"Rejissor işi xam torpaqlarda
addımlamaq kimidir"
MİR SAHİB AĞAZADƏ:
"TAMAŞAÇILARIN BÖYÜK
ƏKSƏRİYYƏTİ YARADICI PROSESƏ EMOSİONAL
MÜSTƏVİDƏN BAXIR"
Bu
yaxınlarda Tanınmış rejissor, aktyor Mir Sahib Ağazadə
ilə görüşüb gördüyü, görmək
istədiyi işlərdən, ustadı, mərhum rejissor Vaqif
İbrahimoğludan və bir sıra başqa mətləblərdən
danışdıq:
- Mir Sahib
bəy, bu yaxınlarda baş tutan "Qəfil
gün doğsa bir gecə" konserti fərqli reaksiyalarla
qarşılaşdı. Ümumilikdə, bu
konsertlə bağlı sizin sonrakı təəssüratlarınız
necədir?
- Mən
"Qəfil gün doğsa bir gecə"
konsert-tamaşası haqqında mənfi bir söz eşitməmişəm.
Bircə bunu eşitmişəm ki, deyirlər: "Ramiz
Rövşən irfan şairi deyil, amma konsert-tamaşada bəstənilən
mahnılar və aktyorların ifası üçün
seçilən şeirlər bu istiqamətdə idi". Bizim, ümumiyyətlə, belə bir məqsədimiz
olmayıb. Çünki irfan mövzusu
olduqca dərin mövzudur və bu təqdimatı edəcək
şəxslərin hər birinin həyatında da
özünü göstərməlidir. Yox,
əgər bu konserti bəzmi-irfan hesab edənlər olubsa,
onda xoş halımıza (gülür).
Təəssüratım təbii ki, gözəldir. Təəssüflə
qeyd edəcəyim məqamlar da var. Bu da yaradıcı
insanların daim yanğı ilə vurğuladığı
problemlərdir. Yerli sənət
adamlarına, ələlxüsus daha ciddi, elitar sənət
nümayəndələri ilə əcnəbi sənətçilər
arasında fərq qoyulur. Təşkilatçılıqdan,
sponsor dəstəyindən tutmuş, ən sadə səhnə
fəhləsinin münasibətinə qədər bu fərqi
görürük. Amma bütün bunlara
baxmayaraq, peşəkarlıq, səmimiyyət və Ramiz
Rövşən poeziyası tam fərqli bir aura yaratdı.
Bir az nisgil, bir az sevgi, bir az da yumor-satira.
- Vaxtilə
ustadınız Vaqif İbrahimoğlu da Ramiz Rövşən
yaradıcılığına müraciət etmişdi.
- Bəli.
İlk olaraq Vaqif İbrahimoğlu Ramiz
Rövşənin şeirlərinə səhnələşdirmə
yazıb və bu səhnələşdirmə əsasında
tamaşa hazırlayıb. Bunu Ramiz müəllim
"Qəfil gün doğsa bir gecə" adlı
konsert-tamaşanın finalında da qeyd etdi. Təbii ki, Vaqif müəllimin
hazırladığı tamaşa bütövlükdə
YUĞ poetikası əsasında idi. Sözün
plastikası, yenə də söz və hərəkətin
irfani-fəlsəfi transformasiyası. Bizim
hazırladığımız konsert-tamaşa isə
iddiasız, daha çox mahnılara köklənən və
birbaşa Ramiz Rövşən poeziyasının kodlarına
istiqamətlənən yaradıcı gecə idi.
- Son
zamanlar cəmiyyət, xüsusən yaşlı nəsil gənc
rejissorların yetişmədiyindən, gənclər isə dəstək
görməməkdən şikayətlənirlər. Sizə görə bu konfliktin mənbəyi nədir
və həllini nədə görürsünüz?
- Mən
heç biri ilə razı deyiləm. Gənc
rejissorlar da yetişir, işləri və nailiyyətləri
ilə gündəmə də gəlirlər. Sadəcə cəmiyyətin fərqli dəyərləndirmə
meyarları var. Kütlə üçün, ümumiyyətlə,
rejissura anlayışı yox səviyyədədir. Onlar üzdə olan prosesi, yəni aktyor, müğənni
və aparıcının timsalında təqdimatı
görürlər. Ona qədərki yaradıcı proses
onlar üçün maraqlı deyil. Hər şeyə zahiri
proses baxımından qiymət verirlər. Müəyyən
qismi isə vizual tərəfdən dəyərləndirir.
Geyimlər, səhnə tərtibatı,
gözoxşayan işıq həlli və sair. Az bir qism tamaşaçı var ki, sənətə
birbaşa sənət kimi qiymət verə bilir. Ədəbi materialı da, rejissor yozumunu, bədii həllini
də, aktyorun oyununu da insafla, obyektiv dəyərləndirir.
Rejissor tamaşaquran, tədbirquran deyil. Rejissor işi bir tərzdir, fərqli təfəkkürdür,
xam torpaqlarda addımlamaq kimidir. Yoxsa istənilən adam aşağı-yuxarı bədii
yaradıcılıqda özünü rejissor saya bilər.
Çünki yuxarıda qeyd etdiklərim yoxdursa, bu məmləkətdə
"serialçəkən", "tamaşaqoyan", "tədbirquran"
rejissor olmaqdan asan iş yoxdur. Bir kəlmə ilə
desəm, mən, ümumiyyətlə, bu mövzuda konflikt
görmürəm. Rejissorların
yaşlısı da, cavanı da öz işi ilə məşğuldurlar.
Əgər işləri iş, özləri
də rejissordursa.
- Bir
rejissor kimi səhnə əsərlərinizdə
çatdırmaq istədiyiniz konkret ümumi mesaj varmı,
yoxsa hər əsərin, tamaşanın öz mesajı olur?
- İstənilən
əsərin ideya xətti və bu ideya ilə bərabər
rejissorun tamaşaya təyin etdiyi ali məqsədi
olur. Ümumiyyətlə isə mənim həm
həyat, həm də yaradıcı paradiqmam
yaradılışdan insana bəxş olunan pak fitrətə
müdaxilə olunmamasıdır. Doğulandan bizə
üfürülən pak ruha, fitrətə eybəcər əməliyyatlarla
müdaxilə etməsək, hər hansı maarifləndirməyə,
tamaşaya, moizəyə, çağırışa, ali məqsədə dəvətə ehtiyac qalmayacaq.
- Sizcə,
Vaqif İbrahimoğlu Azərbaycan mədəniyyətində
nəyi dəyişdi?
- Vaqif
İbrahimoğlu Azərbaycan mədəniyyətində
heç nəyi dəyişmədi. Sadəcə
öz həqiqi mədəniyyətimizə qayıtdı.
Ən azı "Salam", "Oğul",
"Gəl gedək"lə.
- Tələbəsi
olaraq Vaqif müəllimin unutmadığınız tövsiyəsi
varmı?
- Var təbii
ki. Ən gözəl tövsiyəsi bu idi: "Yadında
saxla, ən pis tamaşa belə uğursuzluq deyil.
Çünki bu yolda bəlli bir proses baş verib. Önəmli olan isə nəticə deyil,
prosesdir".
Bu arxayınlıq və ya biveclik yaratmır insanda qətiyyən. Əksinə, önəmli
olan prosesin praktik emanasiyasını dörd gözlə
gözləyirsən və hər an
baş verə biləcəyi həsrətindəsən.
Bir də müəllimin ən gözəl tövsiyəsi
bu idi ki, "dünya da dağılsa, özün olmaqdan,
özün kimi yaratmaqdan vaz keçmə". Bu iki
tövsiyə mənim üçün çox dəyərlidir
və hər zaman bunlara əməl edirəm.
- Siz həm
də aktyorsunuz. Aktyorluq sənətinin indiki
durumunu necə qiymətləndirirsiz?
-
Ümumiyyətlə, Azərbaycanda yaradıcılıq sahəsini,
ələlxüsus teatr və kino sahəsini
orta-aşağı kimi qiymətləndirirəm. Bədii yaradıcılıqda bəs qədər
problemlər var. Tərz-təfəkkürdən tutmuş,
rejissor-aktyor məktəbi, PR, marketinqə qədər.
Aktyor kimi fasilələrlə fəaliyyət göstərirəm. Çünki
tanınmaq, seçilmək kimi bir iddiam yoxdur. Təbiətim, əqidəm belədir. Mən asılılığı sevmirəm. Tamaşaçı rəğbətindən, diqqətindən
uzaq qalmamaq kimi bir qorxum da yoxdur. Zaman-zaman
film, serial və kompozisiyalarda aktyor olaraq yer alıram. Bəyəndiyim, sevərək işlədiklərim
də olur, peşə gərəyi öhdəmə
düşəni lazımınca yerinə yetirib neytral
yanaşdıqlarım da.
Aktyorluq çox böyük sənətdir. Təəssüf
ki, bizdə oyun-oyuncağa dönüb. İstənilən
adam bircə dəfə seriala çəkilib
özünü aktyor kimi təsdiq olunmuş hesab edir. Dərd də orasındadır ki, kütlə və
yaradıcı mühit də onları həzm etməyə
başlayır. Mənə görə üç
kateqoriya aktyor var Azərbaycanda: Yuxarıda qeyd etdiyim təsadüfı
adamlar, yəni həvəskarlar; Peşəkar kimi
görünüb həvəskar səviyyədə qalanlar;
Peşəkarlar. Amma tamaşaçı bu
üç kateqoriyanı o qədər də fərqləndirə
bilmir.
- Siz
bununun səbəbini nədə görursünüz,
tamaşaçı nə üçün fərqləndirə
bilmir? Əvvəl fərqləndirirdi, indi fərqləndirə
bilmir, yoxsa elə əvvəldən olub bu problem?
-
Ümumiyyətlə, tamaşaçıların böyük
əksəriyyəti yaradıcı prosesə emosional müstəvidən
baxır. Anında baş verən oyuna atifi, yəni
zahiri hissiyatı ilə reaksiya verir. O anda kimin həvəskar,
kimin yarıpeşəkar və ya peşəkar olduğunu tam
ayıra edə bilmir. Amma müəyyən
narahatçılığı olur. Sadəcə
"filankəs yaxşı oynayır, filankəs bir az
qurudur" kimi ifadələrlə aktyor oyununa, baş verən
prosesə qiymət verir. Çox az
sayda tamaşaçı var ki, ilk baxışdan aktyorların
peşakar, ya qeyri-peşəkar olduğunu dəyərləndirə
bilir. Bu dəyərləndirmə isə əsasən
zövq, cazibədarlıq və ustalıq baxımından sənətə
və sənətçiyə verilən qiymətdən ibarət
olur. Təbii ki, bu prosesdə rejissor həlli,
dramaturji materialın və operator işinin də çox
böyük təsiri var. Bəzən yuxarıda qeyd etdiyim tərəflər
ən peşəkar aktyorları belə bəsit, həvəskar
və hətta eybəcər formada təqdim edirlər təəssüf
ki. Vizual sənət həm insan, həm də
geyim və məkan baxımından maraqlı faktura tələb
edir. Nəinki vizual, ümumiyyətlə,
hər bir sənət. Sadəcə kino və
serialda qeyd etdiyimiz məsələlər daha qabarıq
gözə çarpır. Çəkilən film və
seriallarımız kasıb yox, heç kim
inciməsin, mən deyərdim ki, dilənçi səviyyəsindədir.
Çünki Azərbaycanda bu sahədə
marketinq, prodüser institutu yoxdur. Sponsor paketləri
çox gülməli formadadır. Türkiyəni
misal gətirəndə bəzi adamlar onların dünyaya
açıq, bizim isə uzun illər qapalı sovet cəmiyyətində
yaşamağımızı bəhanə gətirirlər.
Halbuki Türkiyədə kino və serial sektoru
2000-ci illərdən aktiv prosesə başlayıb və
çox qısa zamanda sıçrayış edib. Aramızda olan iki əsas amil var. Birincisi, maştab fərqi.
Səksən milyonluq Türkiyə müqabilində
on milyonluq Azərbaycan. Bizi fərqləndirən
ikinci və ən əsas cəhət isə qardaş ölkədə
bu sektorda dəqiq, düzgün hesablanmış mexanizmə əsaslanan
bir sistemin olmasıdır. Belə bir
sistemdə küçədən keçənlə peşəkar
teatr aktyoru bir çəkiliş meydançasında olsalar
belə nə özləri, nə də tamaşaçı
bundan narahat olur və fərqi hiss edirlər.
- Aktyor hər
zamanmı rejissora tabedir?
- Aktyor və
rejissor inzibati sahənin adamları deyillər ki, biri digərinə
tabe olsun. Bu, yaradıcılıqdır. Yaradıcılıq zamanı mübahisələr,
müzakirələr və gərginlik təbiidir. Amma hər
iki tərəf təkəbbürdən uzaq olub güzəştə
getməyi bacarmalı, məntiqli və daha ifadəli olanı
effektiv yaradıcı proses naminə qəbul etməlidir. Yox illah ki, tabeçilikdən söhbət gedərsə,
onda səhnədə nəinki rejissor, hətta direktor,
bütün teatr və teatr sektoru da aktyora tabedir. Çünki aktyor tamaşa vaxtı, o məqamda nə
istəsə edə bilər. Və bunu
peşəkar, təsirli təqdimatla edərsə,
tamaşaçının ruhu da inciməyəcək. Dramaturqun nə yazdığı, rejissorun nə
yozduğu onun umrunda da olmayacaq. Bunları
ona görə qeyd edirəm ki, teatr rəhbərliyi və
rejissurada siz deyən tabeçilik, despotizm davam etdiyi müddətcə
hansısa sərbəst və həqiqi
yaradıcılıqdan söz gedə bilməz. Eyni zamanda, bunun əksi olduğu təqdirdə
aktyorun sui-istifadəsi və bivecliyi də yolverilməzdir.
-
Quruluş verdiyiniz əsərlərdə əsasən
coşqun dinamika və hərəkətlilik müşahidə
olunur. Bu, daxili xarakterinizdən qaynaqlanır,
yoxsa keçdiyiniz məktəbdən?
- Həyatımız
o qədər hərəkətli, dinamik olub ki, insanlar 30 saniyəlik
işıqforda dayana bilmir. Təsəvvür
edin ki, 30 saniyə səbr edə bilməyən bir insan teatrda
iki hissədən ibarət, 3 saatlıq, hər personajın ən
azı 10-15 dəqiqə monoloq tolazladığı bir
tamaşaya baxır. Təbii ki, baxmayacaq və
baxmamalıdır da. İstəsək də,
istəməsək də cəmiyyətin tempi ilə
ayaqlaşmaq məcburiyyətindəyik. Amma
tamaşa və tədbirlərdə mənim hərəkətli,
temparitmi yüksək quruluşum məcburiyyətdən irəli
gəlmir. Düşünürəm ki, proses zamanı
tamaşaçı bir an belə
saatına, telefonuna və ya başqa bir tərəfə
yayınmamalıdır. Buna həm
tamaşanın həlli, həm xronometrajı, həm də
müəllimimin ikinci tövsiyəsinə əməl edərək
nail olmağa çalışıram.
Ən
azı ürəyimizin döyüntüsü qədər
temp olmalıdır tamaşada.
-
Fikrinizdə, arzularınızda yaşatdığınız əsər
və ya layihə varmı?
- Məni hər zaman üzən yuxarıda da qeyd etdiyim kimi yerli sənət adamlarına olan inamsızlıqdır. Ölkədə böyük, beynəlxalq səviyyəli tədbirlər, yarışmalar və sair xaricdən dəvət olunan rejissor və yaradıcı heyətə həvalə olunur. Amma bizim yetəri qədər zövqlü, istedadlı, dünya səviyyəsində təqdimatlar etməyi bacaran sənətçilərimiz var. Sadəcə müəyyən səbəblərdən ya imkan yaradılmır, ya da elə görüntü yaradılır ki, guya bizdə o səviyyədə rejissor, işıq rəssamı və başqaları yoxdur. İstəklər çoxdur. Etnocaz janrında musiqi həlli olan xoreoqrafik bir müzikl hazırlamaq istərdim. Həm musiqiçilər, həm də aktyor oyunu baxımından bu iş üçün tam potensial var. Bu yaxınlarda Mədəniyyət və İncəsənət Universitetinin Dram və Kino aktyorluğu fakültəsində Xalq artisti Məmməd Səfa Qasımovun rəhbəri olduğu 4-cü kurs tələbələrinin diplom tamaşasına quruluş vermişəm. Böyük Hüseyn Cavidin "İblis" faciəsinə müraciət etmişik. İddialı olsa da qeyd edim ki, bu günə qədər universitet tarixində heç vaxt "İblis" əsəri qurulmayıb. Özü də tam fərqli və müasir üslubda. Əslində, bu əsərə çoxdan quruluş vermək fikrim var idi. Qismət tələbələrlə hazırlamaq imiş. Amma istərdim ki, "İblis"i daha böyük səhnədə və peşəkar aktyor heyəti ilə hazırlayım. Ola bilər bir müddət sonra təklif gəlsə, paytaxt teatrlarının birində bu əsərə bir daha müraciət edim.
Şahanə
MÜŞFİQ
525-ci qəzet.- 2020.- 22 yanvar.- S.10.