməsində
böyük xidmətləri olub. İstər idarəetmədə
prinsipiallığı, istərsə də tələbələrə,
əməkdaşlara münasibətdə hər zaman öz
diqqəti ilə seçilən Yalçın müəllim,
həm də fakültənin təmiz, saf xarakterini yaşada bildi. Ümumiyyətlə, Jurnalistika fakültəsində
dekan olmaq daha fərqli xüsusiyyətlər tələb edir.
Və bu xüsusiyyətlərdən ən
önəmlisi yalnız nəfsinə hakim olmağı
bacarmaq deyil, eyni zamanda, mənən təmiz və zəngin
olmağı bacarmaqdır.
Başqa bir önəmli xüsus, Yalçın müəllimin
Azərbaycan radiojurnalistikasının nəzəri
bazasının hazırlanmasına verdiyi töhfələrlə
bağlıdır. Yalçın müəllim, həm də
peşəkar radio nəzəriyyəçisidir. Müasir Azərbaycan radiosunun nəzəri bilikləri
barədə söz açarkən, Yalçın müəllimi
yada salmamaq olmur. Onun bu sahədə
yazdığı əsərlər, bu gün də ciddi
istinad mənbəyidir.
O,
1974-cü ildə "Azərbaycanda radiojurnalistikanın təşəkkülü
və inkişafı" mövzusunda namizədlik
dissertasiyası müdafiə edib, filologiya elmləri namizədidir.
70 elmi məqalənin müəllifidir.
"Qoşa qanadın uğuru" (2005), "Vaxtında və
yerində deyilən söz" (2005),
"İşıqlı ömür" (2006),
"Jurnalistikaya həsr edilmiş ömür" (2007),
"Heydər Əliyev və mətbuat" dörd cildliyində
jurnalistikaya yeni baxış" (2008), "Nəsillərin həyat
məktəbi" (2008), "Muğanın mayakı"
(1961), "Yer altında işıqlar" (1972),
"Radiojurnalistikanın əsasları" (1991), "Azərbaycan
efiri - tarix və müasirlik" (professor Qulu Məhərrəmli
ilə birlikdə 2006) kimi bir çox əsərləri, dərs
vəsaitləri işıq üzü görüb.
Professor
Yalçın Əlizadə, məncə, doğma
universitetimizin jurnalistika fakültəsinə deyil, ümumilikdə
ölkəmizin ali jurnalistika təhsilinin tarixinə
öz adını yazdırmağı bacarmış bir şəxsiyyətdir.
Yalçın müəlim, həm alim, həm
də müəllim ləyaqətini özündə birləşdirməyi
bacarıb. Və Yalçın müəllim gözəl
iş yoldaşıdır. Hər zaman
yanındakına diqqətini, qayğısını əsirgəməyən,
onun üçün əlindən gəldiyi qədər
kömək edən və bunu özünə borc bilən bir
insandır.
Onun həm pedaqoji fəaliyyəti, həm idarəçiliyi
şübhəsiz ki, müasir Azərbaycan
jurnalistikasının inkişafına müəyyən qədər
öz təsirini göstərib. Bu gün fakültəmizdə
çalışan bir çox istedadlı gənc müəllimlər,
məhz onun dövründə işə qəbul olunublar, onun
yetirmələridirlər.
Vüqar ZİFƏROĞLU
Jurnalistika fakültəsinin dekanı
Sevimli müəllimimi xatırlayarkən...
1975-ci ildə BDU-nun jurnalistika fakültəsinə daxil
oldum. İlk gündən marağım olduğu
üçün secmə fənn olaraq radio-televiziya
jurnalistikasını seçdim. Bu seçim məni
"Televiziya və radio jurnalistikası" kafedrasının müəllimləri,
xüsusən də Yalçın müəllimlə daha da
yaxınlaşdırdı. Ciddi olduğu üçün Yalçın müəllimlə
dil tapa bilməyəcəymi düşündüm. Bir neçə dərsdən sonra tamamilə
yanlış fikridə olduğuma sevindim. Yalçın
müəllim dərs prosesində nə qədər ciddi, rəsmi
olsa da, dərsdən sonra fakültənin dəhlizində,
kafedranın otaqlarında tələbələrilə çox mehriban,
qayğıkeş bir insan kimi rəftar edirdi.
1980-ci ildə jurnalistika fakültəsini bitirdikdən
sonra Az.TV-də "Elmi-kütləvi və tədris
proqramları" baş redaksiyasında işləməyə
başladım. Bir neçə il
"Sağlamlıq" televiziya jurnalının, "Azərbaycan
dili" tədris verilişinin redaktoru oldum. Televiziyada
işlədiyim müddətdə daim Yalçın müəllimlə
məsləhətləşirdim. "Azərbaycantelefilm"
yaradıcılıq birliyində böyük redaktor vəzifəsində
çalışarkən yenə də Yalçın müəllimlə
əlaqəni
üzmədim.
2005-ci ildə Yalçın müəllimin
xeyir-duası ilə yenidən BDU-nun jurnalistika fakültəsinin
"Televiziya və radio jurnalistikası" kafedrasına
qayıtdım. Bu dəfə tələbə kimi yox,
müəllim kimi.
On-on beş il bundan əvvəlin sözüdür.
Fakültədə yenicə müəllim
işləməyə başlamışdım. Bir gün kafedramızın müəllimlərinin
iştirakı ilə "Açıq dərs"
keçirməli oldum. Bütün gecəni
sabahkı dərsimə hazırlaşdım. Doğrusunu deyim ki, çox həyacanlı idim.
Yalnız ona görə, yox ki, birdən
auditoriyanın diqqətini cəlb edə, əsas
informasiyanı tələbələrin diqqətinə
çatdıra bilmərəm. Daha
çox ona görə narahat idim ki, müəllimlərim
qarşısında dərs keçirdim, hesabat verirdim.
"Açıq dərs" bitdikdən sonra kafedrada
müzakirəsi keçirildi. Həyəcanla
Yalçın müəllimin fikrini gözləyirdim. Onun sakit bir tərzdə "Sevil, qızım, bir
daha hiss etdim ki, işinə çox məsuliyyətlə
yanaşırsan. Bu, mənim çox xoşuma gəldi"
dedi və bir neçə məsləhət verdi.
Həmin gündən neçə illər
kecib. Amma hər dəfə auditoriyaya girərkən
Yalçın müəllimin tövsiyələrini xatırlayıram və onun
etimadını doğrultmağa çalışıram.
Bu gün
jurnalistika fakültəsində
çalışdığıma görə də, elmi
işimi davam etməyimə görə də Yalçın
müəllimə minnətdaram, yubileyi münasibəti ilə ailəmiz
adından və şəxsən öz adımdan onu ürəkdən
təbrik edirəm. Uzun
ömür, möhkəm can sağlığı
arzulayıram.
Sevil HƏSƏNOVA
dosent
Yalçın Əlizadənin 80
illik yubileyi
Yalçın müəllimlə mənim
tanışlığım nə az-nə çox, 40 ilə
yaxındır. Yeri gəlmişkən, onu da qeyd edim ki, məhz
Yalçın müəllimin tövsiyəsi, xeyir-duası ilə
mən Bakı Dövlət Universitetinin Televiziya və radio
jurnalistikası kafedrasının nəzdində fəaliyyət
göstərən Tədris televiziya və radio studiyasına rəhbər
vəzifəsinə işə götürülmüşəm.
1998-ci ildən Yalçın müəllimin rəhbərlik
etdiyi kafedraya baş müəllim, eyni zamanda, Jurnalistika
fakültəsinin tədris işləri üzrə dekan
müavini vəzifəsində işləmişəm.
1999-cu ildə Yalçın müəllim Jurnalistika
fakültəsinə dekan seçildikdən sonra isə onunla
həm bir kafedrada, həm də dekanlıqda 2012-ci ilə qədər
birlikdə çalışmışam.
Bunları qeyd etməkdə məqsədim Jurnalistika
fakültəsində professor Yalçın Əlizadəni
yaxından tanıyan, həftənin 6 günü işlə
bağlı ünsiyyət saxlayan bir əməkdaş
olduğumu vurğulamaq istəyimdir.
Mən Yalçın müəllimi peşəkar
jurnalist, gözəl pedaqoq, prinsipial və mərd insan kimi
xarakterizə edərdim. Onu
tanıdığım bu illər ərzindəki
müşahidələrim bunları onun haqqında deməyimə
əsas verir. Xüsusilə də, Jurnalistika fakültəsinin
dekanı olduğu müddətdə Yalçın müəllimin
öz işinə necə ciddi yanaşdığının,
müəllim həmkarlarından da işlərinə məsuliyyətli
yanaşma tələb etdiyinin, bacarıqlı təşkilatçı
olduğunun, lazım gələrsə, müəllim və tələbə
kollektivini necə qoruduğunun dəfələrlə
şahidi olmuşam.
Heç
də təsadüfi deyil ki, o, dekan olduğu dövrlər
Jurnalistika fakültəsi Bakı Dövlət Universitetində
dəfələrlə ilin fakültəsi adına
layiq görülmüşdü.
Jurnalistika fakültəsi respublikamızda ilk
çoxballı sistemə və Bolonya prosesinə qoşulan
fakültə olub. Təbii ki, bu seçim təsadüfi
deyildi. Universitet rəhbərliyi
Yalçın müəllimin necə təşkilatçı
və prinsipial olduğunu bildiyindən bu etimadı fakültə
kollektivinə göstərmişdi.
O, gözəl
ziyalı olmaqla yanaşı, həm də bacarıqlı tədqiqatçı
alimdir. Yalçın müəllim bir sıra dərslik
və dərs vəsaitinin müəllifidir.
Yalçın müəllim Jurnalistika fakültəsinin
elmi-texniki bazasının da günün tələbləri səviyyəsində
olması üçün əlindən gələni
etmişdir. Məhz fakültənin tədris televiziya və radio
studiyası, həmçinin, jurnalistika elmi-tədqiqat
laboratoriyası da onun yaxından iştirakı ilə fəaliyyətə
başlamışdır.
Yalçın müəllimin 80 yaşı tamam olur. Ona insan üçün ən
gözəl nemət olan can sağlığı arzu edirəm!
Əli HACIYEV
525-ci qəzet.-2020.- 15 yanvar.-
S.20-21.