Əziz Arif: mavi gözlü div və yaxud
işığın şəklini çəkən
"Mavi gözlü
div" ifadəsini ilk dəfə
Nazim Hikmətə ünvanlayıblar. Arif Əzizi də
mən mavi gözlü div bildim.
Tanrı bu adamı yaraşıqlı
yaradıb: uca boy, əqiq rəngli iri, duru, aydın
gözlər. Gözlər deyil də, bir cüt qiymətli
parlaq daşdır kibağışlanıb tanrı
tərəfindən Arif
Əzizə.
Müşahidə eləmişəm, o, bir zövq əhli kimi, şıq geyinməyi xoşlayan bir dəb əhli
kimi, əyninə nə geyinirsə, geyindiyini gözlərinin rənginə mütləq
uyğunlaşdırıb geyinir. Məncə, Arif Əziz gözlərilə nəfəs
alır, gözlərilə
eşidir, gözlərilə
düşünür.
Qəribədir, mənə elə
gəlir ki, rənglə doludur bu insanın müsəvvir gözləri...
Rənglər onun gözlərindən
sanki yağış kimi səpələnir tablolara. Bu gözlərin
77 yaşı tamam oldu yanvar ayının
lap əvvəlində. Yazmayacaqdım onun haqqında.
Sənətşünas ki
deyiləm... Amma "Bəyaz" telefilminə baxanda gördüm ki, Arif Əziz rəngləri muğamdan götürüb caza gətirir, ənənəni
postmodern üslubda yenidən
modelləşdirir, köhnəni
fərqli-fərqli dizaynda
rekonstruksiya eləyib təzələyir.
"Nədir gerçək?
Ya su bədəninin,
ya da işıq üzünün
rəsmini çəkmək"
(Tərcümə Aqşin
Yeniseyindir).
Yanvarın 1-i doğulmuş Adonis ləqəbli ərəb şairi Əli Əhməd Səid Esbər öz orijinal fikrini şeirlə bəyan edərkən haradan bilə bilərdi ki, ondan düz
13 yaş 2 gün kiçik bir rəssam yaşayır Bakıda və öz əsərlərində
işıq üzünün
rəsmini çəkir?!
Suyun bədəni,
işığın üzü
elə bir gerçəklikdir ki, fantastika ilə sərhədləşir.
Hər bir improvizdə isə bir fantastika gizlənib.
Arif Əzizin əksər tabloları bir mövzu ətrafında sərbəst improvizdir: onun rəngli qrafikasının xətt və ən əyriləri mozaikasında
həmişə bir Bakı küləyi gəzişir, meynə yarpaqlarına bürünüb
Dionis kimi gəzişir.
Dionislə Div arasında isə heç bir addımlıq məsafə
də yoxdur.
Sənətşünaslar deyirlər ki, ağ
rənglə işləmək
çox çətindir.
Son 30 ildə Arif Əzizin də çəkdiyi tablolarda
dominant rəng ağdır:
az qala
rəssamın bütün
varlığını zəbt
eləyib.
Ağ rəng,
onun semantika polifoniyasına rəğmən,
əslində, çox
darıxdırıcı və
bezdiricidir. Di gəl ki, Arif Əzizin
birbaşa ağ
rəngin dominantlığı
ilə çəkdiyi
rəsmlərə ləzzətlə
tamaşa eləyirsən.
Nə üçün? Çünki onlardan bir həyat
enerjisi, fikir enerjisi fışqırır
və bu tablolarda rənglərin dinamik "rəqsi" verilir.
Ağ rəng
rəssama işığın
üzünü və
içini tablolarında
görükdürməkdən ötrü lazımdır. Doğrudan da,
işığın libası
ağdır. İşıq bu libasda görünür
insanlara. Həqiqətdə
isə işıq korpuskulyar
və dalğavaridir.
O, ağ libasla sel kimi
axır, içində
isə möhtəşəm
bir əlvanlıq var və Arif
Əziz özünün
son dövr tablolarına
işığın məhz
bu əlvanlığını
nöqtə-nöqtə yansıdır.
Onun qrafika əsərlərinə tamaşa
eləyəndə sən
sanki işığın
necə "qaçdığını",
əvvəlcə ox olub
sonra dairəvi bir şəkildə necə burulduğunu görürsən, işığın
kətan üzərində
necə milli ornamentlərə döndüyünü
seyr eləyirsən, səma törəni zamanı mövləvi dərvişlərinin necə
işığa qovuşduğunun
şahidi olursan; şahidi olursan ki, işıq Abşeronun əncirini, üzümünü, iydəsini
naxışlara necə
çevirib obrazlaşdırır.
Onun qrafikası
mənə Rafiq Babayevin aranjimanında eşitdiyim xalq mahnılarını, yumşaq,
həzin caz improvizlərini xatırladır.
"Bəyaz" sənədli
filmi (rejissor E.Kazımova, operator A.Abbasov)
də Arif Əzizin ifasında ağ rəngin postmodern nağılını danışır,
Arif Əzizin Qala kəndindən başlayan tale nağılını
danışır, onun
sənət dünyasını
aram, səlis təhkiyə ilə, təmiz, aydın işıqlı görüntülərlə
danışır.
Bütün dünya sənətşünasları
təsdiqləyirlər ki,
Abşeron rəssamlarının
rəng duyumu fantastikdir, ilahidən gəlir, Bakı kəndlərində günəşin
xüsusi şüalanma
səciyyəsilə şərtlənir:
Səttar, Mircavad, qardaşı Tofiq, Tahir, Rasim, Elbəy,
Qəyyur və daha kimlər, kimlər, kimlər... Onların hamısını Abşeron
təbiəti rəssam
eləyib.
Arif Əziz
də Abşeron Rəssamlıq Məktəbinə
mənsub bir sənətçidir.
"Dhammapada" adlı
buddizmin etik prinsiplərini açıqlayan
risalədə söylənilir
ki, "yel qayadan, təriflə tənqid isə müdrik adamdan heç nə apara bilməz".
Ağ yol süd yoludur,
süd rəngli yoldur: onun simvoluna
Azərbaycanın xalq
rəssamı Arif Əzizin qrafikasında təkrar-təkrar rast gəlmək mümkün.
Ağ yol süd yoludur,
süd rəngli yoldur: onu ancaq
müdriklər gedə
bilir, Bəhram Gur kimi qara
gümbəzdən kamilləşə-kamilləşə
ağ gümbəzə
keçmiş müdriklər...
İndi
Siz özünüz müəyyənləşdirin, Arif Əzizin öz rəssam palitrasında ağ
rəngə üstünlük
verməsi bir təsadüfdürmü?!
Aydın TALIBZADƏ
525-ci qəzet.- 2020.- 22 yanvar.- S.15.