"Bu sevda qələmim nə ilıq
yazır?!"
YUSİF
NƏĞMƏKARIN "POETİK SEVGİ
BUKETİ"NƏ QISA YARADICI
BAXIŞ
Yaddaşında
illərin ağrı-acıları bərq vuran insan (fərd)
öz şüurunun üst qatına çıxıb ruhən
Tanrı ilə qabaq-qənşər duranda, ruhunu zamanı
qabaqlamaq şansı ilə müjdələyir.
Belə
demək mümkünsə, bu müjdə onu ruhi tənəzzüldən
gen tutur; onun ruhsal-ədəbi zövqü idrakda təcəlla
edən həyat cizgisi kimi məna verir. Su
şırıltısına bənzər ilhamı ilə
oxucu yaddaşına sığa bilmək iqtidarında olan
istedadlı şair Yusif Nəğməkarın
yaradıcılıq müstəvisində də məhz bu tərzlər
bərq vurur... Biz, Yusif Nəğməkarın - poeziya
gerçəkləri səmimiyyət aynası kimi
işıq saçan bu istiqanlı, vətənsevər
şairin vəcd anında çırpınan
duyğularının oxucu üçün gerçək bir
"poeziya buketi" olduğuna (tam mənada) əminik. Onun bu
çağa qədər oxuduğumuz bütün şeirlərində,
həmçinin, "Sevgi məbədi" adlı yeni
kitabında biz bu ruhi zəmini aşkar görə bilirik. Yusif
müəllim hətta ədəbi zövqü, lirik
fırtınaları ilə də bir hörmət etalonudur;
qalxdığı rəğbət mərtəbəsində
qələmindən süzülənləri köksünə
sıxıb, düşünmək istəyirsən ki, fəlsəfi
dəyərlər həqiqi mənada poetik ruhunun diktəsidir,
dalğın baxışlı ləngərlər də insan
vəcdinin ağır ehtişamıdır. Bu salxarlı
çırpıntının odunda yanaq pörtmək idrakda
görünə bilmək fəlsəfəsi kimi eyhamlanır
və bizi bu yönə çəkə bildiyi
üçün Yusif müəllimə isti könül
alqışları ucaldırıq...
Yusif Nəğməkar
bütün yaradıcılığında, xüsusən də,
sevgi hissləri ilə aşıb-daşan şeirlərində
fərqli-səmimidir:
... Bu
axşam o gözlər başqa dünyadı -
Sevdalar
qitəsi kəşf eləmişdim...
***
Hər
telində bir həsrətim
Kəsilə-kəsilə
qaldı.
O qədər
qısaldı səbrim,
Dərdlərim
silsilə qaldı...
Kitab boyu
biz Yusif Nəğməkarın ötkəm ruhunu,
işığına səmt tutduğu hisslərin pərişan
- ovqatverici təsirlərini aşkar sezirik. Fəqət
ortadakı (bir az) məyusluq çək-çeviri, (bir az) həyatdan
gileylənmə, (bir az da) taleyə acıma halları oxucunu
düşündürür, onu bu obrazlarla bir dialoq qurmağa
məcbur edir. Sanki o, müəllifdən və bu obrazlardan
soruşmaq istəyir ki, niyə lirik hissin
yağışında islandığın halda
üşümək yadına düşmür? Yaxud nəyə
görə sən dodağında çiçək ətri,
qulağında gülüş səsi və gözlərində
sevgi şəkli gətirdiyin halda, o, sənə qapı
açmır? Bax, bunlar Yusif müəllimin
inandırıcı poetik-şüurüstü keçidləridir
və o, bu qatlarda təcəlla edən səmtləri asanca
müəyyən edə bilir.
... Yusif Nəğməkarın
lirik obrazları (belə demək mümkünsə) hələ
vəcdin nə olduğunu bilmədikləri halda belə,
dastanlaşmış - tarixləşmiş, yaxşı mənada
heykələ dönmüş, əbədiyyət
qazanmış obrazlardır... Həm də bu obrazların
duyğu qatındakı ruhsallıq könül
aynalarının gözlə güclə görünən
cizgiləri kimi ehtiva edir deyə biz belə bir qənaətə
gəlirik ki, xoşovqat duyğu Yusif Nəğməkar
şeirinin unudulmazlığıdır və o, bütün
yaradıcılığında idraki-vəcdi bir ədəbiyyat
(poeziya) qayəsi kimi əxz edir. Doğrudan da, Yusif Nəğməkar
ruhunun poetik mayası (başdan-başa) məhz bu təsirdən
yoğrulub. Biz təkcə onun lirik duyğularını, sevgi
şeirlərini öpüb gözümüzün
üstünə qoymaqla, "Gözümdən
gözünün xəyalı getmir, Bir də gözlərimə
baxa o gözlər", "Ondan göz olmağa gözüm
ki çatmaz, Bir də gözlərimə baxa o gözlər",
"Uçunan ürəyim uçub dindimi?! Uçqun xəyalımın
uçağı yansın" kimi qabarıq lirik hissləri
oxumaqla yeriyə-yeriyə, gülə-gülə, sevə-sevə
ölür-dirilirik. Bu şeirlər bizə poetik dərkdən
bir mərtəbə yüksəyə qalxmaq gücü verir,
onları (idraka köklənməklə) təhlilə çəkəndə
də, bəlli olur ki, xoşovqat duyğularda dəyişilən
insan fəhmləri yeriyə-yeriyə, gülə-gülə,
sevə-sevə ölməyin sürreal zəminidir, bu
şeirlərdə müəllifin öz mistik baxış tərzləri
də qabarıq hissi keçidlər əhatəsində
mükəmməl oblast tapır və idrak müstəvisində
cilalanır.
Səmimi
deyək ki, biz Yusif Nəğməkarın sevgi şeirlərini
oxuyarkən zamanın ən hündür dalğalarında
qara kölgələr kimi çırpınırıq; həm
də tam mənada aşkar edirik ki, biz o kölgələrin
içindəyik və üstümüzdə onların
qoxuları var. "Ondan göz olmağa gözüm ki
çatmaz, Bir də gözlərimə baxa o gözlər"
lirik ehtivasında bu qoxuların iç rahatladan hənirləri
aşkar görünür. Bəlkə də şair insanda
sevgi hissinin yaranışını, belə deyək, adi bir təbiət
cisminin hansı halda baha bir daşa çevrilməsi prosesi
kimi qabardır, nəticədə, bir insan bətnindən bir
kövrək sevgi (eşq) doğuşunun müfəssəl
anını məharətlə cızır. Bu məna
çalarında biz hadisələrin azdan çoxa
artdığını, bir həyat elementinin yetişmə,
cücərmə və hasilolma məğzlərini fəlsəfi
dərkimizdə gerçək müstəvilərə
çəkə bilirik.
Ümumiyyətlə,
götürdükdə isə, sevgi Yusif Nəğməkar
poetik ovqatında bir hayqırtıdır, ruhumuzu çox uzaq
səmtlərə - idrakın üst qatlarında zahir olan
gerçəklərə, vəcd anında yaranan
susqunluğa, həniri günəş istisi qədər
ilğımlı olan duyğulara çəkir. Biz həmin
anı yaddaşımızın dərin qatlarında
çırpınan işığa bükür, o
işığın daha nurlu olması üçün
ruhumuzu sakit hücrələrə yönəldirik.
Eləcə
də, (kitab boyu) müəllifin cızdığı
intellekt-sevgi xəritəsi belə deyək, bir idrak çək-çeviridir.
Bu xəritədə əks edən şeir-miqyasları poeziya
zirvəsində işartı verən geniş hüdud kimi də
xarakterizə etmək olar. Çünki Yusif müəllim
oxucunun vətəndaşlıq əzminə heyrandır, oxucu
da onu öz mənəvi əhatəsində cəm edə
bilir. Bu (qarşılıqlı) təsir altinda biz onun ən
parlaq cəhətlərini aşkar görürük.
Bu
sarıyanaq payız,
Dilində
qınaq payız,
bir
şahlıq quşu kimi
uçub
qondu sinəmə,
Könül
verdi sinəmdə
sevgi
adlı sənəmə...
***
Vuruldum qədəriyaza,
bilmirəm,
Bu sevda qələmim
nə ilıq yazır!
Sənlə
görüşəndə yaza bilmirəm,
Səndən
ayrılanda, ayrılıq yazır...
... Yusif Nəğməkar
eşqə (daxildə) təlatüm fonunda yanaşır,
zahirdə onu ictimai zəmin kimi xarakterizə edir (lakin
buradakı (zahirən) bənzər ovqatlar müəllif
yanaşmasını (daxilən) müxtəlif proseslərlə
örtür). Əslində, Yusif müəllimin
şüurüstü təfəkkür əhatəsində
motiv əgər sərxoş sevdalara yuxulu sistem qurmaqdırsa,
cəmiyyətə münasibətindəki aktivlik hazırkı
ənənəçi ruhun təcəllasıdır. O,
öz eyhamında sistemsiz eşqə, ictimai meyllərə yad
baxışla baxır və bu, faktiki olaraq dürüst
ictimai mənaya zəmin verir: müəllif öz qəhrəmanlarının
həyat axarında talesizlik, eşq salxarında məntiqsiz məna
da axtarmır, əksinə, bu maraqdan uzaqdır, lakin cəmiyyətdə
eşq sevgi çaları kimi yer tuta bilmir deyə onun
yanaşmasında da bu xarakterlər acı girdaba tuşdur.
Doğrusu, ağılsız sevdalara tuşolma eşq zəminləri
deyil (ola da bilməz), bu mənada müəllif bütün
sevgi şeirlərində hadisələri (obrazlar əhatəsində)
sistemli dəyişikliyə məruz qoyur və oxucunu öz
anlamaq cəhdləri ilə üz-üzə buraxır.
Açığı,
oxuduğumuz lirik duyğuları bizi Yusif müəllimin
eşq fırtınası barədə fərqli
düşünməyə məcbur qoyur. Belə
anlayırıq ki, Yusif Nəğməkar bir-birinə
yaxın ovqatda bir sevgi nəğməsi yazıb, onun
ifaçıları da məhz eşq-həyat və talesizlik
dadmış obrazlardır. Bu obrazlar müəyyən mənada
özlərində (həm də) ictimai təzad ehtiva edir,
sonda məntiqin bu aspektdə təzahür etməsi
üçün müəllif özü vizual ovqat
yaradır. Yaxud Yusif müəllimin "Sevgi məbədi"
kitabında eşq-sevgi çalarları
qapalı-açıqdır, obrazlar sadəcə gündəlik
həyat qayğıları ilə kifayətlənmirlər. Təbii
ki, bu obrazların düşdüyü mühit də eynidir,
xarakterlər yanğısı da, fərqli olan sivilizasiyalı
tərzlərə min illərin real faktoru kimi önəm verə
bilməkdir.
Yusif Nəğməkarın
sevgi şeirləri vəcd anında ürəyi qanayan bitkin
fikirli bir şairin poetik təlatümüdür. Bu şeirlərdə
əslinə qalsa, gerçək şüurüstü təsirlər
əks edir; sanki könül hissi keçmişin küləyində
titrəyən bir cism (əşya) kimi dərinliklərə
düşür, dibsiz vadilərin səssizliyində boynunu
bükür, özünə belə bəlli olmayan (ya da bəlli
olan) əksi ilə ünsiyyət qurur, nəhayətdə,
özündən Allaha, Allahdan özünə qədər məsafələri
bir sevgi aralığında görür...
Yusif
müəllimin yeni kitabına daxil etdiyi, lirik hisslərin tərcümanı
olan "Güllər atılmasın" poemasının da
poetik-ictimai mündəricəsi sevgi-qəlb
aralığında var-gəl edən səmimi-kövrək
çırpıntılardır. Müəllif, bu əsərdə
belə deyək, poetik müqayisələri ilə oxucuya
anladır ki, güllərin atılması hicran
dağlarının çoxalmasına zəmin yaradır.
Burada diqqətimizi çəkən əsas hədəf (bəlkə
də və ya əsl gerçəkdə) güllərə
münasibət deyil, güllərin fonunda aşiq-məşuq
reallığıdır; Yusif müəllim "Güllər
atılmasın" ricəti ilə sanki ailələrə,
xüsusən də, gənclərə bir ismarıc verir,
qurduqları ailənin təməlini daha möhkəm bərkitməyi,
sevdiklərini heç vaxt atmamağı tövsiyə edir. Bu
əsər həm də bir həyat materialıdır və
özünün nəsihətamiz, tərbiyəvi əhəmiyyəti
ilə fərqli təsir bağışlayır.
Təbii
ki, insan öz ömrünün künclərində
mümkün və qeyri-mümkün yanlışlıqlar da
gizlədir. Bu mənada, onun özünə acıması,
yaxud biganə sifətlər göstərməsi labüd
haldır. Nə qədər ki, o, idraki-vəcdi bir həyat
qayəsi kimi əxz edə bilmir, öz ruhuna
çırpılır, qınaqedici nəzərlərini
(başdan-başa) məhz bu təsirdə cilalayır. Biz
Yusif müəllimin əksər sevgi şeirində və ələlxüsus
da, "Güllər atılmasın" poemasında bu
eyhamı sıfırla nöqtə arsındakı məsafə
kimi başa düşürük...
Əsər
bizdə son dərəcə bitkin fikirlər doğurur; müəllif
əslində, "Güllər atılmasın"
qabarıq-çarpaz ricəti ilə həm
poemaçılıqda bəşəri duyğular ifadə
etməyin zəruriliyini deyir, həm də müasir cəmiyyətimizdə,
ailə-həyat tənəzzülündə qəfil dəyişmələr,
gənclər arasında yeni Leyli-Məcnunlar, yeni Fərhad-Şirinlər,
yeni Əsli-Kərəmlər görmək istəyir, sevgini
ucuzlaşdıran və hətta cılızlaşdıran
maddi ifratları, qəlb-düşüncə və iradə
zəifliyini (həmişəlik) bir kənara atmağı
tövsiyə edir. Necə ki,
Nizamilər, Füzulilər öz "Leyli və Məcnun"ları
ilə min illik (möhkəm) ailə bağları qurmağa
müvəffəq oldular, eləcə də, Yusif Nəğməkar
"Güllər atılmasın" əsəri ilə yeni
möhkəm ailə resursları qurmaq israrındadır; o,
ümumiyyətlə, ailələrin dağılmasını
istəmir, gənclərdə Leyli və Məcnun məhəbbəti
aşılamaq fikrində qətidir. Məhz onun adıçəkilən
poemada oxucuya anlatmaq istədiyi də elə budur.
Biz, həm
də, Yusif müəllimin "Güllər
atılmasın" poemasında yeni-fərqli bir ədəbi
proseslə qarşılaşırıq; əsərin
başlanğıcında maraqlı forma qurub, müfəssəl
fikirlərini əruz-heca qarşılığı ilə
sistemə salıb və oxucuda ovqat duruldan "priyoma"
müraciət edib, öz düşündürən
improvizasiyaları ilə əruz-heca
çarpazlığında maraqlı situasiya
formalaşdırıb. Bu, az hallarda rast gəlinən (bəlkə
də heç rast gəlinməyən) paradoksdur, poema
janrı üçün fərqli göstəricidir. Ən əsası,
Yusif Nəğməkardakı istedada yaxından bələd
olduğumuza görə bu, bizdə təəccüb
doğurmur...
Bəllidir
ki, bəşər yaranandan insan digər canlılardan öz
ağlı və zəkası ilə fərqlənir. Bəsirət-qəlb
gözü ilə həyata, zamana nüfuz etməyi bacaran
insanlar idrakın şüurüstü qatlarında yol-riz
tapmaqda aciz deyillər. Bu baxımdan, hətta ən duyğusuz
obrazını ruhi vəcdə gətirmək əzmində
olan Yusif Nəğməkarın ədəbiyyat üfüqlərində
var-gəl etdirdiyi fəlsəfi çırpıntılar bizə
hadisələrə ayrı bir məntiqdən
yanaşmağımızı təlqin edir. Belə deyək,
ruhi ucalıqda pərvəriş tapması onun insanlıq vəsfi,
şairliyi isə onun Allaha etiqadıdır. Yüksək
şəxsiyyətində cəmləşən bu iki
İlahi-genetik kod onun bəşər məğzində vətəndaşlığa
sevgi səpə bilmək amalıdır...
Hikmət MƏLİKZADƏ
525-ci qəzet.- 2020.- 17 yanvar.- S.11.