Qırmızıya
bürünmüş qara tarix
Esse
20 Yanvar
şəhidi şair Ülvi Bünyadzadənin anadan
olmasının 50 illiyi münasibətilə "525-ci qəzet"in
keçirdiyi, vətənpərvərlik mövzulu şeir və
esse müsabiqəsində 2-ci mükafata layiq
görülmüş İlahə Əhmədovanın
"Qırmızıya bürünmüş qara tarix"
essesini təqdim edirik.
Mənim
20 Yanvar faciəsilə tanışlığım beş yaşımda olmuşdu. 2000-ci
ildə bu hadisənin onilliyi qeyd olunurdu, mənsə sadəcə
uşaq idim. Bir axşam atam əlində
zümrüd yaşılı, qalın cildli bir kitabla
qayıtdı. Bu, üstündə rəngbərəng
şəkilləri olan kitab deyildi. Atamın:
"Qızım, bu kitabı sənin üçün
almamışam" - deməyi məni lap
çaşdırmışdı. Axı atam həmişə
mənim üçün kitablar alıb gətirərdi... Küskün baxışlarla atamın onu aparıb
öz kitab şkafına qoymağını izlədim.
Növbəti gün atamın evdə olmamasından
istifadə edib həmin kitaba baxmaq fikrinə düşdüm. Kitab bir qədər
hündür rəfdə idi, amma qəribə bir maraq məni
necə olur olsun, ona baxmağa vadar edirdi. Elə
oradaca yerdə oturub kitabı vərəqləməyə
başladım. Donub qalmışdım.
İlk şəkillə rastlaşanda tez
kitabı örtüb əllərimlə gözlərimi
tutdum. İlahi! O əmilər niyə küçənin
ortasında yatıb qalmışdılar? Onları kim döymüşdü elə?? Üzləri,
üstləri bütün qan idi... Amma üzlərindəki
dəhşət ifadəsini hətta axan qanları belə
ört-basdır edə bilməmişdi. İçimdə
dəhşətli bir qorxu var idi. Bu kitab mənim şəkilli
kitablarımdan çox fərqlənirdi...
Qorxuma üstün gəlməyə
çalışdım. Axı artıq böyük qız idim - beş
yaşım var idi!.. Bütün
cəsarətimi toplayıb kitabı yenidən açdım.
Vərəqlər bir-birini əvəzlədikcə
daha dəhşətli şəkillərlə qarşılaşırdım.
Lakin daha qorxmurdum. İçimdə
qəribə, daha öncə heç hiss etmədiyim yeni bir
duyğu yaranmışdı. Mən şəkildəki
insanlara baxırdım və hiss edirdim ki, onların
hamısı mənə doğmadır. Onları
əvvəlcə qəddarcasına döymüşdülər,
şəkillər çəkiləndə isə o yazıqlar
yatmışdı. Döyüləndə
çox ağrı çəkmişdilər deyə, yəqin
çox yorulmuşdular. Mən hələ
ölümün, qətlin nə olduğunu bilmirdim. Amma nifrətin nə olduğunu anlamağa
başlamışdım.
Sonra bir yeniyetmə oğlanın şəklini
gördüm.
Onun başının yarısı yox idi... Gözlərim hədəqəsindən
çıxmaq üzrə olarkən düşündüm:
"Axı belə yuxu olmur, bu, yatmaq deyil!"
Sonra bir avtobus. Onun hər tərəfində yumru-yumru dəliklər
var idi.
Sonra əzilmiş
maşınlar...
Sonra bir xəstəxana otağı. Orada addım
atmağa yer yoxdur, döşəmə bədənləri yaralar,
yarıqlar, qanlar içində olan yatmış adamlarla
tamamilə doludur.
Sonra
Bakının şəklini gördüm... Bakı
qara rəngə bürünmüşdü. Diqqətlə baxanda gördüm ki, bu, bütöv
qaralığı yaradan həmin rəngə
bürünmüş kiçik-kiçik insanlardır.
Sonra ağlayan, fəryad edən nənələrin,
xalaların şəklini gördüm. Onları kim
ağlatmışdı belə?!
Növbəti səhifədə üstü
qırmızı güllərlə örtülü təpəcik
və onun ətrafında dayanan babalar, əmilər var idi. Bu nə idi
axı??? Mən o yaşıma qədər ağlayan kişi görməmişdim, hətta şəkildə
belə olsa...
Səhifəni çevirən kimi elə mənlə
yaşıd bir uşaqla göz-gözə gəldim. Onun gözlərində
böyük kədər, mənim içimdə isə sonsuz
dəhşət vardı. İkimizi də birləşdirən
hiss isə çaşqınlıq idi, mənim qədər o
da nə baş verdiyini anlamayana oxşayırdı. Mən şəkildəki ona, o isə yəqin ki,
atası olan kişinin qara lentlə bağlanmış şəklini
iki əli ilə sinəsinə sıxmış halda ətrafa
çaşqın-çaşqın baxırdıq. Daha özümü saxlaya bilməyib ağlamağa
başladım. O gündən sonra tez-tez həmin kitaba
baxırdım, hər dəfə yeni məqamlar kəşf
edib daha da dəhşətə gəlirdim...
Bax, bu
cür - heç nə anlamadan öyrənmişdim mən 20
Yanvarı... Necə ki, həmin gecə heç kim nə baş verdiyini anlamamışdı. Bəlkə də məhz bu gözlənilməz ilk
tanışlıq sonra illər uzunu mənim bu faciəni daha
dərindən öyrənib mənimsəməyimə səbəb
oldu.
Beşinci sinifdə oxuyarkən bizə "Ata yurdu"
fənni keçirilirdi. Növbəti dərsimiz 20 Yanvar faciəsi
haqqında idi. Müəllim məni dərs
danışmağa çağıranda 5-6 il
öncə baş vermiş həmin ilk hadisədən
aldığım təəssüratlardan bir zərrə belə
azalmamışdı. Əksinə, mən
artıq bu qanlı hadisə ilə bağlı çox
şey öyrənmişdim. Hələ lap sentyabr
ayında kitabımı alıb içində nələr
olduğuna baxandan məhz bu dərsi gözləyirdim. Ürəyim
elə dolu idi ki... Müəllim isə mənə dedi:
"Bilirəm ki, dərsi tam öyrənmisən. Danışmağına
ehtiyac yoxdur. Sən mənə 20 Yanvar
şəhidlərindən heç olmasa birinin adını deyə
bilərsənmi?"
Dedim:
"Birinin yox, bir neçəsinin adını deyə
bilərəm.
Adları ilə yanaşı, həyatları
haqqında belə danışa bilərəm!"
Müəllim
mənə qürurla baxıb ucadan dilləndi:
"Afərin! Bilirəm ki, danışarsan! Əyləş,
əla!"
Gündəliyimə
"5" qiymətini yazmaq istəyəndə onu
dayandırdım:
"Müəllim,
icazə verin, danışım..." O, heç nə demədən
başı ilə başlamaq işarəsini verdi,
gözlərinin içində qəribə bir
işıltı vardı.
Mən olduqca uzun danışdım. İlhamla Fərizə
haqqında... On üç yaşlı,
atası ilə evə gələndə düz ürəyində
güllələnən Larisa haqqında... On dörd yaşında Qızıl Ordu meydanında
dayanıb ölümü, dəhşəti,
alçaqlığı gözləyən adamlara soyuq
olmasın deyə odun yığıb apararkən güllələnən
İlqar haqqında... Ülvi, onun gənc həyatı,
fəaliyyəti, şairliyi haqqında...
Həqiqətən də, insanlar bir dəfə
doğulur, bir dəfə ölürlər. Şəhidlər
isə bir dəfə ölür, əbədi həyat
qazanırlar. Bu doğrudur ki, müstəqillik əldə
etmiş hər xalqın təməlində yüzlərlə
ölü can var. SSRİ-nin tabeçiliyindən
çıxmaq istəyən demək olar ki, bütün
postsovet ölkələri də hər hansı bir şəkildə
bunun əvəzini ödəyiblər. Azadlıq
toxumunun qan ilə suvarılmalı olduğuna Azərbaycan
bütün dəhşəti ilə şahid oldu. Vətəni qorumaq vəzifəsi əsgərlərə
məxsus olsa da, bizim azadlığımızı əliyalın,
dinc əhali qazandı. Hələ heç vətənpərvərliyin,
düşmənin, müharibənin nə olduğunu tam olaraq
dərk etməyən uşaqların, yeniyetmələrin, gənclərin
cavan ömürlərinin faciəvi sonu bizim kimi yeni nəsillərin
azad həyatının başlanğıcına rəvac verdi.
Larisanın,
İlqarın ölümü neçə-neçə
uşağın vətənpərvərliyi dərk etməsinə,
bu ruhda böyüməsinə səbəb oldu... İlhamla Fərizənin
nakam evliliyi yeni nəsil gənclər üçün ən
təsirli hekayəyə, sevgi dastanına çevrildi...
Ülvi Bünyadzadənin "Vətən üçün
ölməliyik" şeiri bir himnə, haraya, marşa bərabər
sayıldı...
Ruhunda, genlərində igidlik, yenilməzlik, məğrurluq
olan xalqın tarixi daima xüsusi qeyd edilən günlərlə
dolu olur. 20
yanvar faciəsi də o günlərdən biri olaraq qırmızı
qanlarla yazılıb qapqara tarixə çevrildi Azərbaycan
üçün... Matəm günləri ən az Şəhidlər qədər
unudulmazdır. Təəssüf ki, Azərbaycanımızın
tarixində bu cür qara günlər var. Təkcə Şəhidlər
Xiyabanı yox, bütöv Azərbaycan torpağının
bir neçə qarış dərinliyinə şəhid
qanı hopub. Yeni nəsillərin hər addımı bu
torpağın izlərini dünyaya yaymalıdır ki, Vətən
sağ, şəhidlərin ruhu şad olsun... Axı Vətən
uğrunda həlak olmuş hər şəhidə bizim bir can
əmanətimiz var. Axı vətənpərvərlik pafosdan,
göstərişdən, nümayişdən və
tamaşadan ibarət olmamalıdır... 147 yanvar şəhidi
bizə azadlıq bəxş etdi, amma bizim Qarabağ dərdimiz
və yüzminlərlə alınmamış
intiqamımız, ödənilməmiş borcumuz var...
Bəzən
düşünürəm ki, Qarabağda həlak olan
insanların yerdə qalmış qanını bir yerə
toplamaq mümkün olsaydı, Xəzərə yerləşərdimi..?
Mən bilirəm ki, dünyadakı erməni
faşistlərinin hamısının qanını son
damlasına qədər axıtsalar, bir azərbaycanlının
tüpürcəyi qədər dəyərə sahib olmaz.
Keçmişə gedə bilməyəcəyimi də
anlayıram... Axı bütün o faciələrin
yaşı mənim yaşımdan daha böyükdür...
Amma bir ümidim var - gələcək! "Şuşa"
yazısını öz gözlərimlə Şuşa
qalasının üzərində bizim doğma ana dilimizdə
yazıldığını görəcəyim günü
gözləyirəm. Və buna inanıram... Çox
inanıram.
İlahə ƏHMƏDOVA
24 yaşı var. BDU-nun "Nəşriyyat
işi və redaktəetmə"
kafedrasının ikinci kurs magistrantıdır.
525-ci qəzet.-
2020.- 17 yanvar.- S.8.