Tanıyaq və tanıdaq!
Əziz
oxucular, "525-ci qəzet"də
"Günümüzün Güney Azərbaycan ədəbiyyatı
- Poeziya" adlı guşə açılıb.
Guşədə İran İslam
İnqilabından (1979) sonra
ədəbiyyata gəlmiş,
Güney Azərbaycanda
1960-cı ildə və
daha sonra doğulub boya-başa çatmış və sənətdə öz sözünü demiş Güney şairlərinin arasında heç bir fərq qoymadan,
incə və həssas ruhlarına toxunmadan, yaratdıqları
möhtəşəm poeziya
örnəklərini incələmədən
onların ana dilində fərqli janr və üslublarda
qələmə aldığı
şeir və poemalara, yaxud da həmin əsərlərdən
müəyyən hissələrə
yer verəcəyik.
Bu əsərlər günümüzün
Güney ədəbiyyatında
baş verən yeniliklərin, ədəbi
prosesin incəliklərini
bir az
da yaxından izləmək, həyata, insanlığa, yazarların
ictimai-siyasi və milli məsələlərə
baxışlarını öyrənmək
baxımından diqqətəlayiqdir.
Türkiyənin ünlü filosof-yazarı
Cəmil Meriç
"Qərb kültürün
vətənidir, Şərq
irfanın. Nə Qərbi tanıyırıq,
nə Şərqi, ən az tanıdığımız
isə özümüz..."
deyirdi.
Güney Azərbaycanda son çağın
dinamik inkişaf edən ədəbiyyata, özəlliklə poeziyaya
nəzər saldıqda
burada yaşayan xalqın özünəməxsus
kültürü, ədəbiyyatı,
kitab mədəniyyəti,
sözyaratma qüdrətinin
nə qədər yüksək olduğu yansıyır.
Möhtəşəm mədəniyyət
yaradan bir xalq, susmayan dili, özünü, kimliyini, tarixini öyrənmək istəyən
şairləri olan xalq isə dünya
tarixindən heç vaxt silinmir, əbədiyaşarlıq qazanır...
Beləliklə, özümüzü, Güneyimizi daha yaxından tanımaq, həm də daha çox sevmək üçün,
dəyərli yazarların
yaratdıqları bənzərsiz
poetik dünyanın qapıları üzünüzə
açılır, əziz
oxucular!
Esmira Fuad
Filologiya elmləri doktoru
Fəriba MÜRTƏZAYİ
1974-cü ildə Təbriz
şəhərində dünyaya
göz açıb. İqtisadiyyat ixtisası üzrə təhsil alıb. İlk şeirlərini fars dilində
qələmə alsa da, sonralar ana
dilində yazmağa başlayıb.
Yazılarında toplumun diləklərı,
acıları və istəkləri yerli-yataqlı
tərənnüm olunur.
Fəriba xanımın günümüzədək
iki şeir toplusu çap olunub - "Çiynimə
bir əl toxundu" (2012) və
"Dilim ağzımda
ağlayır" (2014). Fars dilindən Azərbaycan dilinə şeirlər tərcümə etməklə
də məşğuldur.
Keçdi o zamanlar,
Gizlənqaç oynadığımız anlar
Elə itməmişik,
Tapılaq bir daha.
***
Gözlərim baxışına mələyir,
Canım
canına düşüb
iməkləyir,
Dön gəl
Sevgim uşaqdır
dözməyir.
***
Tutulan ürəyimin bəndi sənsən!
Qorxuram...
Amandır gözlərimə baxma!
Bu göldə boğularsan!
***
Düşmə qapı daldasına!
Məndən yaxın kimin var...
Dodaqlarının arasında qalmışam
Səni
Elə
Elə
Elə
İçimə çəkmişəm
Dilin ağzımda ağlayır!
***
Səsin
İndiyədək qulağımda
Səndən gələn bir
salam
Dirildir məni
Yoxla məni!
Hələlik demə
Öldür məni!
***
Sonbaharı sevirəm
Amma qış gəlsin
Qışda burnumun ucu belə qızarar
Utanaram!
Amma səndən nə gizlin,
Bu səhnəni yaşamaq istəyərəm
Səninlə qarların üstündə
yeriyəm,
Yavaş-yavaş, əl-ələ
Birdən
dönüb üzümə
baxasan,
Mən utanam, sən güləsən,
Sonra burnumun ucun,
Tutub sıxasan
Ürəyim dözmür...
Gəl evimizə dönək,
Bu an gözəl duyğu,
Ən gözəl evə sarı dönüşdür...
***
Nə gözəldir
adam yerinə paltar asmaq
Bilə-bilə ocaq başında
Ürək yerinə
Əl yandırmaq
Qartopu soyub
Üstünə yazmaq
Nə gözəldir qadın olmaq
Səni
sevib
Səni
yazmaq!
***
Bir tikə tutdum
Bal baxışlarından
İllərdir gözüm toxdur.
***
Baş mənimdir
Sənə dolanır
Kimə nə?!
***
Acmışam
Bir tikə baxışına
Ürəyim gedir!
***
Ürəyim ölüb
Çırpınışlar gedib
Sən yoxsan
Bu astana boşdur!
Başmaqlarımı gətirin
Ürəyimin başında cütləyin!
Deməsinlər, adamsızdır!
***
Elimin adamı
Mənim
adamım!
Mən
O dərin baxışlarda
İlmək-ilmək
Dara çəkilmişəm!
***
Ağırdır yalqızlıq
Nə ürəyim çəkir,
nə dizlərim,
Gedişimi eşit,
Səs ver!
Kim öz arxasından
su səpər?!
Mən səpdim,
Sənə sarı döndüm,
Çarəsizliyi durulayıb
Ürəyimin bəndi
Oraya sərdim.
525-ci qəzet.- 2020.- 24 yanvar.- S.15.