Tanıyaq və tanıdaq!
Əziz oxucular, "525-ci qəzet"də
"Günümüzün Güney Azərbaycan ədəbiyyatı - Poeziya"
adlı guşə açılıb.
Guşədə İran İslam
İnqilabından (1979) sonra
ədəbiyyata gəlmiş,
Güney Azərbaycanda
1960-cı ildə və
daha sonra doğulub boya-başa çatmış və sənətdə öz sözünü demiş Güney şairlərinin arasında heç bir fərq qoymadan,
incə və həssas ruhlarına toxunmadan, yaratdıqları
möhtəşəm poeziya
örnəklərini incələmədən
onların ana dilində fərqli janr və üslublarda
qələmə aldığı
şeir və poemalara, yaxud da həmin əsərlərdən
müəyyən hissələrə
yer verəcəyik.
Bu əsərlər günümüzün
Güney ədəbiyyatında
baş verən yeniliklərin, ədəbi
prosesin incəliklərini
bir az
da yaxından izləmək, həyata, insanlığa, yazarların
ictimai-siyasi və milli məsələlərə
baxışlarını öyrənmək
baxımından diqqətəlayiqdir...
Türkiyənin ünlü filosof-yazarı
Cəmil Meriç
"Qərb kültürün
vətənidir, Şərq
irfanın. Nə Qərbi tanıyırıq,
nə Şərqi, ən az tanıdığımız
isə özümüz..."
deyirdi.
Güney Azərbaycanda son çağın
dinamik inkişaf edən ədəbiyyata, özəlliklə poeziyaya
nəzər saldıqda
burada yaşayan xalqın özünəməxsus
kültürü, ədəbiyyatı,
kitab mədəniyyəti,
sözyaratma qüdrətinin
nə qədər yüksək olduğu yansıyır.
Möhtəşəm mədəniyyət
yaradan bir xalq, susmayan dili, özünü, kimliyini, tarixini öyrənmək istəyən
şairləri olan xalq isə dünya
tarixindən heç vaxt silinmir, əbədiyaşarlıq qazanır...
Beləliklə, özümüzü, Güneyimizi daha yaxından tanımaq, həm də daha çox sevmək üçün,
dəyərli yazarların
yaratdıqları bənzərsiz
poetik dünyanın qapıları üzünüzə
açılır, əziz
oxucular!
Esmira Fuad,
Filologiya elmləri doktoru
525-ci qəzet.- 2020.- 17 yanvar.- S.15.