Məktəblinin dostu
70 MƏKTƏBİ ƏHATƏ
EDƏN MÖHTƏŞƏM LAYİHƏ
2016-cı ildən etibarən ölkənin təhsil
sistemində "Məktəblinin dostu" adlı layihə tətbiq
olunur. Məqsəd tədris prosesinin sağlam, təhlükəsiz,
əlverişli psixoloji mühitdə təşkil edilməsi,
valideynlərin övladlarının təhsil şəraiti
barədə məlumatlılığını və məmnunluğunu
artırmaqdır. Hazırda "Məktəblinin
dostu" layihəsi 70 ümumtəhsil məktəbini əhatə
edir. Layihə çərçivəsində
hazırda 300 əməkdaş çalışır.
Layihə Bakı şəhəri üzrə 58 tam orta məktəb,
2 gimnaziya, 2 internat və 2 idman məktəbi olmaqla
ümumilikdə 64 ümumi təhsil müəssisəsini əhatə
edir. Eləcə də Sumqayıtda 4,
Abşeronda 2 ümumi təhsil müəssisəsində
"Məktəblinin dostu" fəaliyyət göstərir.
"Məktəblinin dostu" layihəsi Azərbaycan
təhsilinin fundamental inqilabi yeniliklərindən biridir.
Bu kimi layihələr dünyanın müxtəlif
ölkələrində çeşidli adlarla uğurla
sınaqdan çıxıb. Bir çox inkişaf
etmiş ABŞ, Fransa, Çexiya, Türkiyə,
Gürcüstan kimi ölkələrdə məktəblərdə
"şagirdlərin dostu" olur. Bu xidmətin
müxtəlif adı olsa da, hər yerdə məqsədi
eynidir. Burada əsas hədəf məktəb - təhsil
alan - valideyn üçbucağının
tərəfləri arasında üfüqi ünsiyyətin
qurulması və hədəf olaraq təhsil alana ahəngdar
özünü gerçəkləşdirmə imkanları
yaratmaqdır. Məktəblinin dostunun əsas vəzifəsi
məktəblinin təhlükəsizliyini qorumaq, fövqəladə
hal baş verdikdə müəllim heyətinə və
şagirdlərə ilkin yardım göstərməkdir.
Bu, çox yaxşı təşəbbüsdür. Bunun
hesabına ilk növbədə məktəblərdə
nizam-intizam problemi həll olunur. Eləcə
də məktəblərdə müəllimlə şagird
arasında müsbət ab-hava yaradır.
BÖYÜK QARDAŞ VƏ BACI
"Məktəblinin dostu" layihəsinin əməkdaşları
hər zaman uşaqların köməyinə gələrək
böyük qardaş və ya bacı, mürəbbiə
rolunda çıxış edir.
"Məktəblinin dostu" şagirdlərin həyatında
fəal iştirak edərək onları ruhlandıracaq, məktəblilər
arasında ahəngdar ab-hava yaradacaq ki, bu da şagirdlərin
istedadlarının aşkarlanmasına yardımçı
olur. Eləcə də bu layihə müxtəlif yaş
qrupundan məktəblilərin öz aralarında əlaqə
saxlmasına, asudə zamanlarında müxtəlif tədbirlər
təşkil etməsinə, onların həm fiziki, həm də
mənəvi-psixoloji inkişafına yardımçı olur.
PSİXOLOJİ DƏSTƏK
Həmçinin, layihədə iştirak edən əməkdaşlar
müvafiq psixologiya kursları keçərək və
şagirdlərdə psixoloji problemlərin aşkarlanmasına
yardımçı olur.
Bununla yanaşı, layihənin Psixoloji Mərkəzi də
fəaliyyət göstərir. Bu mərkəzlər
pulsuz olaraq məktəblilər üçün valideynlərinin
icazəsi ilə müxtəlif seminar keçirərək, eləcə
də şagirdlərin peşə seçiminə kömək
edir.
HƏDƏF - 150 MƏKTƏB
"Məktəblinin
Dostu" layihəsinin İctimaiyyətlə əlaqələr
üzrə (PR) meneceri Nərgiz Kərimova deyir ki, 2016-cı
ildə fəaliyyətə başlayan "Məktəblinin
Dostu" layihəsi Təhsil Nazirliyi və Azərbaycan
Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət
və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin
birgə layihəsidir. Layihə ilk mərhələdə
Bakı şəhərindəki 30 ümumtəhsil müəssisəsində
fəaliyyətə başlayıb.2017-2018 təhsil ilində
isə 20 saylı tam orta məktəb və Bakı şəhər
200 saylı məktəb-lisey kompleksi də bu layihəyə
qoşularaq məktəb sayı 32-yə çatıb.
2018-2019-cu tədris ilindən etibarən bu təşəbbüsə,
162 nömrəli tam orta məktəb, 277 nömrəli idman təmayüllü
tam orta məktəb və Vətən futbol məktəbi
qoşularaq məktəb sayı 35-ə yüksəlib:
"Cari ilin may ayından etibarən "Məktəblinin
dostu" layihəsinin əhatə dairəsinin əhəmiyyətli
dərəcədə genişləndirilməsi ilə
bağlı qərar qəbul edilib. Qərara əsasən
2019-2020-ci il tədris ilindən etibarən layihənin əhatəsinə
31 tam orta məktəb, 2 gimnaziya, 2 internat məktəb olmaqla
ümumilikdə 35 ümumtəhsil müəssisəsi əlavə
edilib. Əlavə olunan ümumtəhsil müəssisələrindən
4-ü Sumqayıt şəhərində, 2 tam orta məktəb
isə Abşeron rayonunda fəaliyyət göstərməkdədir.
Layihənin əhatə etdiyi məktəblərin
sayının 150-yə çatdırılması nəzərdə
tutulur ".
HƏR MƏKTƏBDƏ 3 DOST
N.Kərimovanın sözlərinə görə,
hal-hazırda layihədə 300 nəfər Məktəblinin
Dostu fəaliyyət göstərir. Hər məktəbdə şagird
sayına uyğun olaraq minimum 3 nəfər Məktəblinin
Dostu var. Layihənin əsas məqsədi müəllim və
şagirdlər üçün təhlükəsiz mühit
yaratmaq, fövqəladə hal baş verdikdə ilkin tibbi və
psixoloji yardım göstərməkdir. Bununla yanaşı, Məktəblinin
Dostu seçilmiş şəxslər hər bir yaş mərhələsində
uşaqların hərtərəfli şəxsi keyfiyyətlərinin
və intellektual inkişafının təmin edilməsində,
onlarda özünütərbiyə və
özünüinkişaf bacarığının
formalaşdırılmasında iştirak edirlər:
"Şagirdlərin inkişafına yardım məqsədilə
davamlı olaraq təlim sessiyaları, 2 növbəli "Yay
məktəbi", asudə vaxtın səmərəli təşkili
üçün ekskursiyalar, 12 böyük məktəblərarası
turnir və müsabiqə, 200-dən artıq məktəbdaxili
intellektual təşəbbüs və sosial məsuliyyət
çərçivəsində çoxsaylı fəaliyyət
icra edilib. Əlavə olaraq layihəyə daxil olan
bütün məktəblərdə fövqəladə vəziyyətlərə
hazırlıqla bağlı avadanlıqların
yoxlanılması, bütün siniflər üzrə
yanğın vəziyyəti ilə bağlı nəzəri
təlimlərin aparılması və şərti həyəcan
təlimlərinin icrası, təhlükəsizlik tədbirləri
(FHN, sağlam qida, civə təhlükəsizliyi, yol hərəkəti
qaydaları, zərərli vərdişlər, şagirdlər
üçün tibbi təlimlər və s.), vətənpərvərlik
mövzusunda 10 müxtəlif irimiqyaslı tədbir təşkil
edilib".
N.Kərimova bildirib ki, ümumilikdə, bu ildə 5
kateqoriya üzrə 200-ə yaxın təşəbbüs
icra edilib. Bunlar təhlükəsizlik tədbirləri,
şagirdlərin istedadlarının üzə
çıxarılması, intellektual inkişafla bağlı
təşəbüslər, xüsusi günlərə həsr
edilmiş birgə (məktəb-şagird-valideyn) tədbirlər
və komanda idman oyunlarının təşviqi.
GƏNCLƏRƏ ÜSTÜNLÜK
N.Kərimova əlavə edib ki, məktəblinin dostu vəzifəsini
yerinə yetirən şəxslər əsasən gənc
kadrlardan ibarətdir. "Məktəblinin dostu" necə təyin edilir:
"İlkin mərhələdə namizədlərin bilikləri
test şəklində yoxlanılacaq, seçilən namizədlər
müsahibə mərhələsinə buraxılır. Seçimlərdə ictimai fəaliyyətdə
aktiv iştirak edən, könüllü kimi müxtəlif
proqramlarda çalışan, xarici dil biliklərinə yiyələnən
namizədlərə üstünlük verilir. Müsahibədən uğurla keçən namizədlər
təlimə cəlb olunur. Təlimin
sonunda qiymətləndirmə nəticələrinə əsasən,
seçilmiş namizədlər "Məktəblinin
dostu" təyin edilir.
Fövqəladə Hallar Nazirliyi əməkdaşları
tərəfindən "Fövqəladə hallarda
davranış qaydaları",
Səhiyyə Nazirliyinin mütəxəssisləri tərəfindən
"İlk yardım" təlimləri keçib Məktəblinin
dostları.
BU MƏKTƏBDƏ DƏ
MƏKTƏBLİNİN DOSTU VAR
Bakı
şəhəri 14 nömrəli tam orta məktəbdə fəaliyyət
göstərən "Məktəblinin dost"ları
sözün əsl mənasında şagirdlərin dostudurlar.
Onlar öz işlərini canla-başla yerinə
yetirirlər. Məktəblinin dostlarından biri daim
monitor vasitəsilə kameraların göstərdiyi nöqtələri
nəzarətdə saxlayır. Bir an belə
gözlərini monitordan çəkmir. Digər
iki nəfər isə dəhlizlərdə, məktəbin həyətində
dolaşır, şagirdləri uzaqdan müşahidə edirlər.
Müəllimin gözündən oğurlanıb dəhlizdə
qaçan, tullanıb düşən ibtidailəri sakitləşdirir,
dərsdən yayınmağa çalışan şagirdlərə
dost məsləhəti verirlər. Səhər saat 7:30-dan
axşam saat 7:00-a, məktəbdən ən son şagird
çıxana kimi məktəblinin dostları məktəbdə
olur. Məktəbin 3 dostu Sədaqət
Əliyeva, Lalə Hüseynova və Məhəmməd
Əliyevdir. Onlar deyir ki, məktəblinin
dostu olmaq göründüyü qədər də asan deyil.
ŞƏRƏFLİ İŞ
Azərbaycan
Dövlət Padaqoji Universitetinin "Təhsildə Sosial
Psixoloji Xidmət" ixtisasının məznunu Sədaqət
Əliyeva deyir ki, artıq 3 ildir ki, məktəblinin dostu kimi
fəaliyyət göstərir: "Kanallardan birində "Məktəblinin
dostu" layihəsi üzrə vakansiya elan olunduğunu
gördüm. Şərtlər və bu işin mahiyyəti ilə
tanış olduqdan sonra
düşündüm ki, məktəblinin dostu olmaq məhz mənim
görmək istədiyim işdir: "Şagirdlərin
etimadını qazanıb onların dostu olmaq
göründüyü qədər də asan iş deyil.
İbtidai təhsil pilləsində oxuyanlarla dost olmağa,
yuxarı sinif şagirdlərinin ürəyinə yol
tapmağa çalışırıq. Hər
şagirdin psixologiyası eyni deyil. Bu səbəbdən
də biz hər bir şagirdə fərdi yanaşırıq.
Şagirdlərin təhlükəsizliyini
yüksək səviyyədə təmin etmək
üçün isə biz 3 nəfər əlimizdən gələni
əsirgəmirik. 14 nömrəli məktəbdə təhsil
alan hər bir şagirdin valideyni tam əmin
ola bilər ki, biz məktəblinin dostları onların
ovladlarını göz bəbəyimiz kimi qoruyuruq".
MƏKTƏBLİNİN DOSTU OLMA
QÜRURU
Məktəblinin
dostu Lalə Hüseynova Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənət Universitetinin və Azəf
Zeynallı adına musiqi kollecinin məzunudur.
Bu ilin sentyabrından 14 nömrəli orta məktəbdə
məktəblinin dostu olaraq fəaliyyətə
başlayıb. L.Hüseynova deyir ki, işi çətin
və məsuliyyət tələb edən iş olsa da, məktəblinin
dostu olmaq onun üçün xoşdur: "Məktəblinin
dostu olmaq kənardan göründüyü qədər asan
iş deyil. Ancaq mən işimi sevirəm, məktəblinin
dostu olmaqdan isə qürur duyuram. Fikrimcə,
orta məktəblərdə hər bir məktəbli ilə
ayrı-ayrılıqda onların problemləri,
sıxıntıları ilə bağlı işlər həyata
keçirmək mütləqdir. "Məktəblinin
dostu" vəzifəsini yerinə yetirən şəxs tədris
prosesinin iştirakçısı olmadığı
üçün birbaşa məktəbdə sosial fəaliyyəti
həyata keçirirlər. Məsələn,
məktəblər arasında yarışlar keçirilir və
yaxud məktəbdə neqativ halların aradan
qaldırılmasında onlar müstəsna rola malikdirlər".
ÖYRƏTMƏK VƏ
İSTİQAMƏT VERMƏK
Məktəblinin dostu Məhəmməd Əliyev
Bakı Dövlət Universiteti və Azərbaycan Turizm
Universitetinin məzunudur. Hazırda isə Azərbaycan Dövlət
İqtisad Universitetində (UNEC) magistr təhsili alır.
M.Əliyevin sözlərinə görə, o,
öyrətməyi və istiqamət verməyi çox sevir.
Məktəbdə fəaliyyətə başladığı
ilk gündən şagirdlərə düzgün istiqamət
verməyi, məktəbdə davranış qaydalarını
öyrətməyə çalışır: "Mən
işimi çox sevirəm. İşimə,
uşaqlara böyük sevgi ilə yanaşıram. Məktəblinin dostu olmaq məsuliyyətli, çətin,
səbr tələb edən bir işdir. Müxtəlif
psixologiyaya, fərqli xarakterə malik uşaqlarla
çalışırıq. Onlarla dil tapmaq, dost olmaq və
ən əsası sevgilərini qazanmaq doğurdan da asan iş
deyil. Bu məktəbdə təhsil alan
şagirdlərin demək olar ki, hamısı ilə dost ola
bilmişik. Onlar bizə etibar edir, güvənir.
Biz isə dostları olaraq hər zaman şagirdlərin
yanındayıq".
S.QARAYEVA
525-ci qəzet.- 2020.- 22 yanvar.- S.14.