Niyə ancaq gözəl qadınlar?

 

"UŞAQLIĞIMI XATIRLAMAQ İSTƏMİRƏM"

 

İnsan dünyaya hansı şəkildə gələcəyini özü seçməsə , həyatı hansı şəkildə yaşayacağını özü seçir. Ülviyyə Qarayeva kimi. Ona yaşamağa bu həyatın ağır şərtləri, yaşadığı çətinliklər mane olur. Olduqca pozitiv, həyat dolu olan bu qız yaşamaq əzmi ilə çoxuna nümunə sayıla bilər.

- Ülviyyə, bir az bizə özündən danış.

- Mən Qarayeva Ülviyyə. İyirmi yaşım var, on birinci sinifdə oxuyuram. Səhhətimlə əlaqədar üç il məktəbə gedə bilməmişəm. Anadangəlmə fiziki qüsurlu olduğum üçün uşaqlığım çox çətin keçib. Çox vaxt insanlar uşaqlığını xatırlayanda xoş hisslər keçirir. Mən isə əksinə, xatırlamaq istəmirəm. Çünki mən uşaqlığımı yaşaya bilməmişəm. Uşaqlığım xəstəxanalarda keçib. Ən böyük arzum məktəbə getmək, uşaqlarla birlikdə oxumaq, oynamaq olub. Ancaq bu arzuma üç il gec, on yaşım olanda çatmışam. Həyatımda ən xoşbəxt günüm məktəbə getdiyim gün idi. O vaxt elə balaca, elə cılız idim ki, çantamı belə qaldıra bilmirdim. Olduqca cılız olduğum üçün insanlar mənə qəribə baxışlarla baxırdılar. Lakin mən onlara fikir vermirdim.

- Bəs, indi necə? İndi sənə qəribə baxışlarla baxan insanlara fikir verirsənmi?

- Yox. onda fikir verirdim, indi fikir verirəm. Mən həyatı da, özümü belə qəbul edib, belə sevirəm. Çünki anlayıram ki, mənim pis olmağım, üzülməyim heç nəyi dəyişmir.

- Səncə, bu sevginin əsas səbəbi nədir?

- Düşünürəm ki, məni həyata bağlayan əsas səbəblərdən biri, bəlkə birincisi incəsənətdir. Xüsusilə rəqs. Özümü rəqssiz təsəvvür edə bilmirəm. Rəqs mənim həyatımın bir parçasıdır. Mən rəqslə özümü ifadə etməkdən zövq alıram.

- Rəqsə maraq səndə necə yarandı?

- Əslində, mən hələ uşaq yaşlarımdan hərəkətsiz qalmamaq üçün əvvəl üzgüçülüklə, daha sonra isə rəqslə məşğul olmağa başladım. Rəqsə marağım ilk dəfə bir hind filmini izləyəndə yarandı. Daha sonra özümü rəqsdə sınamağa qərar verdim. İlk vaxtlar həvəskar kimi məşğul olurdumsa, bir müddət sonra davamlı olaraq öz üzərimdə çalışmağa başladım. Az qala, hər gün rəqs edir, internetdə müxtəlif rəqslərə baxıb onlar kimi oynamağa çalışırdım. Ətrafımdakı insanların çoxu bunun keçici bir həvəs olduğunu desə , bu, sadəcə bir həvəs oldu, keçdi.

- Bəs, gələcəkdə necə?

- Gələcəyimi rəqssiz təsəvvür edə bilmirəm. Lakin rəqslə bərabər, aktrisa kimi fəaliyyət göstərmək istəyirəm. Çünki mən bütün rəqslərimi aktrisa kimi yaşayır canlandırıram. Məhz buna görə Madhuri Dixit mənim idealımdır. Mən onun kimi rəqqas, aktrisa olmaq istəyirəm. Çox vaxt mənə deyirlər ki, bu, səndə alınmayacaq. Ancaq bu, məni həvəsdən salmır. Anlamıram axı niyə aktrisa deyiləndə insanların gözönünə hündür, yaraşıqlı qadın gəlir? Mənim boyum balaca olsa da, böyük arzularım var. mən inanıram ki, o arzuma mütləq çatacam. Mütləq...

 

Aytac SAHƏD

 

525-ci qəzet.- 2020.- 22 yanvar.- S.17.