Yazılı daş
Hekayə
Səhər
idi. Hələ də yerimdə uzanıb hamının
oyanmasını səbirsizliklə gözləyirdim. Səhəri,
demək olar ki, dirigözlü açmışdım. Birdən
nənəmin "Uşaqlar, gecdir, qalxın!" deməsini
eşidib, sevincimdən tez yatağımdan qalxdım.
Bir
neçə gün bundan qabaq atam məni nənəmgilə
yola salanda demişdi ki, əmin səni dağların qoynuna,
Çalbayır yaylağına kəklikotu yığmağa
aparacaq, orada bitən dərman bitkiləri ilə də
tanış edəcək. Buna görə elə sevinirdim ki...
Deməli, atamın mənə öz uşaqlıq xatirələrində
söhbət açdığı xoş, mənzərəli
yerləri görəcək, kəklikotu yığacaqdım.
Həyəcanla gedəcəyim yerləri xəyalımda
canlandırırdım ki, bu vaxt nənəmin "Gəlin, gəlin,
hamı süfrəyə, Allah verən nemətlərdən
bir tikə yeyin, ac getməyin!" sözləri məni
şirin xəyallarımdan ayırdı. Heç yemək istəmirdim,
nənəmin ürəyincə olsun, məndən nigaran
qalmasın deyə, az da olsa, yedim. Onu da deyim ki, nənəmgilə
tətil günlərində gəlib qalan vaxtlarda, həmişə
o, əmilərimə deyərdi: "Bu uşaq bizə əmanətdir,
qardaşınızın gözünün ilkidir, ona daha
çox qayğı göstərin, ay bala!" Doğrusu, o
zaman bu sözlərin mənasını anlamasam da, öz
uşaq düşüncəmlə başa
düşürdüm ki, mən onlara daha çox əzizəm
və bu hiss mənə xoş gəlirdi. İndi də
hamının nənəsindən yaxşı, mənim
qayğıkeş, xeyirxah, əziz, mehriban Ağca nənəm
adəti üzrə arxamızca bir qab su atdı və əmimə
bərk-bərk tapşırdı: "İmamverdi, sən
Allah, uşaqlardan muğayat ol, əsas da Züleyxadan. Qız
heç yanı tanımır, itib-eləyər. Sonra
qardaşına nə cavab verərik". Sonra da o biri nəvələrinin
üzündən, mənim isə onlardan fərqli olaraq,
saçlarımı xüsusi nəvazişlə
sığallayıb alnımdan öpərək yola saldı.
Yolboyu əmim
bizə yaylağın əsrarəngiz təbiətindən, sərin
bulaqlarından, şəfalı bitkilərindən söz
açdı və kəklikotunu göstərərək, onun
yığılması qaydasını öyrətdi. Artıq
mən də bizimlə gedən əmim uşaqları, bibim
uşaqları və digər qonşu uşaqları kimi kəklikotunu
tanıyır və onları bir-bir dərib, nənəmin mənə
həvəslə tikdiyi pambıq parçadan olan
naxışlı torbama yığırdım.
Çox
sevinirdim, kəklikotunu axtarıb tapmaq, onu yığmaq, həqiqətən,
maraqlı və əyləncəli idi. Hələ onu
yığarkən bitkinin ətirli, gözəl qoxusunun adama
necə xoş təsir etdiyini duymağın daha da gözəl
olmağını demirəm...
Hərdən
uşaqlardan geri qalır, hərdən də onlardan qabağa
gedərək, torbanı tez doldurmağa
çalışırdım. Birdən bibim qızı Xatirə
ucadan qışqırdı: "Xına! Xına! Xına
tapdım, uşaqlar, buraya gəlin!" Mən tez onun
yanına qaçdım. Xatirə inamla bitkinin xına
olduğunu və onu yaxşı tanıdığını
bizə başa salmaq istəyirdi. İlk baxışdan bu
bitkinin xına olduğu ağıla gəlməzdi.
Çünki adi görünürdü, daşın
üstündə yapıxmış şəkildə
mamırabənzər, yarısaralmış,
yarıyaşıl olan kiçik otlara bənzəyirdi.
Biz onun
başına toplaşaraq, heyrətlə tamaşa etməyə
başladıq. Qız əlindəki dolu su qabından
daşın üstünə beş-altı damcı su tökərək,
yerdən tapdığı daş parçası ilə onu
qarışdırmağa başladı, bir neçə dəfə
bu hərəkəti təkrar etdi, bitki tamamilə qəhvəyi
rəng aldı və sonra həmin qarışıqdan
götürüb ovuclarına yaxdı, qurumağını
gözlədi. Bir neçə dəqiqə keçəndən
sonra su ilə əllərini yudu. Nə görsək,
yaxşıdır, Xatirənin ovucları qırmızı rəngə
boyanmışdı! Bütün uşaqların həsədlə
onun əlinə baxdığını görən Xatirə
birdən uca səslə bizi çağırdı: "Nə
durmusunuz, gedin siz də axtarın, mənim kimi əziyyət
çəkin, tapın, öyrətdim də sizə, daha
xınalı daş da tapıb göstərməyəcəm
ki!"
Başqa
vaxt olsaydı, bibiqızının bu cür kobudluğundan
inciyər, onu danışdırmazdım. Çünki mən
kobudluğu, qəlb qırmağı, elədiyi
yaxşılığı başa vurmağı çox pis
xüsusiyyət sayırdım. İstəməzdim ki, insanlar
bir-biri ilə bu cür davransınlar. Amma indi elə çox
da acığım tutmadı, ondan küsmədim də.
Axı, necə olsa, o, mənə və uşaqlara xına
bitkisini tanıtmışdı. Sadəcə, "sağ
ol" deyərək, kənara çəkildim.
Daxilimdə
özünəinam və cəsarət hissi yarandı və qətiyyətlə
axtarışa başladım. Öz-özümə
danışır, mütləq mən də tapacağam deyə
düşünürdüm. Uşaqlardan necə
uzaqlaşdığımı belə, hiss etmədim. Uzaqdan
görünən digər daşlardan böyük olan bir qaya
parçasına yaxınlaşdım, onun üstündəki
saralmış otlar məni cəlb etdi. Sevincək halda
düşündüm ki, yəqin bu, xınadır. Əlimlə
otları daşların üstündən təmizlədim.
Xına deyilmiş... Çox məyus oldum və birdən
daşın üstündə yazıları oxuyub xeyli təəccübləndim.
Orada iki ad yazılmışdı, adlar mənim atamla
anamın adı ilə eyni idi. Yadıma düşdü ki,
atamla anamın gəncliyi bu dağlarda, bu xınalı
daşlar olan yaylaqlarda keçmişdi, onlar biri-birilərini
burda sevib ailə həyatı qurmuşdular. Onların
adının daş üzərində
yazıldığını atamdan eşitmişdim. Mən
gözlərimi atamla anamın adı yazılan daş
parçasına zillədim. Birdən valideynlərimçün
darıxdığımdanmı, ya uşaqlardan uzaq
düşüb itdiyimdənmi, ya da xına tapıb, əlimi
boyaya bilmədiyimdənmi, kövrəlib
hönkür-hönkür ağladım...
Qorxudan, həyəcandan
əlim-ayağım titrəyirdi, geriyə belə
çevrilib baxa bilmirdim. Səs-səmir yox idi. Anladım ki,
azmışam. Bu vaxt Ağca nənəmin "Uşaq
heç yanı tanımır, itib-eləyər" kəlməsi
qulağımda səsləndi. Qəhər məni boğdu.
İstədim, qayıdam, cəsarətim çatmadı. Təkrar
atamla anamın adı yazılan daşa tərəf baxdım.
Sanki bir az sakitləşdim. Yazılı daş mənə
çox doğma göründü. Elə zənn etdim ki,
valideynlərim yanımdadır. Bunları düşünəndə
göz yaşlarım qurudu və ürəyimə bir
rahatlıq gəldiyini duydum. Birdən əmimin əlini
çiynimə qoyaraq: "Qorxma, qızım, mən burdayam,
heç əmi səni tək qoyar? Uzaqdan səni izləyirdim"
deməsi məni düşüncələrdən
ayırdı.
Tutu ƏSGƏRQIZI
525-ci qəzet.- 2020.- 17 yanvar.- S.16.