Türk Ədəbiyyatı Vəqfi Rahid Uluselin kitabını
nəşr edib
Türkiyənin
həm klassik, həm də müasir Azərbaycan ədəbiyyatına,
onun öyrənilməsinə, nəşrinə və təbliğinə
diqqətlə yanaşan Türk Ədəbiyyatı Vəqfi
Azərbaycan Milli Elmlər Akademiyasının baş elmi
işçisi, Fəlsəfə Cəmiyyətlərinin Beynəlxalq
Federasiyasının üzvü, fəlsəfə elmləri
doktoru, professor Rahid Uluselin aforizmlər kitabını
özünün "Turay" nəşriyyatında çap
edib.
Azərbaycan,
Rusiya və İrandan sonra Türkiyədə çap olunan
"Düşüncə Vahəsi" adlı bu kitab təkmilləşdirilib,
yeni aforizmlərlə zənginləşdirilib.
Tərcüməçisi
yeni çağ Azərbaycan ədəbiyyatının bir
sıra dəyərli nümunələrini türkcəyə
çevirən, milli ədəbi örnəklərimizi
Türkiyədə tanıdan, iki qardaş ölkə
arasında humanitar-mədəni əlaqələrin
qırılmaz körpüsünü yaradan İmdad
Afşardır.
10
bölümdən, 1000 aforizmdən ibarət
"Düşüncə Vahəsi" XXI əsrin min bir
sualı qarşısında qalmaqdan çəkinmir,
yaşadığımız çağın - "kapital
sivilizasiyası", yoxsa "dəyər
sivilizasiyası" dilemmasına cavab axtarır,
üçüncü minilliyin adi fiziki "zaman", yoxsa
"epoxa" kimi öz mahiyyətini
necə tapacağının köklərini arayır, kosmik
erada insanın kainata "toxum" kimi, yoxsa "qəlpə"
kimi yayıla biləcəyinin fərqini anladır,
"körpə uşaq kimi yıxıla-yıxıla
böyüyən həqiqətləri" dilə gətirir.
Kitabın əsas paradiqması belədir: "Aforizm - mütəfəkkirin
strategiyasıdır".
525-ci qəzet.- 2020.- 24 yanvar.- S.15.