Dürüstlük və ləyaqət
rəmzi
Yalçın Əlizadə-80
Adam var ki, yalnız formadır, mövcuddur, nəfəs alır, hərəkət
də edir, amma elə bir
məzmun və mahiyyət daşımır. Adam da var ki,
bütün varlığı
ilə mahiyyətdir.
Professor Yalçın Əlizadə
başdan-ayağa mahiyyətdir,
yaşayan dəyərdir. O, adı
jurnalistika və təhsil tarixinə yazılmış Nurəddin
Babayev, Nəsir İmanquliyev, Şirməmməd
Hüseynov, Tofiq Rüstəmov, Famil Mehdi, Nəriman Zeynalov kimi şəxsiyyətlərin
yaratdığı dəyərlərin
təmsilçisidir.
Yanvarın 17-də 80 yaşı tamam olan professor Yalçın
Əlizadəni, bəlkə
də geniş auditoriya çox tanımır. Səbəbi hədsiz təvazökar
olmasındadır. O, öz
prinsipləri ilə yaşayan, davranışlarına
çərçivələr
qoymağı bacaran ağır taxtalı kişilərdəndir. Tutduğu vəzifələrə
heç vaxt "bəhrələnmək fürsəti"
kimi baxmayıb, harda olubsa, vicdan
və ləyaqətlə
çalışıb, kimlərinsə
xoşuna gəlmək
üçün özünü
oda-közə vurmayıb,
nahaq söz danışmayıb, yaltaqlara
meydan verməyib.
Elmi, biliyi, şəxsiyyəti,
mənliyi ilə çoxlarına nümunə
olub. Buna görə
də jurnalistika aləmində, ali
təhsil sistemində
Yalçın müəllimi
nüfuzlu şəxsiyyət
və mənəviyyat
adamı kimi tanıyır və ehtiram göstərirlər.
Zahirən quru, ünsiyyətə
meylli olmayan, bir az sərt və hövsələsiz adam təsiri bağışlayır,
amma yaxınlaşdıqca,
mahiyyətə vardıqca,
tanıdıqca, xüsusən
böhranlı vəziyyətlərdə
onun mərdanə davranışlarını gördükcə
bu adamın hansı böyük mənəvi ölçülərlə
yaşadığının şahidi olursan. Tanıdıqca da onun dürüstlüyünə heyran
olmaya bilmirsən.
***
Yalçın Əlizadə müəllimliyə
praktik jurnalistikadan gəlib. Onun jurnalistlik fəaliyyəti
isə radio ilə bağlı olub. 1962-ci ildə Universitetin
Jurnalistika bölməsini
bitirdikdən sonra bir müddət radioda çalışıb,
reportyorluq edib, redaktor və şöbə müdiri olub. Efirə xeyli maraqlı
reportaj və oçerkləri gedib, daim axtarışda olan jurnalist kimi qeyri-adi insanlarla müsahibələr
aparıb, görkəmli
elm xadimlərinin efir portretini yaradıb. Çalışdığı kollektivdə tezliklə
böyük hörmət
sahibi olub, biliyi, bacarığı, istedadı ilə çoxlarından fərqlənib.
Nəhayət, "Xəbərlər" baş redaksiyasının
baş redaktoru vəzifəsinə irəli
çəkilib, radionun
çox mühüm,
hər dəqiqəsi
yüksək məsuliyyət
tələb edən informasiya işinə rəhbərlik edib. Radioda Hacı Hacıyev, Valid Sənani, Bəhram Gözəlov, Aydın Qaradağlı, Mailə Muradxanlı, Əhməd Xaspoladov, Ramiz Mustafayev, Sabutay Quliyev, Altay Zahidov kimi parlaq
jurnalist, diktor və radio xadimləri ilə çiyin-çiyinə
çalışıb.
Bakı Dövlət Universitetində
Jurnalistika bölməsi
fakültəyə çevrildikdən
sonra zəngin jurnalist təcrübəsi
olan müəllimlərə,
həm nəzəriyyəni
yaxşı bilən,
həm də öz sahəsinin peşəkarı olan jurnalistlərin tədris işinə cəlb edilməsi zərurəti yaranmışdır. Bax belə bir vaxtda Yalçın Əlizadəni Jurnalistika fakültəsinə müəllimliyə
dəvət edilib.
Radio və televiziya
jurnalistikasından dərs
deməyə və elmi tədqiqatlar aparmağa başlayıb.
Ölkəmizdə ilk dəfə
Azərbaycan radiosunun tarixini araşdırıb,
tanınmış televiziya
nəzəriyyəçisi, Moskva Dövlət Universitetinin Televiziya və Radio jurnalistikası
kafedrasının müdiri,
professor, həmyerlimiz Ənvər
Bağırovun rəhbərliyi
altında namizədlik
dissertasiyası müdafiə
edib. Tezliklə fakültədə yeni yaradılmış Televiziya, radio jurnalistikası
və tərcümə
kafedrasının müdiri
seçilib.
Bu dövrdə həm
də praktik jurnalistika fəaliyyətini
davam etdirən, televiziya və radio üçün ssenarilər
yazan Yalçın müəllim elmi axtarışlarından da
qalmayıb. İlk dəfə "Radiojurnalistikanın
əsasları" dərsliyini
yazıb, bu kursun xüsusi proqramını hazırlayıb.
Daha sonralar "Azərbaycan efiri: tarix və müasirlik"
kimi sanballı monoqrafiyanı ortaya qoyub, neçə-neçə
dissertanta və aspiranta elmi rəhbərlik edib. Adıçəkilən monoqrafiya
üzərində birgə
çalışırdıq və mən həqiqi elmi məktəb görmüş
ciddi alim kimi Yalçın müəllimin hər faktı, sənədi, rəqəmi, sitatı necə incəliklə dəqiqləşdirib yoxlamasını
müşahidə etməkdən
zövq alır, mənə tanış
olmayan yeni qatların açıldığını
görürdüm.
***
İstənilən adamı vəzifədə
daha yaxşı tanımaq olur, çünki kresloda insanın bütün keyfiyyətlərini üzə
çıxarır. Bu mənada professor Yalçın
Əlizadə Jurnalistika
fakültəsində uzun
illər dekan vəzifəsində çalışarkən
yüksək əxlaq
sahibi olduğunu, hansı ictimai ideallara xidmət etdiyini, mənəvi təmizliyini, dürüstlüyünü
və başqa parlaq keyfiyyətlərini nümayiş etdirə bilib. Əslində, Jurnalistika fakültəsində
başqa cür olmaq da mümkün
deyil, çünki bu tədris ocağı yaranandan burada Həsən Şahgəldiyev, Nəsir
İmanquliyev, Qulu Xəlilov kimi ləyaqətli insanlar dərs deyib. Nurəddin Babayev, Şirməmməd Hüseynov,
Nəriman Zeynalov, Tofiq Rüstəmov, Akif Rüstəmov kimi mənəviyyat adamları bu fakültənin dekanları
olublar. Ona görə də burada dekan vəzifəsini
tutmaq daim rentgen şüaları altında olmaq deməkdir: sənin hər addımın görünür, izlənir
və qiymətləndirilir.
Nəcabətli bir ailədən çıxmış Yalçın müəllim də öz sələflərinin yolu ilə gedərək Jurnalistika fakültəsində əxlaqi varisliyi məharətlə təmin edə bildi. Nəzərə alsaq ki, onun dekanlığı mürəkkəb keçid dövrünə, insanların əxlaq və psixologiyasında ciddi boşluqların artdığı bir dövrə düşmüşdü, onda bu böyük şəxsiyyətin fakültədə dəyərləri hansı mənəvi gücün hesabına saxladığını anlamaq olar. Təbii ki, xarakter nümayişi, tələbkarlıq və sərtlik asan başa gəlmir, bəzən sənin prinsipiallığından küsür, tələbkarlığından inciyirlər. Adamlar həmişə rəhbərdən daha çox güzəşt, nöqsanlara göz yummaq, yumşaqlıq və mərhəmət umurlar. Əlbəttə, Yalçın müəllim mərhəmətli və humanist adamdır, amma keyfiyyətli tədris və intizam məsələsində ondan güzəşt gözləmək mümkünsüzdür.
Bir dəfə hansısa mətbuat tədbirindən çıxanda Azərbaycan Jurnalistlər Birliyinin (AJB) sədri Hacı Hacıyevi və Şirməmməd müəllimi evlərinə aparırdım. Yolda söhbət Jurnalistika fakültəsindən düşəndə Hacı müəllim fəxrlə dedi ki, "bəxtiniz gətirib ki, belə bir zamanda orda dekan Yalçın kimi mənəviyyatlı adamdır". Sonra da radioda birgə çalışdıqları dövrdən söz saldı və Yalçın müəllimin həmin illərdə "Xəbərlər"baş redaksiyasına necə rəhbərlik etməsini xeyli təriflədi.
***
Yalçın müəllimdə mənim müşahidə etdiyim çox parlaq keyfiyyətlər var: şəxsi ləyaqət hissini yüksək tutar, çox qürurludur, gözü toxdur və həmişə nəfsinə hakimdir, ömründə kimsənin qabağında əyilməz, layiq olmayan adamı tərifləməz, zərrə qədər də kiçilməyi özünə rəva görməz. Yaltaq adamları heç sevməz, həmin adamlar danışanda mən Yalçın müəllimin üzündə həmişə qəribə istehza görürəm.
O, istedadlı adamlara dəyər verər, öz həyat prinsiplərinə sadiq qalar, gənclikdən bu yana dostluq etdiyi insanları həmişə yüksək qiymətləndirər, ehtiyacları varsa, onlara əl uzadar. Dünyasını dəyişmiş dostlarından birinin dara düşmüş övladı üçün necə böyük əziyyətlərə qatlaşmasını, hansı qapıları döyərək onu fəlakətdən xilas etməsini görəndə, yaxud ədalətsizliklə üzləşmiş tələbəsinin müdafiəsinə qalxmasını müşahidə edəndə ürəyimdə həmişə ona minnətdarlıq hissi yaranıb.
Əslində, mənim də Yalçın müəllimə bir minnətdarlıq borcum var, çünki 1998-ci ildə məni Bakı Dövlət Universitetində dərs deməyə məhz professor Yalçın Əlizadə təkidlə dəvət edib. Nə yaxşı ki bu dəvətdən heç birimiz peşman deyilik.
Bəzən dəyərlərin itdiyi, norma və meyarların pozulduğu, fərasətli diletantların və mənəviyyatsızların önə çıxmağa can atdığı bir mühitdə yanında dürüst və ləyaqətli insanların olmasını hiss etmək bir başqa duyğudur. Bizlərə bu duyğunu yaşatdığına görə də Yalçın müəllimə minnətdarıq...
Qulu MƏHƏRRƏMLİ
Professor
525-ci qəzet.- 2020.- 17 yanvar.- S.12.