Bəşəri sənət incisi
STİVEN FREDERİK STARIN "İTİRİLMİŞ MAARİF" KİTABI HAQQINDA DÜŞÜNCƏLƏR
Eramızın I-VI, xüsusən VII-XIX əsrlərlərində milli mədəniyyətimizin tərəqqisi, dövlətçilik ənənələrinin dünyəvi örnəklərinin təşəkkülü və tərəqqisi, hərb qüdrəti, iqtisadiyyatı, İpək yolu ilə bağlı ticari ənənələrin formalaşması, hökmdar və ədəbiyyat münasibətlərinin səmərəli bəhrələri və bu kimi problemlərlə bağlı alimlərimiz çox dəyərli araşdırmalar aparıblar.
Təbii ki, milli tədqiqatçılarımız XXI əsrdə də bu istiqamətdə daha sanballı yaradıcılıq axtarışları aparmaqdadır. Çox sevindirici haldır ki, dünyanın
görkəmli zəka sahibləri Yaxın Şərqin,
xüsusən Mərkəzi Asiyanın mədəniyyətinin,
tarixinin, dövlətçilik ənənələri, ədəbiyyatının,
incəsənətinin, memarlığının, tibbinin, dəqiq
elmlərinin tərəqqisinə aid maraqlı tədqiqatlara
nail olublar, elmi-nəzəri əsərlər yazıblar. Bunlardan
biri də S.Frederik Starın (Stiven Frederik Starr)
"İtirilmiş Maarif" fundamental elmi-tarixi tədqiqat əsəridir. Dünya
alimlərinin böyük dəyər verdikləri kitabı
"Qafqaz" nəşriyyat evi çap edib. "İtirilmiş
Maarif"in tərcüməsi və nəşri ADA
Universitetinin (Azərbaycan Diplomatik Akademiyasının) dəstəyi
ilə işıq üzü görüb. Əsəri
ingiliscədən çevirən də ADA-nın müəllimi
Nəriman Qasımoğludur.
Kitaba təqdimat
mətni yazan ADA universitetinin rektoru, görkəmli diplomat Hafiz
Paşayev göstərir ki, "F.Star bir müddət
ABŞ-ın üç prezidentinə Rusiya və Avrasiya məsələləri
üzrə müşavirlik edib. Şəksiz ki, onun bu
istiqamətdəki uğurlu siyası fəaliyyətinin məzmununu
dərin elmi-nəzəri biliklər şərtləndirirdi. Bu
da xoş bir xatirədir ki, fəaliyyətini elmi müstəvidə
davam etdirərkən təsis etdiyi Mərkəzi Asiya-Qafqaz
İnstitutunun yaradılmasına mən də öz
yardımımı əsirgəmədim və sonradan
nüfuzlu araşdırma mərkəzinə çevrilmiş
bu institutda ilk çıxış edən də mən
oldum". Bu iki cümləni araşdırıb
açıqlayanda, arxasında "gizlənmiş" əzəmətli
fikirlərin mahiyyətinə varanda görürük ki, Azərbaycan
Respublikasının qeyrətli vətəndaşı,
fizika-riyaziyyat elmləri doktoru, qüdrətli diplomat Hafiz
Paşayev müstəqil ölkəmizin dünya siyasi orbitində
tanınmasında necə möhtəşəm işlər
görüb. Xatırladım ki, görkəmli
yazıçı və alim Mir Cəlalın kiçik
oğlu Hafiz Paşayev 1992-2006-cı illərdə Azərbaycan
Respublikasının ABŞ-dakı (eyni zamanda, Meksika və
Kanadada) fövqəladə və səlahiyyətli səfiri
olub. Onun diplomatiya sahəsində gördüyü misilsiz
işlər qələmə aldığı "Bir səfirin
manifesti" kitabında bütün reallığı ilə
təcəssüm tapıb. Stiven Frederik Starın Azərbaycanla
dostluq və elmi münasibətlərinin bünövrəsini
də Hafiz Paşayev qoyub. Star ADA Universitetinin fəxri
doktorudur, dəfələrlə bu təhsil
ocağının qonağı olub, tələbələrə
mühazirələr oxuyub.
"İtirilimiş
Maarif" kitabında Mərkəzi Asiyanın ərəb
istilasından Teymurləngə qədər olan dövrü
araşdırılıb. Müəllif bu zaman kəsiyini
Mərkəzi Asiyanın "Qızıl dövrü"
adlandırır və tədqiqat boyu bu elmi "diaqnozunun"
"tarixi tərifini" elmi-nəzəri prinsiplərlə,
alim qeyrətiylə, mütəfəkkir idrak sahibi kimi dönə-dönə
təsdiqləyir. Bəri başdan deyim ki, almin bu
kitabı yazmaq üçün istifadə etdiyi mənbələrin
toplusu özü bir kitab qədər genişdir. Alim
yüzlərlə, minlərlə mənbələrdən bəhrələnib
və gəldiyi hər bir qənaətin elmi-nəzəri
modelini monumental reallıqla təqdim edib. Müəllifin
bir insan ömrünə sığmayan, ağlagəlməz
mütaliə genişliyi heyranlıq doğurur. Onun
müxtəlif mövqelərdən yazılmış faktlara
münasibətinin özündə bir orijinallıq, tədqiqatçı
müdrikliyi var. O, söylədiyi elmi qənaəti sanki riyazi
dəqiqliklə inci kimi fikir sapına düzür. Elə
düzür ki, onun hansısa elmi qənaətinə oxucuda zərrə
qədər də şübhə duyğusu oyanmır, fikirlərinə
şəkk gətirmək yeri qalmır.
768 səhifəlik
kitabın cildi Oksford Universitetinin Bodlcian Kitabxanasına məxsusdur. Super-cildin
iç qatlama vərəqində yazılıb: "Bu
geniş əhatəli və bol əlvanlıqda cərəyan
etmiş tarixə aid əsərində S.Frederik Star Mərkəzi
Asiyanın orta əsrlər maarif dövrünə dair olduqca
maraqlı, fəqət çoxlarına bəlli olmayan əhvalatı
nəql edir və bu əhvalatı oxuculara bölgənin nəhəng
zəkalarının keşməkeşli hadisələrlə
zəngin həyatları və onların heyrətamiz nailiyyətləri
fonunda təqdim olunur. Söhbət yeni dünyaya vaxtilə
körpü salmış görkəmli şəxsiyyətlərdən
gedir. Bu şəxslərin, demək olar, hamısı
öz əsərləini ərəb dilində
yazdıqlarına görə onların uzun müddət ərəb
olduqları qənaəti yaranıb. Əslində isə
onlar ərazisi hazırda Qazaxıstandan cənub istiqamətində
Əfqanıstanın, İranın şərq vilayətindən
Çində Sincanın içərilərinə doğru
uzantısı olmuş bir bölgənin Persiya və Türk
xalqlarının övladları idilər".
"Yeni
dünyaya körpü salmış görkəmli şəxsiyyətlər"
deyiminə əsaslanan müəllif 800-1200-cü
illər arasında bir möhtəşəm məkan kimi Mərkəzi
Asiyanın dünyanın ticarət və iqtisadi
inkişafında oynadığı əzəmətli rolunu
layiqncə qiymətləndirir. Həmin ərazidə
qüdrətli xaqanların mədəniyyətə, elmə,
tibbə göstərdikləri xidmətləri, şəhərsalmada
Şərq formalarını ləyaqətlə təsbit etmələrini,
ədəbiyyatı, memarlığı, eləcə də fərdi
sənət növlərini qavramaq üçün
işıqlı zəka ilə çağdaş oxuculara yol
göstərir. Adicə bir faktı deyim ki, Star elmi dəlillərlə
sübut edir ki, milliyətcə türk olan, ensiklopedik biliklərə
malik mütəfəkkir Biruni Kolumbdan 500 il əvvəl öz
təzkirələrində Cənubi və Şimali
Amerikanın mövcudluğu barədə məlumat verib. Düzdür,
1000-ci ildən bir qədər əvvəl skandinavlı vikinqlərin,
tacirlərin ayaqları Şimali Amerikaya dəymişdi
(başda Leif Erikson olmaqla). Lakin onlar bunun yeni qitə
olduğunun fərqinə varmamışdılar. Üstəlik
də, Starın yazdığı kimi, "meşə
örtüklü sahil Leif Eriksona o qədər maraqsız gəlmişdi
ki, oraya bir daha qayıtmaq barədə belə fikirləşməmişdi.
Ancaq
şərəf tacını Biruni də gəzdirməlidir. Onun
gəldiyi nəticələri doğuran əhatəli və
elmi analitik proses də ən azından skandinav tacirlərini
olduğu sayaq, bəlkə, onlardan da artıq dərəcədə
şərəfləndirməni haqq edir".
Bu səpkili
heyrətamiz faktlar "İtirilmiş Maarif" kitabında
yüzlərlə, minlərlədir. Elə buna istinadən
də cəsarətlə demək olar ki, Stiven Frederik
Starın ürək yanğısı, pak alim vicdanı ilə
tərif verdiyi "İtirilmiş Maarif" dünyanın
müxtəlif dillərinə tərcümə edilməklə
yenidən ölümsüzlük qazanmışdır. Onu da
qeyd edim ki, azərbaycanlı tədqiqatçılar bu
möhtəşəm və fundamental əsəri dərindən-dərinə
mütaliə etməklə xalqımızın maarif-mədəniyyət
sahəsindəki hansısa qaranlıq, alatoran səhifələrinə
çox geniş, işıqlı qapı aça və təzə-təzə
elmi-tarixi, fəlsəfi-mənəvi dəyərlərli
üzə çıxarmağa nail ola bilərlər.
Dəyərli
kitabın müəllifi sanki fəhmlə duyur ki, azərbaycanlı
oxucu özünə bu sualı verə bilər:
"İtirilmiş Maarif: Mərkəzi Asiyanın
Qızıl dövrü" kitabının mövzusunun
"Azərbaycanda bizə nə dərəcədə dəxli
var? Axı, hər şeydən əvvəl, Mərkəzi
Asiya ilə bizi Xəzər dənizi ayırır..." Bu
fikirləri söyləyən müəllif "Azərbaycanlı
oxucularıma" bölümündə yazır:
"İcazə verin, bu məsələyə iki tamamilə
fərqli cavabımı təqdim edim.
Birincisi,
müasir Azərbaycan ərazisi bir neçə minillik ərzində
Mərkəzi Asiya ilə sıx ticarət əlaqələri
ilə bağlı olub. Azərbaycanın bir çox qədim
mərkəzlərində aparılan qazıntılar nəticəsində
aşkarlanan maddi-mədəniyyət nümunələri bunu
təsdiq edir. Mərvdə, Bəlxdə, Səmərqənddə
incə zövqlə poladdan hazırlanan kəsici alətlər,
Səmərqənd kağızı, bir çox Şərq mərkəzlərində
istehsal edilmiş pambıq-kətan məmulatları -
bütün bunlar dediklərimizə sübutdur.
İkincisi,
Azərbaycan həm Çin, həm də Hindistanla
qarşılıqlı əlaqələrini məhz Mərkəzi
Asiya vasitəsilə həyata keçirirmiş. Hind tacirlərinin
öz mallarını Bakıya (burada hətta ticarətlə
məşğul olan bir icma da yaratmışdılar)
daşıdığı bir zamanda çinlilər qərb
istiqamətinə yolladıqları malların Mərkəzi
Asiyalı tacirlərin əli ilə Azərbaycana
çatdırılması üçün bunları Mərkəzi
Asiya sərhədlərində anbarlayırmışlar. Ticarət
malları haralara gedirdisə, bunların ardınca həmin
yerlərə ideyalar da daşınırmış".
Məhz
bu elmi pəncərədən, reallıqlara bu baxım
bucağından yanaşdıqda kitabda bəhs olunan dövrdə
Azərbaycanın bütün sahələrdəki
inkişafını ümumbəşəri kontekstdə dərk
edib qavramaq üçün müxtəlif mövzulara,
maarifçilik kontekstində elmi axtarışlara geniş
yollar açır. Bunu dərindən dərinə dərk
edən Stiven Frederik Star fikrini aydınca belə
çatdırır: "Azərbaycanlılar
üçün bu da dəyərli ola bilər ki, Mərkəzi
Asiyanın "qızıl dövrü"nün tənəzzülü
səbəblərini götür-qoy etsinlər. Başqa
sözlə, hansı səbəblər üzündən bu
dahilər çağı "İtirilmiş Maarif"
dövrü oldu? Kitabımın son fəsli bunu izah etməkdən
ötrü əsrlər uzunu baş vermişlər üzərində
qurulan dəlilləri nəzərdən keçirir. Aşkar
görünən suçlardan hər şey müzakirə
edilsə də, nəhayətdə, mənə elə gəlir
ki, başlıca səbəb orta əsrlər alimlərinin
dünyəvi elmi səylərinə qarşı sərgilənən
dini dözümsüzlük olmuşdur".
Stiven
Frederik Star Mərkəzi Asiyada maarifçiliyin itirilməsinin
real və rəmzi mahiyyətini, tənəzzülünün
və çöküşünün siyasi, iqtisadı və
mənəvi-əxlaqi, dini münasibətlərdə dəyişmələrin
prizmasından nəzər yetirməklə qələmə
alıb. Tədqiqatçı-alim bu qənatə gəlməmişdən
əvvəl bəşəri dühalardan Əbu Abdulla Məhəmməd
əl-Xarəzminin (780-850) sferik triqonometriyaya verdiyi elmi
töhfələr, əlcəbri riyazi fənn kimi sistemləşdirməsi,
Şərqdə Aristoteldən sonra "İkinci müəllim"
sayılan Əbu Nəsr Məhəmməd əl-Fərabinin
(870-950) məntiq şərhləri, özbək türkü
Məhəmməd əl-Buxarinin (810-870) topladığı
peyğəmbər hədisləri, türk mənşəli
Əbu Reyhan əl-Biruninin (973-1048) astronomiyaya, tarixə,
ictimai elmlərə aid əsərlrəi, filosof Əbu
Əli əl-Hüseyn İbn Sinanın (980-1037) "Tibb
qanunu", "Nicat kitabı" əsərləri, səlcuq
türkü Nasir Xosrovun (1004-1088) fəlsəfi poeziya irsi, səlcuq
Nizam əl-Mülkün (Əbu Əli əl-Həsən.
1018-1092) "Dövlət idarəçiliyi kitabı",
Qaraxanilər dövlətində yaşamış Mahmud əl-Qaşqarinin
(Kaşğari. 1029-1105) "Türk dialekti toplusu", Ömər
Xəyyamın (1048-1131) əlcəbr probleminin
aşkarlanması risaləsi, ilahiyyatçı filosof Əbu
Hamid Məhəmməd əl-Qəzalinin (1058-1111)
"Filosofların qeyri-ardıcıllığı",
ensiklopedik biliklərə malik Nəsrəddin ət-Tusinin
(1201-1274) Marağa rəsədxanası, Əfqanıstan
şairi Ruminin (Cəlaləddin Məhəmməd Bəlxi.
1207-1273) poeziya inciləri, Uluqbəyin (Mirzə Məhəmməd
Tarağay. 1394-1449) riyaziyyatla təbii elmlərin
inkişafındakı fikirləri, astronomiya elminə verdiyi bəşəri
töhfələr, cığatay Əlişir Nəvainin
(1441-1501) türk dilini poeziyada fars dili ilə rəqabət
aparacaq zirvələrə qaldırması, osmanlı
astronomiyasının banisi Əli Quşçunun (1402-1474)
astronomiya elmini fəlsəfədən ayırması, rəssam
Kəmaləddin Behzadın (1450-1537) Herat miniatür məktəbi
barədə dəyərli fikirlər söyləməklə
orijinal elmi qənaətlərə gəlir. Hindistandan
İranadək ortodoksal sünni imperiyasının əsasını
qoyan Mahmud Qəznilinin (971-1030) 400 şairə himayədarlığı,
sərt təbiətli türk sərkərdəsi Əmir
Teymurun (1336-1405) incəsənət xadimlərini Səmərqəndə
toplamasının məram və məqsədi haqqında təhlil-araşdırnması
heyranlıq doğurur. Alim öz kitabında Çingiz
xanın (1162-1227), eləcə də bu qəbildən olan
hökmdarların apardıqları qanlı müharibələrə
məhz "itirilmiş maarif" prizmasından
yanaşır. Onun fikrincə, Çingiz xanın "Mərkəzi
Asiyanı viran qoyması "soyqırıma qəsd"
adlandırılsa da o, Mərkəzi Asiyadan həm Çinə,
həm də Persiyaya yeni intellektual təsir axınları
üçün yol açdı".
Stiven
Frederik Starın gəldiyi qənaətlərin misilsiz dəyər
və qiyməti orasındadır ki, dünəndən
bugünə və indidən gələcəyə
maarifçi, elmi təfəkkür və idrakla yanaşmaq
körpüsünün əbədi sütunlarını
ucalda bilib. Alimin tədqiqatının maraqlı cəhətlərindən
biri də orasındadır ki, Star Mərkəzi Asiyada yaşayıb
yaratmış ensiklopedik bilik və məlumat
dühalarından danışarkən onları nənki XVI-XX əsr
mütəfəkkirləri, hətta bizim eradan əvvəlki
yunan və Roma zəka sahiblərinin yaradıcılıq fəaliyyətləri
ilə müqayisəli təhlilə üstünlük
verib. Məsələn, o göstərir ki, bizim eradan əvvəl
79-cu ildə Böyük Plini öz bilgilərini ensiklopediya
şəklində reallaşdırmağa cəhd göstərib. Altıncı
əsrin ortalarında siciliyalı Kassiadorus Plininin ənənəsini
daha təkmil şəkildə davam etdirib. "Ancaq elmi məhsullarının
təkcə sayı və müxtəlifliyinə görə
onlardan heç biri Mərkəzi asiyalıları
ensiklopediyaçı olaraq ötə bilməyib. Həqiqətən,
Mərkəzi Asiyanın Maarif dövrü XVIII əsr
Avropasının Maarif dövrünü önləmişdi". Bunun
da əsas səbəblərindən biri və bəlkə də
birincisi o idi ki, "itirilmiş maarıf"
dövrünün Mərkəzi Asiya mütəfəkkirləri
azı dörd-beş elmə kamil yiyələnə
bilmişdilər.
Kitabda
sufizm cərəyanı, sufi intbahının fəlsəfi,
elmi, psixoloji və ruhi mahiyyəti, ayinləri, ehkamları barədəki
fikirlər bu istiqamətdə indiyənədək müxtəlif
tədqiqatçı-alimlər tərəfindən söylənilmiş
müddəa və qənaətlərdən öz
orijinallığı və bədii-estetik mahiyyəti ilə
tamamilə fərqlənib seçilir. İnsanın iç
dünyasına qapılmasının əsl mahiyyət və
məqsədinin açılmasına xidmət edən sufi ayinləri
ilə bağlı inancın əsasında tanrı sənin
öz içindədir məntiqi durur. Maraqlısı budur ki,
Frederik Star sufiliyin necə nəsnə olduğunu təhlil edərkən
Mərkəzi Asiyada yaşamış Əhməd Yasəvi
(1093-1166), Nəcməddin Kübra (1145-1220), Fəridəddin
Əttar (1145-1221) kimi müdrik simaların yaradıcılıqlarına
əsaslanır. Onların həyata dini-mistik və fəlsəfi
baxışlarının məğzindən
çıxış edir. Hətta həmin
dühaların "qapalı", "örtülü"
görünən fikirlərinə də elmi təmkinlə
açıqlıq gətirir. Alim "Tanrını sevmək,
fərdi ibadət və vəcd halına dalmaqla O-nunla təmasda
olmaq" təliminin ruhi, fəlsəfi, psixoloji mahiyyətini
təmkin və idrakla açıqlayır. Bu prizmadan
yanaşanda Azərbaycan türklərinin
yaratdıqları sufi poeziyasının poetik
gücü-qüdrəti, bədii siqləti daha dərin
qatlarla açılır. Məhz həmin poeziyada
ağlın, idrakı insanın iç dünyası, daxili mənəvi
səltənəti ilə bağlılığı poetik
vüsətə görünür.
"İtirilmiş Maarif" kitabında "Səlcuq hakimiyyətinin qübbəsi altında silkələnmə" fəsli dolayısı ilə Azərbaycanla bağlı olduğu üçün bizdə daha çox maraq doğurur. Bu fəsil özü "Səlcuqlarda memarlıq və istehsal mədəniyyəti", "Səlcuqlar dövründə elm və təhsil aləmi", "Səlcuq və türkmən tayfaları hərəkətdə", "Nizamülmülk: Tus Makiavellisi" kimi əsas və digər yardımçı bölmələrə ayrılır. Tədqiqatçı-alim Səlcuq imperiyasının qüdrətli hökmdarları Toğrulun (1040-1063), Alp Arslanın (1063-1073), Məlikşahın (1073-1093) hakimiyyətlərinin əsas dövlətçilik və idarəçilik prinsiplərindən danışmaqla yanaşı, Mərkəzi Asiyada, eləcə də imperiyanın sərhədlərinin uzandığı Azərbaycan ərazisində fəaliyyət göstərmiş dövlət xadimləri, alimlər, memarlar, təbiblər, mütəfəkkirlər, şairlər haqqında dəyərli məlumatlar verir. Həmin məlumatların təqdimində heyranlıq doğuran odur ki, müəllif bütün faktlara soyuqqanlı, lakin ziyalı alim-tədqiqtçı təfəkkürü ilə yanaşıb. Qənaətlərinin fəlsəfi orijinallığı yüksək intellektin məhsuludur.
Starın farslar, fars dili və İran əhalisi barədə də maraqlı fikirləri var. O, fədakarlıqla apardığı araşdırmalarından bu qənaətə gəlir: "Lap erkən çağlardan anlaşılırdı ki, Mərkəzi Asiyada farslaşmış adlandırılan insanlar indiki İranın farsdillilərindən fərqlənirmişlər. Herodot qeyd etmişdi ki, Dara və Kserksin fars imperatorluğu "fars" kimi qəbul etdiyi insanların üzərinə vergi qoymurmuş. Ancaq İran dil qrupuna məxsus Mərkəzi asiyalılar yetərincə fərqli bir kimlikdə sayıldığından fars dövləti onları xarici vətəndaşlar qismində vergiyə cəlb edirmiş. Hazırda İran vətəndaşları ilə Mərkəzi Asiyada dari və tacik dillərində danışanların fərqini də bu fakt möhkəmləndirir ki, birincilər hamısı şiələr, onların Mərkəzi Asiya və Əfqanıstan əmiuşaqları isə, əsasən, sünnilərdir. Oxşar hadisə Mərkəzi Asiyaya köçərilər olaraq gəlib burada qərarlaşmış türk xalqları ilə əlaqədar baş vermişdi. Burada yaratdıqları yeni münasibətlər və yaşadıqları həyat tərzi onları türk xalqlarının böyük hissəsindən getdikcə fərqləndirirdi. Biz hələ indiki Sibirin uzaq və doğma Altay bölgəsində, Şərqi Qazaxıstanda olanları qeyd etmirik". Bu fikirləri oxuyanda əmin olmaq istəyirsən ki, bütün dünyada, o cümlədən, Azərbaycanda türkologiya ilə məşğul olan alimlər üçün "İtirilmiş Maarif" kitabı yeni-yeni elmi qənaətlərə gəlməyə əvəzsis xəzinə olacaqdır.
Kitabdakı bölmələr arasında "Dünyanın mərkəzi", "Bacarıqlar, ideyalar və etiqadların qaynadığı qazan", "Dünyəvi şəhər adamları, qədim yurd yeri", "Ərəblər Mərkəzi Asiyanı necə işğal etdi...", "Gəzərgi alimlər", "Səlcuq mədəniyyətinin qübbəsi altında silkələnmələr", "Səhrada bir an", "Səhnəyə türklər çıxır: Mahmud Qaşqarlı və Yusif Basaquni", "Bir türk qarətçisi - Mahmud Qəznilinin hakimiyyəti dövründə mədəniyyət", "Monqol əsri" də xüsusən diqqət çəkir. Bölmələr təkcə adları ilə deyil, əsasən, fikir yükü, tarixi faktların şərhindəki elmi sanbalı, dərin elmi-fəlsəfi yükü ilə hədsiz maraq doğurur. Bu bölmələrdən yalnız biri barədə iki-üç cümlə artıq söyləmək istəyirəm.
Frederik Star göstərir ki, Mərkəzi Asiya alimləri, xüsusən də türkdilli dühalar dövrün iri-iri, nəhəng şəhərlərinə səyahət etməyi, Bağdad, Səmərqənd, Buxara, Mərv, Şam (Dəməşq), Xorasan, Nişapur, Xarəzm, Bəlx və bu kimi mərkəzlərdə yaşamağı üstün tuturdular. Həmin səyahətlər nəticəsində təbabət, riyaziyyat, astronomiya elmlərindəki kəşflər dünyaya daha intensiv şəkildə yayılırdı. Məsələn, Mərkəzi Asiya astronomu Əhməd əl-Fərqani (797-860) Özbəkistanın Fərqanə vadisində doğulub. O, əvvəlcə Mərvə, oradan isə Bağdada gəlmişdi. Starın fikrincə, Fərqani çox məşhur olan "Elementlər" kitabında Ptolomeyin 2-ci əsrdə yunanca qələmə aldığı "Alamagest" əsərindəki ulduzların mürəkkəb hərəkətləri və planetlərin orbital yolları barədə ifadə edilən fikirləri ustalıqla ümumiləşdirmişdi. Onun haqqında söhbət gedən əsərinin əsas məziyyətlərindən biri o idi ki, Qərb həmin kitabı dəfələrlə çap etmişdi. Frederik Star qətiyyətlə yazır ki, "yer kürəsində yeddi iqlim yaşayış zonası üçün astronomik əsasın izahını Ptolomeydən sonra Fərqani irəli sürdü. Qərb və ərəb yazarlarından fərqli olaraq, Fərqani öz izahında götürdüyü xətti şərqdən qərbə doğru apardı və o zonalardan üçünü Mərkəzi Asiya ilə əlaqəli olaraq müəyyənləşdirdi". Bağdadda nəhəng elmi işlər görmüş Fərqani yeni su kanalı çəkmək üçün Misirə dəvət almışdı.
Bu cür faktlar "İtirilmiş Maarif" kitabında dünyaya səpələnmiş onlarla Mərkəzi Asiya alimləri haqqında kifayət qədərdir. Məsələ təkcə faktların çoxluğunda deyil. Önəmlisi və oxucuda heyrət doğuran əsas amil odur ki, kitabın müəllifi həmin faktların hər birinə ayrı-ayrılıqda ecazkar müdrikliklə şərh və təhlil verə bilib.
Kitabının sonunda Stiven Frederik Star qətiyyətlə, inamla, cəsarətlə, əsl alim vicdanı ilə yazır: "Deməliyik ki, XII əsrin Avropası elə bir nəsnəyə sahib deyildi ki, o zamankı Mərkəzi Asiyanın zəngin intellektual potensialı və təcrübəli şəhərləri ilə müqayisəyə gəlsin... Mərkəzi Asiya hələ uzun illər Avropa, eləcə də ərəb alimlərinin əksər hissəsi üzərində intellektual üstünlüyünü saxlayırdı... Mərkəzi Asiyanın həm intellektual, həm də iqtisadı sahələrdə liderliyinin sonunun başlanğıcı XII əsrə təsadüf edir".
"İtirilmiş Maarif" Mərkəzi Asiyanın, o cümlədən, müxtəlif türk qollarına məxsus mütəfəkkirlərinin neçə-neçə əsrlər boyu elmə, mədəniyyətə verdiyi misilsiz töhfələrin zəngin toplusunu sistemləşdirən, yaddaşları oyadan əvəzsiz salnamədir. Bu əsər əsrlər boyu tarixin amansız gərdişlərinin qaranlıqlarında mürgü vuran həqiqətləri nəhəng elmi şüalarla, səngiməyən zəka nuru ilə gur-gur işıqlandırır. Kitabın elmi dəyərini artıran cəhətlərdən biri də odur ki, müəllif öz əsərini müxtəlif mövzulara aid son dərəcə unikal şəkillərlə süsləndirib. Xüsusən bəhs olunan dövrün müxtəlif funksiyalı tikinti abidələrinin möhtəşəmliyini əyani göstərən foto-şəkillər heyranlıq doğurmaqla yanaşı, əsərin elmi dəyərini qat-qat gücləndirir.
Bu baxımdan Herat yaxınlığındakı səlcuqlar dövrünə aid Malan körpüsü (XI əsr), Nişapur-Mərv yolu üzərindəki səlcuqlar dövrünə aid karvansara (XI-XII əsrlər), Qırğızıstanın Talas vadisindəki məqbərə, Əfqanıstandakı Qəzni şəhər-qalası, Özbəkistanın Çakurqan şəhərindəki Qülləvari minarə (XII əsr), Üzkənddəki üç Qaraxanlı məqbərəsi (XI əsr), Türkmənistanın Ürgənc (Gürgənc) şəhərindəki sufi məqbərəsi (XI-XII əsrlər), Səmərqənddəki Uluqbəy məqbərəsi (XV əsr), Özbəkistanın Şəhrisəbz şəhərindəki Ağ Saray dravazası (XIV əsr), Özbəkistanın Tim ərazisindəki mavzoley (X əsr), Mərvdə 2500 yaşı olan Ərk qalası, Xivə şəhər divarları, Buxaradakı Qəlyan minarəsi (1127-ci il), Əfqanıstanın Cam şəhərindəki 65 metrlik minarə (1190-cı il), Məhəmməd peyğəmbərin moizə oxumasını təsvir edən miniatür ilə bağlı foto-şəkillər nadir sənət incilərini parlaq reallıqla təcəssüm etdirir. Eləcə də Əbu ər-Rəhman əz-Xəzininin "əhatəli tarazlıq" tərəzisinin layihəsinin, Biruninin astrologiyaya həsr olunmuş və öz sağlığında işıq üzü görmüş "Kitab əal-Təhfim" kitabından salamat qalmış 22 vərəqinin, Nəsrəddin Tusinin planetlərin uzunluq dairəsinə aid araşdırmalarının əlyazısının, Mahmud Qaşqarinin türk xalqları üçün etno-linqvistik xəritəsinin, Xarəzm alimlərinin müəyyənləşdirdiyi "Nil çayının xəritəsi"nin orijinalından çəkilmiş fotoları nadir nümunələrdir.
Müəllif Azərbaycan türklərinin dühalarından Nizami Gəncəvi, Əfzələddin Xaqani, Qətran Təbrizi və neçə-neçə şair, alim, mütəfəkkir, Təbriz və Şirvan ədəbi mühiti barədə son dərəcə qiymətli fikirlər söyləyir. Ürək ağrısı ilə onu da qeyd edir, ki, Azərbaycanda yaşamış, lakin ərəb-fars diilərində poetik nümunələr yaratmış şairlər yanlışlıq ucbatından əksər Avropa alimlərinin tədqiqatlarında ərəb mütəfəkkirləri kimi təqdim olunublar. Məhz bu baxımdan, yəni tarixi həqiqətlərin bərpa olunması, Azərbaycana məxsus dühaların milli mənsubiyyətinin dəqiq-dürüst verilməsi Starın milli mədəniyyətimizə əvəzsiz elmi töhfəsidir. Onun Mərkəzi Asiyanı geniş miqyasda, yəni bir siyasi məkan deyil, mədəniyyət bölgəsi kimi götürməsinin nəticəsidir ki, həmin müstəvidə Azərbaycan mədəniyyətinin də töhfələri parlaqlıqla bədii təcəssüm tapıb.
Dünya alimlərinin ortaq türk abidəsi kimi qəbul etdikləri "Dədə Qorqud Kitabı" barədə də Starın dəyərli orijinal fikirləri var. Alim yazır: "Dədə Qorqud Kitabı" - türk xalqlarının, oğuz türklərinin bu möhtəşəm qəhrəmanlıq dastanı müasir azərbaycanlıların əcdadları tərəfindən Xəzərdən qərbdə yerləşən torpaqlarda ərsəyə gəlsə də, Mərkəzi Asiya türkləri ilə üzvi tarixi və mədəni əlaqə izlərini də aşkaranə nişan verir. Bunların qeyd olunması Azərbaycanda
böyüyüb boya-başa çatmış şairlərin,
filosofların özünəməxsusluğunu və nəhəngliyini
heç bir halda azaltmır". Mərkəzi Asiyaya,
Ön Asiyaya, Yaxın Şərqə, ərəb
dünyasına səpələnmiş Azərbaycan türkləri
olan mütəfəkkirlərin mədəni və intellektual
qaynaqları ilkin orta əsrlərdə də qürurverici
idi. Bununla fəxr etməyə mənəvi haqqımız
var. Bu qürurverici istəyimizə yeni, daha parlaq işıq
saldığı üçün də Stiven Frederik
Starın "İtirlmiş Maarif" kitabına və alimin
prinsipial mövqeyinə, xalqımıza olan səmimi, xeyirxah
münasibətinə dönə-dönə minnətdarlığımızı
bildirməliyik.
Yuxarıda
qeyd etdim ki, "İtirilmiş Maarif"i orijinaldan Azərbaycan
türkcəsinə şərqşünas alim, ADA
Universitetinin sayılıb-seçilən pedaqoqlarından olan
Nəriman Qasımoğlu çevirib. Tərcüməçinin
peşəkarlıq səriştəsi, dilinin
axıcılılığı və ifadəliliyi, bir
sıra terminlərin azərbaycanca ekvivletinin tapılması
kitabın oxunaqlığını artırıb. Fikrimcə,
"İtirilmiş Maarif" kitabının tərcüməsinə
və çapına dəstək verməklə ADA Universiteti
xalqımıza çox dəyərli elmi töhfə verib. Bu
kitab təkcə dəyərli tərcümə nümunəsi
deyil, milli mədəniyyətimizə, tariximizin daha dərin
qatlarını öyrənmək istəyən elm xadimlərinə
hədsiz qiymətli töhfədir. Başda universitetin təsisçisi
və rektoru Hafiz Paşayev olmaqla, bu işdə əməyi
olan insanlara yeni-yeni uğurlar arzulayıram.
İlham
RƏHİMLİ
525-ci qəzet.- 2020.- 24 yanvar.- S.6-7.