Əlirza BƏXŞİ

 

1975-ci ildə Ərdəbildə anadan olub. İlk məktəbi Ərdəbilin Panizdəhi-xurdad oxulunda bitirib. Orta təhsilini isə Əbuzər oxulunda Əkabir mədrəsəsində alıb. 2010-cu ildən ardıcıl olaraq öz ana dilində - Azərbaycan türkcəsində şeir yazmağa başlayıb. Qısa ağır, əzablı bir ömür yaşayıb. 2015-ci il iyun 1-də hələ 40 yaşına çatmadan, ürək çatışmazlığı nəticəsində dünyasını dəyişib. 

 

Can Azərbaycan

 

Anama söylədim can,

Bacıma söylədim can,

Balama söylədim can,

Sevgilimə söylədim can,

Bəlkə sən candan yarandın,

Azərbaycan!

 

Tək ağac

 

Silkələmə ağacı, olar

Qızıl almalarını

səndən qabaq çırpışdırıblar

veribsən, ala bilmirsən ondan?

Ya ona olub

Ondan savay ki adı ağacdır?

Hələ

Başına gəldiyi

Düşündüyünə güləcək

Titrədiblər onu

Ondan alçaq dostluqlar.

 

Küləklər

Gediblər duman dalıycan

uşaq

Arzuların əkəndən

Zumar daşıyır ətcələrinə

Tərlən yuduğu dəstmalın arasında.

 

Boşla onu

O, tək qalmaq istəyir

Yalqızlığıylan

Axı

O, söz verib yaşıllığa

Pulsuz kölgə sərə

Ucuz yoldaşlıqlara.

 

Gecə çapağanları

 

Siqaretlərim

Köz öpüşündən doymayırlar

Xoruz banından köpək hürüşünə qədər

Porsuqlar

Ölüləri nişan barmaqlarından

Başlayırlar yeməyə

Niyə

Göstərməyələr

Çürümüş rəfidən asılan

Çəlimsiz ildırım şəkilin.

 

Məndən yaxşı olmaq

 

Məndən yaxşı olmaq

Elə çətin deyil, dostum,

Əl-qolum kölələnəndən

Özümü ötüb keçmişəm

Sənə daha

o şəkillərdən deməyəcəyəm

Onlar çəkiliblər

Cavan qalmaq ücün

Mən

Çirkab atanlardan deyirəm

Orada

Yenə pişiklər

Əl-üzlərini yuyacaqlar

Tüpürcəklərlən

Quduz itlər

Sülənirlər

Lüt həvəslər kürsəyində

almalar

Almalar

Bölünməmiş

İnanmazlar

Çürüyüblər içəridən.

 

525-ci qəzet.- 2020.- 24 yanvar.- S.15.