Siyəzəndə təhsil:
ümid artıran
uğurlar
Siyəzən
rayon təhsil şöbəsinin müdirliyinə irəli
çəkilən Pərvin Ağasıyev, cavan olsa da,
pedaqoji rəhbərlikdə xeyli təcrübəyə
malikdir. Bir müddət rayonun qabaqcıl tədris
ocaqlarından birinə başçılıq edib. İndi isə
rayonda təhsil işinə rəhbərlik edən bir şəxs
kimi bu sahədə irəliləyişlərə öz
töhfəsini verməkdədir.
Xalqımızın
həyatında, cəmiyyətimizin inkişafında maarifin, təhsilin
müstəsna önəm daşıdığını
vurğulayan P.Ağasıyev bizimlə söhbətinə
Ümummilli liderimiz Heydər Əliyevin 25 sentyabr 1998-ci ildə
Azərbaycan müəllimlərinin XI qurultayındakı
çıxışında söylədiyi müdrik fikri
xatırlatmaqla başladı: "Ulu öndərimiz öz
çıxışında demişdi:
"Xalqımızın təhsilinin daha da təkmilləşdirilməsi
və yüksəklərə qaldırılması müqəddəs
vəzifəmizdir". Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevin ölkədə təhsilə
misilsiz diqqət və qayğısı sayəsində Ulu
öndərin bu müdrik fikri artıq həyata keçirilib
və təhsil sahəsində davamlı yüksəliş təmin
olunub. Siyəzən rayonunda da bu sahədə yüksək nəticələr
əldə edilib. Lakin biz qazanılan nailiyyətlərlə
kifayətlənməyərək, yeni uğurlar naminə əzmlə
çalışırıq".
P.Ağasıyev
bildirdi ki, respublikamızda hər bir sahədə
müşahidə olunan dinamik inkişaf təhsil sektorunda da
bariz nəzərə çarpmaqdadır:
"Günümüzün vacib reallıqlarından biri də
Azərbaycan təhsilinin dünya təhsil sisteminə
inteqrasiyası yönündə atılan addımlardır. Bu
məqsədlə Siyəzən rayonunda da ardıcıl
iş aparılır. Rayonda təhsilin keyfiyyətini və səmərəliliyini
daha da yüksəltmək üçün son vaxtlar fəaliyyətimizi
daha da gücləndirmişik".
Şöbə
müdirinin sözlərinə görə, Siyəzən rayon
təhsil şöbəsinin tabeliyində 15 tam orta, 6 ümumi
orta, 3 ibtidai məktəb və 2 məktəbdənkənar təhsil
müəssisəsi var: "Rayonun təhsil ocaqlarında 6426
nəfər şagird təhsil alır. Onların təlim-tərbiyəsi
ilə 762 nəfər pedaqoji işçi məşğul
olur. Cari dərs ilində rayonda ilk dəfə olaraq gənc
müəllimlərlə səmərəli görüş
keçirdik. Təşəbbüskar gənc müəllimlərə
dəstək vermək üçün vaxtaşırı bu
cür tədbirlər təşkil olunur, onlar rayonun
qabaqcıl pedaqoqlarının təcrübəsindən
faydalanırlar".
P.Ağasıyev
dedi ki, rayon Təhsil şöbəsi özünün fəaliyyət
amalını şagirdlərin təkcə
buraxılış və qəbul imtahanlarında, fənn
olimpiadalarında əldə etdiyi nailiyyətləri daha da
yüksəltməklə məhdudlaşdırmır: "Biz
rayonumuzun tədris ocaqlarında sağlam pedaqoji mühit
yaratmaqla cəmiyyətə faydalı, savadlı, vətənə,
dövlətçiliyə sadiq olan layiqli vətəndaşlar
yetişdirmək üçün də var qüvvəmizlə
çalışırıq. Malik olduğumuz imkanlar da buna əlverişli
şərait yaradır. Rayonda fəaliyyət göstərən
tədris ocaqlarının əksəriyyəti son illərdə
dövlətimizin qayğısı nəticəsində
inşa edilmiş yeni məktəblərdir. Bir neçə məktəbin
isə yaxın zamanda müvafiq Dövlət Proqramına
uyğun olaraq yenidən inşası və ya əsaslı təmiri
nəzərdə tutulur. Dövlətimizin ali rəhbərliyinin
təhsilə diqqət və qayğısı rayon İcra
Hakimiyyətinin fəaliyyətində və yerli təhsil
mühitinə həssas münasibətində öz əksini
tapır. Rayon İcra Hakimiyyətinin başçısı
Novruz Novruzov Siyəzəndə ilk görüşlərindən
birini məhz pedaqoji kollektivlə, müəllimlərlə
keçirdi. İcra başçısı
qayğılarımızla yaxından maraqlanaraq rayon rəhbərliyindən
asılı olan məsələlərin həllilə
bağlı konkret addımlar atılacağını bildirdi.
Rayonumuzun başçısı ötən il ali məktəblərə
qəbul olunmuş məzunlarla görüşdü, 500 baldan
yuxarı nəticə göstərmiş 37 nəfər tələbəni
layiqli hədiyyələrlə mükafatlandırdı.
Bütün bunlar yerli pedaqoji mühiti və şagirdləri
yeni nailiyyətlərə həvəsləndirir".
Siyəzəndə
şagirdlərin təlim-tərbiyəsi ilə yüksək
səviyyədə məşğul olan təcrübəli,
adlı-sanlı müəllimlər çoxdur. Onlardan 9 nəfəri
müxtəlif vaxtlarda Respublikanın Əməkdar Müəllimi
fəxri adına layiq görülüb. 5 müəllim "Tərəqqi
" medalı ilə təltif olunub, 4 nəfər isə
"Ən yaxşı müəllim" müsabiqəsinin
qalibi seçilib. Ölkə üzrə "Qabaqcıl təhsil
işçisi" döş nişanı və Azərbaycan
Respublikası Təhsil Nazirliyinin fəxri fərmanı ilə
təltif olunanlar sırasında siyəzənli müəllimlər
də az deyil. Bu barədə söz açan şöbə
müdiri diqqətə çatdırdı ki, Siyəzən
şəhər 2 saylı tam orta məktəbin fizika müəlllimi
Fəridə Ağayeva hələ 2015-ci ildə Təhsil
Nazirliyinə təqdim etdiyi layihə ilə 2-ci yeri tutub. Bu il
isə F.Ağayeva Nazirliyin keçirdiyi "Təhsildə
inkişaf və innovasiyalar" mövzusunda III qrant müsabiqəsinin
qalibi olub, "Fizika" fənnindən VI, VII, VIII və IX
siniflər üçün summativ qiymətləndirmə vəsaiti
dərslik kimi nəşr edilib.
P.Ağasıyev
qeyd etdi ki, ötən tədris ilinə aid bəzi nəticələrə
diqqət yetirsək, Siyəzən pedaqoji mühitinin
uğurları daha aydın nəzərə çarpar:
"Ali məktəblərə qəbul imtahanlarında
iştirak etmiş 268 məzundan 163 nəfəri uğurla
imtahan verərək tələbə adı qazanıb. Siyəzən
şəhər 2 saylı tam orta məktəbin məzunu Samilə
Qədəşova 694 balla Azərbaycan Tibb Universitetinin tələbəsi
olub. Rayon məktəblərinin ötənilki məzunlarından
14 nəfəri 600-dən, 37 nəfər isə 500-dən
yuxarı bal toplayaraq seçdikləri ixtisaslar üzrə ali
məktəblərə qəbul olunublar. Sevindiricidir ki,
yüksək nəticələrlə ali məktəblərə
qəbul olunanlar sırasında rayonun kənd məktəblərinin
də xeyli məzunu var. "Ölkəmizi tanıyaq" tur
aksiyasında iştirak edən məktəblilərdən ibarət
rayon komandası Azərbaycan İntellektual Klublar
Assosiasiyasının "Nə? Harada? Nə zaman?"
oyunlarında Qəbələdə ikinci, Lənkəranda isə
birinci yeri tutub.
Siyəzən
şəhər 1 saylı tam orta məktəbin "Sərhədçi"
komandası Dövlət Sərhəd Xidməti tərəfindən
keçirilən "Sərhəd" hərbi-idman
oyunlarının final mərhələsində iştirak edərək
II yeri tutaraq mükafatlandırılıb. Rayon məktəblisi,
Avropa və Dünya çempionu Şahanə Nəzərova
Argentinanın paytaxtı Buones-Ayresdə keçirilən
Yeniyetmələrin Olimpiya Oyunlarında sərbəst güləş
üzrə bürünc medal qazanıb".
Şöbə
müdiri sonda bir daha vurğuladı ki, hazırda Siyəzəndə
təhsilə olduqca yüksək qiymət verilir, təhsil
ocaqlarında tədrisin səviyyəsinin daha da yüksəldilməsi
daima diqqət mərkəzində saxlanılır:
"Rayonumuzun təhsil işçiləri olaraq, hər
birimiz Azərbaycan dövlətinin, eləcə də rayon rəhbərliyinin
təhsilə davamlı qayğısını yaxından hiss
edirik. Bu isə bizi təhsildə növbəti nailiyyətlərə
ruhlandırır".
Sevinc QARAYEVA
525-ci qəzet.- 2020.- 17 yanvar.- S.13.