Qardaş dillərin yad
telləri
Azərbaycan dilindəki feil sonluqlarını dəyişdirməklə
türk dilində həmsöhbətlərinizi anlayıb-anladacağınızı
düşünürsünüzsə, pərt duruma düşə bilərsiniz
Türkiyədə. Hər iki türkcədə elə sözlərimiz var ki, onu
bilmədən işlətdiyin
anda ortalıq qarışar...
Keçən ay Alim Qasımovun Okan Bayülgenin proqramına qonaq olarkən aparıcının
"kayırmaq" sözü
əsasında ünvanladığı
sual da, beləcə, ortalığı
qarışdırdı. Sosial
media üzərindən minlərlə
azərbaycanlı bu duruma öz prizmasından qiymət verdi.
Alim Qasımov, bu durumda, Okan Bayülgenə
etirazçı çoxluqdan
fərqli olaraq öz ədəbi ilə reaksiya verdi. Amma bu sözün izahlı mənasından daha çox, arqo anlamına diqqəti yönəldən insanların
hiddəti o qədər
güclü oldu ki, Okan Bayülgen
özəl bir açıqlama vermək məcburiyyətində qaldı.
Sərt
yumor üslubu ilə seçilən Bayülgen çox təcrübəli televiziya
adamıdır - bu ayrı! Amma yazıq adam
nə etsin ki, iki türkcədə
bəzən xoş, bəzən naxoş "yad telli səslər"
çıxır.
10 ildən çoxdur,
Türkiyədə yaşasam
da, türkcədə
"kayırmak" sözünün
olduğunu bir neçə ay əvvəl
bilmişəm.
Yoldaşım bir gün votsap-da
bacımla danışırdı. Söhbətin bir yerində yeznə-baldız Bakıya
son səfərimizi xatırladılar.
Yoldaşım dedi ki, "Arzu, sağol ki, gecen yıl biz sizde olduğumuzda kaç defa beni kayırdın".
Xəttin o biri tərəfində olan bacım duruxdu bu sözdən.
Mən də sözü ilk dəfə
eşidirdim deyə tutuldum. Yoldaşımdan soruşdum ki,
"Reco, kayırmak
ne oluyor?"
- Hani sen bana bira
içmeğe izin vermiyordun ya. Ama sen evde olmadığında
Arzu bana izin veriyordu bira içmeye. Yani içdiğimi sana söylemiyordu.
Buna kayırmak diyorlar".
Bu sözü xatırlayanda
hər dəfə gülürük.
Dilimizin özəl sözlərini
uşaq tərcümə
edərsə...
Allah hər kəsin
övladlarını saxlasın. Mənim də
bir oğlum var. İki türkcənin fərqlilikləri ilə bağlı onun da özünəməxsus
müşahidələri var.
Azərbaycana növbəti səfərdən
yeni qayıtmışdıq. Avtobusda
anidən oğlum qayıtdı ki:
- Anne, azerbaycanca korkmaya "vay dedem" diyormuşlar. Biliyormuydun?
Türkcənin rusca "qarşılığı"
Oğlum türkcə dərsindən
tapşırıqlarını edir. Sözlərin sinonimləri
ilə bağlı çalışmada "okul",
"öğrenci", "öğretmen" sözlərinin
sinonimlərini yazmaq istənilir.
"Okul - mektep",
"öğretmen - muallim",
"öğrenci - talebe"
imiş. Baxdım ki, sinonimlər
bizim sözlərin eynisidir. Uşağa Azərbaycan dilinin
də türk kökənli olduğunu anlatmaq üçün yaranmış fürsəti
dəyərləndirdim. Dedim, Azad, bu sözlər azərbaycancada
da istifadə edilir. Azad da müşahidələrini xatırlayır:
- Evet, anne.
Sen hep Reşad muallim diyorsun ya.
Növbədə
"uçak" kəlməsi
gəlincə, Azad:
- Anne,
"uçağın" eş anlamlısı
"samalyot" olacak,
değilmi?
Uşaq
nə etsin, heç kimdən bu sözü Azərbaycan dilində eşitmədi ki... Eşitsə
idi, biləcəkdi ki, "uçak" sözünün də sinonimi Azərbaycancada olduğu kimi "təyyarə"dir.
Düş, amma yıxılma...
Bacım bizə qonaq gəlib. Yemək vaxtı qaşıq
əlindən yerə
düşür. Uşağa:
- Xala qurban, düş,
yerdən o qaşığı
teyzənə ver.
Azad da ona "düş"məyi
təklif edən xalasına hikkə ilə:
- Arzu teyze, ben
yere düşüm öyle mi. Düşüm
kolum kırılsın
mı istiyorsun?
Bacım
da nə olduğunu anlamadan, çaşqın halda:
- Ay bala, qolun niyə
qırılır? Qaşığı
teyzene verəndə qolun qırılmaz ki...
Xülasə, araya girib, teyzeyə
"düşmək" sözünün
türkcə "yıxılmaq"
mənasını verdiyini
deyirəm. Azada da deyirəm ki, oğlum, xalan, əslində, sənə "en, o qaşığı
mənə ver" deyib...
Anlamağına anladılar, amma gərginlikdən ikisi də əldən düşmüş halda idilər.
Türk qızın qəlbində
taxt quran ağcəbədili oğlan
Keçən çərşənbə günü
alış-veriş üçün
bir mağazaya girmişəm. Satıcı qız azərbaycanlı
olduğumu bilib soruşdu ki, Azerbaycanın neresindensiniz?
Dedim, Baküden.
- Hmm. Yok, orası degil. Benim eski sevgilim vardi Ağcabediden. Belki siz de ordan
olur ve ya
onu tanırsınız
diye sordum, dedi.
Hiss eledim ki, bu
ağcabədili qaqaş
qızın qəlbini
əməlli-başlı fəth
edə bilib və xatirəsində çox romantik iz buraxıb.
Qız
o ağcabədili sevgilisini
elə həsrətlə
xatırladı ki...
Ankara
İlhamə QASIMLI
525-ci qəzet.- 2020.- 22 yanvar.- S.9.